Bu gün Erməni siyasətçiləri və onların havadarları ermənilərin tarixən dənizdən-dənizə imperiya qurmuş olduqlarını, eləcə də Qafqazın qədim yerli sakinləri olduqlarını söyləməkdədirlər.
Lakin dünya tarixçilərinin arxiv materiallarına əsaslanan tədqiqatları bu fikri təkzib etməkdədir. Maraqlıdır ki, onların arasında erməni əsilli tədqiqatçılar da vardır. Budəfəki tədqiqatın məqsədi erməni, rus və qərb tədqiqatçıların arxiv materiallarına əsaslanan əsərlərində yer alan bəzi statistik göstəriciləri oxuculara təqdim etməkdir.
Tarix göstərir ki, çar Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması, həmçinin ermənilərin İran və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsi təsadüfi hadisə olmayıb, erməni-rus münasibətlərinin qanunauyğun nəticəsi idi.
Erməni-rus münasibətləri çar Rusiyasının Kazanı (1552) və Həştərxanı (1556) işğalı, Türkiyə müharibələri ilə (1635-1639, 1711, 1768-1774, 1787-1791 və b.) genişlənmiş, onun Xəzər sahili torpaqları istila etmək cəhdləri ilə daha da möhkəmlənmişdir. Bu hadisələrin gedişi zamanı ermənilərin çar Rusiyasına köçürülməsinə və burada erməni koloniyaları yaradılmasına başlanır. Bu işdə I Pyotrun erməni xalqına dair dövlət fərmanı (1724-cü il 10 oktyabr) böyük rol oynadı. Həmin fərmana görə, çar Rusiyasının işğal etdiyi torpaqlara ermənilərin köçürülməsi və məskən salmaları üçün yerlər ayrılmasına razılıq verilirdi.
I Pyotrun bu siyasi xətti onun varisləri tərəfindən sonrakı bir əsr ərzində davam etdirildi.
1804-1813-cü illər Rus-İran müharibəsində çar Rusiyasının qələbəsi və Azərbaycanı parçalayan “Gülüstan müqaviləsi” ermənilərin köçürülməsi və birləşdirilməsini bir daha qəti şəkildə irəli sürdü.
1826-1828-ci illər Rus-İran müharibəsinin gedişində İrəvan tutulduqdan sonra bu plan həyata keçirilməyə başladı. Bu dövrdə X. B. Lazarevin çar hökumətinə təqdim etdiyi layihəyə uyğun olaraq 1828-ci il martın 21-də I Nikolayın fərmanı ilə “Erməni vilayəti” adı altında bir inzibati vahid yaradıldı. Rusiya ilə İran arasında imzalanmış Türkmənçay müqaviləsinin XV maddəsinə əsasən də Ermənilər İrandan Şimali Azərbaycana sərbəst gəlib məskunlaşmağa başladılar.
1829-cu il Ədirnə müqaviləsi ilə Osmanlı imperiyasından da ermənilərin yenicə işğal olunmuş Şimali Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilməyə başlayır.
İrəvanın qədim Azərbaycan torpağı olması və ermənilərin bu torpaqlara Rusiya tərəfindən köçürülməsi bəzi erməni alimlərinin özləri tərəfindən də etiraf edilir.
Məşhur tarixçi B.İşxanyan təsdiq edir ki, Ermənilərin əsl vətəni – “Böyük Ermənistan” elə “Kiçik Asiya”dır”. Daha sonra isə o izah edir ki, Qarabağda yaşayan ermənilərin bir hissəsi qədim albanların nəsli – yerli əhalidir, o biri hissəsi isə Türkiyə və İraqdan olan qaçqınlardır, onlar üçün Azərbaycan torpağı təqib və zülmlərdən sığınacaq yeri olmuşdur”[Б.Ишханян, «Народности Кавказа», 1916, стр.18.].
Bununla bağlı digər bir faktı da Z. Balayan etiraf etmişdir. O bildirmişdir ki, Onun (Yerevanın) əhalisi başqa yerlərdən gəlmələrdir. Əslində həqiqi Yerevanlı yoxdur[ Балаян, “Очаг”, Москва, 1984, стр.110].
Akademik A. İ. İonisian yazır ki, “Yerevan şəhərinin əhalisinin yalnız dörddə biri ermənilər idi, azərbaycanlılar burada mütləq üstünlük təşkil edirdi”[A.İ.İonisian, Erməni-Rus münasibətləri 18-ci əsrdə (rus dilində), c.2, hissə 1, Erivan, 1964, s.23].
Ermənilərin Azərbaycan torpaqlarında qonaq olmaları digər erməni tədqiqatçılarının əsərlərində də statistik göstəricilərlə təsdiq olunur. Belə ki, Z.Korkodyan 1932-ci ilə nəşr etdiyi “Sovet Ermənistanının əhalisi 1831-1931″ adlı kitabında yazırdı ki,1883-cü ildə İrəvan şəhərinin on səkkiz min yeddi yüz altmış altı nəfər əhalisinin on beş min doqquz yüz doxsan iki nəfəri, 1866-cı ildə isə iyirmi yeddi min iki yüz qırx altı nəfərindən iyirmi üç min altı yüz iyirmi altı nəfəri, yəni 85,2 faizi Azərbaycanlı olmuşdur[З.Коркодян, “Население Советской Армении 1831-1931″, 1932]. Eyni fikir Z.Balayan tərəfindən də təsdiq olunur. O, özünün “Ocaq” adlı kitabında vurğulayır ki, 1828-ci ildə məşhur “Türkmənçay” müqaviləsi olmasaydı, Qriboyedov və Abovyan olmasaydı, rus əsgərləri olmasaydı, bu gün müasir kənd və şəhərlərə çevrilən yüzlərlə yeni yaradılan erməni ocaqları olmayacaqdı. Təkcə son onillikdə (60-70-ci illərdə) buraya iki yüz mindən çox erməni köçmüşdür[З.Балаян, “Очаг”, Москва, 1984, стр.120,192, 273.].
Bu fikirləri digər erməni alimləri Parsamyan, Poqosyan və Arutyunyan da təsdiq edirlər. Onlar qeyd edirlər ki, İran və Türkiyədən ermənilərin Şimali Azərbaycana köçürülməsinədək İrəvan şəhərində ermənilər cüzi azlıq təşkil edirdilər. Məhz köçürülmə siyasətindən sonra burada artıq 1850-ci ildə ermənilər ümumi əhalinin 8 faizini, 1879-cu ildə 9 faizini, 1897-ci ildə 10 faizini təşkil edirdilər[Парсамян В.А., Погосян С.А., Арутюнян Н.Р. История армянского народа. Армучпедгиз, 1962, с.131, 158.].
Erməni alimi Parsamyan yazırdı ki, Rusiyaya birləşənə qədər indiki Ermənistanın 169 155 nəfər əhalisinin 33,8 faizi erməni, 49,7 faizi isə müsəlman (azərbaycanlı) idi[Парсамян В.А. История армянского народа 1801-1900 г. кн., 1, Ереван, 1977, с. 88.].
Belə fikirlər eyni zamanda digər ölkələrin tarixçiləri tərəfindən də təsdiq olunmaqdadır. Belə ki, rus tarixçisi V.L.Veliçkoya əsasən, bütün qafqazlılar bilirlər ki, ermənilər burada köklü xalq kimi mövcud olmamış, Türkiyə və İran qaçqınları kimi XIX yüzilliyin birinci yarısında görünməyə başlamışlar[В.Л.Величко “Кавказ. Русское дело и междуплеменные вопросы”, 1954, стр.80.].
Digər rus tarixçisi N.İ.Şavrov yazır ki, 1908-ci ildə Qafqazda yaşayan 1 milyon 300 min ermənidən 1 milyonu 1828-ci ildən sonra İran və Türkiyədən Qafqaza köçürülənlərdir[ Н.И.Шавров,«Новая угроза русскому делу в Закавказье», Санкт-Петербург, 1911, стр. 59–61.].
Qərb tarixçiləri də eyni fikirləri bölüşməkdədir. Qərb tarixçiləri Raulinson və Lenormana görə, ermənilər urartu adına nahaq yiyələnmişlər və keçmiş «Böyük Ermənistan»ı nahaq özlərinin əzəli vətəni sayırlar. Digər Qərb mütəxəssisi Odri L.Altstadt isə qeyd edir ki, əslində Ermənistanda yaşayan azərbaycanlıların torpağı tarixən onların öz qanuni torpağıdır və onlar bir sahib kimi öz erməni «qonaqlarına» yaxşı münasibət göstərmiş, nəticədə Zəngəzur ermənilərə verilmişdir[Audrey L. Altstadt, “The Azerbaijani Turks: Power and Identity under Russian Rule, Stanford”, Hoover Institution Press, 1992.].
Amerika alimi Castin Makkartinin yazılarında Cənubi Qafqazda, daha doğrusu Azərbaycanda erməni kaloniyalarının yaradılması haqqında qeyd edilir ki, 1828 və 1920-ci illər arasında yerlərdə əhalinin demoqrafik tərkibini ermənilərin xeyrinə dəyişmək siyasəti nəticəsində iki milyondan çox müsəlman məcburi olaraq yaşadıqları ərazilərdən sürgün edilmiş, və dəqiq məlum olmayan sayda insan isə qətlə yetirilmişdir. Ruslar iki dəfə 1828 və 1854-cü illərdə Şərqi Anadoluya hücum etmiş, lakin hər iki halda geri çəkilməyə məcbur olmuşlar. Geri çəkilərkən onlar özləri ilə yüz min ermənini də Qafqaza gətirmiş və yurdlarından qovulmuş və məhv edilmiş türklərin (azərbaycanlıların) yerlərində yerləşdirmişdilər[Justin McCarty, Ermeni Terorizmi Zehir ve Panzehir olarak Tarih, Ankara, 1984, s. 85-94.].
O qeyd edir ki, 1877-1878-ci illər müharibəsində, ruslar Qars–Ardağan vilayətini zəbt etmiş, müsəlmanları qovaraq onların yerində yetmiş min erməni məskunlaşdırmışdılar. 1895-1896-cı illərin hadisələrində isə təxminən altmış min erməni Qafqazda məskun edilmişdir…..birinci dünya müharibəsi illərində miqrasiya balanslı şəkildə davam etmiş, Şərqi Anadoludan olan dörd yüz min erməni Qafqazın dörd yüz min müsəlman əhalisinə dəyişdirilmişdir[Justin McCarty, Ermeni Terorizmi Zehir ve Panzehir olarak Tarih, Ankara, 1984, s. 85-94.].
Amerikalı akademikin göstərdiyi rəqəmlərə görə, 1828 və 1920-ci illər arasında Azərbaycana beş yüz altmış min erməni köçürülmüşdür. Bununla da Şərqi Qafqazın ruslar tərəfindən işğalı nəticəsində Azərbaycan torpaqlarında – Araz çayının şimalında erməni əhalisi sürətlə artmağa başladı[ Justin McCarty, Ermeni Terorizmi Zehir ve Panzehir olarak Tarih, Ankara, 1984, s. 85-94.].
Gürcüstan arxivindən əldə edilən məlumata əsasən, İrəvan xanlığının yerində yaranan “Erməni vilaytəin”də Azərbaycan türklərinin xüsusi çəkisi 1828-ci ildə 73,8 faiz idisə, 1834-1835-ci illərdə 46,2 faizə enmişdi[Gürcüstan MDTA, f. 2. siy. 1, iş 3859, s. 314, v. 20].
Qarabağ vilayətində də bənzər vəziyyət yaranmışdı. Hələ XIX əsrin I rübünün sonunda Qarabağda ermənilər mütləq azlığı təşkil edirdilər. Rus-İran müharibələri dönəmində Qarabağda Azərbaycanlı əhali erməni əhalidən xeyli çox idi. 1810-cu ilin rəsmi məlumatına görə “Qarabağ vilayətində” on iki min ailəlik əhali olmuşdur ki, bunun içərisində də iki min beş yüz erməni ailəsi var idi[Присоединение васточной Армении к России” кн., 1, Ереван, 1979, стр. 562.]. Qarabağın erməni məliklərinə gəldikdə isə onlar əslində keçmiş albanlar idilər. Qarabağ məliklərinin soy adlarından heç biri əsilzadə (naxarar) erməni nəsillərinə gedib çıxmır. Onlar öz mənşəyi etibarilə erməni olmayan yerli feodallar idi.
1823-cü il məlumatına görə, Qarabağ vilayətinin iyirmi minə yaxın ailəsindən cəmi min beş yüzünü erməni ailəsi təşkil edirdi. Məşhur tarixçi Tadeusz Swietochowski yazır ki, XIX əsrin 30-cu illərindən sonra da ermənilərin kütləvi surətdə Şimali Azərbaycan torpaqlarına, o cümlədən Qarabağa köçürülməsi davam etdirilirdi. 1832-ci ildə Qarabağın 64,4 faizi Azərbaycan türkü, 34,8 faizi erməni idi. Daha sonra o qeyd edir ki, qeyri-rəsmi erməni köçkünləri ilə birlikdə onların sayı iki yüz mini ötmüşdü. Köçürülmədən sonra Qarabağın etnik tərkibində ermənilərin sayı artmağa başladı. Bu köçlər nəticəsində çar I Nikolay İrəvan və Naxçıvan xanlığı torpaqlarında bir erməni bölgəsi qurdu[Tadeusz Swietochowski, Müslüman Cemaatten Ulusal Kimliğe Rus Azerbaycanı 1905-1920, İstanbul, Bağlam, 1988, s. 26].
Çar Rusiyası Azərbaycan torpaqlarını işğal etdikcə, burada möhkəmlənmək üçün həm də əhalinin erməniləşdirilməsi siyasətini də həyata keçirirdi. Ermənilərin köçürülməsinin əsas istiqamətlərindən biri Qarabağ ərazisi idi. 1829-cu il Ədirnə müqaviləsi ilə səksən dörd min erməni Qarabağ və ətraf rayonlara köçürülmüşdür. N.İ.Şavrov rəsmi məlumatlara əsasən bildirir ki, Şimali Azərbaycana, o cümlədən Qarabağa İrandan 1825-1826 tarixləri arasında on səkkiz min, 1828-dən sonra əlli min, Osmanlı imperiyasından isə səksən dörd min erməni köçürüldü[Н. И. Шавров, «Новая угроза русскому делу в Закавказье», Санкт-Петербург, 1911, стр. 59–61.].
1832-ci il siyahıyaalmasına görə, Qarabağ əyalətində otuz iki min dörd yüz (64,8 faiz) azərbaycanlı və on yeddi min dörd yüz (34,8 faiz) erməni qeydə alınmışdır. Beləliklə erməni əhalisi 1823-cü ildəki 8.4 faizə nisbətən qısa vaxtda dörd dəfədən çox artmışdı. Sonrakı siyahıyaalmaya görə Şuşa qəzasında 80-ci illərin sonlarında azərbaycanlıların xüsusi çəkisi 41,5 faizə enmiş, ermənilərin xüsusi çəkisi isə 58,2 faizə qalxmışdı. 1897-ci il Ümumrusiya siyahıyaalmasına görə isə həmin göstəricilər uyğun surətdə 53 və 45 faiz olmuşdur[Кавказский календарь Российской империи 1897, ЛXIII – Елизаветская губерния. СПб. , 1904. , с. 3].
Arxiv materiallarına əsasən, XIX əsrin 80-ci illərinin axırlarında əsasən indiki Dağlıq Qarabağ ərazisinin daxil olduğu Şuşa qəzasında bu əraziyə yuxarıda göstərilən kütləvi köçürülmələr nəticəsində ermənilərin sayı artıq bütün əhalinin 58 faizini təşkil edirdi[Кавказский календарь на 1896, V отд, с. 48-61]. Hətta sonradan davam etdirilən kütləvi köçürülmələrdən sonra belə ermənilər Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) ərazisində əhalinin yalnız 79 faizini təşkil edirdi[События вокруг НКАО в кривом зеркале фальсификаторов (сборник материалов), Бакы, 1989, с. 6-7]. Rusiyada əhalinin 1917-ci il siyahıya alınmasına görə bu rəqəmlər müvafiq olaraq 40,2 və 52,3 faiz olmuşdu.
1926, 1959, 1970, 1979-cu illərdə keçirilmiş siyahıya almalara görə isə, DQMV-nin azərbaycanlı və erməni əhalisi müvafiq olaraq 10,1 və 89,1; 13,8 və 84,4; 18,1 və 80,5; 23,0 və 75,9 faiz olmuşdur.
Dağlıq Qarabağ erməniləri 1978-ci ildə köçürülmələrinin 150 illiyini qeyd etmiş, bu münasibətlə Mardakert – Ağdarə rayonunun Marağaşen – Leninavan kəndində xüsusi abidə qoymuşdular.
Göründüyü kimi, Ermənilərin bu ərazilərdə qonaq olması tarixi faktlarla sübut olunmuşdur. Lakin ermənilərin malik olduğu acgöz və saxtakarlıq xislətləri bu gün Cənub Qafqazda geosiyasi vəziyyətin gərginləşməsinə səbəb olmuşdur.
Azərbaycanlıların qonaqpərvərliyindən istifadə edən Ermənilər əvvəlcə məcburi qonaq olaraq bu torpaqlara gətirildi, sonra isə məcburi qonşu olaraq yerləşdirildi. İndi isə mehriban qonşu kimi yaşamaq əvəzinə, ev sahibini belə evindən çölə atmağa cəhd göstərir.
Dr. Turab Qurbanov