“Dəyirmi masa”nın növbəti toplantısında internet məkanında erməniliklə fərdi qaydada mübarizə aparmaq imkanlarını araşdırdıq. Bu sahədə uzun müddətdən bəri fəaliyyət göstərən soydaşlarımızdan Rizvan Hüseynov, Azər Əfəndi və Babək Cəfərovla birlikdə.
Fuad Babayev:
Xoş gəlmisiniz, dostlar!
Sizləri erməniliyi ifşa etmək üçün çalışan 1905.az portalının redaksiyasında görmək çox xoşdur. İlk növbədə ona görə ki, sizlər illərdən bəri şərti olaraq “İnternet cəbhəsi” adlandırılması mümkün olan meydanda mübarizə aparırsınız. Həm də fərd olaraq çalışırsınız və heç bir təşkilat tərəfindən xüsusi olaraq dəstəklənmədən. Halbuki cəmiyyətdə belə bir təsəvvür var ki, erməniliklə mübarizə aparmaq üçün xüsusi şərait yaradılmalı, bu missiyanı həyata keçirənlərə maddi və mənəvi dəstək göstərilməlidir. Deyirlər ki, tək əldən səs çıxmaz. Lakin sizlər bunun əksini artıq sübut etmisiniz. Mən öyrənmək istərdim, hələ nə qədər belə tək mübarizə aparmaq əzmindəsiniz? Yoxsa artıq bu imkanları istismar edib qurtarmısınız və yeni resurlar tapmaq istəyirsiniz?
Rizvan Hüseynov: Maraqlı məsələ qaldırmısınız. Qeyd etdiyini mübarizə məsələsi elə bir mövzudur ki, burada ilk növbədə vərdişlər lazımdır. Psixoloji baxımdan sağlam olmalısan. Çünki düşmənlə mübarizəni elə qurmalı, elə şərhlər yazmalısan ki, səhərisi gün ona baxanda utanmayasan. Öz yaxşı cəhətlərini nümayiş etdirməlisən. Çünki həmin şərhləri oxuyanların 99 faizi kənar şəxslərdir. Bu gün biz nə qədər təkbaşına mübarizə aparsaq da, elə məsələlər var ki, onlara qarşı cəm şəklində mübarizə aparmalıyıq. Bəzi şeyləri biz öz qüvvəmiz hesabına görürük, hansısa materialları bir-birimizə yardım göstərərək yayırıq.
Amma elə hallar da var ki, konkret maliyyə tələb olunur. Sadə bir misal deyim. Biz bu qədər maraqlandığımız mövzularla bağlı İnternetə materiallar yükləmişik. Amma Google axtarış sistemi vasitəsilə axtarış verəndə birinci sırada ermənilərin materialları çıxır. Çünki onlar bunun üçün müəyyən vəsaitlər ödəyirlər, bizim isə belə bir imkanımız yoxdur. Ona görə də Vikipediya materialından sonra, erməni və yaxud rus müəlliflərinin materialları çıxır. Yeri gəlmişkən, Vikipediya da bizim yaralı yerlərimizdəndir.
Azər Əfəndi: İnformasiya müharibəsində uğur qazanmaq üçün iki şey lazımdır: birincisi istək, ikincisi isə maddi və mənəvi dəstək. Mən əvvəlcə mənəvi dəstək məsələsindən başlamaq istərdim. Mənəvi dəstək deyəndə, kiminsə tərifini nəzərdə tutmuram. Sadəcə olaraq hansısa tarixçi alimdən ala biləcəyim informasiya və ya faktı nəzərdə tuturam. İstəkdən isə çox şey asılıdır. İstəyi olan insan əlində hansı işi olmasına baxmayaraq, həmin məsələ ilə yaxından məşğul olur. İstəkli şəxsi vətənpərvərlik hissindən başqa, həm də qarşısına qoyduğu məqsəd hərəkətə gətirir. Digər tərəfdən isə mübarizəni yalnız formallıq, hansısa forumlarda ermənilərlə deyişmək naminə aparırıqsa, heç bir maddi dəstəyə ehtiyac yoxdur. Amma müasir dövr informasiya müharibəsinin Google, YouTube və Vikipediyada aparılmasını tələb edir. Xüsusilə Vikipediyada biz çox uduzuruq. Həm də buradakı məqalələr problematikaya dərindən bələd olan çox məşhur erməni alimləri tərəfindən yazılıb. Məsələn, Vikipediyada “Azərbaycanda tarixin saxtalaşdırılması” bölümü var. Çox istərdim ki, Azərbaycanın peşəkar tarixçiləri buna tutarlı cavab versinlər və “Ermənilərin tarixi saxtalaşdırılması” bölümü yaradılsın. Bizim bir sıra dəyərli alimlərimizin əsərlərinin Vikipediyaya qoyulması da yaxşı olardı. Son dövrlərdə isə ermənilər YouTube-dən geniş istifadə edirlər. Buraya qoyulan videolar araşdırma video materialları, peşəkar səviyyədə montaj edilmiş filmlərdir. Əlbəttə, bütün bu filmlərdə faktlar həyasızcasına təhrif edilir. Düzdür, mən bunlara cavab verə bilərəm, amma bunun üçün mənə heç olmasa orta səviyyəli proqramçı lazımdır.
Babək Cəfərov: İnternetdə ermənilərlə mübarizə aparılması insanın içindən gələn bir hiss olmalıdır. İnternetdə mübarizə həm də bir axtarış işidir və bunun nəticəsində yeni materiallar aşkar etmək mümkündür. Mən daha çox fotolarla işləyirəm və bu axtarışlar zamanı aydın olar ki, gözümüz öyrəşənlərdən fərqli fotolar da yetərincədir. Əlbəttə problemlər də çoxdur. Elə saytlar var ki, oradan fotoların surətini çıxarmaq olmur. Yaxud təbliğatın effektli olması üçün bir çox hallarda kimdənsə məsləhət almağa ehtiyac duyursan. İrəvanda və Xankəndində vahid mərkəzdən idarə edilən, maliyyə yardımı göstərilən qurumlar var və çox vaxt təkbaşına, maliyyəsiz onlara qarşı mübarizə aparmaq olmur. Buna görə də gördüyümüz işdə bəzən sistemlilik çatmır. Komanda şəklində mübarizəni qursaq, daha böyük uğurlar qazanmaq mümkündür.
Fuad Babayev: Deməli, belə bir qənaətə gəlmək olar ki, artıq təkbaşına fəaliyyət effektli ola bilməz. Entuziazm, fərdi təəssübkeşlik, patriotizm, emosionallıq bu işi yalnız müəyyən həddə qədər apara bilər. Ola bilsin ki, bizdə də bu işlə məşğul olan təşkilatların sayı qarşı tərəfdə olduğundan az deyil. Bəlkə yeni təşkilatlar yaratmaqdansa, artıq mövcud olanları hərəkətə gətirmək lazımdır.
Rizvan Hüseynov: Bizdə əsas bəlalardan biri odur ki, təzə bir təşkilat yaratmaq istəyəndə köhnəni ləğv edirlər. Sanki hazır qabı başqa bir məqsəd üçün istifadə etməkdənsə, onu sındırmağa üstünlük verirlər. Hər dəfə də sıfırdan bşlayırlar. Axı orada işləyənlər 5-10 il ərzində işləyib müəyyən təcrübə əldə etmiş və ətraflarına da müəyyən sayda insanlar toplamışdılar. Yeni yaradılan strukturlar isə, həm də yeni problemlər deməkdir. Məsələn, mən münaqişələrlə bağlı treninqlər keçirmək istəyirəm. Konfliktologiya ilə bağlı yazan jurnalistlər, müəlliflər dəvət olunub. Üçtərəfli layihədir. ABŞ və İsveçrənin dəstəyi ilə həm Azərbaycanda, həm də Ermənistanda keçirilir. Ermənistanda heç bir problem yoxdur, biz isə yer tapa bilmirik. Belə bir xırda məsələni həll etməyə xeyli zaman gedir. Yəni ən adi məsələlərin həllində böyük problemlər meydana çıxır. Hətta bəzən müəyyən tədbirlərdə mənə qüsur tuturlar ki, niyə ermənilərlə görüşürsən? Amma nəzərə almırlar ki, biz düşmənimizi daha yaxşı tanımalıyıq. Elə həmin tədbirlərdəcə mən o qədər informasiya toplayıram ki… Onların içərisində hansı proseslər gedir, hansı ziddiyyətlər var? Bu informasiya yalnız görüşlər zamanı toplanıla bilər. Məsələn, tədbirlərdən birində erməni tələbələr məndən soruşdular ki, Ermənistanda orta məktəblərdə erməni tarixi yalnız qədim dövrləri və XIX-XX əsrləri öyrənir, nə üçün? Cavab verirəm ki, çünki orta əsrlər müsəlmanların dövrüdür və bu sizinkilərə sərf etmir. Elə ona görə də İrəvanın tarixini də məktəblərdə keçmirlər. Ona görə indi gələn kimi də yazılarımda bütün gücümü orta əsrlər tarixinə vermişəm. Düşmənlə təmas onların zəif cəhətlərini tapmağa kömək edir. Onlar bizim öz torpaqlarımıza qayıdacağımıza da əmindirlər. Elə ermənilərlə İnternet forumlarda yazışmaq da onları tanımağa imkan verir.
Azər Əfəndi: Mən də belə hesab edirəm ki, yeni təşkilatlar yaratmaqdansa, əvvəlkilərin fəaliyyətini gücləndirmək lazımdır. Bəla isə doğrudan da ondadır ki, yalnız təşkilat deyil, həm də orada çalışanlar sıfırdan başlamağa məcbur olurlar. Ona görə də informasiya müharibəsində Ermənistan lobbisinin və Azərbaycan tərəfinin fəaliyyətini müqayisə etsək, görərik ki, fərq 100-ün 30-a nisbətindədir.
Əslində bu pis göstərici sayılmazdı. Lakin söhbət ondan gedir ki, bizim potensialımız nə qədərdir? Nə dərəcədə bu qüvvə və imkanlardan rasional istifadə edirik? İmkanlarımız və qüvvəmiz çox böyükdür. Sanki yüz faiz görə biləcəyimiz işin 30 faizini görürük, ermənilər isə var qüvvələri ilə işləyirlər.
Babək Cəfərov: Mən qrant verən qurumların fəaliyyətinə toxunmaq istəyirəm. Çox vaxt həmin qurumlar milli maraqlardan yox, öz maraqlarından çıxış edirlər ki, bu da ümumi işimizə mane olur. Halbuki əvvəlcə ölkənin maraqları öndə gəlməlidir. Ölkə də təcrübəli qurumların və kadrların fəaliyyətində maraqlı olmalıdır.
Rizvan Hüseynov: Həqiqətən bu laqeydlik, diqqətsizlik üzündən neçə-neçə kadrlarımız işindən ayrılıb, tamamilə bu sahədən uzaq fəliyyətlə məşğuldurlar.
Fuad Babayev: Məni bir məsələ maraqlandırır. Tutaq ki, heç kim ortaya çıxaraq bu sahədə çalışan insanları bir araya gətirmir. Bəs sizin öz aranızda birləşərək güclərinizi artırmağınıza nə mane olur?
Rizvan Hüseynov: Səbəb ondadır ki, biz yalnız bu sahə ilə məşğul olmuruq axı. Hərəmizin öz daimi iş yerlərimiz var. Bu məsələ ilə isə əsasən işdən kənar vaxtlarda və ya işarası məşğul oluruq. Ona görə də əfsuslar olsun ki, tez-tez görüşüb bir araya gələ bilmirik. Amma İnternet vasitəsilə də olsa, əlaqə saxlayırıq. Bir müddət öncə, dövlət xətti ilə bir illik layihə var idi. Həmin layihə çərçivəsində rus və ingilis dillərini yaxşı bilən on nəfər uşağı bir yerə yığmışdıq və əla da çalışırdıq. Lakin layihə bitdikdən sonra, maliyyə olmadığı üçün hərə bir tərəfə dağıldı.
Azər Əfəndi: Burada yalnız texniki səbəb yox, həm də qarşına qoyduğun məqsəd məsələsi var. Əgər mən forumlarda, Rizvan müəllim isə bloqlarda mübarizə aparırıqsa, bizim tet-a-tet görüşməyimiz vacib deyil. Biz qarşımıza qoyduğumuz məqsədə nail oluruq. Başqa bir platformada çalışacağıqsa, onda güclərimizin birləşdirilməsinə ehtiyac var. İndi isə gördüyümüz işlər sadəcə olaraq məsələyə primitiv yanaşmadan başqa bir şey deyil. Mən sadəcə olaraq təcrübəli forum iştirakçısıyam. Mənə qarşı sanballı bir erməni alimi çıxış etdiyi təqdirdə, geri çəkilməyə məcburam. Belə olan halda, tarixçi kimi Rizvan müəllim önə çıxmalıdır. Yəni adi forum iştirakçıları ilə mübarizə aparanda, mənə kimsənin köməyi lazım deyil, bunu özüm də bacararam. Daha böyük miqyasda mübarizə apararkən isə əlbəttə ki, müxtəlif elm sahələrində təmsil olunmuş mütəxəssislərdən ibarət komanda tələb olunur.
Rizvan Hüseynov: Bir əlavəm də var. Biz forumlarda, sosial şəbəkələrdə paylaşdığımız hansısa məlumatı yalnız 200-300 nəfər arasında yaya bilərik. Daha geniş arealda işləməyimiz üçün dövlət dəstəyinə ehtiyacımız var.
Gündüz Nəsibov: Sizcə, erməni bloqqerlərinin zəif və güclü tərəfləri hansılardır?
Rizvan Hüseynov: Güclü tərəfləri ondadır ki, nə ilə məşğul olduqlarını yaxşı bilirlər. Və ancaq bildikləri sahə haqqında danışmağa hazırdırlar. Bizim bloqqerlər kulinariyadan tutmuş siyasətə kimi, hər şey haqqında danışmağa hazırdırlar. Ermənilər isə ancaq ixtisaslaşdıqları sahə haqqında danışırlar. Lazım olanda isə başqa sahə üzrə mütəxəssislərdən bacarıqla istifadə edirlər. Yəni sabit bir sistemləri var. Zəif tərəfləri isə arxayınçılıqdır. Onlar yüz illərdir bu təbliğatla məşğuldurlar. Hər şeyə hazır cavabları var və bundan istifadə edirlər. Bizim onlar üzərində az-çox qələbələrimiz qeyri-səlis məntiqdən istifadə sayəsində mümkün olur.
Babək Cəfərov: Ermənilər özlərini həddindən artıq sevən millətdir. Amma eyni zamanda uşaqlarına erkən yaşdan təlqin edirlər ki, sənin düşmənin türkdür. Və bu da onları bizə qarşı mübarizədə daim var qüvvə ilə işləməyə sövq edir.
Azər Əfəndi: Onların ən güclü tərəfi ondadır ki, hər kəs nə ilə məşğul olacağını yaxşı anlayır. Bir-birinə qarşı hörmətlə yanaşırlar. Biri hansısa problemi daha yaxşı bilir və yazırsa, digərləri onun fəaliyyətinə mane olmurlar. Bir başqa faktı da vurğulamaq istəyirəm. Facebook, Odnoklassniki, V kontakte kimi sosial şəbəkələrdə ermənilər eyni niklə saatlarla otururlar və daim şəbəkədədirlər. Normal insan buna qadir deyil. Yazı üslubu, qrammatikanı bilmə səviyyəsindən hiss olunur ki, əslində bu nik altında bir nəfər yox, bütöv bir komanda işləyir. Zəif cəhətləri isə odur ki, iki yüz ildən artıq müddətdə bizi çox yaxşı öyrəniblər. Forumlarda da bundan istifadə edir və bizi provakasiyaya çəkirlər. Provokasiyaya getməyəndə, səbrli olanda isə özlərini itirirlər və növbəti addımlarını müəyyənləşdirə bilmirlər. Ermənilərdə istək və vətənpərvərlik yoxdur. Mənim uzun illərdən bəri araşdırmalarım göstərir ki, onlar yalnız nəhəng maddi və mənəvi dəstək sayəsində irəliləyişə nail olublar. Amma xüsusi bir istəkləri yoxdur. Çünki onların arqumentləri qarşısına əks arqumentlə çıxanda geri çəkilirlər. Daha yeni faktlar, arqumentlər tapmaq həvəsləri yoxdur. Sanki hamısına eyni məlumat bazası verilib və onu yaymaqla məşğuldular.
Fuad Babayev: Zənnimcə, kifayət qədər mürəkkəb, həm də ağrılı bir problemin heç olmasa əsas konturlarını müəyyənləşdirə bildik. İcazənizlə, bu söhbətimizi yekunlaşdıraq. Amma 1905.az portalı olaraq bu mövzunu gündəmdə saxlayacağıq. Maraqlı söhbət üçün hər birinizə təşəkkür
Hazırladı: Gündüz Nəsibov
1905.az
P.S. Yazı çapa hazırlanarkən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin avqustun 29-da dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsindəki məruzəsinin mətni KİV-də yayıldı. Ümidvarıq ki, bu müşavirədən sonra 1905.az portalının ofisindəki dəyirmi masada səsləndirilən problemlər də öz həllinitapacaq.