Sual olunur: nə üçün gürcüşünaslar “Gürcüstan tarixi”, azərbaycanşünaslar “Azərbaycan tarixi”, ermənişünaslar isə “Erməni xalqının tarixi”ndən yazırlar? Başqa sözlə desək, nə üçün onlar öz ölkələrinin deyil, etnoslarının tarixini yazmağa üstünlük verirlər?
(Erməni xalqının tarixi. Yerevan, 1951; Yenə həmin adda ali məktəblər üçün dərs vəsaiti. Yerevan, 1980). Üstəlik bu tarixə poetik-mifoloji başlıqda müqəddimə də yazırlar: “Haykın törəmələri” (müəlliflər – Sərkisyan Q., Xudaverdyan K., Yüzbaşyan K. Yerevan, 1998).
Məsələnin mahiyyəti görünür, ondadır ki, gürcülər və azərbaycanlılar tarixi vətənlərinin harada olduğuna əmindirlər: bu, tarixən onların əcdadlarının – Qafqaz avtoxtonlarının yaşadıqları etnik ərazidir.
Ermənilər isə, daha doğrusu, onların müəyyən bir hissəsi, nisbətən kompakt halda ermənişünasların “Şərqi Ermənistan” adlandırdıqları, amma daha doğrusu “Qafqaz Ermənistanı” adlandırılan ərazidə yaşayır. Buraya, Cənubi Qafqazın Azərbaycan xanlıqlarına onlar XIX əsrdə və XX əsrin əvvəllərində qonşu Osmanlı imperiyası və İrandan miqrasiya etmişdilər.
Erməni xalqının tarixi, istənilən digər etnosun tarixi kimi, müxtəlif səciyyəli sarsıntılarla doludur. O mühüm tarixi-siyasi, ərazi-demoqrafik, ermənilərin əcdadlarının Qərbdən Şərqə, yəni Avropadan Asiyaya çoxəsrlik və dəfələrlə miqrasiyasına dair aspektləri əhatə edir. Daha konkret desək, miqrasiya proseslərinin əvvəlində Balkanlardakı tarixi Frakiya vilayətindən Kiçik Asiya ilə Qafqaza miqrasiyasını.
Ermənişünaslığın korifeylərinin, eləcə də sonradan dəfələrlə təkrar nəşr olunan “Erməni xalqının tarixi”nin müəllifləri XIX əsrdən etibarən yazırdılar ki, e.ə.VIII əsrdə Balkanlarda, Frakiyada Qədim Misir etnik nomenklaturasında “dəniz xalqları”ndan biri olan kimmerlilər peyda oldu. Onlar burada ermənilərin əcdadları ilə əlaqə yaradaraq, onları özləri ilə şərqə – Kiçik Asiyaya aparırlar (Адонц Н. Армения. – Новый энциклопедический словарь Брокгауза-Ефрона. С-Петербург, 1912, том 3; Абегян М. История древнеармянской литературы. Ереван, 1975, с.12-14; любое издание «Истории армянского народа», вышедшее в свет до распада в 1991 году).
Arayış üçün qeyd edək: geniş ərazidə məskunlaşan kimmerlilər şərqdə skiflər tərəfindən sıxışdırıldıqda Balkanlar vasitəsilə Kiçik Asiyaya köçüblər, erməni alimlərinin söylədikləri kimi, özləri ilə “Haykın törəmələri”ni, yəni ermənilərin əcdadlarını da gətiriblər.
Ermənilərin uzaq əcdadlarının bu ilk miqrasiyasında onlar Fraqiyada – Kiçik Asiyanın tarixi vilayətində peyda olublar. E.ə. V əsr Qədim Yunanıstan alimi olan “Tarixin atası”, özü də Kiçik Asiyadan olan Herodot bildirir ki, ermənilər buraya qərbdən gəliblər və friqiyalıların nəslindəndilər. (Геродот. История в девяти книгах. I:180, 194; III:93; V:49,52; VII:73).
XIX əsr rus qafqazşünası İ.Şopen bu versiyanı təsdiqləyərək qeyd edirdi: “Ermənilər mahiyyət etibarilə gəlmədilər. Onlar friqiyalıların və ioniyalıların bir qolu olub, Anadolu dağlarının şimal vadisinə gəlmədilər” (Шопен И. Новые заметки на древнюю историю Кавказа и его обитателей. С.-Петербург, 1896, с.26).
XX əsrin tanınmış ermənişünası Q.A.Kapansyan yazır: “ermənilərin vətəni”-Xayasa-Asiya onların Balkanlardan miqrasiyasından sonra Kiçik Asiyada yerləşir” (Капанцян Г.А. Хаяса-колыбель армян. Этногенез армян и их начальная история. Ереван, 1947, с.240,242).
Görkəmli rus alimi-şərqşünas İ.M.Dyakonov həmçinin bu fikrə gəlib ki, qədim erməni dili (qrabar) – friqiya dilidir. Ermənilər – friqiyalıların bir hissəsidir (Дьяконов И.М. Предыстория армянского народа. Ереван, 1968, с.202-203, 212).
Tarix elmləri doktoru R.Hüseynzadənin «О родословной армян и истории их миграции на Кавказ» məqaləsi əsasında Gündüz Nəsibov hazırladı
24.05.2017