“Böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı və təcavüz siyasətinin iki yüz ildən artıq tarixi var. Bu mənfur siyasətin məqsədi azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduğu “dənizdən-dənizə Ermənistan” dövləti qurmaqdır.
Bu məqsədlə mərhələlərlə həyata keçirilən terror və soyqırımı siyasətinin qanlı fəsadları təkcə böyük türk dünyasının deyil, bütün bəşəriyyətin başı üstünü qara kabus kimi bürüməklə əsrlər boyu bu vandalizmin qurbanı olmuş Azərbaycan xalqının qan yaddaşında dərin izlər buraxmışdır. Tarixi məxəzlər ermənilərin Azərbaycan torpaqlarına, xüsusən də Dağlıq Qarabağa hansı şəraitdə və necə köçürülmələrini təkzibolunmaz faktlarla sübuta yetirir. Elmi şəkildə öz təsdiqini tapmış bu faktlara nəzər salaq.
İndiki Ermənistan adlanan torpaqlarda vaxtilə Azərbaycan dövlətlərindən biri olan İrəvan xanlığı yerləşirdi. AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun hazırlayıb nəşr etdiyi “İrəvan xanlığı” kitabında da qeyd olunduğu kimi, “Qaraqoyunluların hakimiyyəti dövründə Çuxursəd vilayətinin tarixində sonralar bütün Azərbaycan üçün son dərəcə ağır problemlər yaradan bir hadisə baş verdi: Qaraqoyunlu hökmdarı Cahanşahın icazəsi ilə 1441-ci ildə erməni katalikoslarının fəaliyyət mərkəzi Kilikiyanın Sis şəhərindən Azərbaycana – İrəvan yaxınlığındakı Üçkilsə (Üçmüədzin) monastrına köçürüldü. Bununla Cənubi Qafqazda qriqoryanlığı yayan erməni missionerləri üçün əlverişli şərait yarandı”. 1441-ci ildə erməni katalikosluğunun İrəvan (Çuxursəd) bölgəsinə köçürülməsinə qədər bu ərazidə ermənilərə məxsus heç nə yox idi. “Hətta erməni katalikosluğunun yerləşdiyi Üçkilsə (Valarşabad) kəndi belə 1443-cü ildən başlayaraq ermənilər tərəfindən müxtəlif vasitələrlə hissə-hissə Azərbaycan türklərindən alınmışdır”.
Ermənilərin Türkiyə və İrandan Azərbaycan və Gürcüstan ərazilərinə köçürülməsində əsas rol Qriqoryan kilsəsinə məxsusdur. Qriqoryan kilsəsinin rus imperiyası və Avropa dövlətləri ilə əlaqələri XVII əsrə təsadüf edir. Ermənilər elə o vaxtdan avropalıları inandırmağa çalışırdılar ki, guya müsəlmanlar “Avropa ilə bir dinə tapınan erməni xalqını istismar edirlər”. Hələ 1699-cu ildə Qriqoryan kilsəsinin razılığı ilə iki erməni – İsrail Ori və Minas Vardapet Avropa ölkələrini gəzərək “erməni haqlarından, ermənilərin dövlət yaratmaq” planlarından danışırdılar. Ancaq onlar çox çalışsalar da, o vaxt bu avantürist, heç bir məntiqə sığmayan fikirlərinə Avropada, onun hakim dairələrində lazımi dəstək tapa bilməyib sonda Rusiyaya üz tutmalı oldular. Çünki Avropa, deyəsən, onları o vaxtlar daha yaxşı tanıyırdı: “Qapalılıq və güclü fırıldaqçılıq ermənilərin qanına işləyib. Onların dedikləri nə qədər yalandırsa, o qədər də inandırıcı görünür. Hər cür zülmə, alçaqlığa və nankorluğa adət etmiş ermənilər məqsədlərinə çatmaq üçün bütün vasitələrdən istifadə edirlər. Din özü onların əlində xəbisliyə və yalana xidmət edən bir silahdır…” – deyən fransız utopisti Şarl Furye sanki bütün avropalıların fikirlərini ümumiləşdirərək elə həmin vaxtlar – 1808-ci ildə bunları söyləyirdi…
İki nəfərlik “nümayəndə heyəti” 1701-ci ildə I Pyotrla görüşüb o vaxt Səfəvi dövlətinin tərkibində olan Qarabağ vilayətinin erməni icmasının nümayəndələri olduqlarını bildirdilər və Osmanlı Türkiyəsinə qarşı vahid xristian cəbhəsinin yaradılması planlarını açıqladılar.
XVIII əsrin əvvəlləri idi. I Pyotr Baltik dənizinə çıxmaq üçün başlanan Şimal müharibəsində isveçlərə təzəcə uduzmuşdu. Gələn qonaqlar isə onu yeni bir “macəra”ya – Xəzər dənizinə, Qafqaza “dəvət” edirdilər. I Pyotr bu “dəvəti” qəbul etdi və İsrail Oriyə təcili polkovnik rütbəsi də bağışladı. Sonra müəyyən tapşırıqlar verərək onu tacir adı altında bir xəfiyyə kimi 1707-ci ildə İrana yola saldı…
Ancaq çox keçmədi ki, Ori Həştərxanda qəflətən öldü. Lakin onun “arzular”ı çiçəklənməkdə idi: elə həmin il 2 mart 1711-ci və 28 yanvar 1717-ci illərdə I Pyotrun sərəncamları ilə İrandan və Türkiyədən ermənilərin Rusiyaya cəlb olunması üçün fəaliyyətə start verildi.
Həmin dövrdə I Pyotrun göstərişi ilə Qafqazın ilhaqına başlandı. Artıq 1722-ci ildə ruslar Dərbənd, Quba, Bakı, Salyan, Lənkəran və digər Xəzəryanı Azərbaycan vilayətlərini ələ keçirirdilər. 1724-cü ilin oktyabrında I Pyotr ələ keçən torpaqlara ermənilərin köçürülməsinə imkan verən sərəncam imzaladı. Bu sərəncamda bütün vasitələrdən istifadə etməklə “ermənilərin və digər xristianların müsəlman torpaqlarına” köçürülməsi bir vəzifə olaraq irəli sürülürdü. Azərbaycan və Gürcüstan ərazilərində erməni dövləti yaratmaq məsələsi ilə o vaxt Şəmiryan adlı bir erməni məşğul olurdu. Onun qurduğu plana görə yaradılacaq dövləti erməni çarı idarə etməli, onun Peterburqda rəsmi nümayəndəliyi olmalı, yeni çarı müdafiə etmək üçün isə 6 minlik rus qoşunu 20 il ərzində bu ərazilərdə qalmalı idi…
1725-ci ildə I Pyotrun ölümündən sonra ruslar Xəzəryanı bölgələri tez-tələsik tərk etməli oldular. Doğrudur, bu gediş həmişəlik olmadı, onlar müəyyən vaxtdan sonra yenidən qayıtdılar, amma hələlik ermənilər XVIII əsrin əvvəllərində Azərbaycan torpaqlarında özlərinə dövlət yaratmaq istəklərinə çata bilmədilər.
1805-ci ildə Qarabağ xanlığı, 1806-cı ildə Bakı, Quba və Şəki xanlıqları, 1809-cu ildə Lənkəran xanlığı rus qoşunları tərəfindən ələ keçirilir. Rus hökuməti müsəlman əhaliyə inanmadığı üçün işğalı başa çatdıran kimi Azərbaycan torpaqlarına xristianları köçürməyə başladı. Hətta 1819-cu ildə uzaq Almaniyadan yüzlərlə alman ailəsi Qarabağın şimalına köçürülmüşdü…
Vəziyyətin mürəkkəbliyi rusları ehtiyatlı olmağa və hələlik yerli ənənələri və maraqları nəzərə almağa məcbur edirdi. Eyni zamanda, Rusiya hakim dairələri o dövrdə Azərbaycana dair siyasətində daha çox ermənilərə arxalanır, onlara üstünlük verirdi. İrandan və digər regionlardan Azərbaycana, ilk növbədə, Qarabağa ermənilər köçürülürdü. Artıq 1810-cu ildə rusların verdiyi rəsmi məlumatlara görə Qarabağda yaşayan 12 min ailənin 9.500-ü (79 faiz) azərbaycanlı, 2.500-ü (21 faiz) erməni idi”. (Quram Marxuliya “Ermənilər Ermənistan axtarışında”, Tbilisi, 2010).
1828-ci il fevralın 26-dan iyunun 11-dək, yəni, üç ay yarım ərzində İrandan Şimali Azərbaycan – İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazisinə 8249 erməni ailəsi, başqa sözlə, ən azı 40 min nəfər erməni köçürüldü. Bundan bir az sonra Şimali Azərbaycan torpaqlarına Osmanlı dövləti ərazisindən daha 90 min nəfərdən artıq erməni köçürülüb gətirildi. Bu işə şəxsən rəhbərlik edən rus polkovniki Qazarros Lazaryan (Lazaryev) İrandan Azərbaycana köçürülən ermənilərə müraciətlə deyirdi: “…Orada siz xristianların məskunlaşdığı yeni vətən əldə edəcəksiniz… İranın müxtəlif yerlərinə səpələnmiş xristianların bir yerə cəmləşdiyini görəcəksiniz. Tələsin! Tezliklə rus qoşunları İranı tərk edəcək, bundan sonra sizin köçməyiniz çətinləşəcək və biz sizin təhlükəsiz köçməyinizə cavabdeh olmayacağıq. Azca itkiyə məruz qalsanız da, qısa zamanda hər şeyə nail olacaqsınız, özü də həmişəlik… İran çörəyi yeməkdənsə, rus otu yemək daha yaxşıdır”.
Rusiya imperiyası bu yolla Cənubi Qafqazda möhkəmlənmək, ermənilər isə Rusiyanın havadarlığına arxalanaraq tarixi Azərbaycan torpaqlarını ələ keçirib, bu torpaqlarda erməni dövləti qurmaq məqsədini güdmüşlər.
Məşhur rus tədqiqatçısı N.Şavrov hələ 1911-ci ildə yazırdı: “Hazırda Cənubi Qafqazda yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu bu diyarın yerli əhalisi deyil. Onları bura biz köçürüb gətirmişik”. “Biz” deyərkən tədqiqatçı rus hakim dairələrinin fəaliyyətini yada salırdı. Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi sonrakı illərdə də davam etdi. Bunu o dövrdə baş verən müxtəlif ictimai-siyasi proseslər, Rusiyanın regionda güclənməsi ilə baş verən aramsız müharibələr daha da sürətləndirirdi. 1853-cü və 1877-1878-ci illərdə baş verən rus-türk müharibələrinin nəticələri də erməni millətçilərinin xristian “həmrəyliyi” amilindən istifadə etməklə Türkiyə və Azərbaycan ərazilərində erməni dövləti qurmaq iştahlarını daha da artırırdı.
Erməni tarixçisi K.Kirokosyan özü qeyd edirdi ki, ermənilərin keçmişi haqqında elə bir məlumat yoxdur ki, onu ya tarix, ya da salnamə adlandırasan. “ Hayların (ermənilərin) – “mifik Haykın övladları olan, planetin ən qədim xalqı”nın peyda olması, Cənubi Qafqazda erməni dövlətinin yaradılması çar Rusiyasının fəaliyyətinin nəticəsidir” – fikrini, demək olar ki, tədqiqatçıların hamısı xüsusi vurğulayır.
1823-cü ildə general Yermolovun göstərişi ilə Qarabağda yaşayan əhalinin vergi mükəlləfiyyəti müəyyənləşdirildi. Bu, Qarabağda əhalinin sayı və etnik tərkibi barədə ilk yazılı, rəsmi sənəddir. Həmin sənədə əsasən Qarabağda 20.095 ailə, yaxud 90 min nəfər yaşayırdı ki, onlardan 15.729 ailə (78 faiz) azərbaycanlı, 4.366 ailə (22 faiz) erməni ailəsi idi. Eyni zamanda, Şuşada 1.111 azərbaycanlı və 421 erməni ailəsi yaşayırdı. Şuşa ətrafında 450-dən artıq azərbaycanlı, cəmi 150 erməni kəndi vardı. Bu kəndlərdə 14.618 azərbaycanlı, 3.945 erməni ailəsi yaşayırdı.
1826-1828-ci illərdə Rusiya-İran müharibəsindən sonra Qarabağda etnik vəziyyət kəskin surətdə dəyişməyə başlayır. 1828-1829-cu illərdə rus-türk müharibəsindən dərhal sonra Qafqaza 84 min erməni ailəsi köçürülür. Onlar əsasən Qarabağ və İrəvan vilayətlərində yerləşdirilir. Eyni zamanda, o vaxt çar məmuru N.N.Şavrovun yazdığı kimi, “nəzərdən qaçırmaq olmaz ki, rəsmi şəkildə köçürülən 124 min ermənidən başqa qeyri-rəsmi köçənləri də nəzərə alsaq, köçürülənlərin sayı 200 min nəfəri adlayır”. Ermənilərin İrandan və Türkiyədən Zaqafqaziyaya köçürülməsi və köçməsi prosesi sonrakı illərdə də davam etdi.
Ermənilərin digər torpaqlarımız kimi, Qarabağa da iddialarını qəti surətdə rədd edərək bu ərazilərin həmişə Azərbaycan türklərinin olduğunu və onlar tərəfindən idarə olunduğunu tarixi faktlar da sübut edir. Belə faktlar içərisində Qarabağın sonrakı taleyində silinməz izlər qoyan “Kürəkçay müqaviləsi”, bu müqavilədən irəli gələn, xanlığın rus hakimiyyəti dairələri ilə münasibətlərini tənzimləyən qarşılıqlı öhdəliklər də var. Müqavilə rusların təzyiqi altında Qarabağ xanı məşhur İbrahim Xəlil xanla general Sisianov arasında 1805-ci il mayın 14-də imzalanıb.
1813-cü ildə imzalanan “Gülüstan müqaviləsi” və 1828-ci ildə Azərbaycanın şimal torpaqlarının işğalını sona yetirən “Türkmənçay müqaviləsi” xalqımızın tarixində öz ağır izlərini qoydu. Marağa şəhərindən Qarabağın dağlıq hissəsinə köçürülərək orada məskunlaşan ermənilər 1828-ci ildən 150 il sonra, yəni, 1978-ci ildə sovet dovründə, Ağdərə rayonunda həmin köçürülmənin şərəfinə abidə ucaltmış (abidənin üzərində erməni dilində “Marağa-150” sözləri yazılmışdı), lakin XX əsrin 80-ci illərinin sonunda, yəni, Azərbaycana qarşı ərazi iddiaları qaldırdıqları zaman həmin abidəni özləri məqsədyönlü şəkildə dağıtmışlar. Tarixi faktlardan biri də budur ki, heç bir məntiqə sığmayan bir şəkildə rus hakim dairələri tərəfindən 1828-ci il martın 21-də, Novruz bayramı günlərində İrəvan və Naxçıvan xanlıqlarının ərazilərində erməni vilayəti yaradılır və o vaxt oradakı 1110 yaşayış məntəqəsindən yalnız 62-də ermənilərin yaşadığı nəzərə alınmır.
Tarixi faktlar göstərir ki, Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən çoxlu sayda erməni əhalisinin köçürülməsinə XIX əsrin 20-ci illərində, xüsusilə Cənubi Qafqazın Rusiya tərəfindən işğal edilməsindən sonra baş vermişdir. Sonrakı dönəmdə də davam etdirilmiş köçürülmə prosesi nəticəsində regionda demoqrafik vəziyyət dəyişmiş, nəticədə ermənilərin bu bölgədə süni surətdə çoxaldılması onlar tərəfindən XX əsrin əvvəllərindən başlayaraq Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasətinin baş qaldırmasına səbəb olmuşdur.
Elnur HACALIYEV,
“Azərbaycan” qəzeti
10.02.2015