Ermənilərin mənşəyi haqqında danışarkən “erməni”, “Ermənistan”, “hay”, “Hayastan” etno-toponimlərinə aydınlıq gətirmək zərurəti meydana çıxır. Məlumdur ki, ermənilər özlərini “hay” etnonimi, yaşadıqları ölkəni isə “Hayastan” toponimi ilə identifikasiya edirlər. Ermənistandan kənarda bu xalq “erməni”, “armyanin”, “virmen” və s., ölkə isə “Ermənistan”, “Armeniya”, “Virmeniya” və s. adlar ilə tanınır.
“Ermənistan”ın coğrafi termin olması elmə çoxdan məlum olan bir faktdır. “Tarixin atası” Herodot Ermənistanı Fərat çayının başlanğıcında (Геродот. История, М., 2001, с. 79.), Assuriyanın yuxarılarında lokallaşdırır (Yenə orada, s. 85.).
F.Maklerə görə Ermənistan ən qədim zamanlardan coğrafi məkan kimi tanınmış və bu ərazi heç də həmişə ermənilər tərəfindən məskunlaşmamışdı. Burada yaşayan əhali bizim klassik erməni dili və ya qrabar kimi tanıdığımız dildə danışmamışdır ( Frédéric Macler, La Nation arménienne, son passé, ses malheurs, Paris, 1924, p. 18.)
Erməni müəlliflərindən K. Patkanyanın əldə etdiyi nəticəyə görə “Ermənistan dövlət kimi bəşər tarixində xüsusi vacib rol oynamamışdır və ölkənin adı yalnız coğrafi termin idi…”( К.П. Указ. соч., с. 149).
Erməni müəllif L. Nalbandyan qeyd edir ki, e.ə. IX əsrdə Ermənistan adlı torpaq Urartu tərəfindən işğal edilmiş və bu ərazilərin əhalisi ari olmamışdı. E.ə. VIII və VII əsrlərdə Urartuya yeni xalqların müdaxilə etdiyini diqqətə çatdıran müəllif, bu yeni xalqları friqiyalılar və ermənilərlə eyniləşdirir (Nalbandian L., The Armenian Revolutionary Movement, Los Angeles, 1963, p. 3-4. ). Göründüyü kimi, L. Nalbandyan da e.ə. IX əsrdə Ermənistanı ermənilərin yaşamadığı bir coğrafiya kimi göstərir.
Ararat vilayəti və Vanda ən qədim zamanlardan gürcülərin yaşadığını iddia edən F.Lenormana görə, onlar e.ə. VII-VI əsrlərdə özlərinə yeni vətən əldə etmiş Friqiya erməniləri tərəfindən sıxışdırılmışdılar. “Assuriya kitabələrində Ermənistan sakinləri urartulular adlanır, belə ki, bu zaman Ermənistanda həqiqi ermənilər yox idi, aydındır ki, urartulular – araratlılar və ya aloridilər ermənilərin hücumlarına qədər Ermənistanı məskunlaşdıran tayfalar olmuşlar, yəni gürcü idilər” (Патканов К.П. Ванские надписи и значение их для истории Передней Азии // Журнал Министерства Народного Просвещения. Январь 1874, часть CLXXI, c. 111.). Regionun ən qədim zamanlardan gürcülərə məxsus olması tezisinin ayrıca tədqiqat obyekti olduğunu nəzərə alaraq, qeyd edək ki, F.Lenorman da Ermənistan ərazisinin ermənilərin ilkin vətəni olmadığı fikrini müdafiə edir.
2003-cü ildə V. İ. Kuzişinin redaktəsi altında rus dilində nəşr olunmuş “Qədim şərq tarixi” kitabının müəllifləri də “Ermənistan”ın coğrafi ad olması faktına diqqət yetirmişlər: “Armina, Ermənistan: görünür bu ad, hərfi mənası “Arame ölkəsi” olan Arme adından əmələ gəlmişdir”. Armina, e.ə. VII əsrin sonlarında meydana gəlmiş sonrakı Het çarlığı Melid-Kammanunun cənub-şərq vilayəti olmuş, sonradan Midiya və Persiya dövlətlərinin nəzarətinə keçmiş, e.ə. VI əsrdə burada müstəqil erməni çarlığı meydana gəlmiş və keçmiş Urartunun digər vilayətləri ilə birlikdə Persiyanın tərkibinə daxil olmuşdu. Zərdüştilik Ermənistana əhəmiyyətli təsir göstərirdi (История Древнего Востока. Под. ред. В.И. Кузищина. М., 2003, с. 214.).
E.ə. I minilliyin ortalarına qədər Ermənistan adlanan coğrafiyada qeyri hind-avropa dil ailələrinə, əsasən də sami (semit) dil ailəsinə mənsub olan müxtəlif tayfalar yaşamışlar. “Erməni” və ya “armen” adı, yaşadıqları ərazinin adına uyğun olaraq, ümumilikdə bu tayfalara verilən adlardır. Başqa sözlə, e.ə. I minilliyin ortalarına qədər Ermənistan adlı ərazidə yaşamış “erməni” və ya “armen” tayfalarının müasir ermənilərin əcdadları olan haylarla heç bir əlaqəsi yoxdur. Haylar sonradan bu əraziyə gəlmiş və Urartunun süqutu nəticəsində zəif düşən yerli əhali ilə toqquşaraq onlara üstün gəlmiş və burada məskunlaşmışlar.
Bəzi erməni müəlliflər tarixi gerçəkliyin əksinə gedərək, ermənilər və hayları eyniləşdirməyə çalışır və bu zaman bir-birinə zidd olan fikirlər irəli sürməkdən özlərini sığortalaya bilmirlər. Rus yazıçısı M.Qorkinin sözləri ilə desək, “faktlar yaman tərs şeydir”. Məsələn, erməni xalqının formalaşması prosesinin e.ə. XII əsrdə başlandığını iddi edən K. Patkanyan armen və hay tayfalarının hər ikisini erməni tayfası kimi qəbul edir: “Erməni dövlətinin nüvəsi Araz ətrafında, erməni tayfalarının məskunlaşdığı Ermənistanın özündə formalaşmışdır. Ermənilər Arazı keçərək və öz sərhədlərini genişləndirərək cənubi Ermənistanda hay tayfaları ilə toqquşdular. Güman olunur ki, ermənilər haylar tərəfindən məğlub edilmiş, onların xalq adı birdən hər iki tayfa üçün ümumi olmuşdu.”( Патканов К.П. Ванские надписи и значение их для истории Передней Азии // Журнал Министерства Народного Просвещения. Июнь 1875, часть CLXXIX, c. 311.) Göründüyü kimi, K.Patkanyan armen və hay tayfalarının bir-birinə düşmən münasibət göstərdiklərini söyləsə də, əcdadları kimi qəbul etdiyi bu iki tayfanın hansı səbəbdən bir-birinə düşmən kəsildiyini izah edə bilmir.
Beləliklə, haylar Van gölü sahillərinə gələrək, zaman keçdikcə yerli əhalinin mədəniyyətinə yiyələnmiş və yeni məskunlaşdıqları ərazinin adına uyğun olaraq, başqaları tərəfindən “erməni” və ya “armen” adlandırılmağa başlamışlar. Başqa sözlə, özlərini hay adlandıranlar başqaları üçün erməni oldu.
Haylara gəldikdə isə, onların Van gölü ətrafı rayonlara miqrasiya prosesləri nəticəsində, friqiyalılarla birlikdə gəlmələri faktı öz təsdiqini tapır. Bunun əksini sübut etməyə çalışanların əsaslandıqları dəlillər isə heç bir tənqidə tab gətirmir.
Herodota görə “…şərqdə lidiyalılarla sərhəddə friqiyalılar… friqiyalılardan sonra kappadokiyalılar gəlir… Onların qonşuları – torpaqları Aralıq dənizinə qədər uzanan kilikiyalılar… burada kilikiyalılar ermənilərlə, ermənilər matienlərlə sərhəddirlər”(Геродот. Указ. соч., с. 320.). “Tarixin atası” bunun ardınca qeyd edir ki, “Friqiya torpaqlarından köçən ermənilər Friqiya silahlarına malik idilər”( Yenə orada, s. 427-428.).
Herodotun verdiyi məlumatları əhəmiyyətli mənbə hesab edən rumın tədqiqatçı Vlad Benetsyanu da erməniləri friqiya mənşəli hesab edir. “Hətta e.ə. ikinci minillikdə Fessaliyanın şimalında ermənilərin və friqiyalıların yaşadıqları dövrə aid məlumatların yoxluğunu diqqətə alaraq, biz onların qohumluğunun təsdiq olunmasını tamamilə mümkün hesab edirik. Qədim tarixin öyrənilməsi əhəmiyyətli dərəcədə Miletli Hekatey və ya Heredot kimi ciddi tarixçilərin verdikləri məlumatlara əsaslanır, erməniləri friqiyalılara qohum xalq kimi təqdim edərkən, onların yalan məlumat vermələri bizə inanılmaz görünür. Son tədqiqatlar Herodotdan alınan məlumatların düzlüyünü dəfələrlə təsdiq etmişdir”(Бэнэцяну В. Некоторые вопросы этногенеза армян. // Историко- филологический журнал, 1961, № 2, с. 101-102. ).
Rusiya İmperator Arxeoloji Cəmiyyətinin həqiqi üzvü, S.Peterburq və Brüssel universitetlərinin professoru, Bizans və erməni tarixi üzrə tədqiqatların müəllifi N.Q.Adonts e.ə. VIII əsrdə skiflər və saklar tərəfindən sıxışdırılan kimmerlərin şərqdən qərbə doğru hərəkət etdiklərini və Dunay sahillərinə üz tutduqlarını, oradan isə Frakiyaya keçdiklərini, friqlər və ermənilərin də daxil olduqları Frakiya tayfalarını özləri ilə götürərək, Kiçik Asiya istiqamətində irəlilədikləri haqqında məlumat verir. “…alimlər hesab edirlər ki, ermənilər, ilkin olaraq Frakiyada yaşamış friqiya tayfalarına aid olmuşlar. Hesab olunur ki, onlar kimmerlərin hərəkət dalğasının əhatəsinə düşərək, oradan Kiçik Asiyaya köç etmiş və sonra özlərinin friqiyalı soydaşlarından ayrılaraq, irəli getmiş və Fəratın sağ qolu olan Alisa çayının yuxarılarında məskunlaşmışlar” (Мусульманский М. Указ. соч., с. 42-43.).
Rus qafqazşünası İ.İ.Şopenə görə “ermənilər mahiyyətcə gəlmədirlər. Bu – Anadolunun şimal vadilərinə keçmiş friqiyalıların və ioniyalıların nəslindəndir” (Yenə orada, s. 42.).
İ.Q.Çavçavadze e.ə. IX əsrin sonu VIII əsrin əvvəllərinə aid edilən Van mixi kitabələrində xatırlanan etnosların arasında erməniləri tapmır. “…e.ə. VIII yüzilliyin sonlarına qədər və ya… e.ə. VI əsrin əvvəllərinə qədər Van ətrafında ermənilər haqqında heç bir işarə yox idi… necə ki, bu, hal-hazırda elm adamları tərəfindən etiraf olunur, necə ki, bu, hətta erməni professoru Patkanov tərəfindən yazılı şəkildə təsdiq olunur” (Чавчавадзе И.Г Указ. соч., с. 100-101.).
XIX əsrin 60-cı illərinin əvvəllərində Mesrop adlı keşiş Eçmiədzinin şimali-qərbində bir neçə mixi kitabə aşkar etmiş və onlar ermənilərin tarixi abidələri kimi qiymətləndirilmişdi, lakin sonradan müəyyən olunmuşdu ki, “mixi kitabələr erməni dili ilə heç bir əlaqəsi olmayan dildə yazılmışdır” (Yenə orada, s. 110.), lakin bunun erməni müəlliflər üçün heç bir əhəmiyyəti yox idi. Tarixi həqiqətlərə irrasional yanaşma nümayiş etdirən “erməni alimlərin ayrılmaz keyfiyyəti – inadkarlıq yolu ilə öz məqsədlərinə nail olmaqdır… onlar öz hesablamalarına daxil olmayan hər şey barədə susmağa çalışırlar, hətta bu, danılmaz həqiqət olsa belə” (Yenə orada, s. 111.). Onlar bu inadkarlığı Urartuya aid olan Van kitabələrinə münasibətdə də nümayiş etdirmişlər. Erməni mif yaradıcıları e.ə. IX-VIII əsrlərin məhsulu olan kitabələri saxtakarlıq yolu ilə mənimsəməyə çalışmış, bunun üçün bu kitabələrin yaşını süni surətdə azaldaraq, onları e.ə. VI əsrə aid etmişlər. Məqsəd aydın idi. “Van kitabələri əhəmənilərdən əvvəlki dövrə aiddir, ermənilər isə Ermənistanda məhz əhəmənilər zamanında üzə çıxmışlar, buna qədər onlar orada olmamışlar, – buna görə də, erməni alimləri sübut etməyə çalışırlar ki, yazılar Assuriya dövrünə deyil, əhəmənilər dövrünə aiddir” (Yenə orada, s. 112.).
Erməniləri hind-avropa dil ailəsinə aid edən Pasdermacyan, onların e.ə. VII və ya VI əsrlərdə kimmerlər və friqiyalılarla birlikdə qərbdən Balkanlara və Kiçik Asiyaya, oradan isə şərqə, Qafqaza doğru irəlilədiklərini etiraf edir (Pasdermadjian H., Histoire de l’Arménie, p. 23, Paris, 1949, p. 23.).
Erməni filoloqu, akademik M.X.Abeqyan da ermənilərin köç nəticəsində Kiçik Asiyaya gəlmələri haqda söylənilən fikirlərə şərik çıxır: “Ermənilərin əcdadları bizim eradan çox əvvəl Avropada, yunan və frakiyalıların əcdadlarının yaxınlığında yaşayırdılar. Onlar oradan Kiçik Asiyaya keçmiş, güman olunur ki, bir müddət friqiyalılarla qonşuluqda yaşamışlar, belə ki, yunan yazıçısı Heredot erməniləri friqiyalılardan törəmiş koloniya hesab edir”(Мусульманский М. Указ. соч., с. 43.).
Bütün bu fikirlər ermənilərin mənşəyi məsələsinə işıq salır, onların hal-hazırda yaşadıqları ərazilərə gəlmə olduqlarını sübut edir.
Aqil Şahmuradov
1905.az