12 oktyabr 1813-cü il – 1804-1813-cü illər Rus-İran müharibəsində Rusiyanın qələbəsi və Azərbaycanı iki yerə parçalayan “Gülüstan müqaviləsi” ermənilərin Şimali Azərbaycana köçürülməsini gündəmə gətirdi.
1823-cü il məlumatına görə Qarabağ vilayətinin 20 minə yaxın ailəsindən cəmi 1, 5 minini erməni ailəsi təşkil edirdi.
1826-1828-ci illər – Rus-İran müharibəsinin gedişində İrəvan tutulduqdan sonra erməni katalikosu Nerses Aştaraketsi ermənilərin Azərbaycana köçürülməsi haqqında layihə hazırladı. A.S.Qriboyedov da bu planın hazırlanması və həyata keçirilməsində böyük rol oynadı.
10 fevral 1828-ci il – 1826-28-ci illərdə Rusiya və İran müharibəsinin sonunda bağlanmış Türkmənçay müqaviləsinin XV bəndinə müvafiq olaraq İrandan İrəvana, Qarabağa və Naxçıvana ermənilərin köçürülməsi həyata keçirildi.
21 mart 1828-ci-ci il – Türkmənçay müqaviləsindən dərhal sonra Rusiya imperatoru I Nikolay 21 mart 1828-ci il tarixli fərmanı ilə İrəvan və Naxçıvan xanlıqları ərazisində “Erməni vilayətinin” yaradılmasını elan etdi. Vilayətin tərkibinə həmin dövrdə 7331 azərbaycanlı və 2369 erməni ailəsi yaşayan İrəvan şəhəri də daxil edildi.
1828-1829-cu illər – Tarixi mənbələrə istinadən 1829-1830-cu illərdə Qafqaza İrandan 40000, Türkiyədən 90000 erməni köçürülmüş və onlar əsasən Naxçıvan, Qarabağ və İrəvanda yerləşdirilmişdir. Bununla yanaşı uzun sürən müharibə illərində azərbaycanlıların yaşadıqları yüzlərlə yaşayış məntəqəsi viran qoyulmuş, minlərlə insan öldürülmüşdür, insanlar döğma yurdlarını tərk etməli olmuşlar.
1832-ci ildə azərbaycanlılar Qarabağ əhalisinin 64,8 %, ermənilər isə 34,8% təşkil etdi.
XIX əsrin 80-ci illərində Şuşa qəzasında əhalinin milli tərkibində azərbaycanlılar 41,5% ermənilər isə 58,2% oldu. Rusiyada əhalinin 1897-ci il siyahıya alınmasına görə bu rəqəmlər 45 və 53%, 1917-ci ildə isə 40,2 və 52,3% olmuşdu. Həmin dövrdə Qafqazda məskunlaşmış azərbaycanlıların sayına görə İrəvan quberniyası Bakı və Yelizavetpol (Gəncə) quberniyalarından sonra üçüncü yeri tuturdu.
1897-ci il – Rusiya imperiyasında keçirilmiş birinci siyahıyaalmanın nəticələrinə görə İrəvan quberniyasında 313178 azərbaycanlı yaşayırdı.
1905-1907-ci illər – 1905-1907-ci illərdə Rusiyadakı inqilabi proseslərdən və mərkəzin əyalətlərə nəzarətinin zəifləməsindən istifadə edən ermənilər Bakı, Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad, Eçmiədzin, Cavanşir və Qazaxda azərbaycanlılara qarşı kütləvi qırğınlar, talanlar törətdilər, onları yurdlarından didərgin saldılar. 1905-1906-cı illərdə ermənilər Gəncə və Qazax quberniyalarında 200 kənd, Şuşa, Cəbrayıl və Zəngəzur quberniyalarında isə 75 kənd viran qoymuşlar.
1916-cı il – 1916-ci ilin statistik məlumatlarına əsasən İrəvan quberniyasının 5 uyezdində 1831-ci ilə müqayisədə əhalinin sayı 40 dəfə artmış, yəni 14300-dən 570000-ə çatmışdır. Ancaq həmin dövrdə azərbaycanlıların sayı cəmi 4.6 dəfə artmış və 246600 nəfər təşkil etmişdir. 1886-1897-ci illərdə əhalinin mütləq artımı 40000 nəfər olduğu halda, 1905-1916-cı illərdə 17000 nəfər olmuşdur, halbuki, 1905-ci ildə əhalinin sayı 1886-cı illə müqayisədə 61000 nəfər çox olmuşdur.
1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayəti təşkil edərkən tarixi ədalətsizliyə yol verildi, Qarabağın dağlıq və aran hissəsi süni şəkildə bir-birindən ayrıldı, erməni əhalisinin konsolidasiyası üçün əlverişli şərait yaradıldı, azərbaycanlıların demoqrafik mövgeyinə ciddi zərbə vuruldu.
1946-1947-ci illər – 1941-1945-ci illər müharibəsi başa çatdıqdan dərhal sonra Ermənistana xaricdən ermənilərin köçürülməsinə başlanıldı. 1946-cı ildə Suriya, Yunanıstan, Livan, İran, Bolqarıstan və Rumıniyadan 50,9 min nəfər, 1947-ci ildə isə Fələstin, Suriya, Fransa, ABŞ, Yunanıstan, Misir, İraq və Livandan 35400 nəfər erməni Ermənistana köçürüldü.
1948-ci il – 1948-ci ildə Suriya, Livan, Fransa, ABŞ, Misir, Bolqarıstan və Rumıniyadan Ermənistana cəmi 10000 erməni köçürülüb.
1978-ci il – Dağlıq Qarabağ erməniləri 1978-ci ildə köçürülmələrinin 150 illiyini qeyd etmiş, bu münasibətlə Mardakert – Ağdarə rayonunun Marağaşen – Leninavan kəndində xüsusi abidə qoymuşdular.