XIX əsrin əvvəllərində çar Rusiyası (İran və Rusiya arasında Azərbaycan ərazilərinin bölüşdürülməsinə dair 1813-cü ilin 12 oktyabrında Gülüstan və 1828-ci ilin 10 fevralında Türkmənçay müqaviləsi imzalandıqdan sonra) qədim Azərbaycan torpaqlarında bufer zona yaratmaq məqsədi ilə «erməni dövləti» qurmaq planını həyata keçirməyə başlamışdır. Hələ 300 il əvvəl gələcək imperiyanın konturları barədə düşünən rus imperatoru I Pyotr Cənuba göndərdiyi qasidlərə tapşırmışdı: «…onları (erməniləri-müəll.) tovlayıb bizim torpaqlara (indiki Azərbaycan ərazisinə-müəll.) gətirməyə çalışmaq lazımdır ki, Rusiyanın istinadgahı olsun».
Bu məqsədlə İran və Türkiyə ərazisində yaşayan 300 minə qədər erməni XIX əsrin birinci yarısında Azərbaycana köçürülmüş və İrəvan (indiki Yerevan), Dağlıq Qarabağ, Naxçıvan, Ordubad, Zəngəzur, Dərələyəz, Vedibasar və digər ərazilərdə yerləşdirilmişdir.
Lakin ermənilərin Azərbaycan ərazilərinə köçürülmələrinə baxmayaraq, azərbaycanlılar bu ərazilərdə sayca ermənilərdən üstünlük təşkil edirdi. Məsələn, 1886-cı ildə Gəncə quberniyasının Zəngəzur qəzasındakı 326 kənddən yalnız 81-i erməni kəndi olmuşdur. İrəvan qəzasında əhalinin 66 faizi azərbaycanlı, 34 faizi isə ermənilərdən ibarət idi. Bu ərazilərdə ermənilərin çoxluq təşkil etməsi məqsədilə azərbaycanlılara qarşı soyqırım siyasətinə əl atılmış, ermənilər çar Rusiyası tərəfindən gizli silahlandırılaraq, hərbi dəstələr yaradılmışdır.
İndiki Ermənistan və Dağlıq Qarabağ ərazisindən azərbaycanlıların kütləvi çıxarılması, dinc əhaliyə qarşı zorakılıq, vəhşiliklər Rusiya hökumətinin himayəsi və köməyi ilə XX əsrin əvvəllərində, xüsusilə 1905-1907-ci illərdə xüsusi vüsət almışdır.
Erməni terror təşkilatlarının, xüsusən də Daşnaksütyunun fəaliyyətinin genişlənməsi bu dövrə təsadüf edir. Bu zaman Daşnaksütyunun 35 min nəfərlik zinvor (yaraqlısı) dəstəsi və çoxlu silah anbarları var idi. Onlar dinc türk, müsəlman əhaliyə qarşı kütləvi qırğınlar üçün məqam gözləyirdilər.
Buna I Rus inqilabı dövründə yaranmış qarışıqlıq şərait yaratdı. Terrorçuluq fəaliyyətlərinin ağırlıq mərkəzini Cənubi Qafqaza keçirən erməni-terrorçu təşkilatları bölgənin türk-müsəlman əhalisinə qarşı tezliklə soyqırımlar törətməyə başladılar. İlk toqquşma 1905-ci ilin əvvəllərində Şuşada törədildi. O, geniş əks-səda doğurdu. Erməni silahlıları azərbaycanlılara qarşı ən böyük qırğını Bakıda həyata keçirdilər.
Əslində hadisələrin səbəbləri və kökləri daha əvvəllərə gedib çıxır. Cənubi Qafqaz Rusiya tərəfindən işğal edildikdən sonra erməniləri kütləvi surətdə Azərbaycana köçürərək azərbaycanlıların ən münbit torpaqlarında məskunlaşdıran çar hakimiyyəti onlara bir sıra imtiyazlar tanımağa, dövlət qulluğunda üstünlüklər verməyə başladı. Dövlət idarəçiliyi işlərindən uzaqlaşdırılan azərbaycanlıların isə hüquqları məhdudlaşdırıldı, torpaqları əllərindən alındı. Onlar həm də ermənilər tərəfindən sıxışdırılırdı.
Bütün bunlar azərbaycanlıların siyasi, sosial və maddi vəziyyətini getdikcə ağırlaşdırırdı. Ermənilər çar hakimiyyətinin himayəsi altında heç bir maneəyə rast gəlmədən müxtəlif cəmiyyətlər qurur, komitələr yaradırdılar. Azərbaycanlılar isə belə imkanlardan məhrum edilmişdilər. Hər yerdə üstünlüklərini göstərən ermənilər hakimiyyətin azərbaycanlılara qarşı etibarını azaltmaq üçün bütün vasitələrdən istifadə edir, hətta guya onların panislamçı, panturançı, pantürkçü hərəkətlərinin genişləndiyinə dair şayiələr yayır, donoslar yazırdılar.
Senator Kuzminski bu barədə yazırdı ki, azərbaycanlılar Bakı şəhərinin yerli əhalisi idi. Ermənilər isə neft sənayesi meydana çıxdıqdan sonra 70-ci illərin əvvəllərində buraya gəlmiş və son 10-15 ildə şəhər əhalisinin 15%-ni təşkil edə bilmişdilər. Azərbaycanlılar şəhər əhalisinin 60%-ni təşkil edirdilər. Qısa müddət ərzində varlanan ermənilər iri kapitalistlərə çevrilərək Bakıda hakim mövqelərə yiyələndilər. Onlar siyasi cəhətdən də üstün idilər. Siyasi təşkilatları və hətta silahlı dəstələri də var idi. Ermənilər silah almaq üçün bütün Cənubi Qafqaz üzrə vəsait toplayırdılar. 1905-ci ildə Qnçakın təkcə Bakı təşkilatının 7 min 425 manat 4 qəpik pulu var idı. Bu dövrdə erməni komitələri xeyli silah və sursata malik idilər. Onların türk düşmənçiliyinin həddi-hüdudu yox idi.
Bu illərdə çar hakimiyyəti də zəifləmişdi. Rusiyada bir tərəfdən inqilab yetişir, digər tərəfdən Yaponiya ilə müharibə aparılırdı. Bir neçə böyük dövlət, xüsusən Böyük Britaniya rus-yapon müharibəsinin gedişində və ondan sonra Rusiyanı daxildən zəiflətməyə, özündən asılı etməyə çalışırdı. Çarizm baş verən hadisələrin mahiyyətini saxtalaşdırmaq məqsədilə ona millətlərarası ziddiyyət xarakteri verərək Bakıda və digər yerlərdə erməni-müsəlman toqquşmalarının yaranmasına şərait yaratdı. Nəticədə azərbaycanlılar kütləvi şəkildə qırğınlara məruz qaldılar. Erməni silahlı dəstələri dinc türk-müsəlman əhaliyə divan tutdular.
1905-ci il fevralın 19-u fəhlələrin Bakıda ümumi tətili elan edilmişdi. Hakimiyyət bu tətilin qarşısını almaqda aciz olduğunu başa düşdüyündən qarışıqlıq yaratmağa, ermənilərlə azərbaycanlıları qızışdırmağa başladı. Agentura vasitəsilə azərbaycanlılar arasında belə bir şayiə yayıldı ki, ermənilər, onların komitələri Bakıda qiyama hazırlaşırlar, bu məqsədlə bombalar düzəldirlər və bombalar hər şeydən əvvəl azərbaycanlılara qarşı tətbiq ediləcəkdir. Bununla da hakimiyyət orqanları azərbaycanlıların çara qarşı hərəkətlərinə qoşulmamalarına çalışırdı.
1905-ci il fevralın 6-da Parapetdəki (indiki Fəvvarələr meydanı) erməni kilsəsinin yanında gündüz saat 12-yə qalmış erməni terrorçuları tərəfindən Sabunçu kəndinin sakini Ağarza Babayev öldürüldü. Böyük bir nəslin nümayəndəsi olan və Bakının tanınmış, varlı adamlarından sayılan Ağarza Babayevin meyitinin üzərində həm odlu, həm də soyuq silah yaraları var idi. Qətl xəbəri və meyit üzərində ermənilərin qeyri-insani hərəkətlər etməsi barədə şayiələr şəhərdə sürətlə yayıldı. Ermənilərin Ağarza Babayevi öldürməsi və meyitini təhqir etməsi erməni-azərbaycanlı toqquşmalarının başlanğıcı oldu. Erməni komitələri azərbaycanlılara qarşı silahlı hücuma hazırlaşırdı. Ermənilər Bakıda dəhşətli qırğınlar törətdi. Lakin qırğınlar zamanı ordunun fəaliyyəti də sıfıra bərabər idi. Azsaylı Bakı qarnizonu qarışıqlığın qarşısını ala bilmədi. Ordu yalnız fevralın 7-də silah tətbiq etməyə başladı.
Bakıda qanlı hadisələr zamanı öldürülənlər haqqında dəqiq məlumat yox idi. Təhqiqat nəticəsində 318 ailədən adam öldürüldüyü məlum oldu. Onların 263 nəfəri ailə başçısı idi. 282 ailədən adam yaralanmışdı. Onlardan 15 nəfəri tamamilə əlil olmuşdu, 60 nəfəri isə əmək qabiliyyətini təqribən 50%-ə qədər itirmişdi. 570 ailə əmlakından məhrum olaraq küçədə qalmışdı. Bütövlükdə yardıma ehtiyacı olanlar 4 min 500 nəfər idi. Dəyən ziyan 3 milyon rubla bərabər idi. Komitənin sərəncamında olan 100 min rubl zərər çəkənlərə verildi. Lakin bu məbləğ kifayət etmirdi. Ona görə də şəhər başçısı Bakı qubernatoruna müvafiq vəsaitin Şəhər Duması tərəfindən ayrılması üçün xahiş etdi. Bakı Şəhər Duması martın 1-də keçirilən iclasında Ehtiyat Fondundan komitəyə 50 min rubl ayırdı.
Qırğın və dağıntıların miqyasının böyük olmasının bir səbəbi də Bakı Dairə Məhkəməsi prokurorunun 1905-ci il martın 7-də ədliyyə naziri və Tiflis Məhkəmə Palatasının prokuroruna yazdığı 3934 №-li məktubda qeyd etdiyi kimi, polis və ordunun laqeyd münasibəti idi. Onun yazdığına görə, hərbi patrullar (əsasən rus və erməni əsilli-müəllif) küçələri gəzib dolaşır və heç bir tədbir görmürdülər. Yalnız hadisələr dayandırıldıqdan sonra şəhərə əlavə ordu hissələri gətirildi. Silahların toplanması üçün tədbirlər həyata keçirilmədi. Qətllər polisin gözü qarşısında baş verirdi. Silahlı quldur dəstələrinə qarşı silah tətbiq edilmədi.
1905-1906-ci il hadisələri ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi ilk və tarix göstərdiyi kimi, sonuncu olmayan (daha sonra soyqırımlar 1918-1920-ci illər, 1948-1953-cü illər və 1988-1993-cu illərdə) soyqırım aktı oldu. 2015-ci ildə ermənilərin azərbaycanlı dinc əhaliyə qarşı mütəmmadi həyata keçirdiyi soyqırım (genosid) və deportasiya aktlarının başlamasının 100 ili tamam olmasına baxmayaraq, bü günə kimi dünya ictimaiyyəti bu qanlı hadisələrin heç birinə lazımi hüquqi qiymət verməmişdir.
Dəyanət Musayev
Pedaqogika üzrə fəlsəfə doktoru