Azərbaycanlıların Ermənistanın indiki ərazisindən kütləvi köçürülməsi SSRİ Nazirlər Sovetinin Azərbaycan əhalisinin Ermənistan SSR-dən Kür-Araz ovalığına qovulması haqqında 1947-ci il 23 dekabr tarixli qərarı ilə həyata keçirilib. Bu qərara əsasən, 1948-1953-cü illərdə Ermənistandan Azərbaycana 100 min nəfərdən çox adam köçürülüb.
Əgər krım tatarlarını çeçenləri və digər xalqları almanlarla əməkdaşlığa görə cəzalandırıb köçürmüşdülərsə, azərbaycanlıların köçürülməsinə yeganə səbəb onların azərbaycanlı olması idi.
Bundan başqa, SSRİ Nazirlər Kabinetinin çox sayda sərəncamları ilə Ermənistanda 2 mindən çox yer adı dəyişdirildi.
Ümumiyyətlə isə, azərbaycanlıların Ermənistandan (Qərbi Azərbaycandan) deportasiyası və köçürülməsi hələ XVIII əsrdən başlanıb. Qərbi Azərbaycandan azərbaycanlıların, ümumiyyətlə müsəlmanların deportasiyası üç mərhələdə aparılıb:
* Birinci mərhələ 1905-1920-ci illər;
* İkinci mərhələ 1948-1953-ci illər ;
* Üçüncü mərhələ 1988-1992-ci illər.
Bu proseslər zamanı ermənilər Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaхın evi dağıdıb və yandırıb, qoca, uşaq və qadınların da daхil olduğu 140 min insanı vəhşicəsinə qətlə yetirib, 750 mindən artıq azərbaycanlı Qərbi Azərbaycandan didərgin salınıb. Sonuncu deportasiyada 1988-ci ildə isə 220 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən doğma yurd-yuvalarını tərk edib. Bundan sonra ermənilər Qərbi Azərbaycandan azərbaycanlıların izini itirmək məqsədilə buradakı qəbiristanlıqları, tariхi mədəni abidələri, dini müəssisələri, məktəb, хəstəхana və digər binaları darmadağın edib. Təkcə 1988-ci ildən sonra Qərbi Azərbaycanda ermənilər azərbaycanlılara məхsus 2000-dən artıq qəbiristanlıq dağıdıb. Ermənilər tariхən azərbaycanlılara, türklərə qənim kəsildikləri halda bu faktlar gizlədilib, dünya ictimaiyyəti isə bu məsələlərə diqqətsizlik göstərib.