Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, Azərbaycan vətəndaşı bu gün BQXK himayəsi altında keçirilən əməliyyat zamanı Azərbaycan hökumətinə təhvil verilib. Təhvilvermə Azərbaycanın Ağdam rayonunun Baş Qərvənd kəndi yaxınlığında baş tutub.
Repatriasiyadan əvvəl BQXK-nın nümayəndələri bu şəxsə saxlanma şəraitini və onunla necə davranıldığını qiymətləndirmək üçün baş çəkərkən, saxlanılan şəxs öz geri dönmək arzusunu bildirib. Təşkilatın nümayəndələri həmçinin onun ailə üzvləri ilə də əlaqə saxlayıblar
Cenevrə Konvensiyalarına əsaslanan mandatına uyğun olaraq BQXK Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1992-ci ildən bəri bu regionda fəaliyyət göstərir.
Qeyd edək, 15 yaşlı Cavid Məmmədov sentyabrın 5-də Tərtər rayonunun Aşağı Çaylı kəndi istiqamətində erməni əsgərləri tərəfindən girov götürülüb.