Erməni qəddarlıqlarının miqyası və dərəcəsi heç bir ölçüyə gəlmirdi. Deyilənə görə, Lənkəranın Sütəmurdov kəndində 1 əsgərin öldürülməsini və burada silahlı qaçaq dəstələrinin olduğunu bəhanə edən Şıvkunov kəndin 13 nəfər ağsaqqalını, o cümlədən axund Molla Həmidin qollarını bağlatdırır və boyunlarını vurdurur.
Onun əsgərləri Sütəmurdov kəndini bir neçə gün müntəzəm olaraq atəşə tutur, orada yanğın və talanlar törədirdilər. Bu cinayətlərin qarşısını almaq üçün kənd ağsaqqalları Şivkunovun yanına gedib atəşi dayandırmasını xahiş edirlər. Lakin əsgərlər Şivkunovun əmri ilə gələn ağsaqqalları girov saxlamaqla vəziyyəti bir qədər də gərginləşdirdilər. Bundan sonra kəndə hücum çəkib əhalidən silahları təhvil verməyi tələb etdikdə isə kənd camaatı ilə əsgərlər arasında qanlı toqquşma baş verir. Atışmada 2 əsgər öldürülür. Əsgərlərin öldürülməsindən hiddətlənən Şivkunov Sütəmurdov ağsaqqallarının başını kəsməyi əmr edir. Şəhər camaatı ara sakitləşdikdən sonra geri qayıdarkən ətrafda üstü toz-torpaqla örtülən çoxlu meyit görür… Şahidlər nəql edirlər ki, Lerikdən axıb gələn və Sütəmurdov kəndinin içindən keçən çayın suyu qırmızı rəngə boyanmışdı. Suyun üzü meyitlər, onların papaqları və paltarları ilə dolu idi.
Belə qırğınlar Gərmətük, Girdəni, Veravul, Mamusta, Vilvan, Kərgəlan, Rvo, Şvo və s. kəndlərdə də törədilmişdi. Belə ki, yalnız bir gün ərzində Gərmətük kəndində 70-dək, Mamusta kəndində 30-dək, Kərgəlan kəndində 30-dək, Sütəmurdov kəndində 20-dən çox, Girdəni kəndində 20-dək günahsız insan qətlə yetirilmişdi.
Lənkəran şəhərinin və ətraf kəndlərin əhalisi Osakücə meşələrinə çəkilərək özlərini qorumaq üçün sığınacaq tapmışdı. Lakin onların evləri top mərmisi ilə dağıdılmış, dükanlar qarət və talan edilmişdi. Öldürülmüş və dənizə atılmlş insan cəsədləri üzərində erməni vəhşiliyinin və qəddarlığının bütün əlamətlərini görmək mümkün idi. Şəhərin yaşlı sakinləri deyirlər ki, ermənilər qaynar su ilə dolu samovarı adamların belinə bağlayır və qaçmağa məcbur edirdilər. Belə ki, iki gün ərzində Gərmətük kəndində qaçıb canını qurtara bilməyən 7 nəfər məhz bu üsulla öldürülmüşdü. Atılan topların zərbəsindən kəndin məscidinin bir tərəfi dağılmışdı. Bundan başqa, sözügedən kənddə bir evdən olan 8 nəfəri yerindəcə güllələmişdilər. Kərgəlan kəndində isə 70 kişi çayın kənarında vəhşicəsinə qətlə yetirilmişdi. Girdəni kəndi yaxınlığındakı Ləkər körpüsündə qanlı döyüşlər getmiş və 20-də artıq adam da burada öldürülmüşdü. Lənkəranın “Mayak” adlanan hissəsində yüzlərlə adam qətlə yetirilmiş və itlər onların cəsədlərini torpaqdan çıxarıb parçalamışdı.
Şübhəsiz ki, erməni-rus zülmünə qarşı əhali ciddi müqavimət göstərirdi. Bölgədə qaçaq hərakatı geniş yayılmışdı. Döyüş əməliyyatlarında qadınlar belə iştirak edirdilər. Məsələn, Lənkəranın Tikəvilə kəndindən Vəsmicahan Məmmədova və Veravul kəndindən olan Səkinə xanım özünümüdafiə dəstələri yaradaraq daşnaklara qarşı döyüşlərdə böyük şücaət göstərmişdilər. Bununla belə, qüvvələr nisbəti bərabər deyildi və insanlar erməni vəhşiliklərinin qarşısını almaq üçün ən müxtəlif yollar axtarırdılar. Ağsaqqal ziyalı Mirhaşım Talışlı nəql edir ki, Ləkəran ağsaqqalları bir nəfər nümayəndələrini dənizdə paraxodda mövqe tutan Şivkunovun yanına göndərib, qırğını dayandırmağı istəyib və “düşməniniz kimdir, deyin, gətirək təhvil verək sizə” – deyib. Onlardan biri elçiyə “sizin caamatın hamısı bizim – ermənilərin düşmənidir. Bu torpaqlar ermənilərindir. Salamat qalmağınızı istəyirsinizsə, bu yerləri tərk edib başqa ölkələrə gedin”,– deyə cavab verib.
Bundan başqa, qırğınların qarşısının alınması üçün 1918-ci il noyabrın 14-də görkəmli maarif xadimi Teymur bəy Bayraməlibəyov, Axund Molla Əli Tağızadə və Yusif Qəribzadə İrandakı Böyük Britaniya konsulu Hevelke ilə görüşmüşlər. Nümayəndələr Avetisovun başçılığı altında erməni silahlı dəstələrinin Muğanda və Lənkəranda dinc əhaliyə divan tutduğuna dair sənədləri Hevelkeyə təqdim etməklə, konsula ingilis ordularının Azərbaycana gəlişi ilə erməni silahlı dəstələrinin qəddarlığının arta biləcəyi ehtimalını söyləmişlər. Nümayəndələr ingilis konsulundan erməni silahlı dəstələrinin hərəkətlərinin qarşısını almağa diqqət yetirməyi xahiş etmişdir.
1918-ci il dekabrın 28-də Teymur bəy Bayraməlibəyovun başçılıq etdiyi nümayəndə heyəti Bakıda general Tomsonla da görüşmüş, ermənilərin və denikinçilərin qəzanı bərbad hala saldıqları, dinc əhaliyə divan tutduqları haqqında ona məlumat vermiş, qəzanın bu qüvvələrdən təmizlənməsini və onun Azərbaycanla yenidən birləşdirilməsi haqqında tədbirlər görülməsini xahiş etmişdi. Lakin bütün bunların heç bir faydası olmamışdı.
Onu da qeyd edək ki, o illərdə “Baku”, “Azərbaycan” və “Azerbaydjan” qəzetləri ilə yaxından əməkdaşlıq edən T.Bayraməlibəyov həmin qəzetlərə göndərdiyi müxbir məqalələrində də Lənkəran-Astara bölgəsində erməni-rus hərbi birləşmələrinin, o cümlədən “Sentr Kaspi Soyuz” adlanan qondarma hökumətin qanunsuz əməllərindən, dinc əhalinin başına gətirilən müsibətlərdən, törədilən qırğınlardan geniş bəhs edirdi və həmin məqalələr bu gün bölgədəki erməni vəhşilikləri haqqında məlumat verən ən mühüm mənbələrdən biri kimi çıxış edir.
Silahlı erməni və rus dəstələri Lənkərandan başqa, qaçaqlara kömək etməkdə şübhəli hesab etdikləri Muğan kəndlərinə də fasiləsiz hücumlar edirdilər. Ciddi axtarışdan sonra ev sahibləri öldürülür, mal-qara və qiymətli ev əşyaları daşınıb aparılırdı. Xırmandalı, Kürdəbaz, Qədirli, Qarğalıq, Həsənli, Məmmədxanlı, Hacıtəpə ermənilər tərəfindən yandırılmışdı. Alışanlı, Xıl, Yeddioymaq kəndlərində olan əkin yerləri belə müsəlmanların əlindən alınaraq ruslara verilmişdi.
Digər bölgələrimiz kimi, Azərbaycanın cənub bölgələrini də ermənilərin törətdikləri qırğınlardan milli özünümüdafiə dəstələrinin köməyinə gəlmiş Türk Qafqaz İslam Ordusunun hissələri xilas etmişdi. Belə ki, 1918-ci ilin noyabrın 1-də Lənkəran Müsəlman Cəmiyyətinin səlahiyyətli nümayəndəsi, görkəmli maarifçi Teymurbəy Bayraməlibəyov Bakıda olan türk qoşunlarının ali baş komandanı Nuru paşanın qəbulunda olmuşdu. O, Avetisovun quldur dəstələrinin özbaşınalığı haqqında ona məlumat vermiş və lənkəranlıların bu ağır vəziyyətdən qurtarmasını ondan xahiş etmişdi. Nuru paşa lənkəranlıların səlahiyyətli nümayəndəsinə bildirmişdi ki, türklər sizə hərtərəfli köməklik göstərəcək və adı çəkilən dəstənin bütün özbaşınalıqlarının qarşısı alınacaqdır: “Müsəlmanlara çatdırın ki, onlar çox gözləməyəcəklər”.
Beləliklə, Nuru paşanın göstərişi ilə 500 əsgərlə lənkəranlılara köməyə gələn türk sərkərdəsi Camal Paşanın dəstəsi düşmənləri qaçmağa məcbur etmişdi. Lakin, təəssüf ki, Camal Paşa sonradan Astaranın Kələdəhnə kəndinin erməni quldur dəstəsindən azad edilməsi uğrunda gedən döyüşlərdə öldürülür. Bəziləri Camal Paşanın Astaranın Pensər kənd məscidinin həyətində, bəziləri isə cənazənin Türkiyəyə aparılıb dəfn edildiyini söyləyirlər.
Ümumiyyətlə, əldə olunan bütün faktlar və sənədlər sübut edir ki, 1918-ci illərdə ermənilərin Azərbaycanda törətdikləri qətlamlar əsl soyqırımı idi və Azərbaycan xalqının genefondunun məhvinə, bu xalqın Yer üzündən birdəfəlik silinməsinə hesablanmışdı. Təsadüfi deyil ki, martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən həm 1919-cu, həm də 1920-ci ildə Milli Matəm Günü kimi qeyd olunmuşdu. Sovet hakimiyyəti isə bu hadisəni tamamilə unutdurmağa çalışmışdı. Belə ki, sovet dövrü tarixçiləri tarixi faktların və sənədlərin əksinə olaraq, bu qırğını bir millətin başqa millətə qarşı ədavəti nəticəsində həyata keçirdiyi soyqırımı siyasəti kimi deyil, vətəndaş müharibəsinin tərkib hissəsi, sovet hakimiyyəti uğrunda bolşeviklərin mübarizəsi və onların əks-inqilab üzərində böyük qələbəsi kimi təqdim edilmişdir. Lakin kommunizm ideoloqlarının bütün cidd-cəhdlərinə baxmayaraq xalqımızın yaddaşında əbədi iz buraxmış 1918-ci il qanlı mart hadisələrini heç cür unutdura bilməmişlər.
Bütün bunların fonunda isə bu gün ermənilərin bütün dünyaya car çəkib 1915-ci il hadisələrini ermənilərin soyqırımı kimi təqdim etməyə çalışması çox gülünc görünür. Bu baxımdan Rusiyanın Türkiyədəki baş konsulu Mayevskinin ermənilərlə bağlı fikirləri çox yerinə düşür. O, öz xatirələrində yazır: “…Mən belə bir əqidəyə gəlmişəm ki, türklər vəhşiliyə əsla qadir və qabil deyillər və buna daha çox şərq xristianları (ermənilər nəzərdə tutulur) qadirdirlər. Onlar bu vəhşilikləri uydurmaqla törədir və sonradan bunu türklərin boynuna atırlar”.
2008-ci ildə Qubada 1918-ci il soyqırımına aid kütləvi məzarlığın aşkar edilməsi isə erməni daşnaklarının görünməmiş vəhşiliklərinin əyani sübutudur. Belə kütləvi məzarlıqların ölkəmizin digər regionlarında, o cümlədən cənub bölgəsində olduğu isə heç bir şübhə doğurmur və erməni soyqırımlarının miqyasının bütün Azərbaycanı əhatə etdiyini sübut edir. Yuxarıda sadalanan faktlar və şahid ifadələri də bunu deməyə tam əsas verir.
Tahir ŞAHBAZOV,
AMEA Arxeologiya və Etnoqrafiya
İnstitutunun aparıcı elmi işçisi,
tarix üzrə fəlsəfə doktoru
“Xalq qəzeti”, 4 aprel 2015-ci il