Fotoqraf Yuliya Vişnevetskaya
1978-ci ildə DQMV-nin Mardakert rayonunun Marağa və ya Maraqaşen kəndində ilk 200 erməni ailəsinin Marağa şəhərindən (Cənubi Azərbaycan) Qarabağ torpaqlarına köçməsinin 150 illiyi şərəfinə obelisk ucaldıldı. Bu köçürülmə 1828-ci ildə Rusiya ilə İran arasında Türkmənçay müqaviləsinin imzalanmasından dərhal sonra başlanmışdı.
İlk baxışdan hansısa azsaylı erməninin Qarabağ torpaqlarına köçürülməsinin gələcəkdə gözlənilməz hadisələrə səbəb ola biləcəyini heç kəs təsəvvür edə bilməzdi. Lakin hələ o zaman V.Veliçko, A.Qriboyedov, A.Suvorov, N.Şavrov, A.Çavçavadze və bir çox başqaları köçürülmə haqqında bu düşünülməmiş qərarın rus taxt-tacına və azərbaycanlı əhaliyə hansı təhlükələr yarada biləcəyi ilə bağlı rus hökumətinə xəbərdarlıq etmişdilər. Bu problem adları yuxarıda çəkilən şəxslərin nəşrlərində ətraflı təsvir olunub.
Erməni katolikosluğu tərəfindən subsidiyalaşdırılan köçkünlər yerli Azərbaycan hakimiyyət dairələrindən sürətlə torpaq aldılar və tezliklə ermənilərin Qarabağa kütləvi köçü (minlərlə ailə!) başlandı.
Jurnalist V.L.Veliçko “Qafqaz. Rus məsələsi və tayfalararası məsələlər” adlı kitabında yazırdı: “XVIII əsrin sonlarında erməni katolikosunun ümumxalq tərəfindən seçlməsi prinsipinə zidd olaraq, bu vəzifəyə yalnız Eçmiədzin ruhaniyyəti tərəfindən seçilmiş arxiyepiskop Qukas (Luka) gəldi. Erməni Konstantinopol patriarxı Zaxariya etiraz etdi. Qukas ona incə simarıc yazdı, Konstantinopolun erməni icması isə Türkiyə hökumətinin Zaxariyanı vəzifəsindən azad etməsinə nail oldu. Qukasın tələskənliyi onunla izah olunur ki, Eçmiədzin taxtına Aqvan patriarxı İzraelin seçilməsindən qaçmaq lazım gəlmişdi. Söhbət ondan gedir ki, təklənmiş Aqvan patriarxlığına zərbə endirilir və teokratik mütləqiyyət qurulurdu. Məlumatsızlıq və ya bəzi satqın insanların xidməti üzündən onu türk və rus hökumətləri də dəstəkləyirdi. Aqvan patriarxlığı xaricdəki katolikosluğun xeyrinə olaraq, əvvəlcə çox sıxışdırılmışdı, Qarabağ və Gəncə Rusiyaya birləşdirildikdən sonra isə hiss olunmadan ləğv edildi, gözdən itdi. Məlum oldu ki, bizim siyasətçilər hətta türklər qədər də uzaqgörən deyillər, çünki onlar öz sərhədləri daxilində Siss və Axtamar patriarxlıqlarının “bütün ermənilərin katolikos”undan müstəqilliyini dəstəkləməyin lazımlılığını anlayıblar”.
Böyük Vətən müharibəsindən sonra ermənilərin artıq bu dəfə Ermənistan SSR ərazisinə köçmələri başlanıb. Daha sonra isə yalnız Eçmiədzin ruhaniyyəti tərəfindən İon Antaneskunun tanışı olan Levan Karapet Palcyan “bütün” ermənilərin yeni katolikosu seçildi (bəs SSRİ hüdudlarından kənardakı “bütün” ermənilərin katolikosunun icmasını, erməni-katolikləri, erməni-iudeyləri, erməni-qaraçıları və s. nə etməli?). Bu andan etibarən Dağlıq Qarabağ ətrafındakı “ehtiraslar” yenidən qızışdı.
Neçə ki, Gəncəsardakı alban patriarxının hakimiyyəti mövcud idi və fəaliyyət göstərirdi, erməni katolikosluğu yeni məskunlaşdıqları ərazilərdə ehtiyatlı davranırdı. 1837-ci ildə Eçmiədzin Müqəddəs Sinodu ələ aldıqdan və onun köməyi ilə alban patriarxlığının hakimiyyətini ləğv etdikdən sonra, erməni katolikosluğu bütün alban prixodlarını ələ keçirdi və Qarabağdakı albanların xələfləri arasında qriqorianlığı yaymağa başladı. Bu xələflərin bir hissəsi qriqorianlığı qəbul etmədi və islama keçdilər. “Məlik” sözü ilə başlayan və yalnız qarabağlılara xas olan azərbaycanlı-erməni ikili soyadlar da bununla bağlıdır (Məlik-Yeqanov, Məlik-Abbasov, Məlik-Şahnəzərov, Məlik-Ağacanov, Məlik-Kərəmov, Məlik-Ağalarov, Məlik-Aslanov, Məlik-Paşayev və s.).
Akademik Ziya Bünyadov
(Yesai Həsən – Cəlalyan. Albaniya ölkəsinin qısa tarixi (1702-1722). Bakı. “Elm” 1989) kitabına ön söz