Ermənilər çar Rusiyasının hərtərəfli köməyi ilə Azərbaycan torpaqlarında yerləşdirildikdən sonra “erməni dövləti” yaratmaq və Azərbaycandan ərazi iddiaları irəli sürməyə başladılar. Cənubi Qafqazda Ermənistan (Ararat) Respublikası yaradıldıqdan və İrəvan şəhərinin ermənilərə güzəşt edilməsindən sonra onlar daha çox şirnikləndilər. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycanın ərazisi 113,9 min kv.km olmuşdu ki, bunun 97,3 min kv.km-i mübahisəsiz, 16,6 min kv.km-i isə mübahisəli idi. Ermənistan Respublikasının ərazisi isə 9,5 min kv.km idi.
Ermənilərin ərazi iddiaları
Osmanlı hökumətinin təşəbbüsü ilə İstanbulda Cənubi Qafqaz respublikaları arasında ərazi problemlərini həll etmək üçün konfrans keçirmək qərara alınmışdı. Ermənilər İstanbul konfransına təqdim etdikləri layihədə İrəvan, Sürməli, Naxçıvan, Axılkələk, Üçmüəzzin, Zəngəzur, Şuşa, Cavanşir, Cəbrayıl və Borçalı qəzalarına iddialar irəli sürmüşdülər. Əraziyə malik olmayan ermənilər əzəli Azərbaycan torpaqlarına əsassız olaraq iddialar irəli sürürdülər. İrəvan quberniyasının İrəvan, Sürməli, Yeni Bəyazid və Üçmüəzzin qəzalarında əsasən azərbaycanlılar sakin idi. Bu quberniyada o zaman (1918-ci ildə – İ.H.) təxminən 432 min nəfərdən çox azərbaycanlı yaşayırdı. Bu da quberniya əhalisinin 38-41 faizi demək idi. Azərbaycan türkləri İrəvan və Sürməli qəzalarının yarıdan çoxunu, Üçmüəzzin və Yeni Bəyazid qəzaları əhalisinin isə təqribən üçdə bir hissəsini təşkil edirdi.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə ermənilərin Azərbaycana qarşı ərazi iddialarında mühüm yeri Qarabağın dağlıq hissəsi, yəni Dağlıq Qarabağ tuturdu. Burada əsasən gəlmə ermənilər məskunlaşmışdılar. Bütün Qarabağda 415 min nəfər azərbaycanlı, 170 min nəfər erməni yaşayırdı.
Erməni daşnaklarının iddiada olduqları ərazilərdən biri Zəngəzur qəzası idi. Bu qəza əhalisinin sayına və ərazisinin sahəsinə görə Azərbaycanın ən böyük qəzası idi və Gəncə quberniyasının tərkibinə daxil idi. Qəzada 123 min nəfərdən çox azərbaycanlı və 99,2 min nəfər erməni yaşayırdı.
Ermənilərin iddiada olduqları ərazilərdən biri də Gəncə quberniyasının Qazax qəzası və Şərur-Dərələyəz qəzası idi. Qazax qəzasının aran hissəsində azərbaycanlılar, dağlıq hissəsində isə az miqdarda ermənilər yaşayırdılar. Erməni daşnakları qəzanın bütün ərazisini öz torpaqlarına qatmağa can atırdılar. Şərur-Dərələyəz qəzasında əhalinin 72,3 faizi azərbaycanlılar idi. Bu qəzada 90250 nəfər əhalinin 59 min nəfərini azərbaycanlı, 29 min nəfərini erməni, 2500 nəfərini isə digər millətlərin nümayəndələri təşkil edirdi.
Ermənilərin daha çox iddiada olduğu ərazilərin biri də Naxçıvan qəzası idi. “Naxçıvan və Şərursuz Ermənistan yaşaya bilməz” – mövqeyindən yanaşan erməni daşnakları bu qədim Azərbaycan ərazisinə sahib olmaq üçün bütün vasitələrdən istifadə edirdilər. ABŞ, İngiltərə və Rusiya da Naxçıvanı Ermənistana vermək istəsələr də, yerli əhalinin inadlı müqaviməti buna imkan vermədi. Burada tarixən azərbaycanlılar yaşamışlar. Ermənilər isə bu əraziyə XIX əsrin 20-ci illərində köçürülmüşdülər. Naxçıvan qəzasında əhalinin 62,5 faizini (bəzi məlumatlara görə 67 faizini – İ.H.) azərbaycanlılar, 31-36 faizini ermənilər təşkil edirdi. Əslində, əhalinin belə nisbəti Rusiya Qafqaza nüfuz etdikdən və qonşu dövlətlərdən ermənilərin İrəvan və Naxçıvan vilayətlərinə köçürüldükdən sonra yaranmışdı. Böyük strateji əhəmiyyətə malik olan Naxçıvan diyarının ələ keçirilməsi daşnakların “böyük Ermənistan” yaratmaq planında xüsusi yer tuturdu. Ona görə ki, bu bölgə iri dəmiryol qovşağı idi və əlverişli mövqeyə malik idi. Buradan bir xətt İranın Maku xanlığına, oradan da Türkiyəyə, başqa bir xətt Tehrana gedirdi. Bütün bunlar daşnakları özünə cəlb edirdi. Ermənilərin iddiaları Cənubi Qafqazda sovet hakimiyyətinin qələbəsindən sonra daşnak-bolşevik sayağı həll edildi. Zəngəzur qəzası Ermənistana verildi. Qazax qəzasının dağlıq hissəsi – Dilican Azərbaycan xalqının iradəsi əleyhinə ondan alındı. İrəvan və Göyçə əraziləri də Ermənistana güzəşt edildi. Sovet imperiyası özünün ilk illərindəcə Azərbaycanın 30 min kv.km-ə qədər ərazisini hissə-hissə alıb ermənilərə verdi. XX əsrin 90-cı illərində daha 16 min kv.km ərazimiz işğal edildi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə cəmi 9,5 min kv.km ərazisi olan Ermənistan indi 46 min kv.km-ə qədər Azərbaycan ərazisinə nəzarət edir. Azərbaycan xalqı torpaqlarımızın itirilməsi faktı ilə barışmır, onların geri qaytarılması istiqamətində bütün səyləri ilə mübarizə aparır. Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, azərbaycanlılar öz tarixi torpaqlarına – İrəvana, Göyçəyə, Zəngəzura qayıdacaqlar. 1929-cu ilin fevralında Naxçıvanın 10 kəndi – 657 kv.km ərazisi Zaqafqaziya MİK-in qərarı ilə Ermənistana verildi.
İsmayıl HACIYEV,
AMEA Naxçıvan bölməsinin sədri, Milli Məclisin deputatı, akademik
“Azərbaycan” qəzeti
05.04.2015