XX əsrdə Ermənistan ərazisindən azərbaycanlıların kütləvi deportasiya əməliyyatı – 1905, 1918-1920, 1948-1956, 1987-1988-ci illər adlı dörd mərhələyə bölünür. Statistik və arxiv sənədlərində təsdiq olunduğuna görə, bu əməliyyatlar nəticəsində indiki Ermənistan ərazisində yaşayan bir milyon beş yüz mindən çox azərbaycanlı tarixi torpaqlarından qovulub.
Ermənistan Sovet Respublikası qurulduqdan sonra burada azərbaycanlılar yaşayan 940 yaşayış məntəqəsindən 698-nin adı Ermənistan Ali Sovetinin qərarı ilə dəyişdirilərək erməni adları ilə əvəz olunub. Ancaq ermənilər bununla da kifayətlənməyib.
Ad dəyişmə əməliyyatı azərbaycanlılar bu respublikanın ərazisindən tam deportasiya edildikdən sonra da davam etdirilib. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1991-ci il 9 aprel tarixli fərmanı ilə son 91 azərbaycanlı yaşayış məntəqəsinin adı dəyişdirilərək erməni adları ilə əvəzləşdrilib.
1905: DEPORTASİYA
20-ci əsrin əvvələrində Qafqazda, xüsusən də indiki Ermənistan ərazisində Azərbaycan türklərinə qarşı törədilən qırğınların ssenarisi ermənilərin 19-cu əsrin sonunda Şərqi Anadoluda əldə etdikləri təcrübəyə əsaslanırdı. 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsindən sonra Avropa dövlətlərinin səyləri nəticəsində gündəliyə çıxarılan «erməni məsələsi» sonralar Şərqi Anadoluda ermənilər üçün muxtariyyət əldə etmək və müstəqil Ermənistan dövləti qurmaq üçün bir vasitəyə çevrilmişdi. Bu muxtariyyətin əldə edilməsi üçün əvvəlcə Şərqi Anadolu vilayətlərində, yəni ermənilərin «Qərbi Ermənistan» adlandırdıqları vilayətlərdə ermənilərin say üstünlüyünə nail olmaq lazım gəlirdi. Lakin ermənilərin «Qərbi Ermənistan» adlandırdıqları vilayətlərin heç birində say etibarı ilə üstünlük onların tərəfində deyildi.
1905-1906-cı illərdə Rusiyada baş verən iğtişaşlardan fürsət kimi istifadə edən ermənilər əvvəlcə Bakıda, sonra İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda, Qazaxda və Tiflisdə dinc azərbaycanlılara qarşı qırğınlar törətmişlər. Erməni silahlı dəstələri İrəvan-Naxçıvan-Zəngəzur-Qarabağ istiqamətində və Qazax-Gəncə istiqamətində yerləşən azərbaycanlı yaşayış məskənlərinin əhalisini qırmaqla, qovmaqla və həmin ərazilərdə erməniləri məskunlaşdırmaqla gələcək Ermənistan dövlətinin əsasını qoymaq istəyirdilər. Sayları on min silahlıdan artıq olan erməni birləşmələri əvvəlcə Bakıda, sonra İrəvan şəhərində və onun ətraf kəndlərində, Eçmiədzin (Üçkilsə), Şərur-Dərələyəz və Naxçıvan qəzalarında, Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasının Gorus, Qafan və Qarakilsə (Sisyan) nahiyələrində, Şuşa, Cavanşir, Cəbrayıl, Qazax, Ərəş qəzalarında, Tiflis şəhərində kütləvi qırğınlar törətmiş, 200-dən artıq yaşayış məntəqəsini viran qoymuşlar.
İndiyədək 1905-1906-cı illər qırğınları kifayət qədər tədqiq edilməmiş, heç də bütün mənbələr və dövri mətbuat materialları tədqiqata cəlb olunmamış, habelə bu mövzuda yazan erməni və xarici müəlliflərin tədqiqatlarına, demək olar ki, müraciət edilməmişdir.
Çar Rusiyası dövrünün arxiv sənədləri, Azərbaycan Respublikası Tarix Arxivinin fondlarında saxlanılan sənədlər, ayrı-ayrı müəlliflərin Azərbaycan, rus, erməni və ingilis dilində faktik materiallar əsasında yazdıqları əsərlər və dövri mətbuat materialları mövzunun mənbə və qaynaqlarını təşkil edir. Lakin təəssüf ki, mövcud olmuş arxiv sənədlərinin bir qismi vaxtilə Azərbaycan arxivlərində kök salmış qeyri-azərbaycanlılar tərəfindən məhv edilmişdir. Bir neçə il öncə mövzu ilə bağlı Tarix Arxivinin fondlarında araşdırma apararkən Yelizavetpol dairə məhkəməsinin prokurorunun dəftərxanasına aid siyahıda 1906-cı il yanvarın 2-də ermənilərin Haqqıxlı (o zaman Qazax qəzasının kəndi olmuşdur, hazırda İcevan rayonunun ərazisinədədir və ermənilər onun adını dəyişdirərək Hovk qoymuşlar- N.M.) kəndinə hücumları haqqında 12 vərəqlik iş aşkar edilmişdir. Lakin həmin sənəd 25 dekabr 1959-cu ildə arxivin məsul işçisi Portnovanın imzası ilə maklatura kimi çıxdaş edilmişdir.
XIX əsrin sonu, XX əsrin əvvəllərində keçirilən siyahıyaalmaların materialları, illik nəşr olunan “Kavkazskiy kalendar”lar tədqiqat dövründə regionda sosial-demoqrafik vəziyyətin mənzərəsini açmağa imkan verir. Bakıda dərc olunan “Kaspi” (rus dilində) və “Həyat” (Azərbaycan dilində) qəzetlərində, Tiflisdə rus dilində işıq üzü görən “Tiflisskiy Listok”, “Kavkaz”, “Novoe Obozrenie” qəzetlərinin səhifələrində XX əsrin əvvəlində Cənubi Qafqazda baş verən hadisələr öz əksini tapmışdır. “ Kaspi” və “Həyat” qəzetlərində dərc olunan yazıları həmin dövrün salnaməsi adlandırmaq olar. Həmin dövrdə rus dilində çap edilən qəzetlərin bir çoxunun redaksiyası ermənilərə məxsus idi və yaxud onların sifarişini yerinə yetirirdi. Erməni dilində çap olunan qəzetlərin əksəriyyəti milli ədavəti qızışdırır, erməniləri türklərə qarşı qanlı toqquşmalara təhrik edirdilər. “Mşak”(“Əməkçi”), “Ardzaqank” (“Əks-səda”), “Nor dar” (“Yeni əsr”), “Bakvi dzayn” (“Bakının səsi)”, “Kayç” (“Qığılcım)” qəzetləri, “Murç”(“Çəkic”), “Ararat”, “Taraz” jurnalları ermənilərin millətçilik əhval-ruhiyyəsini qızışdırmağa xidmət edirdilər. Bakıda bir üzü erməni, bir üzü türkcə çap olunan “Qoç dəvət ” qəzeti millətlərarası ədavəti söndürməyə, barışıq əldə olunmasına xidmət edirdi. Həmin dövrdə Rusiyada və xarici ölkələrdə çap olunan qəzetlərin və teleqraf agentliklərinin müxbirləri Cənubi Qafqaza gəlmiş, hadisə yerindən reportajlar hazırlayaraq dərc etdirmişlər. Onların yazılarında çox zaman xristian təəssübkeşliyi özünü göstərmiş, obyektiv mənzərənin yaradılmasına mane olmuş, hadisələrin mahiyyətinin təhrif olunmasına gətirib çıxarmışdır.
Həmin dövrün mənbələrində çar hökumətinin müsəlmanların qəflətindən istifadə etdiyini, Peterburqdan 130 xəfiyyə məmuru göndərərək ermənilərlə müsəlmanları bir-birlərinə silah işlətməyə təşviq etməklə, iki milləti biri digərinə qırdırdığı göstərilmişdir. 1905-1906-cı illər qırğınlarının millətin gözünün açılmasında, dost və düşməni tanımasında, Rusiya siyasətini anlamasında mühüm rol oynamış, maarif və tərəqqiyə əhəmiyyət verməyə başlamışdır.
Çar Rusiyasının rus-yapon müharibəsində məğlubiyyətindən və 1905-ci il yanvarın 9-da Qış sarayının önündə üsyançıların güllələnməsindən sonra Rusiyanı bürüyən üsyanların Qafqaza da yayılmışdır. İmperiyanın zəiflədiyi bir vaxtda Qafqaz xalqlarını inqilabdan uzaqlaşdırmaq üçün çar bu regionda olan yüksək məmurlarına gizli göstəriş vermiş, erməniləri müsəlmanlara qarşı qırğına sövq etmişdir. “Daşnaksutyun” partiyasının yarandığı gündən Türkiyə torpaqlarında Ermənistan dövləti yaratmaq proqramını hazırlamış, bu partiyanın 1904-cü ildə “Qafqaz Ermənistanı”nı da öz proqramına daxil etmiş, Qafqazda olan yüksək vəzifəli rus məmurları tərəfindən silahlandırılan və gizli tapşırıq alan ermənilər Bakı, İrəvan, Naxçıvan, Ordubad, Qarabağ, Gəncə və Şirvanda yaşayan silahsız türklərə qarşı hücumlar edərək onları öldürmüş, qılıncdan keçirməyə başlamış,, öldürə bilmədikləri türkləri öz torpaqlarından qovaraq həmin ərazilərdə çoxluq təşkil etmək istəmişlər.
1905-1906-cı illərdə Qafqazda erməni-müsəlman qırğınları haqqında polis departamentinin sənədində deyilir: ”Daşnaksutyun” öz qüdrətini göstərdi, müsəlmanlar cəfasını çəkdilər. Burada ikili oyun oynanılmışdı: birincisi, müsəlmanlarda olan qisasın bir qismini almaq, digər tərəfdən baş verən hadisələrin günahını mətbuat və təbliğatın köməyi ilə rus hökumətinin üzərinə yıxmaq, bununla da təkcə erməniləri deyil, Qafqazın digər sakinlərini də inqilabiləşdirmək üçün güclü təbliğat materialı əldə edilmiş olurdu. Nəticədə ermənilərə münasib olmayan bir çox rus məmurları və ayrı-ayrı şəxslər terror qurbanı oldular: general Əlixanov (Maqsud Əlixanov-Avarski – müəllif), qubernatorlar Nakaşidze, Andreyev (birincisi Bakının qubernatoru, ikincisi Yelizavetpolun (Gəncə) vitse- qubernatoru – müəllif), polkovniklər Bıkov və Saxarov və başqa dövlət məmurları (partiyanın hesabatından). Onların qismən nail olduqları ikinci məqsədləri ondan ibarət idi ki, Zaqafqaziyada ermənilərlə müsəlmanların yaşadıqları ərazilər bir-birindən ayrıldı, Türkiyədən və qismən İrandan köçən ermənilərin məskunlaşdırılması üçün torpaqlar boşaldıldı. Son 5-6 ildə onların sayı yarım milyona çatmış, 200 min nəfər isə rus idarələrinin vəkaləti ilə təbəəlik əldə etmişdi. Yelizavetpol, İrəvan və Qars vilayətlərində ərazilərin qismən ayrılmasına nail olunmuş, torpaqların müəyyən hissəsi boşaldılmış, həmin ərazilərdən bir çox müsəlmanlar qaçaraq canlarını qurtarmışdılar”.
Ümumiyyətlə, 1905-1906-cı illər erməni-müsəlman iğtişaşları nəticəsində İrəvan və Yelizavetpol (Gəncə) quberniyaları ərazisində 200-dən artıq azərbaycanlı yaşayış məntəqəsi viran edilmiş, əhalisi soyqırıma məruz qoyulmuşdur.
Statistik məlumatlar göstərir ki, 1905-1906-cı illər qırğınları ərəfəsində İrəvan quberniyasında mövcud olmuş 1301 kəndin 959-da, Zəngəzur qəzasında mövcud olmuş 406 kəndin isə 314-də türklər yaşamışlar. O dövrdə təkcə İrəvan quberniyası və Zəngəzurda mövcud olmuş 1273 türk kəndindən bu gün, Naxçıvan qəzası istisna olmaqla bütün kəndlər azərbaycanlılardan təmizlənmişdir. Deməli, həmin ərazilərdə 1905-1906-cı illərdən başlayaraq silah gücünə etnik təmizləmə siyasəti həyata keçirilmişdir ki, bu da mahiyyətcə soyqırım deməkdir.
1948-53: DEPORTASİYA
40-cı illərin sonlarına aid siyasi şəraitin və arxiv sənədlərinin təhlili göstərir ki, erməni millətçiləri 1945-ci ildə Qarabağla əlaqədar uğursuz qəsd-çıxışdan sonra Azərbaycana qarşı növbəti demarşı 1947-ci ildə həyata keçirməyə cəhd etdilər. O dövrdə siyasi vəziyyət artıq onların xeyrinə idi. SSRİ və Türkiyə arasında münasibətlərin kəskinləşməsi, xaricdə yaşayan ermənilərin repatriasiyası, xarici daşnak mətbuatındakı qismən “daxildən”, sovet mətbuatı səhifələrində dəstəklənən şiddətli və azğın təbliğat kampaniyası-bütün bunlar Kreml rəhbərliyini ermənilərin tərəfini saxlamağa sövq etmiş və deportasiya labüd xarakter almışdır.
Ermənistan hökuməti köçürüləcək yaşayış məntəqələrinin siyahısını əvvəlcədən hazırlamışdı. Bu siyahıya ilk növbədə İrəvan şəhəri və ona yaxın Əştərək, Zəngibasar, Eçmiədzin, Hoktemberyan, Artaşat (Qəmərli) Qarabağlar, Vedi, Yeğeqnadzor, Hrazdan (Axta), Əzizbəyov və s. rayonlar daxil edilmişdi.
M.C.Bağırovun və Ermənistan K(b)P MK-nın birinci katibi T.A.Arutyunovun imzaları ilə İ.V.Stalinin adına ünvanlanmış 10 dekabr 1947-ci il tarixli məktubu SSRİ Nazirlər Sovetinə “Kolxozların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 4083 saylı, 23 dekabr 1947-ci il tarixli məşhur qərarını çıxarmaq üçün formal “əsas” olmuşdur.
Məktubun mahiyyəti aşağıdakı kimidir:
“İ.V.Stalin yoldaşa
Son illər Azərbaycan və Ermənistan respublikalarında baş vermiş təsərrüfat dəyişiklikləri nəticəsində meydana çıxmış bir sıra məsələlər üzrə fikir mübadiləsi etdikdən sonra aşağıdakı təkliflərlə Sizə müraciət edirik:
Mingəçevir sisteminin həyata keçirilməsi zamanı suvarılma nəticəsində yeni torpaq sahələrinin meydana gəlməsi və pambıqçılıq rayonlarının mövcud kolxozlarında işçi qüvvəsinin çatışmaması, habelə pambıq məhsuldarlığının yüksəldilməsi vəzifəsi Azərbaycan SSR-in bu rayonlardakı əhalisinin artırılması məsələsini ortaya çıxarır.
Ermənistanda yaşayan azərbaycanlı əhalinin 130 min nəfər miqdarında həmin rayonlara köçürülməsi bu məsələnin real həlli ola bilərdi.
Azərbaycanlı əhalinin Ermənistandan Azərbaycana köçürülməsi xarici ölkələrdən öz vətənlərinə qayıdan ermənilərin qəbul edilməsi və yerləşdirilməsi vəzifəsini xeyli asanlaşdırmış olardı.
Azərbaycanlı əhalinin köçürülməsi nəticəsində boşalan torpaqlar və mənzillər Ermənistana qayıdan xarici ermənilər sırasından olan kəndlilərin məskunlaşdırılması üçün istifadə oluna bilərdi.
Bu mülahizələrə əsaslanmaqla Sizin sanksiyanızı xahiş edirik:
1) Ermənistan SSR-də yaşayan azərbaycanlı əhalinin Azərbaycan SSR-in əhalisi az olan pambıqçılıq rayonlarına köçürülməsinə və boşalmış torpaqları və mənzilləri xarici ölkələrdən Ermənistan SSR-ə qayıdan ermənilərin qəbul edilməsi və yerləşdirilməsi üçün istifadə olunmasına;
2) Azərbaycan SSR və Ermənistan SSR Nazirlər Sovetinə köçürülmənin və qaydaların işlənib hazırlanması, habelə köçürülmənin həyata keçirilməsinə rəhbərlik edilməsi üçün birgə komissiyanın yaradılmasına icazə verilməsinə;
3) Bu tədbirlərlə əlaqədar xərclərin İttifaq büdcəsinə götürülməsinə.
Azərbaycan K(b)P MK katibi (M.C.Bağırov) Ermənistan K(b)P MK katibi (G.A.Arutinov) “10” dekabr 1947-ci il.”
Beləliklə, zərərçəkən tərəfin Azərbaycan xalqı olduğu bu çox pərdəli dramın müqəddiməsinə son nöqtə qoyulmuş oldu. Sonrakı hadisələrin inkişafı artıq bilavasitə deportasiyanın özü ilə onun hüquqi, iqtisadi və s. aspektləriylə bağlıdır.
Köçürülmə-erməni şovinizmin təzahürü kimi
SSRİ Nazirlər Sovetinin “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarı, deportasiyanın həyata keçirildiyi başlıca sənəd oldu.
Üç aydan sonra qəbul edilmiş digər, daha müfəssəl sənəd – İttifaq Nazirlər Sovetinin “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi üzrə tədbirlər haqqında” 10 mart 1948-ci il tarixli qərarı “baş” qərara bir sıra düzəlişlər etdi.
Bu iki bədnam sənədin mahiyyətcə, mərkəzi hakimiyyətin sonrakı deportasiyaları nizama salan əsas normativlərdir.
Formal cəhətdən konstitusiya qanunu baxımından bu aktlar qanuni qüvvəyə malik deyildir, belə ki, yaranmış hüquqi münasibətlər predmetinin özü və bu münasbətlərin xarakteri ali hakimiyyət orqanları vasitəsilə onlann məcburi qaydada tərtib olunmasını tələb edir. Nəzərdə tutulmuş deportasiyanın öz siyasi və iqtisadi aspektləri mövcud idi (əhaliyə ideoloji təsir və təzyiq, əhali arasında təbliğat, kənd təsərrüfatı, nəqliyyat, kolxoz quruculuğu və s.). Bir sözlə, deportasiya hər iki respublikada böyük miqdarda adamların və təşkilatların mənafeləri və talelərində az qala həlledici rol oynayaraq, üstəlik də mənəvi təbəddülatlar, çaxnaşmalar doğururdu.
Köçürülmənin məcburi qaydada aparıldığını Ermənistandan köçürülməli olan azərbaycanlıların (kolxozçuların) sayından da bilmək olar: 1948-ci il – 10 min; 1949-cu il – 40 min; 1950-ci il – 50 min!
Ermənistanda öz etnik-tarixi ərazisində yaşayan azərbaycanlılardan heç kəs ÖZ doğma torpaqlarını tərk etmək istəmir, onları dədə-baba yurdundan didərgin salanlara ürəklərində lənətlər yağdırırdılar.Təbii ki, könüllülükdən söhbət belə gedə bilməzdi.
Dinc dövrdə bu cür kütləvi və amansız özbaşınalığa, qanunsuzluğa heç nəylə haqq qazandırmaq mümkün deyildi.
Mal-qara üçün bu gedər-gəlməz səfər idi. Real gerçəklik də bunu təsdiq elədi. Ən bədgümanlar düz çıxdı, köçürülmə zamanı ən çox ziyan məhz mal-qara sarıdan oldu. Ermənistandan köçürülən azərbaycanlı kəndlilərin illər boyu min bir əziyyətlə bəslədikləri davar, sürü-sürü mal-qara elə yollarda, sahiblərinin gözü qabağındaca tələf olur, ya “su qiymətinə” satılır, ya da lüzumsuz yerə kəsilib yeyilirdi. Bunu sənədlər də təsdiq edir. Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini Abdullayevin imzası ilə Azərbaycan kənd təsərrüfatı nazir – Mustafayevə və Azərbaycan SSR Nazirlər Soveti yanında köçürülmə üzrə idarənin rəisi Allahverdiyevə ünvanlanmış 205/116 saylı 26 yanvar 1949-cu il tarixli məktubdan da aydm olur ki, köçkünlərin mal-qarasının böyük hissəsi təyinat yerinə gedib çıxmamışdır. Belə ki köçürülmə ərəfəsində köçkün kolxozçuların ixtiyarında olan 1816 baş iri buynuzlu mal-qaranın yalnız 1369 başı yeni məskunlaşma yerinə çatdırılmış, qalanı yoxa çıxmışdı. Kiçik buynuzlu heyvanlar və digər kənd təsərrüfatı heyvanları ilə əlaqədar da eyni mənzərə müşahidə olunurdu. Məsələn, deportasiya ərəfəsində 500 baş öküzdən cəmi 123-ü sağ qalmışdı və s. (ARDSPİHA, f. 411, siy. 9, iş. 73, v. 30).
Müharibədən sonrakı bərbadlıq, ümumi inflyasiya və bahalıq şəraitinə bu cüzi məbləğ köməkdən çox ələ salmağa, gözdən pərdə asmağa oxşayırdı.
Çıxılmaz vəziyyətə düşmüş, heç yerdən kömək görməyən kəndlilər öz ağır zəhmətlərinin bəhrəsini qəpik-quruşa satmalı olurdular, onları düşünməyə, götür-qoy etməyə imkan vermir, hər cür yolla tələsdirir, köçməyə vadar edirdilər.
Ayrılmış pulların köçürülməsi və mənimsənilməsi məsələsində tam bir xaos hökm sürürdü: deportasiyanın gedişində bir-birinə zidd qərarlar, sərəncamlar və təlimatlar qəbul edilir, ünvançılar tez-tez dəyişdirilirdi. Bunu göstərmək kifayətdir ki, SSRİ Nazirlər Sovetinin 10 mart 1948-ci il tarixli qərarına əsasən, “Azköçməinşaatı” kontoru bazasında, Kür- Araz ovalığındakı suvarma torpaqlarının mənimsənilməsi üzrə idarəyə tabeçiliyi ilə “Azköçməinşaatı” trestinin təşkil edilməsi nəzərdə tutulmuşdu (b. 7).
Deportasiya olunmuş ailələr onlar üçün nəzərdə tutulmuş ssudaları aylarla, bəzən isə illərlə ala bilmir, rayon icraiyyə komitələrinə, kənd təsərrüfatı banklarına, dövlət banklarının rayon şöbələrinə müraciət etmək məcburiyyətində qalır, çoxsaylı şikayət ərizələri yazır və bir qayda olaraq, bu əzab-əziyyətin heç bir səmərəsini görmürdülər. SSRİ Nazirlər Sovetinin 10 mart 1948-ci il tarixli qərarında köçürülmə məsələləri ilə bu və ya digər dərəcədə məşğul olan təşkilatlar dairəsinə daxil edilmiş bir sıra nazirlik və təsisatlar sadalanmışdır .
Deportasiya olunan azərbaycanlı əhalinin daşınması məsələləri SSRİ Nazirlər Sovetinin 754 saylı 10 mart 1948-ci il tarixli qərarında daha müfəssəl nizama salınmışdı.
SSRİ Nazirlər Sovetinin 10 mart 1948-ci il tarixli qərarında, “kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülmə dövrü üçün” Ermənistanda Azərbaycan SSR Nazirlər Soveti nümayəndəliyinin yaradılması nəzərdə tutulmuşdur (Yenə orada, vər. 23). Deportasiya məsələləri ilə məşğul olmalı olan təşkilatların heç bir əndazəyə sığmayan çoxluğu təcrübədə hərc-mərclik, uyğunsuzluq, ziddiyyətlər yaradır, sonu görünməyən yazışmalara və idarələrarası münaqişələrə gətirib çıxarırdı. Buna baxmayaraq, müvafiq direktiv səlahiyyətlərə malik olan vahid mərkəz yaradılmamışdır, elə bir mərkəz ki, sərəncam qaydasında ümumittifaq nazirlikləri və təsisatlarından, yerli hakimiyyət və maliyyə orqanlarından köçürülən azərbaycanlı kolxozçular üçün müxtəlif güzəşt və tədbirləri nəzərdə tutanbəndlərin dərhal və sözsüz yerinə yetirilməsini tələb edə bilsin.
Beləliklə, bir tərəfdən, azərbaycanlıların, onların etnik-tarixi torpaqlarından qovulması böyük enerji və sürətlə həyata keçirilir, digər tərəfdən isə bürokratik maneələr, idarəçilik hərc-mərcliyi, vahid rəhbərliyin olmaması, habelə obyektiv çətinliklər üzündən, azərbaycanlıların yeni yerlərdə məskunlaşması ilə əlaqədar müxtəlif güzəştlərə aid olan bütün bəndlər ya büsbütün yerinə yetirilmir, ya da qismən, elə belə, “xala xətrin qalmasın”-deyə, süründürməçiliklə yerinə yetirilirdi.
Deportasiya kimi geniş miqyaslı əməliyyatı həyata keçirən Kreml rəhbərliyi, əlbəttə ki, öz ideoloji maşınını tam qüvvə ilə işə salmışdı, təbliğat və təşviqatın bütün növlərindən gen-bol istifadə etməklə, azərbaycanlıların Ermənistandan ən amansız metodlarla kütləvi köçürülməsindən doğan acı təəssüratı və sarsıntını yumşaltmaq, bu özünəməxsus genosidə az-çox məqbul don geyindirmək üçün dəridən-qabıqdan çıxırdı. Bu məqsədlə, Azərbaycan K(b)P MK 13 aprel 1948-ci ildə “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-ə köçürülməsi ilə əlaqədar kütləviizahetmə işi haqqında” xüsusi qərar qəbul etmişdi (ARDSPİHA, f. l, siy. 206, iş 100, vər. 19-20).
Qərarda qeyd edilirdi ki, SSRİ Nazirlər Sovetinin Azərbaycan K(b)P MK-nın xahişi ilə qəbul edilmiş 23 dekabr 1947-ci il tarixli qərarı, guya “böyük siyasi əhəmiyyətə malik olan sənəddir və Azərbaycan SSR və Azərbaycan xalqının gələcək mədəni-iqtisadi inkişafına partiya, hökumət və şəxsən yoldaş Stalinin göstərdiyi qayğının əyani nümunəsidir”.
Digər tədbirlər sırasında, Azərbaycan SSR Maarif Nazirliyi tərəfindən Ermənistan SSR-də yaşayan kolxozçu və digər azərbaycanlı əhalinin uşaqlarının Azərbaycan dilində zəruri dərs kitabları ilə təmin edilməsi nəzərdə tutulmuşdu, habelə köçkün uşaqlarını yerlərdə vaxtında və başdan-başa məktəb təhsili ilə əhatə etmək tapşırılmışdı (b. 6); Azərkitaba və Soyuzpeçata Ermənistan SSR-in azərbaycanlı əhalisi arasında Azərbaycanda çap edilmiş dövrü nəşrləri və amansız repressiya illərində başı çox bəlalar çəkmiş azərbaycanlı əməkçilər deportasiya prosesində bir daha əmin oldular ki, Sovet hakimiyyətinə inanmaq, etibar etmək olmaz, o, insanlığın, ilk növbədə də müsəlman əhalisinin düşmənidir. Və heç bir mühazirə, şeir, kinofilm bu əqidəni sarsıda bilməzdi. Əksinə, bütün bu hay-küy, təbliğat, tədbirlər sadə kəndlilərdə şübhə oyadırdı, artıq Sovet hakimiyyətinin iç üzünə bələd olmuş əməkçilər bu gurultulu təbliğat kampaniyasının arxasında nəsə pis bir şeyin gizləndiyindən xoflanır və öz xoflarında əsla yanılmırdılar.
1948-ci ildə azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-ə köçürülməsi planına əsasən, göstərilmiş ildə köçürülməsi nəzərdə tutulmuşdu: yazda sakinlərinin ümumi sayı 6350 nəfər olan 1.159 təsərrüfat; payızda sakinlərinin sayı 4.884 nəfər olan 1.119 təsərrüfat. Cəmi: 11.244 nəfər və 2.278 təsərrüfat .
Bu planlar Ermənistan SSR-in aşağıdakı rayonlarını əhatə edirdi: Artaşiqad, Basarkeçər, Eçmiədzin, Noyemberyan, Oktemberyan, Beriya adına rayon, Vedi, Zəngibasar, Koktay və Yerevan şəhəri.
Bu plandan göründüyü kimi, azərbaycanlı əhalinin, ilk növbədə, azərbaycanlı və ermənilərin qarışıq yaşadığı rayonlardan köçürülməsi nəzərdə tutulmuşdu. Bunlar əsasən, 1918-1920-ci illərdə ərazisində azərbaycanlı əhalisinin daşnak bandaları və müntəzəm erməni hərbi hissələri tərəfindən amansızcasına qırıldığı rayonlar idi. Ermənistanda, daha doğrusu öz etnik-tarixi torpaqlarında yaşayan azərbaycanlılar istisna olmadan, bu fikirdə möhkəmlənmişdilər ki, gec-tez onların hamısı bu ərazidən köçürüləcəklər. Buna görə çoxları növbəti direktiv plan və sərəncamları gözləmədən fərdi qaydada Azərbaycana köçmək qərarına gəlmişdilər. Bu, birincisi, onlara öz şəxsi istəklərinə uyğun yer seçmək (öz qohumlarına, yerlilərinə yaxın; əlverişli təbiəti, iqlimi olan yer) ikincisi, öz əmlakını (o cümlədən evi) ona sərf edən qiymətə satmaq imkanı verirdi; üçüncüsü isə onlara elə gəlirdi ki, fərdi qaydada köçmüş olsalar, hakimiyyətin və”NKVD” orqanlarının zəhlətökən nəzarəti və “himayəsindən” yaxa qurtara bilərlər, belə ki, mütəşəkkil surətdə köçürülən azərbaycanlıların hər birinin üzərində əsl “jandarm” nəzarəti qurulmuşdu.
Ermənistandan azərbaycanlıların deportasiyası ilə yanaşı, yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi, təhsil və mədəniyyət ocaqlarının bağlanması, rayonların birləşdirilməsi əməliyyatı aparılırdı. Təkcə 1947- 1953-cü illərdə 60-dan artıq yaşayış məntəqələrinin adları dəyişdirilmişdir. Ermənistan SSR Ali Sovetinin 19 sentyabr 1950-ci il fərmanı ilə aşağıdakı dəmiryol stansiyalarının adları dəyişdirilmişdir: Kolagirən – Tumanyan, Hamamlı – Spitak, Ortakilsə – Maisyan, Tomardaş – Vardakar, Arpaçay – Axuryan, Buğdaşen – Baqravan, Qaraqula – Gedap, Ələyəz – Araqats, Boğudlu – Arteni, Qaraburun – Qarmraşen, Qamışlı – Sovetaşen, Uluxanlı – Masis, İmanşahlı – Mxçyan, Qəmərli – Artaşat, Şirazlı – Ayqavan.
Əgər 1948-1953-cü illərdə Ermənistandan 150 minə yaxın əhali deportasiya edilərək Azərbaycana köçürülməsəydi və bu köçürülmə ilə yanaşı mədəni-maarif ocaqları bağlanmasaydı, rəhbər kadrlar sıxışdırılıb çıxarılmasaydı, azərbaycanlı əhalinin təbii artımı nəticəsində 80-cı illərin sonunda Ermənistanda azərbaycanlıların sayı ermənilərin sayına yaxınlaşacaqdı. Bu təhlükəni Ermənistan rəhbərləri əvvəlcədən hiss edir və vaxtında tədbir görürdülər.
Materialın hazırlanmasında aşağıdakı mənbələrdən istifadə olunmuşdur:
1) Bəxtiyar Nəcəfov. Deporatsiya. 3-cü cild.
2) Vaqif Arzumanlı. Tarixin Qara Səhifələri
3) Nazim Mustafa. Soyqırım.