“Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensıyanın 2-ci maddəsində milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə törədilmiş hərəkətlər soyqırımı adlanır.
Beynəlxalq hüquq normalarına görə, soyqırımı törətmiş şəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüddür. Lakin Azərbaycan xalqının başına gətirilən bəlalara gəldikdə, bu Konvensiyanın maddələri nəinki işləmir, hətta dünya ictimaiyyətinə lazımınca çatdırılmır və qiymətləndirilmir.
Erməni silahlı dəstələri tərəfindən mütəmadi olaraq, tarixin ayrı-ayrı dönəmlərində – 1905-1906, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə azərbaycanlı dinc əhaliyə qarşı soyqırımı (genosid) və deportasiya aktların həyata keçirilməsinə baxmayaraq, nədənsə, bu faktlar beynəlxalq aləmdə müzakirə olunmur və tanınmır.
Hələ XIX əsrin əvvəllərində çar Rusiyası (İran və Rusiya arasında Azərbaycan ərazilərinin bölüşdürülməsinə dair 1813-cü ilin 12 oktyabrında Gülüstan və 1828-ci ilin 10 fevralında Türkmənçay müqavilələri imzalandıqdan sonra) qədim Azərbaycan torpaqlarında bufer zona yaratmaq məqsədilə “erməni dövləti” qurmaq planını həyata keçirməyə başlamışdır. Üç yüz il bundan əvvəl isə gələcək imperiyanın konturları barədə düşünən rus imperatoru I Pyotr Cənuba göndərdiyi qasidlərə tapşırmışdı: “…onları (erməniləri – D.M.) tovlayıb bizim torpaqlara (indiki Azərbaycan ərazisinə) gətirməyə çalışmaq lazımdır ki, Rusiyanın istinadgahı olsun”.
Bu məqsədlə İran və Türkiyə ərazisində yaşayan 300 minədək erməni XIX əsrin birinci yarısında Azərbaycana köçürülmüş və İrəvan (indiki Yerevan), Dağlıq Qarabağ, Naxçıvan, Ordubad, Zəngəzur, Dərələyəz, Vedibasar və digər ərazilərdə yerləşdirilmişdir.
İndiki Ermənistan və Dağlıq Qarabağ ərazisindən azərbaycanlıların kütləvi çıxarılması, dinc əhaliyə qarşı zorakılıq, vəhşiliklər çar Rusiyası hökumətinin himayəsi və köməyi ilə XX əsrin əvvəllərində, xüsusilə 1905-1907-ci illərdə geniş vüsət almışdır.
Qırğın və dağıntıların miqyasının böyük olmasının bir səbəbi də Bakı Dairə Məhkəməsi prokurorunun 1905-ci il martın 7-də ədliyyə naziri və Tiflis Məhkəmə Palatasının prokuroruna yazdığı 3934 nömrəli məktubda qeyd etdiyi kimi, polis və ordunun laqeyd münasibətinin nəticəsi idi. Onun yazdığına görə, hərbi patrullar (əsasən rus və erməni əsilli-D.M.) küçələri gəzib dolaşır və heç bir tədbir görmürdülər. Yalnız hadisələr dayandırıldıqdan sonra şəhərə əlavə ordu hissələri gətirildi. Silahların toplanması üçün tədbirlər həyata keçirilmədi. Qətllər polisin gözü qarşısında baş verirdi. Silahlı quldur dəstələrinə qarşı güc tətbiq edilmədi.
1905-1906-ci il hadisələri ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi ilk və tarix göstərdiyi kimi, sonuncu olmayan soyqırımı aktı oldu.
Qeyd etmək lazımdır ki, ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətinin nəticələrinin obyektiv tədqiqatı və təhlili yalnız ölkəmizdə dövlət müstəqilliyinin bərpasından sonra mümkün oldu. Bu sahədə ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli fərmanı müstəsna əhəmiyyət kəsb edir. Əlbəttə, erməni soyqırımının dəhşətli nəticələrinin tədqiqatı uzun illər tələb edəcək. Arxivlərdə bu hadisələrin dəhşətli mənzərəsini göstərən və hələ də açılmayan yüzlərlə, bəlkə də minlərlə sənəd, erməni qətliamları zamanı öldürülən insanların üstü açılmamış kütləvi məzarlıqları vardır.
Erməni diasporu öz havadarlarının köməyinə arxalanaraq beynəlxalq ictimaiyyətə birtərəfli, çox vaxt yanlış, qəsdən təhrif edilmiş mənbələrdən “məlumatlar” verir, diqqəti Azərbaycana qarşı törətdikləri soyqırımı siyasətindən yayındırmağa çalışır. Bu gün də Ermənistan və erməni diasporu xüsusilə 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı qətliamları və 1992-ci ildə yerlə-yeksan edilən Xocalı, Qaradağlı, Malıbəyli, Quşçular, Ağdaban və digər yaşayış məskənlərimizdə törətdikləri vəhşilikləri gündəlikdən kənarda saxlamağa cəhd göstərirlər.
Müqayisə üçün xatırladaq ki, dünyada soyqırımı kimi tanınan Xatın (Belorusda, insan tələfatı 149 nəfər), Lidiçe (Çexiyada, insan tələfatı 172 nəfər), Sonqmı (Cənıbi Vyetnamda, insan tələfatı 500 nəfərə yaxın) hadisələri nə miqyasına, nə də amansızlığına görə tək Xocalı (insan tələfatı 613 nəfər) ilə müqayisə olunmazdır. Lakin Xocalı hadisələrinə lazımi qiymət hələ də verilməyib.
BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822 (30 aprel 1993-cü il), 853 (29 iyul 1993-cü il tarixli), 874 (14 oktyabr 1993-cü il), 884 (12 noyabr 1993-cü il) saylı qətnamələr Ermənistan silahlı qüvvələrinin işğal edilmiş bütün Azərbaycan ərazisindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını qəti surətdə tələb etsə də, bu sənədlərə indiyədək məhəl qoyulmur. Azərbaycan əraziləri işğal altında saxlanılır, dövlətimiz isə öz növbəsində münaqişəni dinc yolla həll etməyə çalışır.
Ermənilərin xalqımıza qarşı həyata keçirdiyi repressiya və qırğınların, soydaşlarımızın başına gətirilən müsibətlərin daha ciddi tədqiq edilməsinin və dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini xüsusi qeyd etmək lazımdır.
Son illərdə Dağlıq Qarabağ, erməni diasporu və onun antitürk, antiazərbaycan fəaliyyəti, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, azərbaycanlılara qarşı törədilmiş soyqırımları və bu kimi mövzularda onlarca tədqiqatlar aparılır, dissertasiyalar müdafiə edilir və bu iş davamlı olaraq bu gün də getməkdədir. Bu sahədə aparılan uğurlu işlərdən biri kimi, Milli Məclisin deputatı, AVRONEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, AVCİYA-nın prezidenti Elxan Süleymanovun və iqtisad elmləri üzrə fəlsəfə doktoru Vurğun Süleymanovun “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” adlı kitabını qeyd etmək olar. Layihənin davamı olaraq həmin kitab ingilis dilində ABŞ-da, rus dilində Sankt-Peterburqda və ukrayna dilində Kiyevdə nəfis şəkildə çap olunaraq dünyaya çatdırılmışdır. Kitabda Dağlıq Qarabağ münaqişəsinin tarixi və geosiyasi əsasları araşdırılır, beynəlxalq təşkilatlar (BMT, Avropa Parlamenti, AŞPA, ATƏT, NATO, İslam Əməkdaşlıq Təşkilatı) tərəfindən Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktının tanınması, işğal nəticəsində ölkədə fövqəladə humanitar vəziyyətin yaranması, Azərbaycanın tarixi və mədəniyyət abidələrinə, ətraf mühitinə və təbii sərvətlərinə, sosial-iqtisadi durumuna dəymiş zərər təhlil edilir, Azərbaycana vurulmuş iqtisadi ziyanın ilkin miqdarı indiki bazar qiymətləri ilə hesablanır.
Ermənilərin xalqımıza qarşı əsrlərdir apardığı genosid, ekosid və köçürmə siyasəti haqqında həqiqətləri geniş oxucu diqqətinə çatdıran gündəlik 12 dildə yenilənən www.1905.az, 10 dildə yenilənən www.karabakhinfo.com və www.karabakhinfo.tv, eləcə də 3 dildə yenilənən www.sarsang.org elektron portallarını və yüzlərlə başqalarını misal çəkmək olar.
Dəyanət MUSAYEV,
ADPU-nun müəllimi,
pedoqoji elmlər üzrə fəlsəfə doktoru
(c) “Xalq” qəzeti