Mayın 2-də Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində “Unudulmuş münaqişə: Dağlıq Qarabağda eskalasiya” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə Böyük Britaniyanın Oksford Universitetini nəzdindəki Sent Entoni Kollecinin akademik qonağı, politoloq, elmlər doktoru Leyla Əliyeva məruzə ilə çıxış edib. Rusiya və Avrasiya üzrə Proqramların direktoru Olqa Olikerin moderatorluğu ilə keçirilən diskussiyada Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Rusiya və Avrasiya üzrə proqramları direktorunun müavini, böyük elmi işçi Ceffri Mankoff da iştirak edib.
C.Mankoff öz şərhində Cənubi Qafqazda geosiyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin tərəfləri olmayan digər dövlətlərin maraqları barədə məlumat verib.
Leyla Əliyeva auditoriya qarşısında çıxış edərək Dağlıq Qarabağ münaqişəsinin spesifikası, Ermənistan-Azərbaycan qarşıdurması ətrafında yaranmış geosiyasi vəziyyətin təfsilatı barədə söhbət açıb, cari ilin aprel ayında münaqişənin eskalasiyasının nüanslarını və səbəblərini təhlil edib. O, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə danışıqlar prosesi mövzusuna toxunaraq qeyd edib ki, bu prosesdə yaranmış normativ qeyri-müəyyənlik, münaqişə tərəflərinin həm öz maraqları və mövqeləri, həm də beynəlxalq prinsiplərə barədə şərtlər irəli sürməsinə imkan verir, nəticədə tərəflər mürəkkəb vəziyyətə düşür, çünki tərəflərin hər biri öz mövqeyini dəstəkləyən arqumentlərə istinad edir. L.Əliyeva vurğulayıb ki, normativ prinsiplər beynəlxalq hüququn pozulması faktına, qaçqınlara və məcburi köçkünlərə münasibətdə ədalətin bərpa olunmasına, etnik təmizləmələrin icraçılarının pislənməsinə tətbiq edilməyib. Politoloq daha sonra qeyd edib ki, beynəlxalq təşkilatlar və ölkələr beynəlxalq səviyyədə tanınmış sərhədləri pozan tərəfə qarşı sanksiyalar tətbiq etməyiblər. L.Əliyeva Madrid prinsiplərinin boşluqlarından söhbət açaraq qeyd edib ki, danışıqlar prosesində “hərbi işğalın legitimləşdirilməsi” deyilən bir vəziyyət yaranıb, çünki keçmiş DQMV-yə bitişik və hazırda Ermənistanın nəzarəti altında olan işğal edilmiş rayonlar Yerevan tərəfindən bilavasitə alət kimi istifadə edilir. Eyni zamanda, Ermənistan BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının həmin ərazidən dərhal çıxarılmasını tələb edən dörd qətnaməsinə məhəl qoymur. Azərbaycan uzun müddət öz iqtisadi gücündən istifadə edib və kompromisə nail olmaq, Ermənistanla münasibətləri normallaşdırmaq üçün stimul kimi energetika sahəsində əməkdaşlıq təklif edib, lakin artıq bu təklifin vaxtı keçib, çünki Yerevan onu rədd edib və kənar qüvvələrdən asılı vəziyyətə qalmağa üstünlük verib.
L.Əliyeva öz məruzəsində Qərbin tərəflərə qeyri-bərabər yanaşması, o cümlədən ABŞ Konqresi tərəfindən Azərbaycana yardım göstərilməsini qadağan edən bədnam 907-ci düzəlişin qəbul edilməsi və Dağlıq Qarabağ münaqişəsi kontekstində terminologiyadan qeyri-adekvat istifadə edilməsi məsələlərinə də toxunub. Azərbaycanın Dağlıq Qarabağ regionu barəsində “mübahisəli ərazi terminindən istifadə edilməsi bu qəbildəndir, çünki həmin münaqişədə “mübahisəli ərazi” yoxdur. Keçmiş DQMV-yə bitişik işğal edilmiş rayonlar barəsində “bufer zonası” terminindən, yaxud işğal edilmiş Laçın rayonu barəsində “dəhliz” terminindən istifadə edilməsi də buraya aiddir. Politoloq vurğulayıb ki, beynəlxalq hüquqda etnik mənsubiyyət əsasında münaqişə tərəflərindən birinə əlverişli şərait yaratmaq məqsədilə “bufer zonası” və “dəhliz” yaradılması üçün ikinci tərəfin minlərlə dinc sakininin zorla köçürülməsinə imkan verən və ya buna bəraət qazandıran qanun yoxdur. L.Əliyeva sonda deyib: “Əzab-əziyyətlərə məruz qalmış insanlara münasibətdə ədalətin bərpa edilməsi üçün İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasından, Avropa İnsan Haqları Məhkəməsinin, beynəlxalq tribunalların və digər təşkilatların imkanlarından istifadə edilməlidir. Bu, münaqişənin həllinə ciddi təkan verər və danışıqlar prosesini gücləndirər”.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton