Uzun illərdən bəri ərazi bütövlüyünü bərpa etmək uğrunda mübarizə aparan xalqımızın haqq səsini daha da ucaltmaq, tarixi gerçəklikləri bütün dünyaya bəyan etmək, danılmaz tarixi həqiqətləri məqsədyönlü şəkildə təhrif edərək, öz xalqına başdan-ayağa saxta tarix yazan erməni “alimlərinin” saxtakarlıqlarını durmadan ifşa etmək hər bir azərbaycanlının və ilk növbədə alimlərimizin müqəddəs borcudur. Bu sahədə Azərbaycan alimləri tərəfindən xeyli faydalı iş görülüb, tədqiqatlar aparılıb, monoqrafiyalar və kitablar yazılaraq, nəşr edilib və edilməkdədir. Bu istiqamətdə növbəti layihəni isə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun qrant şəklində maliyyə dəstəyi ilə bizim İnstitut həyata keçirir – konkret olaraq mən özüm reallaşdırıram. Bu layihə də “Azərbaycanın ərazi bütövlüyünü müdafiə edən orta əsrlər və yeni dövr xəritələrinin axtarışı və surətlərinin ölkəmizə gətirilməsi” adlanır. Layihə çərçivəsində İspaniya və Fransaya ezam olunmuş, bu ölkələrin bir sıra kitabxana və arxivlərində axtarışlar aparıb, yüzlərlə qədim xəritə və atlasları nəzərdən keçirərək, 80-dən çox xəritənin surətini çıxarıb, elektron variantını hazırlayıb, çəkilişlər aparmışam. Xalqımızın tarixi coğrafiyasının öyrənilməsi üçün faydalı olan və Ermənistanın Cənubi Qafqaza gəlmə etnos olduğunu sübut edən bu xəritələr müstəsna əhəmiyyətə malikdir. Gətirilən bir çox mühüm sənədlər sırasında orijinalları Hamburq, Bolonya, Cota, Leyden, Paris, London, Berlin və Vyanada saxlanılan qədim ərəb və fars əlyazmaları var ki, bunlarda Azərbaycana aid xəritələrin və onların Avropa alimləri tərəfindən hazırlanmış transkripsiyalarının fotosurətləri əks olunub. X-XIII əsrin birinci yarısında tərtib olunan bu xəritələr Azərbaycanın tarixi əraziləri haqqında həqiqəti olduğu kimi əks etdirir. Məsələn, onlardan birində Azərbaycan əraziləri şimalda Bab al-abvabdan (“Dərbənd”) bir qədər də yuxarıyadək torpaqları, cənubda indiki Cənubi Azərbaycan ərazisini və ondan daha cənubda yerləşən Ərməniyyə vilayətinin, əl-kəbir (böyük) və əl-sağır (kiçik) daxil olmaqla, böyük hissəsini əhatə edir. Xəritədə Azərbaycan ərazisinə Dərbənd, Şabran, Şəki, Qəbələ, Şəmkir, Gəncə, Bərdə, Bərzənd, Əhər, Ərdəbil, Mərənd, Marağa, Təbriz, Səlmas, Xoy, Hilat, Bidlis, Miyanə və sair şəhərlər daxildir. Xəritədə aydın görünür ki, “böyük” və “kiçik” Ərməniyyə tarixi Azərbaycan torpaqlarından cənubda yerləşib və yer adından başqa bir şey deyil. Beləliklə, bu xəritə bir daha təsdiq edir ki, erməni təbliğatının dənizdən-dənizə “Böyük Ermənistan” xülyası böyük yalandan başqa bir şey deyil. Xəritələr ermənilərin Cənubi Qafqaza gəlmə etnos olduğunu, Fərat çayının yuxarılarında qədim Assuriya və Mesopotamiya ilə sərhəddə məskunlaşdığını və zaman-zaman indiki Türkiyə və İranın ərazisinə köç etdiklərini əyani şəkildə nümayiş etdirir. 1918-ci ilədək Cənubi Qafqaz ərazisində heç bir erməni dövləti olmayıb. Bu, tarixi reallıqdır və əldə edilmiş yeni xəritələr bunu bir daha təsdiq edir. Azərbaycan xalqının əcdadları hələ eramızdan əvvəl Arazdan şimalda, Dağlıq Qarabağ da daxil olmaqla, Albaniya, cənubda isə Manna və Atropatena kimi dövlətlər yaradıblar. Bu dövlətlər süqut etdikdən sonra da həmin ərazilərdə müxtəlif Azərbaycan dövlətləri yaranmış və xalqımız öz tarixi torpaqlarında kompakt şəkildə yaşamağa davam edib. Bunu əldə edilmiş xəritələrdə çoxsaylı Azərbaycan toponimlərinin əks olunması bir daha sübut edir. Yalnız XIX əsrin əvvəllərindən Rusiya imperiyasının regionda apardığı məqsədyönlü siyasət nəticəsində Cənubi Qafqaza Türkiyədən və İrandan ermənilərin kütləvi köçürülməsi başlandı və beləliklə də, Cənubi Qafqazda erməni dövlətinin yaradılmasının əsası qoyuldu. Xalqımızı öz tarixi torpaqlarından məhrum etmək və bu torpaqları ermənilərlə məskunlaşdırmaq məqsədi ilə erməni millətçiləri tərəfindən xalqımıza qarşı zaman-zaman deportasiyalar və qətliamlar həyata keçirildi, boşaldılmış tarixi Azərbaycan ərazilərinin adları isə erməniləşdirildi. Hazırda Ermənistan Respublikası adlanan ərazinin tarixi Azərbaycan torpaqları olduğu və burada xalqımıza məxsus toponimlərin tarixin yaddaşına möhkəm həkk olunduğu əldə edilmiş xəritələrdə tutarlı dəlillərlə əyani şəkildə bir daha təsdiq edilir.Surətləri gətirilən xəritələr müxtəlif dövrlərdə və regionlarda tərtib edilib. Burada qədim Şərq alim, tarixçi və səyyahları Balxi, İstaxri, Müqəddəsi, Əhməd əl-Tus, İbn Səid, Nasrəddin Tusi və sair müəlliflərin tərtib etdiyi xəritələr var. XV-XVII əsrlər Avropa alim, səyyah və xəritəşünasların tərtib etdiyi xəritələr də çox mühüm əhəmiyyətə malikdir. Abraham Orteliusun 1570 və 1606-cı illərdə çap olunmuş Avropa xəritələri, Georq Sansonun 1669-cu ilə aid, Guiljelmo Blacuvun isə üzərində tarixi əks olunmayan Asiya qitəsinə aid xəritələri, Rofellenin 1506-cı il tarixli Yer kürəsi xəritəsi, naməlum müəllifin 1529-cu ildə hazırladığı və Avropa, Asiya və Afrikanı əhatə edən xəritəsi, Stalpartidin Antverpendə nəşr etdiyi dünya xəritəsi, 1562-ci ildə İenkensononun yaratdığı Rusiya, Moskoviya və Tartariya xəritəsi, həmçinin 1482-ci ildə Florensiyada Françesko Berlingierinin tərtib etdiyi xəritə və digər naməlum müəlliflərin əsərləri bu qəbildəndir. Sonrakı dövr Avropa xəritəşünaslarının tərtib və nəşr etdirdikləri xəritələr də erməni təbliğatının yalan üzərində qurulduğunu sübut edir. XVIII-XIX əsrlərə aid bu xəritələrdən 1877-ci ildə tərtib edilmiş Qafqazın xəritəsi (Qota, Almaniya), Petermannın hazırladığı Qafqazın fiziki-coğrafi xəritəsi,Kiepertin 1854-cü ildə Berlində nəşr etdirdiyi Qafqaz ərazilərinin xəritəsi, eləcə də Gilyermo del İslenin, Sansonun , Fridrix de Vitin, Antonio Zatta və digərlərinin xəritələri Azərbaycan həqiqətlərini təsdiqləyən tarixi sənədlərdir. Görkəmli fransız xəritəşünası Alfons Taridin müxtəlif illərdə nəşr etdirdiyi Qafqaza və Osmanlı imperiyasına aid xəritələri xüsusi əhəmiyyətə malikdirlər. Digər xəritələr qrupunu isə çar Rusiyası zamanı hərbi topoqrafik depoda və Əlahiddə Qafqaz Korpusunun baş qərargahı nəzdində tərtib edilmiş və İmperator Rus Coğrafiya Cəmiyyəti tərəfindən müxtəlif illərdə nəşr edilmiş Qafqaz və onun müxtəlif quberniya və uyezdlərini əks etdirən xəritələr təşkil edir. Qafqaza aid Osmanlı xəritələrinin gətirilməsi də xalqımızın tarixi keçmişinin öyrənilməsi üçün mühüm əhəmiyyət daşıyır. XVII-XIX əsrin əvvəllərinə aid bu xəritələrdə Azərbaycanın tarixi coğrafiyası olduqca düzgün, obyektiv və dolğun əks olunub. Məsələn, xəritələrdən ikisində İrəvan şəhəri öz ilkin adına müvafiq olaraq Rəvan variantında verilib. Tarixdən məlumdur ki, bu şəhər məhz yarandığı dövrdən Rəvan adlanıb və sonradan buraya gəlmiş ermənilər tərəfindən adı dəyişdirilərək hazırkı variantını alıb.
Xəritələrlə tanış olarkən orada daha maraqlı bir nüansa rast gəlmək olur ki, bu da “Tiqranakert” adlanan ərazi ilə bağlıdır. Bu, olduqca əhəmiyyətli xəritədir. 1785-ci ildə venesiyalı xəritəşünas Antonio Jakler tərəfindən tərtib olunub. Amma bu aiddir Böyük İsgəndərin imperiyasına – eramızdan əvvəl 4-cü əsrə. Eramızdan əvvəl 4-cü əsrdə baxın görün Ermənistan harada yerləşirdi. Ermənilər hər zaman olduğu kimi, saxtakarlıq edirlər, götürüb həmin o imperiyanın sərhədlərinin müəyyən hissəsini verirlər və iddia edirlər ki, bu, elə Ermənistan sərhədidir , guya gəlib çıxır Qafqaza. Halbuki belə deyil. Eyşa Mayna- Kiçik Asiya, yanında Armeniya Mayna- Kiçik Ermənistan, ya Ərməniyyə götürək və Armeniya Meyca –“Böyük Ermənistan”. Yəni, bunlar nə deməkdir? O deməkdir ki, bu, dövlət adı deyil, bunlar, yer adlarıdır. Onlar isə saxtakarlıq edirlər, deyirlər ki, elə bu, dövlət adıdır- “Böyük Ermənistan”dır. Sonra, bunların burada bir şəhəri var – Tiqranakert. Bunlar elə indi- bizim zamanımızda bu Tiqranakerti gətirib Əsgərana çıxarırlar. Elə keçən ay belə bir məlumat yayıldı ki, Dağlıq Qarabağda gənclər arasında “Artsax”ın tarixi üzrə müsabiqə elan olunub –burada da gənc ermənilər iştirak edirlər, hələ mükafat da alırlar – onlara verilən suallardan biri məhz bu Tiqranakertin guya indiki Əsgəran şəhərində yerləşməsi ilə bağlıdır. Guya bunlar orada qazıntılar aparırlar və Əsgəranda Tiqranakertin qalıqların tapırlar. Halbuki qeyd olunan xəritədən lap aydın görünür ki, Tiqranakert harada yerləşir. Bu, faktdır, bunu tarixdən artıq silmək olmaz. Ruslarda bir söz var, əlyazmalar yanmırlar, o cümlədən xəritələr də yanmırlar. Məqsədyönlü şəkildə onlar haradasa əllərinə keçənləri məhv edirlər, amma nə qədər ki, hələ belə xəritələr qalıb, biz bunların hamısını toplayıb saxlamalıyıq… Növbəti xəritələri dediyim kimi, Osmanlı arxivindən gətirmişəm. Bunlar Şərqi Anadolu və Qafqaza aid xəritədir, Osmanlı vaxtında osmanlılar tərəfindən tərtib olunub. Bu xəritələrdəki bütün toponimlərlə tanış olsanız,oxusanız görəcəksiniz ki, bu, Göycə gölüdür, bu, Qara dəniz,bu, Xəzər dənizidir. Sual olunar, bu xəritələrin önəmi nədədir? Bu xəritələrdə- bir qədər əvvəl qısaca bəhs etmişdim- “İrəvan” ilkin variantda Rəvan kimi yazılıb, yəni, ilkin dövrlərdə Rəvan şəhəri olub, İrəvan olmayıb. Yəni, bunlar hamısı danılmaz faktlardır ki, ermənilərin Cənubi Qafqaza 1828-ci ilədək aidiyyəti olmayıb. Ola bilər, tək-tük erməni yaşayıb, hər millətdən yaşaya bilər, amma onlar kompakt şəkildə burada yaşamayıblar. Ermənilərin 1828-ci ildən sonra bu ərazilərə kütləvi köçürülmələri başladı və Rusiya imperiyası İrəvan quberniyası, İrəvan xanlığı torpaqlarında, Naxçıvan xanlığı torpaqlarında onlara Armyanskaya oblast – Erməni vilayəti yaratdı. Sonradan da –1918-ci ildə də Ermənistan Respublikası yaradıldı…
Millət vəkili, professor Gövhər Baxşəliyevanın “Xəritələr də yanmır” (“525-ci qəzet”, 20.09.2011”) məqaləsi əsasında