1828-ci il fevralın 10-da bağlanan Türkmənçay müqaviləsinin 15-ci maddəsinə əsasən İranda yaşayan ermənilərə sərbəst surətdə Rusiyanın himayəsinə keçmək hüququ verilirdi.
Hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satlıq malına və ya əmlakına, əşyalarına hər hansı gömrük və vergi qoyulmadan daşınan mülkünü aparmaq və satmaq üçün bir il, daşınmaz mülkə gəldikdə isə, onun satılması və ya onun haqqında özxoşuna sərəncam (vəkalət) üçün 5 illik müddət müəyyən edilmişdi.
Hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satlıq malına və ya əmlakına, əşyalarına hər hansı gömrük və vergi qoyulmadan daşınan mülkünü aparmaq və satmaq üçün bir il, daşınmaz mülkə gəldikdə isə, onun satılması və ya onun haqqında özxoşuna sərəncam (vəkalət) üçün 5 illik müddət müəyyən edilmişdi.
Lakin ermənilərin köçürülməsi üçün hazırlıq işlərinə hələ 1827-ci ilin may ayında Paskeviçin Peterburqdan xüsusi tələbnamə əsasında ermənilər arasında nüfuza malik olan polkovnik Lazarevi (Eqiazar Lazaryan) öz sərəncamına götürməsi vaxtından başlanmışdı. Oktyabrın əvvəlində artıq Lazarev Cənubi Azərbaycan erməniləri arasında iş aparmaq üçün ayrılan dəstənin tərkibində idi və sonralar Təbrizin komendantı təyin edilmişdi. Məhz Rusiyanın İrandakı səfiri A. S. Qriboyedovun təşəbbüsü ilə İran ermənilərinin işğal edilmiş yeni ərazilərə köçürülməsi məsələsi meydana çıxdıqdan sonra, Rusiya hökumətinin İranla sərhəd boyu ərazilərə 80 min kazakın köçürülməsi layihəsi qüvvədən düşmüşdü.
Hələ 1827-ci ilin noyabrında Dehqarqanda keçirilən danışıqlar vaxtı Qriboyedovla Paskeviç görüşərkən arxiyepiskop Nersesin Xoydan göndərdiyi nümayəndələri onlardan ermənilərin köçürülməsi qayğısına qalmağı xahiş etmişdilər. Dekabr ayında Paskeviç Tiflisin hərbi qubernatoru Sipyaginə göndərdiyi məktubda qeyd etmişdi ki, Urmiya ətrafında yaşayan 15 min yunan və erməni Rusiyanın əyalətlərinə köçmək istəyirlər. Sipyagin isə onların İrəvan və Naxçıvan əyalətlərində yerləşdirilməsi fikri irəli sürmüşdü.
Türkmənçay müqaviləsi imzalandıqdan dərhal sonra, fevralın 14-də Lazarev elə oradaca Paskeviçə göndərdiyi raportunda xatırladırdı ki, ermənilər müharibə zamanı qələbəmiz üçün mümkün olanı etmişlər və indi evlərini qoyub Rusiya əyalətinə keçmək istəyirlər. Ermənilərin sürətlə və rahat köçürülməsi üçün Lazarev təklif edir: 1) Köçürmə işlərinə rəhbərlik etmək üçün ona Paskeviç kağız versin və həmin kağızda köçənlərə verilən güzəştlər göstərilsin; 2) Köçürmə işlərinə rəhbərlik etmək üçün erməni dilini bilən lazımi qədər ştab və ober zabitlər təyin etmək onun ixtiyarına verilsin; 3) İqlim şəraitinə görə köçürmə işləri ləngiyə biləcək yerlərdə rus ordusu orada gözləsin və ordu köçənləri müşayiət etsin; 4) Kasıb köçkünlər üçün xəzinədən vəsait ayrılsın.
Paskeviç bu təkliflərin yerinə yetirilməsi üçün fevralın 26-da Lazarevə və fevralın 29-da İrəvan müvəqqəti idarəsinə xüsusi təlimat göndərir. Lazarevə verilən 19 maddəlik təlimatda göstərilir: köçürülən xristianlardan ticarətlə məşğul olanlar şəhərlərdə yerləşdiriləcəklər ki, yenə ticarətlə məşğul olsunlar; kəndlilərə kifayət qədər münbit torpaq ayrılacaq və onlar 6 il müddətinə vergilərdən, üç il isə torpaq mükəlləfiyyətindən azad ediləcəklər; köçməyə hazır olan ailələrə onlara veriləcək güzəştlər haqqında xüsusi formada vərəqlər verilməlidir; köçürülənlər kəndlər üzrə partiyalara ayrılmalı, hər partiyada 150-dən 300-ə qədər ailə olmalıdır; köçürülənləri İrəvan və Naxçıvan əyalətlərinə istiqamətləndirmək lazımdır ki, həmin ərazilərdə xristian əhalisi mümkün qədər artırılsın; hər partiyanı müşayiət etmək üçün ermənicə bilən bir zabit və 2-5 kazak ayrılsın; köçkün partiyaları yola çıxan kimi, dərhal İrəvan müvəqqəti idarəsinə ailələrin sayı, onların yaşadıqları ərazinin iqlim şəraiti, məşğuliyyətləri, malik olduqları sürülər və sərhədə yetişəcəkləri təxmini vaxt haqqında xəbər göndərmək lazımdır.
Rus qoşunlarının müqaviləyə əsasən geri çəkilmə prosesi martın 8-dən etibarən Marağadan başlandığı üçün, ilk növbədə orada yaşayan erməniləri köçürmək nəzərdə tutulmuşdu. Qarabağa yaxın ərazidə yerləşən Üzümçü kəndinin və ətraf kəndlərin ermənilərini Qarabağda yerləşdirmək qərara alınmışdı.
Kasıb ailələrə kömək üçün xəzinədən 25 min manat gümüş pul ayrılmışdı. Lazarevin və ona təhkim edilən erməni zabitlərinin vəzifəsi köçürülənlərin sərhədə çatdırılması ilə bitmiş hesab edilirdi. Bundan sonra işlərə rəhbərlik İrəvan müvəqqəti idarəsi yanında yaradılan Komitəyə həvalə edilirdi. Komitə köçkün partiyalarını sərhəddə qarşılamaq üçün heyət göndərməli idi. Həmin heyət onları yeni yaşayış məntəqəsinədək müşayiət edirdi. Qarabağ üzrə bu vəzifə gömrük hərbi-dairəsinin rəisi, knyaz Abxazova həvalə edilmişdi.
Paskeviç İrəvan müvəqqəti idarəsinə verdiyi 16 maddəlik təlimatında göstərirdi ki, Komitə köçürülən ailələrin sayına uyğun torpaq sahəsi ayırmalı və onların nəzərdə tutulan yerlərdə əskunlaşmasına rəhbərlik etməlidir. Komitə çalışmalıdır ki, köçürülən kəndlər əvvəlki ərazilərdəki kimi ayrıca və qonşuluqda yerləşdirilsinlər. Dağlıq şəraitində yaşamışlar dağlıq yerdə, düzənlikdə yaşayanlar isə düzənlikdə yerləşdirilməlidir ki, onlar mümkün qədər xəstəlik və ölümdən xilas olsunlar, onların adət-ənənələrinin və təsərrüfat vərdişlərinin saxlanmasına şərait yaransın. Müsəlmanların yaşadıqları kəndlərdə xristianların yerləşdirilməsindən uzaq qaçmaq, xristianlardan ibarət ayrıca dairə və mahallar təşkil etmək lazımdır. Müsəlman (xristian) kəndlərinin əhatəsində yaşayan xristianları (müsəlmanları) öz dindaşlarının yanına köçürmək lazımdır. Köçürülənlər mülkədar torpaqlarında deyil, dövlət torpaqlarında yerləşdirilməlidirlər. Yeni məhsul götürənədək ilkin taxıl səpini üçün köçürülənlərə bərabər miqdarda borc verməli, təsərrüfatın dirçəldilməsi üçün götürülən borc faizsiz olaraq, dörd ildən sonra altı il müddətinə ödənilməlidir. Məskunlaşdırmaq üçün yer seçərkən sağlamlıq üçün şərait və yaxşı suyun olması nəzərə alınmalıdır. Hər bir ailənin yerləşdirilməsi haqqında xüsusi formada hesabat və çəkilən ümumi xərclərin hesabatı müəyyən edilməlidir.
Lakin sonralar hər iki təlimatın tələbləri bir çox hallarda pozulmuşdu. Lazarev və onun yerlərə göndərdiyi nümayəndələri Türkmənçay müqaviləsini və onlara verilən təlimatı pozaraq erməniləri könüllü deyil, zorakılıqla köçürməyə cəhd göstərirdilər. Bununla əlaqədar Abbas Mirzə iki dəfə polkovnik Lazarevə müraciət edir ki, onun itaətində olan zabitlərin erməniləri zorla köçürməsi hallarına son qoysun və Türkmənçay müqaviləsinin şərtlərinə əməl etsin. Salmas monastırının yepiskopu İzraeli ermənilərin zorla köçürülməsinə maneçilik törətdiyi üçün arxiyepiskop Nerses qraf Paskeviçə müraciət edərək xahiş edir ki, Xoydakı yerli komendanta göstəriş versin ki, İzraelini bu işdən çəkindirin və cəzalandırmaq üçün onu Eçmiədzinə göndərin.
Eyni zamanda Abbas Mirzə də Rusiya ilə İranın yeni sərhədləri boyunca ermənilərin kütləvi surətdə yerləşdirilməsindən ehtiyat edirdi. Ona görə də ermənilərin kütləvi surətdə köçürülməsinə maneçilik göstərməyə çalışırdı. Bunun üçün onun nümayəndələri yerlərdə olur, erməniləri dilə tutur və əgər köçməzlərsə, onları 6 il müddətində vergilərdən azad etməyi vəd edirdilər.
Köçürmə işlərinin ləngidiyini və maneçilik göstərildiyini görən Lazarev 1828-ci il martın 30-da xristianlara müraciət edir. O, müraciətin əvvəlində bəzi bədxahların yalan məlumatlar yayaraq köçmək istəyənləri qorxuya saldıqlarını qeyd etməklə bərabər, Rusiyanın onlara vəd etdiyi güzəştləri sadalayır. O, yazırdı: “Rusiyada siz Əlahəzrətin digər təbəələri kimi, bərabər hüquqlu olduğunuzu görəcək, bütün əziyyətləri unudacaqsınız, orada siz xristianların məskunlaşdırıldığı yeni vətən əldə edəcəksiniz və müqəddəs dininizin alçaldılmasını bir daha görməyəcəksiniz. İranın müxtəlif əyalətlərinə səpələnmiş xristianların bir yerə cəmləşdiyini görəcəksiniz. Tələsin! Vaxt qiymətlidir. Tezliklə rus qoşunları İranı tərk edəcək, o zaman sizin köçməyiniz çətinləşəcək və biz sizin təhlükəsiz köçməyinizə cavabdeh olmayacağıq. Azca itkiyə məruz qalsanız da, qısa zamanda hər şeyə nail olacaqsınız, özü də həmişəlik olaraq.”
Lazarevin müraciətinin ermənicə mətni İranda yaşayan ermənilər arasında yayılmışdı. 1828-ci il martın 9-da Lazarev Xoydan Paskeviçə yazdığı raportunda göstərmişdi ki, artıq 4500 ailə köçürülərək Araz çayının o tərəfinə gətirilmişdir. Mayın 27-də göndərdiyi raportunda isə təxminən 500 ailə müsəlman kürdlərinin Kürdüstandan İrəvan əyalətinə köçmək niyyətində olduqlarını bildirmişdi. Lakin fevralın 29-da Lazarevə göndərilən məktubla müsəlmanların köçürülməsinə imkan verməmək tapşırılmışdı.
Köçürülənlərin mülkədar torpaqlarında yerləşdirilməməsi haqqında Paskeviçin verdiyi təlimatın əksinə olaraq ermənilərin böyük hissəsi həmin torpaqlarda yerləşdirilmişdi. Müəllifi Qriboyedov olduğu ehtimal edilən “Ermənilərin İrandan bizim vilayətlərə köçürülməsi haqqında qeydlərdə göstərilir ki, ermənilərin mülkədar torpaqlarında yerləşdirilməsi bir yana, müsəlmanların yerini dar eləmələrinə baxmayaraq, üstəlik, onlara güzəştlər verilir. Halbuki, ziyan çəkən tərəf müsəlmanlardır. Əslində buranın müsəlmanlarını köçkün hesab etmək lazımdır. Çünki müharibə zamanı sərdar onları döyüş meydanından köçürmüşdür və ən kasıb vəziyyətdə yaşayırdılar. Ermənilər köçürülən zaman müsəlman ailələrinin əksəriyyəti yaylaqda olmuşdular və gəlmələrin onların evlərində yerləşdiklərindən xəbərləri yox idi.
1828-ci il oktyabrın 1-də Qriboyedov Paskeviçə göndərdiyi məktubunda göstərir ki, Naxçıvan əyalətində ermənilərin köçürülməsi nəticəsində qarışıqlıq və sıxıntı yaranmışdır. Tatarların narazılığının ən yüksək həddə çatdığı göstərilir. Yaranan narazılığın əsaslı olmasını göstərmək üçün köçürülən ermənilərin yerləşdirilməsi cədvəli verilmişdir.
Yerli ermənilər | Yerli müsəlmanlar | Köçürülən ermənilər | |
Nehrəm | – | 193 | 93 |
Qaraxanbəyli | – | 81 | 26 |
Tumbul | 9 | 62 | 12 |
Yarınca | 13 | 48 | 14 |
Kültəpə | – | 113 | 37 |
Qazançı | 10 | 58 | – |
Bənənyar | – | 72 | 12 |
Ərəzin | – | 61 | 7 |
Küznüt | – | 75 | 19 |
Naxçıvan şəh. | 114 | 392 | 285 |
Ümumiyyətlə, Naxçıvan əyalətində | 290 | 1632 | 943 |
Cədvəldən görünür ki, köçürülən ermənilərin əksəriyyəti müsəlman kəndlərində yerləşdirilmişdilər. Ermənilərin qarışıq yaşadıqları kəndlərdə isə köçkünləri demək olar ki, yerləşdirməmişdilər. Qriboyedov vəziyyətdən çıxış yolu kimi Naxçıvan əyalətindən 500 erməni ailəsini Dərələyəzə köçürməyi təklif edir. Sonralar onun bu təklifi həyata keçmişdi.
Polkovnik Lazarev xristianların Rusiya ərazisinə köçürülməsinin nəticələri haqqında qraf Paskeviç – Erivanskiyə 24 dekabr 1829-cu ildə yazdığı yekun hesabatında göstərir ki, köçürmə işlərinə 26 fevral 1828-ci ildə başlanmış və iyunun 11-də başa çatmışdır. Bu müddət ərzində 8249 xristian ailəsi (onlardan cəmisi 100-ə qədəri aysor ailəsi, qalanları ermənilər olmuşdur) İrəvan, Naxçıvan və Qarabağ əyalətinə köçürülmüşdür. Köçürmə işlərinə xəzinədən 16000 çervon və 400 gümüş manat xərclənmişdir. Köçmək istəyən 1500 erməni ailəsi isə İranda qalmışdı. Çünki Lazarev onları köçürməyə imkan tapmamışdı.
Ermənilərin köçürülməsi zamanı Lazarevin tabeçiliyinə göndərilən erməni zabitləri xüsusilə fərqlənmişdilər. Knyaz Melikov Üzümçü və onun ətrafındakı kəndlərin, knyaz Arqutinsk-Dolqorukov-Təbriz və ətraf kəndlərin, sonra isə Salmas əyalətinin, kollec assesoru Qamazov Marağa xanlığının və Urmiya kəndlərinin, knyaz Şalikov Xoy əyalətində yaşayan ermənilərin köçürülməsinə rəhbərlik etmişdilər.
Qeyd etdiyimiz kimi, İ. Şopen 1829-1832-ci illərdə Erməni vilayətində kameral siyahıyaalma keçirmişdi. Onun verdiyi statistik məlumatlara görə, İrandan köçürülən ermənilər 366 ailə tərkibində 1715 nəfər İrəvan, 265 ailə tərkibində 1110 nəfər Naxçıvan və 36 ailə tərkibində 182 nəfər Ordubad şəhərlərində yerləşdirilmişdilər. Köçürülən ermənilər İrəvan əyalətinin 119 kəndində, Naxçıvan əyalətinin 61 kəndində, Ordubad dairəsinin 11 kəndində yerləşdirilmişdilər. Ümumiyyətlə, İrəvan əyalətində 4599 ailə tərkibində 23568 nəfər, Naxçıvan əyalətində 2137 ailə tərkibində 10652 nəfər, Ordubad dairəsində 250 ailə tərkibində 1340 nəfər erməni yerləşdirilmişdir. Nəticədə Erməni vilayətinə 6949 ailə, tərkibində 35560 nəfər köçürülmüşdü (Əlavəyə bax).
Əgər yeni təşkil edilmiş Erməni vilayətində müsəlmanların sayı 81749 nəfər (16078 ailə) və ermənilərin sayı 25131 nəfər (4428 ailə) olmuşdusa, İrandan erməniləri köçürdükdən sonra onların sayı 60691 nəfərə (11377 ailə) çatmışdı. Bununla da ermənilərin sayı 24 faizdən 43 faizə qalxmışdı. Əgər nəzərə alsaq ki, ümumiyyətlə, İrandan köçürülən 8249 ailədən 6949-u Erməni vilayətində yerləşdirilmişdir, onda belə qənaətə gəlmək olar ki, yerdə qalan 1300 ailə Qarabağa və Zəngəzura köçürülmüşdür.
Vaqif Arzumanlı, Nazim Mustafa. Tarixin qara səhifələri. Bakı, 1998, səh. 25-32