Yaxın Şərqin qapısı sayılan Odlar yurdu Azərbaycan bəşər sivilizasiyasının yarandığı ilk mərkəzlərdən biridir. Bunu arxeoloji qazıntılar zamanı aşkarlanmış çoxsaylı maddi mədəniyyət nümunələri təsdiqləyir. Tarixən Asiyanı Avropa ilə birləşdirən karvan-ticarət yolları, o cümlədən İpək yolu Azərbaycandan keçmişdir. Tutduğu geostrateji mövqeyə görə hər zaman dünya maraqlarının toqquşduğu məkan olmuşdur. Müxtəlif dövrlərdə bir çox imperiyaların tərkibinə daxil olsa da, müəyyən vaxtlarda müstəqillik əldə etmiş və özünə məxsus mədəniyyətin yaradıcısı kimi millətlər arasında layiqli yerini tutmuşdur.
Ermənilər isə dövləti və dövlətçiliyi olmayan xalqlardan biridir. Onlar əsrlər boyu nəyin bahasına olursa-olsun dövlətçilik əldə etməyə can atırdılar. Bunun üçün ilk növbədə elmi baza yaradılmalı idi. Başqa sözlə desək, elmi surətdə sübut olunmalı idi ki, ermənilər Nuh peyğəmbər dövründən yer üzərində mövcud olan ən qədim xalqdır və Aralıq, Qara, Xəzər dənizləri arasında yerləşən “böyük Ermənistan” adlanan dövlətin sahibi olmuşlar. Bu təbliğat əsas iki məqsədə xidmət edirdi. Birincisi – erməniləri öz keçmiş qüdrətinə inandırmaq, ikincisi – gələcək işğalçılıq siyasətini elmi cəhətdən əsaslandırmaq. Bu da ona görə edilirdi ki, ermənilər “böyük Ermənistan”ı qonşu Azərbaycan, Gürcüstan, Türkiyə əraziləri hesabına bərpa etmək istəyirdilər. Veliçko yazırdı ki, “erməni mesenatları Ermənistanın xüsusi tarixini yaratmaq üzərində işləyirlər, bu kiçik xalqı və onun qəhrəmanlarını qüdrətli, nəhəng göstərməyə çalışırlar… Onlar öz tarixi “qazanclarını” və indiki ləyaqətlərini qonşuluqda yaşayan xalqları gözdən salmaq vasitəsi ilə irəli sürürlər. Qeyd etməliyik ki, hər tarixi dövrdə bu erməni ideyasına xidmət edən milliyyətcə erməni olmayan insanlar da tapılırdı. XIX əsrin əvvəlində bu baron Brambeus təxəllüsü ilə yazan Senkovski idi. Sonralar erməni “tarixçiləri” Emin (Moisey Xorenskinin tarixi), Xudobaşev, Yeritsov, Patkanov, Marr idi”.
Erməni siyasətbazları və “tarix yaradıcıları” bir fransız alimini çaşdırmağa çalışaraq onun ziyarət etdiyi Eçmiədzində (tarixi sənədlərdə – Üçmüəzzin) alimə təqdim olunan bəzi əşyaları qədimləşdiriblər. Təcrübəli arxeoloq bunu başa düşüb və mətbuat vasitəsilə erməniləri ifşa edib. Veliçko yazır ki, bu ermənilərin qəzəbinə səbəb olub. Rus dilində çıxan erməni nəşrləri fransız aliminin ünvanına təhqiramiz ifadələrdən belə çəkinməyiblər.
Bu gün erməni qəsbkarları Azərbaycan ərazilərinin 20 faizini işğal edərkən sübut etməyə çalışır ki, bu “böyük Ermənistana” daxil olmuş “tarixi” erməni torpaqlarıdır və ermənilər tərəfindən haqlı olaraq tutulmuşdur. Yeni yazılmış “elmi əsərlərdə” Alban abidələri “erməniləşdirilir” və ictimaiyyətə erməni mədəni irsi kimi təqdim olunur. Azərbaycan-türk mənşəli yer adları erməni dilinə tərcümə olunub “erməniləşdirilir”.
O da məlumdur ki, “erməni məsələsi” XIX əsrin ortalarında böyük dövlətlər tərəfindən qaldırılaraq Osmanlı Türkiyəsini dağıtmaq məqsədi daşıyırdı. Məqsədə nail olanda ermənilər unuduldu.
Azərbaycan alimləri sübut ediblər ki, Ermənistan məfhumu coğrafi anlayışdır və ermənilərin bu ərazilərə gəlməsindən çox-çox əvvəl yaranıb. Burada yaşayan əhali yerin adıyla erməni adlanırdı. Ermənilər özlərini hayk adlandırır, ölkələrini isə Hayastan. Elmi surətdə sübut olunub ki, indiki haykların bu ərazidə qədimdə yaşayan əhali ilə heç bir əlaqəsi yoxdur. Erməni tarixçiləri etiraf edirlər ki, indiki ermənilər bu əraziyə gəlmədir (R.Ovanesyan, Pastermadjan, Z.Balayan). Ermənistan adlanan coğrafi məkan 1157-ci ilə qədər Səlcuk imperiyasının tərkibində idi. 1194-cü ilə kimi bu ərazi İraq səlcuklarının hakimiyyəti altına keçir. Daha sonra burada Xorəzm şahlarının hakimiyyəti bərqərar olur, onlardan Elxanilərə keçir. Elxanilər dövlətinin süqutundan sonra burada 1334-cü ildə Cəlairilərin hakimiyyəti qurulur, 1383-cü ildə buranı Əmir Teymur tutur. Onun ölümündən sonra bu ərazi Azərbaycan feodal dövlətləri olan Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər dövlətlərinin tərkib hissəsi olur. Nadir şahın ölümündən sonra həmin ərazi İrəvan bəylərbəyi, sonra İrəvan xanlığının ərazisinə daxil olur. XIX əsrin əvvəlində çar Rusiyası İrəvan xanlığını işğal etdikdən sonra bu əraziləri xristianlaşdırmaq məqsədilə ermənilərin buraya kütləvi surətdə köçürülməsini həyata keçirir və qısa bir müddətdə demoqrafik vəziyyət dəyişir. Bu faktlar bir daha sübut edir ki, indi Ermənistan adlanan ərazidə tarixən heç bir erməni dövləti mövcud olmayıb. Yalnız XX əsrin əvvəlində sovet Rusiyasının birbaşa təşəbbüsü ilə Qərbi Azərbaycan torpaqlarında Cənubi Qafqazda ilk erməni dövləti – Ermənistan Respublikası yaradılıb.
Ermənistan Respublikası Türkiyə və türk dünyası arasında bufer rolunu oynayaraq, Rusiya siyasətçilərinin təbirincə desək, Qafqazda Rusiyanın forpostudur və həmin missiyanı bu gün də həyata keçirir. Rus siyasətbazları çıxışlarında rusların və ermənilərin tarixən bir yerdə yaşamağa məhkum olduqları haqqında fikir söyləyirlər. Erməniləri inandırmağa çalışırlar ki, onlar türk-müsəlman əhatəsində ruslarsız yaşaya bilməzlər.
İ.P.Petruşevskinin və erməni tarixçilərinin əsərlərində Qərbi Azərbaycan torpaqlarında guya mövcud olmuş erməni dövlətinin “Qafqaz Ermənistanı və Ararat Respublikası” adlandırdıqları anlayışa mənbələrdə də rast gəlməmişik. Orta əsr mənbələrində Ermənistanın yerləşdiyi ərazi Çuxur-Səd adlanır və Azərbaycan anlayışına daxildir. Əldə olunan nəticələr Azərbaycan tarixinin sovet rus və erməni tarixçiləri tərəfindən saxtalaşdırıldığını sübut edir.
Sovet İttifaqı dövründə azərbaycanlıların bu torpaqlardan sıxışdırılıb çıxarılması ilə yanaşı, onlara məxsus maddi mədəniyyət abidələri də dağıdılıb, yer adları erməniləşdirilib”. Bu proses 1988-ci ildən sonra daha kütləvi xarakter alaraq Ermənistanın dövlət siyasətinə çevrilmişdir.
Görkəmli alim, AMEA-nın müxbir üzvü Məşədixanım Nemətin Zəngəzurun Urud kəndindəki 1961-ci ildə aşkar etdiyi XIV-XVII əsrlərə aid qoç heykəlli və sənduqə formalı məzar daşları da Zəngəzurda yaşamış Alban tayfalarının türkləşməsindən və islamı qəbul etməsindən xəbər verir.
Abidələr üzərindəki “evladi avğvan” (alban nəslindən) kəlmələrinə və qədim türk tayfalarına məxsus onqonların (tanrıların) – maral üzərində oturdulmuş ov quşları, Tibet yak öküzləri, şaman təsvirlərinə əsasən alim albanların hələ islamı qəbul etməzdən çox-çox əvvəl türkləşməsini ehtimal edir. Onlar islamı qəbul etdikdən sonra bir müddət qədim inamlarını saxlamış, sonra isə bu onların təsviri incəsənətinə keçmişdir.
Məşədixanım Nemətin Urud kəndindəki tapıntılarına qədər tarixi ədəbiyyatda belə bir fikir mövcud idi ki, xristian olan Alban tayfaları xilafətin Qafqazın istilası zamanı islamı qəbul etməsinlər deyə qriqoryan xaçını qəbul edib erməniləşdilər, gürcü xaçını qəbul edib gürcüləşdilər. Urud abidələri bir daha indiyə qədər tarixi ədəbiyyatda mövcud olan türk elementinin Qafqaza gəlmə olduğu konsepsiyasını alt-üst etdi və sübut olundu ki, türklər Qafqazın köklü aborigenləri olmuşlar. Çox təəssüf ki, ermənilər orta əsr qəbiristanlığını şumladılar və abidələri dağıtdılar.
Zəngəzurda, Laçında, Kəlbəcərdə, Gürcüstanda Armazisxevidə və digər qəbiristanlıqlarda aşkar edilmiş XIV-XIX əsrlərə aid at və qoç heykəlli və başdaşı formalı məzar daşlarında türk tayfalarına məxsus tamqaların, şamanların təsvirlərinə əsasən Cənubi Qafqazda türk tayfalarının yayılma arealı və Azərbaycanın tarixi ərazisi müəyyənləşdirilmişdir.
Ermənilər Zəngəzurun Səlim keçidi adlanan yerdə Elxani Əbu Səid dövründə tikilmiş karvansarayı (h.729=1328/29) “erməni milli memarlıq abidəsi” kimi təqdim edirlər. Həmin yol üzərində Zəngilanın Məmmədbəyli kəndində Yəhya b. Məhəmməd türbəsinin (vəf. 1305-ci il) qapısı üzərində qoyulmuş kitabə ölçüsü, forması, həkk olunan texnikasına görə adıçəkilən karvansaray kitabəsinin eynidir. Kitabədə XIV əsrdə İpək yolu üzərindəki həmin abidələri yaratmış memar Əli Məcdəddinin adı yazılmışdır.
Abidənin içərisinə erməni dilində bir yazı qoyulmuşdur. Lakin yazıdakı mətnlə qapının üzərinə hörülmüş yazının mətni üst-üstə düşmür. Erməni dilində olan yazıda qeyd olunur ki, bu abidə 1332-ci ildə Orbelyan nəslindən olan Çesar tərəfindən tikilib. Lazar Universitetinin müəllimi Xr.İv.Kuçuk-İoannasov iddia edir ki “tatarlar” (yəni azərbaycanlılar) sonradan bu karvansaraya Səlim adı vermiş və ərəbcə yazını qapının üzərinə qoymuşlar. Halbuki yazı bina tikildiyi zaman qapının üzərinə hörülmüşdür. Maraqlısı odur ki, ermənilərin çap etdikləri bukletdə karvansaray Səlim karvansarayı adı ilə çap olunub.
Nankorların “erməniləşdirmək” istədikləri digər abidə Azərbaycan Qaraqoyunlu dövləti, Çuxur-Səd əmirlərinə aid İrəvanın 8 kilometrliyində Cəfərabad kəndində yerləşən möhtəşəm türbədir.
Ermənilər türkmən alimlərini dəvət edərək bu abidənin bünövrəsində qazıntı işləri aparmış və belə qənaətə gəlmişlər ki, Qaraqoyunlu dövləti İran dövləti olub, onu türkmən əmirləri idarə edib (müasir türkmənləri nəzərdə tuturlar), lakin abidə erməni maddi mədəniyyət nümunəsidir. Bu cəfəng “elmi nəticə” yalnız xəstə təfəkkürün məhsulu ola bilər. Qeyd etmək lazımdır ki, memarlıq-konstruktiv quruluşuna görə abidə Möminə xatun, Yusif və başqa Kəbir türbələri ilə eynilik təşkil edir, Əcəmi memarlıq məktəbinin davamıdır. Burada bir neçə türbə və azərbaycanlılara məxsus böyük qəbiristanlıq olmuşdur. Onların da hamısı dağıdılıb.
Azərbaycan Dövlət Tarix Arxivindəki sənədlər sübut edir ki, 1915-ci ildə Zəngəzurda və İrəvan quberniyasında 382 şiə və 9 sünni məscidi fəaliyyət göstərirdi. İrəvan quberniyasında məscidlərin artma dinamikası belə idi: 1904 – 201, 1911 – 342, 1915 – 382. Bu, ərazidə müsəlman əhalisinin sürətlə artmasından və müsəlman ruhanilərinin güclü mövqeyindən xəbər verir.
Zəngəzurun Şəki, Vaqudi, Mərdhuz, Qarraq, Saldaş, Karkyal, Ağbəs, Hacıəmi, Ballıqaya, Kərkəs, Çərəli, Dəstəyird, Qalacıq, Cicimli I, Cicimli 2, Qaroacalı, Seyidlər, Mollalar, Təzə Kilsə, Nərcan, Zor, Əfəndilər, Pasan, Xurtekes, Hacıqəmbər, Qarabağlar, Dəmirçilər, Dondarlı, Kurdaluq, Ulaclı, Saraclı, Dərzili, Oxçu, Kaqlar kəndlərində məscidlər var idi. Bundan əlavə XIX əsrin sonunda İrəvan quberniyasında 233 şiə və 14 sünni məscid prixodları fəaliyyət göstərirdi. Onlar kənd soveti rolunu oynayırdı. Burada anadan olanların, ölənlərin, evlənənlərin, boşananların qeydiyyatı aparılırdı. Hər prixodun mollası var idi və o qubernator tərəfindən təyin olunurdu.
İrəvan şəhərində XX əsrin əvvəlinə kimi Qədim Şəhər məscidi, Came məscidi, Hacı Novruzəlibəy məscidi, Hacı İmamverdibəy məscidi, Mirzə Səfi bəy məscidi, Hacı Cəfərbəy məscidi fəaliyyət göstərirdi. Came məscidi kompleksində iri mədrəsə binası da mövcud idi.
İrəvan məscidlərinin İrəvan quberniyasının müxtəlif yerlərində vəqf əmlakları yerləşirdi. Bunlar əsasən torpaq sahələri, dükanlar idi. Sənədlərdən göründüyü kimi, vəqf əmlaklarının sərhəd olduğu torpaqlar azərbaycanlılara məxsus idi. Bu da öz növbəsində həmin regionda azərbaycanlıların çoxluq təşkil etdiyindən xəbər verir. Tarixi sənədlər təsdiqləyir ki, 1919-cu ildə İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında azərbaycanlılar əhalinin 72,3 faizini, Sürməli qəzasında 96 faizini, İrəvan qəzasında 60,2 faizini, Milistan və Vedibasar mahallarında 90 faizini təşkil edirdilər, baxmayaraq ki, tarixən ermənilərin ən intensiv köçürüldüyü məhz bu ərazilər olmuşdur.
Azərbaycanlıların bu regionda köklü xalq olduğunu toponimlər də sübut edir. Toponimlər konkret etnosun konkret coğrafi məkanda təşəkkülünü göstərən ən tutarlı sənəddir. Ona görə də ermənilər əraziləri azərbaycanlılardan təmizlədikcə ilk növbədə yer adlarını dəyişdirirdilər. Demək olar ki, bütün toponimlər erməniləşdirilib.
Dağlıq Qarabağ ərazisində yerləşən alban-xristian abidələri də ermənilər tərəfindən erməni mədəni irsi kimi təqdim edilir. Halbuki həmin abidələr üzərindəki yazılar memarların, alimlərin, xəttatların, nəqqaşların, sufi şeyxlərinin, Azərbaycanda memarlıq məktəblərinin banilərinin adlarını aşkarlayır. Həkərə çayının hövzəsində yerləşən bir sıra türbələr öz memarlıq-konstruktiv quruluşuna görə seçilir. Bunlardan Zəngilan rayonunun Məmmədbəyli kəndində yerləşən Yəhya b. Məhəmməd türbəsi, Cəbrayıl rayonunun Şıxlar kəndində yerləşən Şıxbaba türbəsidir (XIV əsr). Türbənin ətrafında orta əsr qəbiristanlığı yerləşir. Türbədən bir qədər aralı Şeyxzadə Şeyx abd as-Salam b. Şeyx Qiyas əd-Dinin (759 h.=1358 il) məzarı yerləşir. Türbənin ətrafında şeyxin davamçılarının məzarları üzərində başdaşları var idi. Yazıların mətninə, paleoqrafik xüsusiyyətlərinə, bədii tərtibatına görə Şıx Baba xanəgahının Qədiriyyə sufi cəmiyyətinə aid olduğu müəyyənləşdirilmiş və XIII-XIV əsrlərə aid edilmişdir. Bu ərazilərdə XIV-XIX əsrlərə aid sənduqə, başdaşı formalı qoç, at heykəlli məzar daşları, ərəb-fars-azərbaycandilli yazılar və müxtəlif relyeflər Azərbaycan xalqının həyat və məişətinin ayrı-ayrı cəhətlərini əks etdirir, xalqın tarixinə, toponimikasına, xalq təbabətinə, etnoqenez məsələlərinə aydınlıq gətirir.
Qarabağ abidələrindəki epiqrafik məlumatlardan və təsviri incəsənət motivlərindən Cənubi Qafqazda Azərbaycan xalqının təşəkkülündə mühüm rol oynayan qədim türk tayfalarının məskunlaşmasını müəyyən etmək olur. Epiqrafik abidələr Qarabağda gedən tikinti işlərindən, Elxanilər dövrü və Qarabağ xanlarının mədəni-maarif fəaliyyətindən xəbər verir. Bu abidələr sırasına Füzuli rayonunun Babı kəndində yerləşən səkkiz guşəli Şeyx Babı Yaqub (XIII əsr) türbəsini aid etmək olar.
Şuşa şəhərində Memar Kərbəlayı Səfi xan Qarabağlı tərəfindən inşa edilmiş iki məscid və iki mədrəsə binası var. Bu haqda məlumatı məscidin üzərindəki kitabə verir. Memarın adına Füzuli rayonunun mərkəzində yerləşən məscidin, Bərdə şəhərində, Ağdamda olan məscidlərin, Şuşa şəhərinin bir sıra məhəllə məscidlərinin üzərində də rast gəlmək olar.
Ümumiyyətlə, indiki Ermənistan dövlətinin yerləşdiyi Azərbaycanın tarixi torpağı olan Qərbi Azərbaycanda son siyahıyaalınma və pasportlaşmada bir dənə də olsun müsəlman abidəsi qeydə alınmamışdır. Lakin nankorlar unutmasınlar ki, Azərbaycan türklərinin bu torpaqlara sahibliyini sübuta yetirən ən tutarlı sənədlər orta əsr mənbələrində qorunan Azərbaycan-türk mənşəli yer adlarıdır. Toponimlər konkret xalqın müəyyən coğrafi məkanda formalaşması prosesini sübuta yetirən ən tutarlı sənədlərdir. Maddi mədəniyyət nümunələri dağıdılsa belə yer adları Ermənistan Respublikasının yerləşdiyi torpaqların Azərbaycanın tarixi ərazisi olduğunu təsdiqləyir.
Bunun üçün bizim kifayət qədər elmi potensialımız və əlimizdə tutarlı sübut və dəlillər var.
Vəfa QULİYEVA,
tarix elmləri doktoru
“Azərbaycan” qəzeti
13.04.2015