İndi həqiqəti insanlara böyük meydanlarda təsirli çıxışlarla deyil, kompüter arxasında oturub, internet vasitəsi ilə də çatdırmaq mümkündür. Amma nəzərə alınması vacib olan bir fakt var. İndiki virtual tribunaya hər kəsin əli çatdığından “həqiqət” birtərəfli ola bilməz.
Erməniliyin Qarabağla bağlı yaratdığı elektron resurslar içində arcah.ru səhifəsinə rast gəlmək olar. Bu səhifə “arev.ru” saytı əsasında yaradılmış, Dağlıq Qarabağa həsr olunmuş informasiya portalıdır və bu regionun təbiəti, iqlimi, coğrafi mövqeyi ilə yanaşı “tarix” i barədə də məlumat verir. Saytın adı ilə məzmunu arasında rabitə tapa bilməyən oxucu “tarix” bölməsi ilə maraqlansa, “Dağlıq Qarabağ, tarixi adı Arsax olan bu ərazi…” sözləri ilə başlanan cümləyə rast gələcək. “Arsax”ın qısa tarixçəsini öyrənmək istədikdə, sayt yetkililərin üçün tam təbii olan “Arsax” adı, oxucuda çaşqınlıq yaradır. Qeyd edim ki, “Arcah.ru” saytı yalnız rus dilində fəaliyyət göstərir. Bu məsələ ilə bağlı bir erməni saytında “Armenian Public TV” nin Vaşinqtonda müxbiri olan Haykaram Nahapetyan yazır:
“Çoxsaylı Türk və Azərbaycan saytlarını görmək üçün axtarış sistemlərində “Karabagh” yaxud “Garabagh” sözlərini yazmaq kifayətdir. Bu zaman Qarabağla əlaqəli daha çox Türklər və Azərbaycanlılar tərəfindən yazılmış məlumatlara rast gəlmək olar. Lakin “Artshakh” adı ilə axtarış etdikdə bu üstünlük erməni saytlarının tərəfinə keçir. Lakin nəzərə alınmalıdır ki, ümumdünya oxucuları Qarabağın digər adı olan “Artshakh” la tanış deyillər. Xarici oxucu Dağlıq Qarabağ məsələsi ilə tanışlıq üçün ya “Karabagh” ya da “Nagorno-Karabakh” sözlərini axtarışa verməyi seçir. Bu mənada Azərbaycan və Türkiyə təbliğat işində daha öndədir, bu da öz növbəsində informasiya müharibəsində vəziyyəti müəyyən qədər dəyişir”
Qarabağ məsələsi ilə bağlı Azərbaycanın əleyhinə yaradılan saytların əsas mövzusu “Dağlıq Qarabağ Respublikası”nın müstəqillik dövründə əldə etdiyi nailiyyətlər və ermənilərin tarix boyu türk xalqları tərəfindən zorakılıqlara məruz qalmalarından ibarətdir. Saytlar Ermənistanda yaşayanlarla yanaşı xarici ölkələrdə yaşayan erməni cəmiyyətləri tərəfindən yaradılır.
“Armenian General Benevolent Union” (Ümumi xoşməramlı erməni birliyi) qısaca AGBU[1] adı altında fəaliyyət göstərən sayt dəfələrlə qondarma “Dağlıq Qarabağ Respublikası”nın elmi, ictimai və iqtisadi inkaşafı haqqında yazılar dərc etmiş və bu “respublika” ya müxtəlif vasitələrlə yardım etdiyini bildirmişdir. Saytda sonuncu dəfə 26 iyun 2014-cü ildə “Tumo-AGBU NKR Proqramı” adı ilə yayımlanan yazıda reallaşacaq təhsil layihəsindən bəhs edilir. Xatırladım ki, 12 dildə fəaliyyət göstərən sayt, bünövrəsi 1906-cı ildə Qahirədə qoyulmuş birlik tərəfindən yaradılıb. Gündəlik 400000 oxucusu olduğu söylənilən bu sayt erməni təbliğatı ilə məşğul olan ən tanınmış vebsayt hesab edilir. “AGBU” nun yardım proqramı Suriyadan gələn erməni qaçqınlarının Dağlıq Qarabağ ərazisində yerləşdirilməsinə şərait yaratmağı da nəzərdə tutur. Regionda kənd təsərrüfatının inkişafına dəstək olmaq üçün, qaçqın ailələri traktor və digər təsərrüfat alətləri ilə təchiz olunur. Bu haqda məlumat “Xoşməramlı tədbirlər” bölməsində verilib.
Böyük Britaniyadakı erməni cəmiyyəti tərəfindən yaradılmış, aktiv erməni təbliğatı ilə məşğul olan digər bir sayt “ACCUK.org.uk” dir. Bu sayta uzun illərdən bəri başçılıq edən Ara H. Palamoudiyan “erməni soyqırımı” nın tanınması üçün xarici mediada fəal iştirak edən biri kimi tanınır. Bu mövzuda erməni mövqeyindən çıxış edən müxtəlif türk yazıçılarının və elm nümayəndələrinin yazılarını təqdim edən sayt Britaniya və Avropanın digər ölkələrində “soyqırım” la əlaqəli tədbirlər haqqında da malumat verir. Qeyd edim ki, saytın təşəbbüsü ilə “Dağlıq Qarabağ Respublikası” na turist səyahəti 17-18 sentyabr tarixlərinə planlaşdırılır. Bundan başqa sayt mütəmadi olaraq Britaniya və ABŞ kimi dünya siyasətində önəmli mövqe tutan ölkələrin Azərbaycana etdiyi təzyiqlər barədə xəbərlər yayımlayır. Misal üçün Illinoys ştatının senatoru Mark Kirkin Sumqayıt hadisələri ilə əlaqəda bəyanatda o, Azərbaycanı Ermənistana qarşı yürütdüyü “zorakılıq” siyasətindən əl çəkməyə çağırır. Bu, saytın “panorama.am” saytına istinadən yayımladığı xəbərlər siyahısındadır. Qeyd edim ki, sayt yalnız ingilis dilində fəaliyyət göstərir.
Bu yazıda güclü ictimai fəaliyyəti olan qurumların rəsmi internet səhifələrinə nəzər saldıq. Başqa saytları da var erməniliyin.