Ötən əsrdə ermənilər azərbaycanlıları əzəli torpaqlarından, Qərbi Azərbaycandan qovub çıxarıblar. Soydaşlarımıza qarşı həyata keçirilən etnik təmizləmə, zorakı deportasiyalar onların öz yurdlarından məhrum olması ilə nəticələnib. Vedibasar mahalının Vedi rayonundakı Şirazlı kəndinin sakinləri də ermənilərin məkrli, məqsədli təzyiqləri, zülmü ilə üzləşən Qərbi azərbaycanlılardandır.
1966-cı ildə həmin kənddə dünyaya göz açan Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin üzvü, şairə Səlbinaz Baxşəliyeva AZƏRTAC-ın bölgə müxbirinə ailəsinin, qohumlarının, həmkəndlilərinin taleyinə yazılan acı günlərdən bəhs edib. Deyir ki, ailədə 7 uşaq olublar, atası kolxozda işləyib. Onun ailəsi də öz yurdunu ermənilərin təzyiqi nəticəsində tərk etməli olub. Kənddə əsasən azərbaycanlılar yaşayıb, buraya sonradan gələn, sayı daha az olan erməni ailələr isə onlara qaynayıb-qarışmayıb.
Erməni xisləti hər yerdə, hər zaman özünü büruzə verib. “Vedibasar mahalının aran hissəsində yerləşən kənd mənzərəli idi. Azərbaycanlı əhali bir-biri ilə mehriban yaşayırdı, adət-ənənələrə bağlı idilər. Ədəb-ərkan, böyüyə-kiçiyə hörmət var idi, qonağa böyük sevgi ilə yanaşılardı. İnsanlar öz zəhmətləri ilə dolanıb, əldə etdikləri nemətləri bir-biri ilə bölüşərdilər. Ermənilər isə azərbaycanlılara həmişə nifrət bəsləyir, qibtə edərdilər. Bunu hər fürsətdə göstərirdilər”, – deyən həmsöhbətimin sözlərinə görə, ötən əsrin 80-ci illərində bütün vəzifələrə ermənilər gətirilib. Azərbaycanlıların təhsil və işlə təminatına maneələr yaradılıb. “Analar uşaqlarını bağçaya aparanda yer olmadığını bəhanə gətirib, geri qaytarırdılar, ancaq erməni ailələrin uşaqlarını götürürdülər. İş yerləri də ancaq ermənilər üçün əlçatan idi. Hansısa idarəyə sənəd üçün üz tutanda get-gələ salırdılar. Mağazada erməni satıcılar yalandan istənilən məhsulun olmadığını deyirdilər. İnsanları belə ayrı-seçkiliklə bezdirib, yerindən-yuvasından didərgin salmaq istəyirdilər”, – deyə Səlbinaz Baxşəliyeva bildirir.
Şirazlı kəndində Sovet hakimiyyətinin ilk illərindən etibarən yeddiillik məktəb fəaliyyət göstərib. 1947-1948-ci illərdə bu təhsil ocağı beynəlmiləl orta məktəbə çevrilib, 1980-ci illərin əvvəllərindən isə təhsil müəssisəsi azərbaycanlı və erməni orta məktəblərinə ayrılıb. “Kənddəki məktəb böyük şair İmadəddin Nəsiminin adını daşıyırdı. Bu, erməniləri qıcıqlandırırdı, onlar etiraz edib, başqa binada təhsil almaq istədiklərini bildirirdilər. Nəticədə vəzifədəki havadarlarının dəstəyi ilə ermənilər üçün ayrı məktəb tikildi. Ermənilər bir çəpərin ayırdığı məktəblərinin həyətindən azərbaycanlı oğlan şagirdlərə “Siz türksünüz, ermənilərin düşmənisiniz”,- deyib davaya təhrik edirdilər. Sonunda istəklərinə nail olurdular, ancaq çox vaxt döyülən özləri olurdu”, – deyə o həmin günləri yada salır.
1987-ci ilin noyabrında ermənilərin Qafan şəhəri və onun ətrafında yaşayan azərbaycanlılara qarşı başlamış etnik təmizləmə kampaniyası sonuncu böyük deportasiya dalğasının başlanğıcı oldu. Qafan hadisələri digər bölgələrə də yayılır və nəticədə həmin yerlərdə də azərbaycanlılar öz torpaqlarından çıxmalı olurlar. Həmsöhbətim ermənilərin öz mənfur niyyətlərini planlı şəkildə həyata keçirdiklərinə dair faktları belə xatırlayır: “Deportasiyadan bir neçə ay əvvəl ermənilər dəstə-dəstə gələrək, kənddə yaşayan Simon adlı daşnağın evinə yığılırdılar, azərbaycanlılar isə heç nədən şübhələnmirdilər. Qohumumuz yeni ev tikdirirdi. Erməni qadınlar ona “Tikin və təməlini də möhkəm qoyun, gün gələcək bu evlərdə biz yaşayacağıq, bəzilərində də donuz saxlayacağıq” demişdilər. Uşaqlarımızı oğurlamağa cəhd göstərirdilər. Kənd sakini Yusif kişini motosikletlə gələndə su kanalına salmışdılar. Şidli kəndində azərbaycanlı milis mayorunu ölümcül döymüşdülər”.
1988-ci il mayın 8-də ermənilər Bakı-İrəvan qatarını saxlayıb, basqın edirlər, vaqon bələdçilərini, azərbaycanlı sərnişinləri döyüb, təhqir etməkdən çəkinmirlər. Mayın 10-da da davam edən gərginlik ayın 11-də vandal ermənilərin Şirazlı kəndinə hücumu ilə nəticələnir. Kənddə azərbaycanlılara məxsus 64 ev tamamilə dağıdılır, 8 ev yandırılır, 330 ailənin əmlakı məhv edilir, 80-dən çox insan döyülür. “Maşınlarla iri daşlar gətirib, evləri daşlayırdılar. Tikililərin qapıları, pəncərələri, darvazaları yararsız hala düşmüşdü. Apara bildiklərini aparır, yerdə qalanını sındırır və ya yandırırdılar. Qonşuluqda rəhmətlik İslam müəllim var idi, milis işçisi idi, mənfurlar onun nüfuzundan çəkinirdilər deyə, bizim evlərə daxil ola bilməmişdilər. Yanan evlərdən ikisi qohumlarımın idi. 80 yaşlı Ağbal ağa evində oturduğu yerdə sinəsindən daş parçası ilə vurulduğu üçün dünyasını dəyişmişdi”, – deyən Səlbinaz Baxşəliyeva qəhərlənir. Onun sözlərinə görə, həmin ərəfədə qadınlar, uşaqlar, qocalar gizlənməyə məcbur olublar. Ermənilərin vandallığına dözməyən kişilər isə onlarla əlbəyaxa olmaqdan çəkinməyiblər. Şirazlı kəndinin azərbaycanlı əhalisinin çətin və məşəqqətli günləri bu hadisələrdən sonra da davam edib.
“Əslən vedili olan görkəmli yazıçı Fərman Kərimzadə kəndə gələrək bizə isti geyimlər paylamışdı. Halımıza baxıb, hönkür-hönkür ağlamışdı. Ermənilərin təzyiqlərinə, həyatımızın təhlükədə olmasına dözə bilməyib, əli yalın halda Şidliyə üz tutduq. Bu kəndə soyuq havada, üzüm bağlarının içi ilə, suyun içərisində piyada gedirdik. Orada da zirzəmilərdə gizlənirdik. Sonra üç ay Araz çayı sahilində çadırlarda yaşamalı olduq, nəhayət Azərbaycana keçdik”, – deyən Səlbinaz Baxşəliyeva bildirir ki, haqqın, ədalətin əvvəl-axır öz yerini tapacağına inanır. Qərbi Azərbaycandan didərgin salınmış azərbaycanlıların doğma yurda qayıdışı dövlətimizin əsas hədəflərindən biridir. O gün də gec-tez mütləq reallığa çevriləcək.
30.10.2024, Vüsalə Cənnətova, AZƏRTAC