Tarix üzrə fəlsəfə doktoru, dosent, AMEA-nın Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini Ramilə Dadaşovanın “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi, siyasi və hüquqi təhlil” kitabı işıq üzü görüb.
Kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı, rəyçilər isə siyasi elmlər üzrə elmlər doktoru, professor Ramiz Sevdimalıyev, tarix üzrə elmlər doktoru Qasım Hacıyev və Türkiyə Respublikası Karabük Universitetinin professoru hüquq üzrə elmlər doktoru Ali Askerdir.
Müəllif bildirib ki, kitabı yazmadan öncə Ankarada çıxan “Armenian Studies” jurnalında 2 məqaləsi də çap olunub: “Birinci məqaləm 2017-ci ildə dərc edildi. “BMT Təhlükəsizlik Şurasının Ermənistanı təcavüzkar dövlət kimi müəyyən etməsinə əsas verən amillər” adlanırdı. Mən Ermənistanın Azərbaycana qarşı tətbiq etdiyi təcavüzkarlıq aktlarını faktlar əsasında, ayrı-ayrılıqda təhlil etdimvə nəticəyə gəldim ki, Ermənistan BMT Baş Məclisi tərəfindən qəbul edilmiş “Təcavüzün müəyyən edilməsi barədə” 1974-cü il 3314 saylı qətnamədəəksini tapmışbütün aktları Azərbaycana qarşı törədib. Bu faktlara əsaslanaraq BMT Təhlükəsizlik Şurası Ermənistanı təcavüzkar dövlət kimi müəyyən edə bilər. Qeyd edim ki, bu mövzuda 2018-ci ildə Antalyada keçirilən II beynəlxalq Türk dünyası tədris elmləri və sosial elmlər konqresində də məruzə etmişəm. Həmin konqresdə, eyni zamanda Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində uşaq hüquqlarının pozulması mövzusunda da çıxış etdim. İkinci məqaləm isə 2019-cu ildə nəşr edildi. “BMT Təhlükəsizlik Şurasının beynəlxalq terrorizmə qarşı mübarizə tədbirləri və qlobal təhlükəli erməni terrorizmi”. Məqalələrin ingilis dilində verilməsi, məncə, əhəmiyyətlidir, çünki Ankara Avropa mühiti ilə təmasda olan şəhərdir. Doktorluq dissertasiya işimdə də qarşıya qoyulan məqsəd “BMT-də hansı islahatlar aparılmalıdır ki, regional münaqişələr həll edilsin” istiqamətində tədqiqat işlərinin aparılması olmuşdu və araşdırmadan mühüm elmi nəticələr əldə edildi.
Regional münaqişələrin dinc, diplomatik yollarla həll edilməsinə maneə olan problemlərin araşdırılması aktual əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının xarici siyasətinin prioritetlərindən biri və ən vacibi Ermənistanın hərbi təcavüzü nəticəsində pozulmuş ərazi bütövlüyünün diplomatik-siyasi vasitələrlə bərpa edilməsidirvə bu mövzuda elmi əsərlərin yazılması, elmi araşdırmalar aparılması, müəyyən nəticələr əldə edilməsi, tövsiyələr verilməsi önəmlidir”.
“Siyasi cəhətdən araşdırmaq, hüquqi qiymət vermək üçün əvvəlcə mövcud problemin tarixinə nəzər salınmalıdır” – deyən müəllif ermənilərin Azərbaycan ərazisinə gəlişi mərhələlərinə də toxunub. “Bu gün Ermənistan kimi tanınan bölgə siyasi bir anlam olaraq erməni millətini deyil, coğrafi bölgəni bildirir. Friqiya tayfalarından olan ermənilər Balkanlardan köçüb gəlmişlər,antropoloji baxımdan da Cənubi Qafqaz xalqlarından fərqlidirlər. Erix Feyql yazır ki, ermənilər hay tayfalarındandır.Ermənilərin dövləti olmayıb. 1071-ci ildə Bizans məğlub edildikdən sonra Səlcuqların himayəsinə keçən ermənilər 1199-cu ildə Kilikiya çarlığını yaratsalar da, 1375-ci ildə həmin çarlığa Məmlük türkləri tərəfindən son qoyulmuşdur. Ermənilər ilk dəfə 1475-ci ildə İrəvan ərazisində görünüblər. 1820-ci ilə qədər ermənilərin köçürülməsi hissə-hissə həyata keçirilirdi. 1828-ci il Türkmənçay sülh müqaviləsi və 1829-cu il Ədirnə sülh müqaviləsindən sonra isə köçürülmə prosesi kütləvi hal aldı. Çar Rusiyasının müstəmləkə siyasətində köçürülmə siyasəti mühüm yer tuturdu. Rusiyaöz strateji planlarını reallaşdırmaq üçün erməniləri Türkiyə və İranla olan sərhədlərdə yerləşdirmək, eyni zamanda, Cənubi Qafqazda öz təsirini saxlamaq üçün milli-etnik münaqişələrdən yararlanmaq istəyirdi. Rusiya-Osmanlı müharibələrindən sonra 1853-1856, 1864-1876, 1877-1878-ci illərdə vəsonralar, 1893-94-cü illərdə Türkiyədə olan erməni qiyamlarından sonra 1894-1897-ci illərdəermənilərin kütləvi surətdə Cənubi Qafqaza, xüsusən Azərbaycanın Yelizavetpol, Qarabağ, Naxçıvan, Dərələyəz, Zəngəzur, İrəvan bölgələrinə, Tiflis quberniyasının Borçalı, Axıska, Axalkalaki qəzalarına köçürülməsi prosesi davam etdi. I Dünya müharibəsi illərində Rusiya ordusunda 300 000 erməni vuruşmaqla yanaşı, Erməni Milli Şurası Çar Rusiyası ilə birgə Türkiyəyə qarşı vuruşmaq üçün Daşnaksütun və Hnçak terror təşkilatları üzvlərindən ibarət 40 000 ermənini özündə birləşdirən onlarla könüllü dəstələr yaratmışdılar.Fransa, İngiltərə, ABŞ ordusunda daha 50 000 erməni türklərə qarşı vuruşurdu. Dörd istiqamətdə hücuma keçən erməni könüllü hərbi dəstələri Sarıqamışdan Ərzuruma qədər türklərə qarşı vuruşdular. Onlar Türkiyənin daxilində yaşayan ermənilərlə birləşib Türk dövlətini məhv etmək istəyirdilər. Ermənilər Türkiyəyə qarşı belə xəyanət etdikləri üçün müharibədən sonra orada yaşamağa ehtiyat edirdilər, buna görə həmin dövrdə də ermənilərin Cənubi Qafqaza, xüsusən də Azərbaycana miqyaslı köçü oldu.Azərbaycanlıların kütləvi formada yaşadığı yerlərdə ermənilərin sayını artırmaq məqsədilə Ermənistan 1948-1953-cü illərdə azərbaycanlıların deportasiyasını həyata keçirdi, bu proses 1956-cı ilədək davam etdi, 150 minə yaxın azərbaycanlı deportasiya edildi. Həmin yerlərə 1946-1948, 1962-1965, 1962-1973-cü illərdə, 1980-ci illərədəkdünyanın bir çox ölkələrində – Suriya, Yunanıstan, Livan, İran, Bolqarıstan, Rumıniya, Fələstin, Fransa, ABŞ, Misir, Kipr, Türkiyə, Uruqvay, Argentina və başqa ölkələrdə yaşayan təxminən130 min erməni köçdü.
Çar Rusiyasının erməniləri Qafqaza köçürməsi məsələsi ilə yanaşı kitabda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixi, 1905-1906-cı, 1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı qətliamları, Sovet dövründə Ermənistanın Azərbaycana qarşı fəaliyyəti, məqsədyönlü olaraq Ermənistandan azərbaycanlıların deportasiyası, 1988-ci ildən sonra Ermənistanın təcavüzkar siyasəti, Dağlıq Qarabağı özünə birləşdirməsi haqqında qərarı, Dağlıq Qarabağ və ətraf rayonların işğalı, əsassız ərazi iddialarını həyata keçirməsi üçün terrordan bir vasitə kimi yararlanması, Xocalı soyqırımı, Ermənistanın dünya birliyini əsl həqiqətdən, problemin mahiyyətini anlamaqdan yayındırma cəhdləri işıqlandırılıb. Eyni zamanda Türkiyənin, Rusiyanın, İranın, ABŞ-ın münaqişəyə münasibəti, BMT-nin Dağlıq Qarabağ münaqişəsi haqqında qətnamələri, münaqişəni nizama salmaq üçün ATƏT-in Minsk qrupunun fəaliyyətinin səmərəsizliyi araşdırılmış, münaqişənin nizama salınması üçün təkliflər və tövsiyələr verilmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasını BMT-nin ATƏT-ə həvalə etməsinin sülh yolu ilə həll prosesini uzatdığını bildirən müəllif vurğulayıb ki, “ATƏT-in vasitəçilik missiyası konkret nəticələr vermir. ATƏT-in Minsk qrupunun və Rusiya Federasiyasının səyləri nəticəsində yalnız atəşkəs barədə saziş imzalansa da, Böyük sülh sazişihələ də əldə edilməyib.Həmsədrlər qurumunun fəaliyyəti səmərəsizdir. 1907-ci il 18 oktyabr tarixli Beynəlxalq mübahisələrin dinc yolla tənzimlənməsi haqqında Haaqa konvensiyasının 5-ci maddəsində yazılır ki, mübahisə tərəflərindən biri barışıq təklifini qəbul etmirsə, həmin vaxtdan vasitəçinin səlahiyyətləri dayandırılır, başqa sözlə vasitəçi tərəflərdən birinə rəğbət bəsləyirsə, hüquqları pozulan digər tərəf həmin vasitəçidən imtina edə bilər”.
Müəllif tədqiqatları əsasında gəldiyi nəticələri belə ifadə edib: “BMT Təhlükəsizlik Şurası Ermənistanı təcavüzkar dövlət kimi müəyyən etməyincə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidinc yolla həllini tapmayacaq. Azərbaycan Ermənistanın təcavüzkar dövlət kimi tanınmasını tələb etsə də, münaqişə tərəflərinə tətbiq edilən “tərəflərin bərabər məsuliyyəti” münaqişənin həll edilməsinə ciddi maneə olur. BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qəbul etdiyi bütün qətnamələrdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri təsdiq edilir. Lakin heç bir qətnamədə Ermənistan təcavüzkar dövlət kimi müəyyənləşdirilməmişdir.Bu da münaqişənin nizama salınmamasının əsas səbəbidir. BMT Təhlükəsizlik Şurasının Ermənistanı təcavüzkar dövlət kimi müəyyən etməsinə və ona qarşı tədbirlər görməsinə hüquqi əsaslar var.Ermənistan Ali Sovetinin Dağlıq Qarabağı Ermənistana birləşdirməsi barədə qərar qəbul etməsi, Ermənistan parlamentinin Dağlıq Qarabağın iqtisadi inkişaf planları daxil olmaqla, Ermənistanın iqtisadi inkişafı barədə dövlət proqramı qəbul etməsi, separatçıların Ermənistan parlamentinin və hökümətinin üzvü olması, hətta separatçıların və terrorçuların hakimiyyətdə olması, Ermənistan silahlı qüvvələrinin işğalda birbaşa iştirak etməsi, Ermənistanın azərbaycanlıların soyqırımını həyata keçirməsi, hərbi əsir və girovları öz ərazisində saxlaması, Azərbaycana qarşı terror aktları həyata keçirməsi, terror yolu ilə etnik təmizləmə siyasətini həyata keçirməsi, işğal etdiyi ərazilərə erməni əhalini köçürməsi, həmin ərazilərdə olan təbii ehtiyatları istismar etməsi, yer adlarını erməni adları ilə əvəz etməsi, abidələri süni surətdə erməniləşdirməsi, “yandırılmış torpaq” taktikası və işğal etdiyi ərazilərin əksər hissəsini minalandırması, qondarma Dağlıq Qarabağ Respublikasının hətta Ermənistan tərəfindən tanınmaması, onun nəzarəti, idarəçiliyi altında olması buna hüquqi əsas verir.Təcavüzkar dövlət kimi müəyyən olunduqdan sonra isə BMT Nizamnaməsinin “Sülhə təhlükə, sülhün pozulması və təcavüz aktları ilə bağlı tədbirlər” adlanan 7-ci fəslinin 39 – 42-ci maddələri tətbiq edilməlidir. Təhlükəsizlik Şurası təcavüz aktının olmasını müəyyən edir, tövsiyələr verir, şəraitin pisləşməsinin qarşısını almaq üçün maraqlı tərəflərdən zəruri tədbirlər görməyi tələb edir. Əgər bu nəticə verməzsə, 41-ci maddə tətbiq edilir. Yəni təcavüzkar dövlətlə iqtisadi münasibətlər, dəmiryolu, dəniz, hava, poçt, teleqraf, radio və digər rabitə vasitələrinin tamamilə və ya qismən dayandırılmalı və diplomatik münasibətlər kəsilməlidir. Əgər 41-ci maddədə nəzərdə tutulan tədbirlər nəticə vermirsə, 42-ci maddə tətbiq oluna bilər, yəni Təhlükəsizlik Şurası hava, dəniz və ya quru qüvvələrinin vasitəsilə beynəlxalq təhlükəsizliyin qorunub saxlanılması tədbirlərini həyata keçirə bilər.
BMT Təhlükəsizlik Şurası vaxtında qərar qəbul edə bilmirsə, münaqişənin nizama salınmasında 5 daimi üzvün maraqları uyğun gəlmirsə, məsələ Baş Məclisdə müzakirə edilməlidir.Baş Məclisin 1950-ci il “Sülh naminə əməkdaşlıq” qətnaməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsinin Baş Məclisdə müzakirə edilməsinə hüquqi baza verir. Bu qətnaməyə əsasən hər hansı bir problem barədə Təhlükəsizlik Şurasında razılıq əldə edilməzsə, BMT silahlı qüvvələri yaradılana qədər üzv dövlətlərə müvafiq tədbirlər görmək səlahiyyəti verilir”.
Tədqiqatdan əldə edilən nəticələr kitabın sonunda azərbaycan dili ilə yanaşı ingilis və rus dillərində də verilmişdir.
Hazırladı: Aytac Hüseynova, 1905.az