Ermənistanda aparılan dağ-mədən sənayesi işləri ekologiyaya dəyən zərərləri ilə hər birimizi narahat edir. Çünki aparılan bu işlərdə hər hansı bir hesabatlılıq yoxdur və heç bir şəkildə şəffaflığa riayət olunmur, eyni zamanda, ekologiya ilə əlaqədar bütün beynəlxalq standartlar pozulur. Ermənistanda fəaliyyət göstərən dağ-mədən sənayesi həm Cənubi Qafqaz dağlarına mənfi təsir göstərir, aşınmalara səbəb olur, həm də oradan keçən içməli su ehtiyatına, göllərə, çaylara böyük təhlükə yaradır. Ermənistan dağlıq region olduğu üçün qızıl istehsalı yalnız torpağı yox, həm də su obyektlərini çirkləndirir. Həmin istehsal böyük fəlakətə səbəb olur. Burada ağır və çirkləndirici metallar əmələ gəlir ki, bunun nəticəsində həm torpaq, həm də su mənbələri çirklənir. Olduqca qiymətli balıqlar tələf olur, torpaqlar sıradan çıxır. Bunun öhdəsindən gəlməyində yeganə yolu müasir texnologiyaları buraya cəlb etməkdir. Hesab edirəm ki, bu prosesdə Azərbaycan da iştirak etməlidir.
Bu barədə AZƏRTAC-a müsahibəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında İctimai Şuranın sədr müavini, Qida təhlükəsizliyi hərəkatının rəhbəri Məhsəti Hüseynova deyib.
Onun sözlərinə görə, hazırki vəziyyətdə Ermənistan Azərbaycanla əməkdaşlıq etməlidir. Gölün səviyyəsinin 20 metr aşağı düşməsində əsas səbəb elektrik enerjisi üçün istifadə edilməsidir. O zaman bu su Zəngi (Razdan) çayına axıdılır və oradan elektrik enerjisi istehsal edilərək Ermənistanın ehtiyacları ödənilirdi. Lakin sonradan ekoloji fəlakət olduğu ərazidə Göyçənin səviyyəsi çox azaldı və daha sonra ermənilər “Sevan” layihəsi həyata keçirməyi qarşılarına məqsəd qoydular ki, çay Göyçə gölünə “Arpa-Sevan” tuneli vasitəsilə ötürülsün. Tunelin çəkilmə layihəsi Azərbaycana gələn Arpa çayının qarşısının kəsilməsi üçün də atılan addım idi. Keçmişdə Arpa çayının suyunun gölə ötürülməsini təmin etmək üçün tunel çəkilib: “Belə bir məlumat var ki, o vaxt Xruşşov İrəvana gəlib. Ona Göyçə gölünün forel balığından qonaqlıq verirlər. O, balığı tərifləyir, Xruşşova deyirlər ki, belə balığı verən göl məhv olur, bunun qarşısını necə alaq? Beləliklə, tunel çəkilir. Hətta bu tunel bir neçə il işlədi. Amma daha sonra xoşbəxtlikdən, tuneldə qəza baş verdi”.
Ermənilər tarixən Azərbaycanın milli sərvəti olan Göyçə gölünü qəddarcasına istismar edirlər
İctimai Şuranın sədr müavini bildirib ki, iqlim dəyişmələri Göyçə gölünün səviyyəsini sürətlə azaldır və həmin göldən müxtəlif məqsədlər üçün götürülən suyun miqdarı azaldılmalıdır. Gölün səviyyəsinin ötən ilə nisbətən azalması və 2012-2013-cü illərdən başlayaraq bu gölün quruması ilə bağlı həyəcan təbili çalınmağa başlasa da, həmin dövrdən artıq 10 ilə yaxın vaxt keçib, lakin heç bir irəliləyiş yoxdur. Bu gölün ekoloji cəhətdən suyunun quruması və eyni zamanda tərkibinin zənginliyinin pozulması, orada yaşayan canlıların azalması artıq fəlakətin yaxında olduğunu göstərir. Çünki ermənilərin Göyçə gölündən kənd təsərrüfatında kor-koranə şəkildə istifadə etmələri, artıq su israfının baş verməsi göstərir ki, burada mütləq şəkildə damcı suvarma sistemindən istifadə edilməli idi.
Məlumat verilib ki, bundan başqa, ictimai iaşə və digər obyektlərin tullantılarının gölə axıdılması onun suyun tərkibinin dəyişməsinə, canlıların məhv olmasına və eləcə də orada bataqlığın yaranmasına gətirib çıxardır. Bataqlıqlaşma göldə yaşayan canlıların bəzilərinin artıq nəslinin kəsilməsinə gətirib çıxardıb. Tarixən Göyçə gölü hər zaman alabalıqla, xərçənglə, farellə zəngin olub. Hazırda bunların da sayı sürətlə azalmağa doğru gedir. Bir çoxları həmin su hövzəsində yoxdur. Gölə süni şəkildə çaylar axıdılsa da, hətta erməni ekoloqlar da bunun faydasının olmadığını etiraf edirlər. Əksinə, gölün suyu daha çox, hətta 20 santimetrə qədər aşağı düşüb. Belə davam edərsə, gələcəkdə şirin su ehtiyatı qıtlığı da yaranacaq.
Bədnam qonşularımız Göyçə gölünün ətrafından həm də turizm məqsədli də istifadə edirlər ki, son illərdə suyun çəkilməsi bu sahəyə də təsir edir. Xüsusilə yayda gölün suyu daha çox çirklənir. Bu da bəzi xəstəliklərin yaranmasına gətirib çıxarır. Odur ki, bu sahədə mütləq şəkildə tədbirlər görülməlidir. Əks halda gölün suyu tamamilə quruya bilər. Amma bu fəlakətli vəziyyət Ermənistan hakimiyyətini narahat etmir. Göyçə gölü tarixən Azərbaycanın sərvəti olub. Onlar sərvətimizi qəddarcasına istismar edirlər. Həm də bu qəddarlığın yaradacağı ekoloji fəlakəti nəzərə almadan həmin işi davam edirlər.
Ermənistandakı ekologiya terrorunun qarşısı alınmazsa, bu çox ciddi fəsadlara gətirib çıxaracaq
“Eyni zamanda transsərhəd çaylar Azərbaycandan, İrandan və digər qonşu ölkələrdən keçərək Xəzər dənizinə tökülür. Bununla da Xəzər hövzəsi və eyni zamanda Xəzərsahili ölkələr üçün ciddi təhlükə törədir. Araşdırmalarıma əsasən deyə bilərəm ki, Şınıx və Tuğut kəndlərinin sakinlərinin təsərrüfata yararlı torpaq sahələrində qanunsuz mədən işləri görülüb. Nəticədə onların torpaqları da yararsız hala düşüb. Həmin kəndlilər İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət ediblər və 2019-cu ildə həmin məhkəmə Ermənistana qarşı altı qərar qəbul edib. Qərara əsasən Ermənistan hökuməti zərərçəkmiş kəndlilərə 69 min 400 avro məbləğində vəsait ödəməlidir. O cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Kəlbəcərin Zod qızıl yatağında ətraf mühitə, o cümlədən Kür çayına zərər verən kombinatın fəaliyyətinə icazə verdiyinə görə Ermənistana qarşı Ekoloji Tarazlıq Hüquqlarının pozulmasına dair qərar çıxarıb.
Ermənistan hökuməti Transsərhəd kontekstdə ətraf mühitin qiymətləndirilməsi üzrə BMT-nin Espoo konvensiyasını və Transsərhəd Çaylar Konvensiyasının tələblərini kobud şəkildə pozub. Əslində dünya ölkələri bu məsələyə çox həssas yanaşmalıdır. Ermənilərin qanunsuz hərəkətləri, törətdikləri ekoloji terrorlar qınanılmalı, ciddi sanksiyalar tətbiq edilməlidir. Çünki orada yalnız Azərbaycanın deyil, dünya ekologiyası da çirklənir. Əgər ekologiya terroruna laqeyd yanaşılarsa, onun qarşısı alınmazsa, ortaya qətiyyətli mövqe qoyulmazsa, bu çox ciddi fəsadlara gətirib çıxaracaq. Hazırda dünyada ciddi içməli su problemi yaşanır, şirin sular tükənir. Bir çox ölkələr su qıtlığından əziyyət çəkir. İnsanların və əkin sahələrinin su ilə təmin olunmasında çətinliklər ortaya çıxır. Ona görə də ekoloji terrorun dayandırılması üçün hər kəs səfərbər olmalıdır”, – deyə M.Hüseynova vurğulayıb.
Qida təhlükəsizliyi hərəkatının rəhbəri qeyd edib ki, davam edən mədən əməliyyatları nəticəsində ekosistemin korlanması təkcə Ermənistanın ətraf mühiti üçün təhdid deyil, həm də qonşu ölkələrə böyük təhlükədir. Ekoloji zərərin transsərhəd xarakteri regionda və ondan kənarda yaşayan icmaların sağlamlığını və rifahını riskə atır. BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ekoloji, sosial və iqtisadi problemlərin həlli üçün hərtərəfli çərçivə təqdim edir. BMT-yə üzv dövlətlər təmiz hava, təhlükəsiz içməli su və sanitariya kimi amilləri sağlamlığın ətraf mühit amilləri kimi tanıyıb. Eyni zamanda, BMT təmiz, sağlam və davamlı ətraf mühiti əsas insan hüququ kimi tanıyır. Lakin Ermənistan bu ekoloji cinayətləri törətməklə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin tamamilə əleyhinə çıxış edir.