XIX əsrin əvvəllərində Rusiyanın Qafqazı ələ keçirmək üçün apardığı müharibə Gülüstan (1813-cü il) və Türkmənçay (1828- ci il) müqavilələri ilə nəticələndi. Azərbaycan torpaqları iki hissəyə bölündü.
Şimali Azərbaycan Rusiya imperiyasının tərkibinə keçdi. Çar Rusiyası qısa müddətdə (1828-1830-cu illərdə) Şimali Azərbaycan ərazilərinə Qacarlar İranı və Osmanlı Türkiyəsindən 130 mindən artıq erməni köçürdü və məskunlaşdırdı.
XIX əsrin sonlarından etibarən erməni millətçiləri Azərbaycanın əzəli torpaqları olan İrəvan, Naxçıvan, Zəngəzur və Qarabağ regionlarına yiyələnməyi planlaşdırdılar. Azərbaycanın bu regionlarında ermənilərin möhkəmlənməsi üçün həyata keçirilən etnik təmizləmə siyasəti geniş vüsət aldı. Həmin plan çar Rusiyası tərəfindən hazırlanmışdı. Bu, 1905-1906-ci illərdə türk-müsəlmanların silahlandırılmış ermənilər tərəfindən kütləvi qırğını ilə nəticələndi.
Bu zaman Avropanın “Erməni məsələsi” və Rusiyanın “Şərq məsələsi” üst-üstə düşməsi ilə Türkiyə və İranın sərhədlərində Azərbaycan torpaqları hesabına erməni dövləti yaradıldı (1918- ci il 28 may). “Ararat” Respublikası adlandırılan bu dövlət İrəvan şəhəri də daxil olmaqla Azərbaycanın 9,8 min kv. km ərazisini əhatə etdi.
Daşnaklar Rusiya dövlətinin ekspansiya siyasətinin önündə gedərək öz tarixi torpaqlarında yaşayan azərbaycanlılara qarşı planlı surətdə etnik təmizləmə, deportasiya və soyqırımı həyata keçirdilər. Belə ki, hələ 1918-ci ildə Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaranan zaman Qarabağın dağlıq hissəsindəki erməni mənşəli əhalinin müəyyən təbəqələri Azərbaycan hakimiyyətini tanımaqdan imtina etdilər. 1918-ci ildə Andronikin silahlı quldur dəstələri Qarabağa soxularaq soyqırımı törətdilər.
Daşnaklar əzəli Azərbaycan torpaqları olan Yuxarı (Dağlıq) Qarabağ ərazisini ələ keçirmək üçün müxtəlif əsassız iddialar irəli sürərək qəzalarda azərbaycanlılara qarşı işğalçı hücumları davam etdirdilər. Hücumlar öz ata-baba torpaqlarında yaşayan azərbaycanlılara qarşı İrəvan və Naxçıvandan başlayaraq davam etdirildi. Bu hərbi hücumlar azərbaycanlıların kütləvi qırğını və vandalizm aktları ilə müşayiət olundu.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra erməni millətçiləri Azərbaycanın daxili və beynəlxalq vəziyyətində yaranmış mürəkkəb, ziddiyyətli durumdan istifadə edərək, Azərbaycanın Zəngəzur və Qarabağ ərazilərini azərbaycanlılardan boşaldaraq ermənilərə məxsus bir qurum yaratmağa çalışırdılar. Lakin AXC hökumətinin barışmaz mövqeyi onların bu məqsədinin baş tutmasına imkan vermədi. (15, s 428)
Birinci Dünya müharibəsi cəbhəsindən qayıdan ruslar silahlarını ermənilərə verməsi ilə erməni-daşnakların əlinə böyük miqdarda silahın keçməsi azərbaycanlılara qarşı soyqırımın həyata keçirilməsində mühüm rol oynadı. Belə ki, Rusiyanın himayəsindən istifadə edən ermənilər bəzi Avropa dövlətlərinin siyasətindən yararlanaraq Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etdilər. Azərbaycanın Yuxarı (Dağlıq) Qarabağ regionunu ermənilərin tarixi torpaqları kimi qələmə vermək məsələsini ortaya atdılar. Ermənilərin bu əsassız ərazi iddiaları azərbaycanlıların 1918-ci il mart soyqırımına səbəb oldu. Daşnaq S.Şaumyanın göstərişi və rəhbərliyi ilə Azərbaycanın müxtəlif ərazilərində, həmçinin Qarabağda on minlərlə günahsız insan, türk-müsəlman vəhşiliklə öldürüldü. (16, s 520) Bu, Azərbaycan tarixinə 31 Mart soyqırımı kimi daxil oldu. (26)
1918-ci il may ayının sonlarında Daşnaksutyun partiyası regionda millətçi ideyalarını həyata keçirməyə başladı. Gürcü tarixçisi Qaribi 1919-cu ildə yazırdı: «Daşnaklar gəldilər milli ədavət gətirdilər, erməni-müsəlman ziddiyyətini daha da kəskinləşdirdilər». (18)
Azərbaycanda 1918-ci ilin mart-aprel aylarında soyqırımı davam etdirən daşnaklar azərbaycanlıların yaşadığı yüzlərlə kəndi dağıtdılar və yandırdılar.
Daşnaksutyun partiyasının rəhbərliyinin bu fəaliyyəti barədə 1918-ci il iyulun ortalarında Lalayan bildirirdi: «Əksinqilabi daşnak hökumətinin daxili siyasətinin mahiyyəti ölkə zəhmətkeşləri arasında milli nifrəti qızışdırmaqdan, Ermənistan ərazisində yaşayan azərbaycanlı əhalini fiziki cəhətdən məhv etməkdən ibarət idi». (25, c 79-107)
Tədqiqatlar göstərir ki, erməni millətçiləri Rusiya dövlətinin Azərbaycana qarşı ekspansiya siyasətinin önündə gedərək öz tarixi torpaqlarında yaşayan azərbaycanlılara qarşı planlı surətdə etnik təmizləmə, deportasiya və soyqırımı həyata keçirmişlər. Osmanlı imperiyasında Amerika qüvvələrinin komandanı olmuş admiral Bristol öz gündəliyində yazırdı ki, «Mən Dro ilə birlikdə xidmət etmiş öz zabitlərimin məlumatlarına əsasən bilirəm ki, müdafiəsiz kəndlər əvvəlcə bombalanır, sonra zəbt edilir, qaçıb gedə bilməmiş sakinlər vəhşiliklə öldürülür, kənd talan edilir, bütün mal-qara aparılır və sonra isə kənd yandırılırdı. … Bütün bunlar sistematik şəkildə həyata keçirilirdi». (6, s 315)
Rusiyanın hərtərəfli köməyi ilə türk-müsəlman xalqına məxsus İrəvan torpaqları hesabına “Ararat” adlı dövlət yaradan ermənilərin Azərbaycan Xalq Cümhuriyyətinə qarşı əsassız ərazi iddiaları Azərbaycanın Naxçıvan, Zəngəzur və Qarabağ torpaqlarına hərbi müdaxiləsinə səbəb oldu. İşğalçılar hərbi təcavüzü genişləndirmək üçün Qarabağda yaşayan ermənilərin separat fəaliyyətini təşkil etdilər. Azərbaycanın Yuxarı Qarabağ regionunda vəziyyət kəskin xarakter aldı. Azərbaycan dövlətinin ərazi bütövlüyünü qoruyub saxlamaq üçün 1919-cu il yanvarın 13-də Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarını əhatə edən Qarabağ general-qubernatorluğu yaradıldı. Qarabağ general-qubernatoru təyin edilmiş Xosrov Paşa bəy Sultanovun fəaliyyəti nəticəsində erməni separatizminin qarşısı alındı.
İngilis nümayəndəliyindən yardım alan (2 milyon manat pul) Andronik Ararat Respublikasının xüsusi göstərişini yerinə yetirərərək Zəngəzurda 166 azərbaycanlı kəndini dağıtdı. Azərbaycan hökuməti vəziyyəti dinc yolla qaydaya salmaq istəsə də, ingilislərin ikiüzlü siyasəti buna imkan vermədi.
Əvvəlcə müstəqil Qarabağ dövləti yaratmaq istəyən ermənilər öz gizli yığıncaqlarını keçirərək Qarabağı Ermənistana birləşdirmək məsələsini müzakirə etdilər. Hətta onlar bu məqsədlə Ararat Respublikasına göndərmək üçün nümayəndə heyəti də seçmişdilər.
X.Sultanov Yuxarı Qarabağda münaqişəni törədən yerli ermənilər deyil, Ermənistan Respublikası və Daşnaksutyun partiyasının olduğunu 17 fevral 1919-cu ildə Şuşaya gələn ingilis missiyasının rəhbərinə onların Qarabağı və Zəngəzuru Azərbaycandan ayırmaq, zəbt etmək istədiyini bildirmişdi.
A.Mikoyan RK(b)PMK-ya (V.İ.Leninə) yazdığı 22 may 1919- cu il tarixli məktubunda qeyd edirdi ki, «daşnaklar Qarabağı Ermənistana birləşdirməyə nail olmaq istəyirlər, lakin Qarabağ əhalisi üçün bu, özlərinin həyat mənbəyi olan Bakıdan məhrum olmaq və heç vaxt, heç nə ilə bağlı olmadıqları İrəvanla bağlamaq demək olardı. Qarabağın erməni əhalisi beşinci qurultayda sovet Azərbaycanını tanımağı və onunla birləşməyi qərara almışdır». (2 v 104)
Təkinskinin 1919-cu il iyunun 25-də Ermənistanın XİN-ə (224 saylı) göndərdiyi notada deyilirdi: «Qarabağın general-qubernatoru gördüyü ciddi tədbirlər nəticəsində Şuşa rayonunda qayda-qanun bərqərar olmuş, həyat normal ahəngə düşmüşdür». (23, s 75)
1919-cu il avqustun 28-də Qarabağ regionunun erməni əhalisinin nümayəndə heyəti Bakıya gələrək N.Yusifbəyliyə Yuxarı Qarabağ məsələsinin dinc yolla nizama salınmasına görə ona erməni əhalisi adından öz minnətdarlığını bildirmişdi.
Nəhayət, 1919-cu il noyabrın 23-də Tiflisdə ABŞ nümayəndələrinin vasitəçiliyi ilə mübahisəli məsələləri nizama salmaq üçün Azərbaycanla Ermənistan arasında müqavilə bağlandı. Lakin erməni millətçiləri 1919-cu il dekabrın əvvəllərində yenidən hücumlar təşkil etdilər.
1920-ci il mayın 3-də XI Ordunun silahlı dəstələri Azərbaycana soxuldu. Ruslar Qarabağda yuva salmış erməni quldur dəstələrinin bilavasitə köməyi ilə Qarabağ general-qubernatoru Xosrov bəy Sultanovu tutduğu vəzifədən uzaqlaşdırdı. Şuşa, Xankəndi və Qarabağın digər şəhərləri, kəndləri rus qoşunlarının, erməni quldur dəstələrinin nəzarəti altına keçdi. (3, v 43-44)
Baxmayaraq ki, Sultan bəy Sultanovun başçılıq etdiyi müqavimət hərəkatı ilə birgə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz-İslam ordusu 1920-ci il iyun ayının əvvəllərində Şuşanı XI Ordunun silahlı dəstələrindən təmizləyə bildi, ancaq Yuxarı Qarabağa erməni separatçılarına kömək məqsədi ilə gətirilmiş birləşmiş ordu hissələri iyunun 15-də Şuşada Sovet hökumətini bərpa etdi. (11, s 80)
Azərbaycan tərəfi sülhün şərtlərinə əməl edərək Yuxarı Qarabağdan qoşun hissələrini çıxardığı halda Ermənistan hərbi qüvvələr göndərərək ərazini zəbt etdi. O zaman Şuşada və Zəngəzurda olmuş ingilis jurnalisti Skotland-Liddel Londona məlumat verərək bildirirdi ki, «23 noyabr sazişinin ardınca, ermənilər Azərbaycan qoşunlarının getməsindən istifadə edərək xaincəsinə Qarabağda müsəlmanlar üzərinə hücuma keçdilər və qırxa qədər müsəlman kəndini dağıtdılar. Londonda erməni bürosu var. Buna bənzər təşkilatlar Fransada da, ABŞ-da da var. Ermənilərin ən çox sevdiyi metod ən alçaq reklam üçün «xristian» sözündən istifadə etməkdir. Zaqafqaziyada həqiqəti bilirlər, əgər ingilis ictimaiyyəti bilmirsə də, ingilis nazirlikləri həqiqəti bilməlidirlər». (12, s 227)
Tarixi faktlar göstərir ki, ermənilərin dünyanın müxtəlif bölgələrindən Qafqaza köçürülməsi ilə burada yaşayan yerli xalqların çətin və məşəqqətli günləri başlamışdır. Azərbaycana məxsus torpaqları zaman-zaman, hissə-hissə qoparıb Ermənistan yaradan qüvvələr təəssüflər olsun ki, bununla kifayətlənmədilər. Erməni ideoloqlarının ortaya atdığı əfsanəvi “Böyük Ermənistan” ideyası azərbaycanlıların yeni-yeni deportasiya və soyqırımına səbəb olmuşdur.
Cənubi Qafqazın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən erməni millətçiləri 1920-ci ilin sonlarında Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər.
Ermənilərin Azərbaycana qarşı heç bir əsası olmayan ərazi iddiaları, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra da davam etdirilmişdir.
Çarizmin yerində yaranmış bolşevik Rusiyası azərbaycanlılara qarşı ekspansiya siyasətini davam etdirdi. 1920-1921-ci illərdə Ermənistandan Azərbaycana 850 erməni ailəsi köçürüldü. Bunlardan 765 ailə Yuxarı Qarabağda yerləşdirildi. Onların məskunlaşdırılması və yaşaması üçün hər cür şərait yaradıldı. (4, v 190)
Ermənilər Sovet imperiyasının yaranması ilə meydana çıxan əlverişli şəraitdə inzibati ərazi məsələsi qaldıraraq, DQMV kimi nə tarixi, nə də sosial-iqtisadi əsası olmayan bir qurum yaratdılar (7 iyul 1923-cü il). Bu bolşevik Rusiyasının çar Rusiyası tərəfindən bünövrəsi qoyulmuş erməniləşdirmə siyastinin davamı idi. Bu, təbiətən aran və dağlıq hissələrdən ibarət Qarabağ regionunun dağlıq hissəsinə inzibati ərazi və ermənilərə muxtariyyət statusu verilməklə, həmçinin, Yuxarı (Dağlıq) Qarabağda yaşayan azərbaycanlıların fikri nəzərə alınmadan, onların hüquqları kobudcasına pozulmaqla yaradılmışdır. (17, s 90-92)
Dağlıq Qarabağ Muxtar Vilayətinin siyasi, sosial, iqtisadi və mədəni inkişafını təmin etmək üçün Azərbaycan hökumətinin bu bölgədə kompleks islahatlar həyata keçirməsinə, inkişaf üçün üstün şərait yaratmasına baxmayaraq, erməni separatçı və ekstremistləri öz mənfur siyasətlərindən əl çəkmədilər. Sovet hakimmiyyəti dövründə də ermənilərin vaxtaşırı baş qaldıran ərazi iddiaları 1948-1953-cü illərdə zorakı üsulla 24 rayon və İrəvan şəhərindən 150 min azərbaycanlı ailəsinin öz ata-baba yurdları – Qərbi Azərbaycandan (indiki Ermənistandan) deportasiya edilməsi ilə nəticələndi. Təkcə 1962-1973-cü illərdə xarici ölkələrdən Ermənistana 26 min erməni köçürüldü. (24, c 417-418) Bununla “Ermənistan” deyilən ərazilərdə ermənilərin sayının əsasən kənardan köçürülmə ilə mexaniki artırılması ənənəsi davam etdirildi. Əsas məqsəd xaricdən gələn ermənilər üçün yer hazırlamaq deyil, azərbaycanlıları oradan çıxarmaq idi. Bu proses Sovet imperiyası dövründə müxtəlif adlar altında davam etdirilmişdir. Ermənilər paralel şəkildə “Ermənistan” deyilən ərazilərdən azərbaycanlıları çıxarır və Dağlıq Qarabağla bağlı əsassız iddialarını reallaşdırmağa çalışırdılar. ( 1, s 280)
Deportasiya edilən azərbaycanlıların yerinə xaricdən ümumilikdə 90 mindən artıq erməni köçürülmüşdür ki, bunlar da Ermənistanın regionda həyata keçirdiyi separatçılıq işlərində fəal rol oynadılar. Ermənistan vaxtaşırı olaraq 1956, 1960, 1965- 1967 və 1977-1978-ci illərdə Azərbaycana qarşı əsassız ərazi iddialarını gündəmə gətirdi.
Dağlıq Qarabağ erməniləri özlərinin İrandakı və xaricdəki havadarlarının və imperiya rəhbərlərinin köməyilə 1986-cı ilin ortalarında separatçılıq hərəkatına yenidən başladılar. Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni əhalisinin Ermənistanla birləşmək uğrunda “Miatsum” (birləşmə) hərəkatı təşkil edildi.
1988-ci ilin əvvəllərindən isə bu intensiv hal aldı. Erməni millətçiləri Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi məsələsini yenidən qaldırdılar. Ermənistan hökuməti etnik təmizləmə məqsədilə 1988-1993-cü illərdə 250 min nəfər azərbaycanlını öz ata-baba torpaqlqrından, doğma torpaqları olan Qərbi Azərbaycandan deportasiya etdilər.
Dövlət səviyyəsində gizli dəstələr yaradan Ermənistanda 1988-ci il fevralın 19-da İrəvanda “Ermənistanda ermənilər yaşamalıdırlar”, “Ermənistanı türklərdən təmizləməli” kimi anti-türk şüarlarla mitinqlər keçirildi.
SSRİ Ali Soveti Rəyasət Heyəti Dağlıq Qarabağda vəziyyəti nizama salmaq adı altında Azərbaycanın hüquqlarını kobud surətdə pozaraq, 1989-cu il yanvarın 12-də «Azərbaycan SSR-in DQMV-də Xüsusi idarəçilik formasının tətbiqi haqqında» qərar qəbul etdi. Dağlıq Qarabağı Azərbaycandan ayıraraq sanki, neytral bir ərazi imiş kimi idarəçiliyi A.Voliskinin rəhbərliyi ilə birbaşa Moskvaya tabe olan müvəqqəti “Xüsusi İdarəçilik Komitəsi”nə həvalə edildi. (8, s 78) Burada xatırlatmaq lazımdır ki, vaxtilə – XIX əsrin əvvəllərində Rusiyanın İran və Osmanlı dövlətləri ilə hərbi əməliyyatların davam etdiyi bir vaxtda ermənilərin bölgədə möhkəmləndirilməsi üçün 1827-ci ildə general Krasovskinin rəhbərliyi ilə İrəvanın “Müvəqqəti idarəsi” adlı qurum yaradıldığı və həmin qurumda erməni arxiyepiskopu Nersesə qeyri-məhdud səlahiyyətlər verildiyi, bu qurumda azərbaycanlılarin idarəçilikdən tamamilə uzaqlaşdırıldığı, ermənilərin isə əksinə, Rusiyanın tam himayəsi altına keçirildiyi kimi bir vəziyyət yaradılmışdı. ( 10, s 377)
1989-cu il noyabrın 28-də Xüsusi İdarə Komitəsi ləğv edildi. SSRİ rəhbərliyi Azərbaycanın demokratik qüvvələrinin tələblərinin güclənməsi ilə imperiya üçün artan təhlükəni azaltmaq və əhalini sakitləşdirmək üçün Xüsusi İdarəçilik Komitəsini ləğv etsə də, bu, müsbət dəyişikliyə səbəb olmadı. Ləğv edilən Komitənin əvəzinə Azərbaycan Kommunist Partiyasının II katibi olan V.Polyaniçkonun sədrliyi ilə SSRİ Ali Soveti Xüsusi Komissiyasının nəzarəti altında Dağlıq Qarabağ üzrə Azərbaycan SSR-in Təşkilat Komitəsi yaradıldı. Bu anti-Azərbaycan siyasət nəticəsində 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti “Ermənistan SSR və Dağlıq Qarabağı birləşdirmək haqqında” qərar qəbul etdi. Xankəndidə Ermənistan bayrağı qaldırıldı. Vilayətin əksər idarə və müəssisələri Ermənistana tabe edildi. Azərbaycana qarşı Ermənistanın törətdiyi bu separatçılıq qarşıdurmanı daha da gücləndirdi.
1989-cu il dekabrın 1-də Zəngəzurun ermənilərə verilməsinin (01.12.1920) 69-cu ildönümündə Ermənistan SSR Ali Soveti Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərar qəbul etməklə, əslində, SSRİ Konstitusiyasını, eləcə də beynəlxalq hüquq normalarını və prinsiplərini kobudcasına pozaraq Azərbaycana qarşı ərazi iddiasını rəsmi şəkildə elan etdi. (20, s 608)
1991-ci ildə Ermənistan Azərbaycana qarşı açıq hərbi əməliyyatlara başladı. 1991-ci il sentyabrın 2-də erməni separatçıları Yuxarı (Dağlıq) Qarabağda qeyri-qanuni bir qurum, oyuncaq «Dağlıq Qarabağ Respublikası»nın yarandığını və müstəqilliyini elan etdilər.
1991-ci ilin payızında Rusiya Federasiyası və Ermənistan Respublikası arasında “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqında” müqavilə bağlandı.
Qeyd etmək lazımdır ki, Ermənistanın Azərbaycan ərazilərinə təcavüzünün ilk vaxtlarından 1991-ci ilin noyabr ayına qədər azərbaycanlılarla ermənilər arasında 2559 toqquşma, 318 silahlı basqın, 1388 dəfə ermənilər tərəfindən atəşə tutma halları qeydə alınmış, 1318 nəfər yaralanmışdır. Azərbaycanlılara məxsus 1134 ev və 119 digər obyekt dağıdılmışdır. Dövlət səviyyəsində terror və separatçılıq mövqeyində dayanan Ermənistan nə yolla olur-olsun Dağlıq Qarabağı Ermənistana birləşdirmək ideyasını qəbul etdirməsi münaqişənin kəskinləşməsinə səbəb oldu.
1992-ci ildə isə Ermənistan silahlı qüvvələri Yuxarı Qarabağda irimiqyaslı hərbi əməliyyatlara başladı. Ermənistan hərbi qüvvələri Dağlıq Qarabağ ərazisində 1991-ci ilin oktyabrından 1992-ci ilin yanvarınadək Cəmilli, Meşəli kəndlərini, Kərkicahan qəsəbəsini, Ağdərə rayonunun İmarət Qərvənd kəndini, Xocavənd rayonunun Axullu və Salakətin kəndlərini işğal etdi. Meşəli kəndinin könüllü döyüşçülərinin müqavimət göstərməsinə baxmayaraq, ermənilər kəndi yerlə-yeksan etmiş, dinc sakinlərdən 27 nəfəri öldürmüş, 15 nəfərdən çox adamı isə ağır yaralamışdılar. Öldürülənlər arasında azyaşlı, məktəbli və 75 yaşlı qoca da var idi. Onların 11 nəfərinin meyidi yandırılmışdı.
1992-ci il yanvarın 21-də Ermənistan hərbiçiləri Qaybalı kəndini zəbt edib yandırdılar. Onlar fevralın 12-də beş aya yaxın mühasirədə saxladıqları Quşçular və Malıbəyli kəndlərini işğal etdilər. Bu zaman 28 nəfər azərbaycanlı öldürülmüş, 39 nəfəri ağır yaralanmışdı. Fevralın 17-də isə Ermənistan hərbiçiləri strateji əhəmiyyətli ərazidə yerləşən Xocavənd rayonunun Qaradağlı kəndini işğal etdilər. İşğalçılar Qaradağlı kəndinin 92 nəfər müdafiəçisini, 54 nəfər dinc sakinini öldürdülər, 117 nəfərini girov götürdülər və onlardan 77 nəfərini qətlə yetirdilər, 6 nəfəri diri-diri yandırdılar.
1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni hərbi qüvvələri Rusiya Federasiyasının Xankəndidə (Stepanakertdə) yerləşən silahlı qüvvələrinin 366-cı alayının köməyi ilə Xocalı soyqırımını törətdilər. Xocalı soyqırımı zamanı 613 nəfərdən artıq Xocalı sakini məhv edilmişdir. Onların 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca idi. 8 ailə tamamilə məhv edilmişdir; 27 ailənin yalnız 1 üzvü sağ qalmışdır; 56 insan işgəncə ilə öldürülmüşdür; 25 uşaq hər iki valideynini itirmişdir; 130 uşaq valideynlərindən birini itirmişdir; 230 ailə öz başçısını itirmişdir; 487 insan şikəst olmuşdur. Onlardan 76-sı həddi-buluğa çatmamışlardır; 1275 insan əsir götürülmüşdür; 1165 nəfər girovluqdan azad edilmiş, 150 nəfər itkin düşmüşdür.
Ermənistan Respublikası tərəfindən 1992 – ci ildə işğal edilmiş Xocalı şəhərinin sağ qalmış əhalisi Azərbaycanın 48 rayonunda müvəqqəti sığınacaq tapmışdır.
Xocalı soyqırımı baş verəndən sonra ingilis jurnalisti Tomas De Vala verdiyi müsahibəsində Ermənistanın indiki prezidenti S.Sarkisyan bildirmişdi ki, “Azərbaycanlılar erməniləri yaxşı tanımırdılar. Onlar elə bilirdi ki, biz dinc əhaliyə əl qaldırmarıq, ancaq onlar yanılırdılar. Biz bu stereotipi aradan qaldırdıq… Məhz bu baş verdi”. (5, s 38)
Ermənistan hərbi qüvvələri 1992-1993-cü illərdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisini və digər 7 rayonunu – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilanı – Azərbaycan Respublikası ərazisinin 20 %-ni işğal etdi. Bu ərazilər hələ də Ermənistan Respublikasının işğalı altındadır. Azərbaycan xalqı 30 min azərbaycanlının ölümünə, 1 milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrilməsinə səbəb olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq müstəvisində, respublikamızın ərazi bütövlüyü çərçivəsində həllini gözləyir. ( 9, s 210-224)
Ermənistan Respublikası işğalçı müharibə nəticəsində Azərbaycan Respublikasının 360 km-lik sərhədini pozmuş, Füzuli rayonundakı Horadiz qəsəbəsindən Zəngilanadək 198 kilometrlik Azərbaycan-İran sərhədini nəzarət altına almışdır. Erməni işğalı nəticəsində Dağlıq Qarabağın 2 şəhər, 1 qəsəbə, 53 kəndində yaşayan 50 minədək azərbaycanlı öz doğma torpaqlarından, ev-eşiyindən qovulub çıxarılmışdır. (21, s 79)
Ermənistanın hərbi təcavüzü ilə yaranmış Qarabağ müharibəsində 1991-1994-cü illər ərzində 25 mindən artıq azərbaycanlı həlak olmuş, 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. Bu mənfur müharibə dövründə 4852 nəfər (o cümlədən, 54 uşaq, 323 qadın, 410 qoca) azərbaycanlı itkin düşmüş, onlardan 1368 nəfəri (o cümlədən 169 uşaq, 338 qadın, 286 qoca) əsirlikdən azad edilmiş, 783 nəfəri (o cümlədən 18 uşaq, 46 qadın, 69 qoca) bu günədək Ermənistanda əsirlikdədir. (7)
Tədqiqatlar göstərir ki, münaqişə zamanı 6 mindən çox Azərbaycan vətəndaşı itkin düşmüş, əsir və girov götürülmüşdür. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə (2016-cı il 1 yanvarın) 4013 Azərbaycan vətəndaşının itkin düşdüyü təsdiqlənmişdir. Ermənilərin əsir götürdüyü 1434 nəfər Azərbaycan vətəndaşı azad edilmişdir. Həmin əsirlərin 169 nəfəri uşaq, 338 nəfəri qadın, 246 nəfəri qocalardır. İtkin düşmüş 4013 vətəndaşdan ən azı 877 nəfərin (onlardan 27 nəfər uşaq, 99 nəfər qadın, 133 nəfər qocalar) ermənilər tərəfindən əsir, yaxud girov götürülməsi faktları beynəlxalq təşkilatlardan, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsindən gizlədilmişdir. Əsir və girovluqda olan 554 nəfər Azərbaycan Respublikasının vətəndaşı ermənilər tərəfindən qətlə yetizilmiş və ya müxtəlif səbəblərdən vəfat etmişdir.
Ermənistanın təcavüzü nəticəsində Azərbaycan Respublikasına külli miqdarda maddi zərər dəymişdir. Azərbaycan Respublikasına məxsus 900 şəhər, kənd və qəsəbə, 130 939 yaşayış evi, 7000 ictimai bina, 1025 məktəb, 855 uşaq bağçası, 798 səhiyyə ocağı, 927 kitabxana, 44 məbəd, 9 məscid, 9 tarixi yer, 464 tarixi abidə və muzey, 40 000 muzey eksponatı, 2 389 sənaye və kənd təsərrüfatı obyekti, 5 168 km avtomobil yolları, 348 körpü, 7 568 km su kəməri, 2 000 km qaz xətti, 76 940 km. elektrik xətti, 156 min ha əkin sahəsi, 280 000 ha meşə, 1000 000 ha məhsuldar torpaq, 1200 km irriqasiya sistemi Ermənistan hərbi qüvvələri tərəfindən zəbt edildi, qarət edildi, yandırıldı, dağıdıldı, məhv edildi. (14, s 9)
Ermənistanın müasir siyasi fəaliyyətində beynəlxalq erməni diaspor təşkilatları ilə əlaqəli şəkildə təhdid üsullarından istifadə etmək əsas yer tutur. Bu fəaliyyətdə isə əsasən terrordan istifadə etmək nəzərdə tutulmuşdur. Tədqiqatlar göstərir ki, erməni diaspor təşkilatlarının çoxu beynəlxalq terrorizmin tərkib hissəsini təşkil edir. (22, s 205-213)
Marseldə 1885-ci ildə yaradılmış “Armenakan”, Cenevrədə 1887-ci ildə yaradılmış “Hınçaq”, Tiflisdə 1890-cı ildə yaradılmış “Daşnaksütyun” partiyaları yüz ildən artıqdır ki, fəaliyyət göstərir. Erməni diaspor təşkilatlarının əsas fəaliyyət istiqamətlərindən biri olan “Böyük Ermənistan” yaratmaq iddialarını həyata keçirmək üçün hər cür vasitədən, hətta terrordan istifadə edilir. Onlar bu siyasəti həyata keçirmək üçün terrordan geniş istifadə edilməsini nizamnamə və fəaliyyət proqramlarına da daxil etmişlər.
Erməni diaspor təşkilatları, xüsusilə də “Daşnaksütyun” partiyası tərəfindən XX əsrdə bir sıra erməni terror qrupları yaradılmışdır ki, bunlar da keçən əsrin 70-80-ci illərində çoxlu sayda terror hadisəsi törətmişlər.
Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni diasporunun və Ermənistan dövlətinin maliyyə və təşkilati yardımı ilə aparılan anti-Azərbaycan siyasəti erməni terrorçu təşkilatlarının bir nömrəli işinə çevrilmişdir. Bu təşkilatların XX əsrin 80-ci illərinin ikinci yarısından başlayaraq həyata keçirdikləri terror aktları intensivləşmişdir. Ermənistanın xüsusi xidmət orqanları Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonunun işğalı zamanı xüsusi rol oynamışdır. Onlar azərbaycanlılar arasında kütləvi vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədi ilə hətta hərbi əməliyyatların getdiyi ərazilərdən aralıda yerləşən Azərbaycan şəhər və rayonlarında terror aktları təşkil etmiş, nəticədə minlərlə günahsız insan həlak olmuşdur. Bütün bunlar, bir qayda olaraq, Ermənistan tərəfindən təşkil və müdafiə edilmişdir.
- 19 yanvar 1990-cı ildə Ermənistanın Ararat rayonunun Yeraxs kəndi tərəfindən Naxçıvan MR-ın Şərur rayonunun Sədərək qəsəbəsinə silahlı basqın edilmişdir.
- 13 fevral 1990-cı ildə Yevlax-Laçın yolunun 105-ci kilometrində Şuşa Bakı reysi ilə hərəkət edən marşrut avtobusu partladılmışdır.
- 11 iyul 1990-cı ildə Ağdərə rayonunun Qetavan və Çiraqkər kəndləri arasında maşın karvanına basqın edilmişdir.
- 11 iyul 1990-cı ildə Ağdərə rayonunda bir qrup erməni terrorçusu tərəfindən Kəlbəcərə gedən avtomaşın karvanı silahlı basqına məruz qalmış, 10 avqust 1990-cı ildə «Tibilisi-Ağdam» marşrutu üzrə hərəkət edən sərnişin avtobusu, 15 sentyabr 1990-cı ildə Xankəndi şəhərində DQMV radio televiziya mərkəzini partlatmışdır.
- 9 yanvar 1991-ci ildə Laçın-Şuşa yolunun 5-ci kilometrində erməni terrorçuları tərəfindən «Molodyoj Azərbaydjana» qəzetinin müxbiri Salatın Əsgərova qətlə yetirilmişdir.
- 12 yanvar 1991-ci ildə Yevlax-Laçın yolunun 103-cü kilometrində 5471 saylı hərbi hissəsinin avtomaşınına silahlı basqın edilmiş, SSRİ DİN-də DQBİ-in əməkdaşı polkovnik V. Qriqoryev öldürülmüşdür.
- 14 mart 1991-ci ildə Əsgəran rayonunun Xramort kəndi yaxınlığında Ağdam-Şuşa marşrutu ilə hərəkət edən avtobus erməni terrorçuları tərəfindən avtomatlardan atəşə tutulmuşdur.
- 30 may 1991-ci ildə Dağıstanın Xasavyurd stansiyası yaxınlığında «Moskva-Bakı» qatarı partladılmışdır.
- 31 iyul 1991-ci ildə Dağıstan-Temirtau stansiyası yaxınlığında «Moskva-Bakı» sərnişin qatarları partladılmış, nəticədə 16 nəfər həlak olmuş, 22 nəfər yaralanmışdır.
- 20 noyabr 1991-ci ildə Xocavənd rayonu Qarakənd kəndi yaxınlığında erməni terrorçuları tərəfindən «Mi-8» vertolyotu vurulmuşdur.
- 28 yanvar 1992-ci ildə erməni terrorçuları tərəfindən Şuşa şəhəri yaxınlığında Ağdam-Şuşa marşrutu ilə uçan mülki vertolyot vurulmuş, əsasən qadın və uşaqlardan ibarət olan 41 sərnişin, həmçinin heyətin 3 üzvü həlak olmuşdur.
- 28 fevral 1993-cü ildə Dağıstanın Qudermes stansiyası yaxınlığında Kislovodsk-Bakı sərnişin qatarı partladılmışdır.
- 02 iyun 1993-cü ildə Bakı şəhər dəmiryol vağzalının ehtiyat yollarında sərnişin vaqonu partladılmış, dövlətə külli miqdarda ziyan dəymişdir.
- 01 fevral 1994-cü ildə Bakı şəhərinin dəmiryolu vağzalında Kislovodsk-Bakı sərnişin qatarı partladılmış, nəticədə 3 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır. 09 fevral 1994-cü ildə Xudat stansiyasında dəmiryol vaqonu partladılmışdır.
- 18 mart 1994-cü ildə Xankəndidə erməni terroçuları tərəfindən diplomatlar və onların ailə üzvlərinin uçduğu İran HHQ-nə məxsus «Herkules» təyyarəsi vurulmuş, nəticədə 34 nəfər həlak olmuşdur.
- 19 mart 1994-cü ildə Bakı şəhəri «20 Yanvar» metro stansiyasında qatar partladılmış, nəticədə 14 nəfər həlak olmuş, 49 nəfər yaralanmışdır.
- 13 aprel 1994-cü ildə Dağıstan Respublikasının «Dağıstanski oqni» stansiyasında Moskva-Bakı sərnişin qatarı partladılmış, 6 nəfər həlak olmuş, 3 nəfər ağır yaralanmışdır.
- 03 iyul 1994-cü ildə Bakı metrosunun «28 May» və «Gənclik» stansiyaları arasında qatar partladılmış, nəticədə 14 nəfər həlak olmuş, 54 nəfər yaralanmışdır.
Erməni terrorizminə dəstək məqsədilə milyonlarla vəsaitin Dağlıq Qarabağdakı terrorçu qruplaşmaya, millətçi ekstremistlərə ötürülməsi nəticəsində çoxsaylı terror aktları həyata keçirilmişdir.
Acınacaqlı hallardan biri də odur ki, separatizm, ekstremizm və terrorizm yuvası olan Ermənistana dəstək verən maliyyə resursları barədə məlumatlar məxfi saxlanır. Səbəbi də odur ki, həmin fondlar və maliyyə resursları böyük dövlətlərə məxsusdur. Bu dövlətlər belə çirkin fəaliyyətdə iştiraklarını ört-basdır etmək üçün belə edirlər.
Ermənistan hazırda təkcə Azərbaycana qarşı deyil, regionda digər dövlətlərə qarşı da ekstremist və separatçı siyasət həyata keçirir. Azərbaycanın Dağlıq Qarabağ regionunda olduğu kimi Gürcüstanın Cavaxetiya bölgəsində də ermənilərin analoji fəaliyyəti davam edir.
Ermənistanın və erməni icmalarının Azərbaycana, Gürcüstana, Türkiyəyə qarşı irəli sürdüyü ərazi iddiaları, Ukrayna (Lvov və Krım bölgəsində) və Rusiyanın da (Rostov-Don) bölgələrinə qarşı marağının olduğu bir separatizmin nə ilə bitəcəyini demək çətindir. Hər hansı bir dövlətin bu separatizm, ekstremizm və terrorizm ilə üzləşməyəcəyinə zəmanət vermək mümkün deyil.
Beləliklə, Cənubi Qafqaza XIX əsrdən köçürülmüş ermənilərin müxtəlif böyük dövlətlərin irticaçı qüvvələri və bəzi mürtəce təşkilatlar tərəfindən idarə edilən Ermənistanın separatçı, ekstremist və terrorçuluq hərəkətləri Azərbaycan xalqına böyük bəlalar gətirmişdir.1918-ci ildə Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaranan zaman yeni yaranmış erməni dövlətinin ekstremist dəstələri Azərbaycana soxulub soyqırımı törətdilər. Ermənilər Azərbaycana qarşı əsassız ərazi iddiaları qaldırıb Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasına nail oldular (1923-cü il). Sovet hakimmiyyəti dövründə ermənilərin vaxtaşırı baş qaldıran əsassız ərazi iddiaları 1948- 1953-cü illərdə zorakı üsulla 150 min nəfər azərbaycanlının öz ata-baba yurdları – Qərbi Azərbaycandan (indiki Ermənistandan) deportasiya edilməsi ilə nəticələndi. XX əsrin 80-ci illərinin ikinci yarısından başlayaraq bu proses intensiv hal aldı.1988-ci ilin əvvəllərindən erməni millətçiləri əsassız ərazi iddialarını – Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi məsələsini yenidən qaldırdılar. 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti “Ermənistan SSR və Dağlıq Qarabağı birləşdirmək haqqında” qərar qəbul etdi. Ermənistan hökuməti etnik təmizləmə məqsədilə 1988-1993-cü illərdə 250 min nəfər azərbaycanlını öz ata-baba yurdlarından, dogma torpaqları olan Qərbi Azərbaycandan deportasiya etdilər. Azərbaycanın Xankəndi şəhərində Ermənistan bayrağı qaldırıldı. Vilayətin əksər idarə və müəssisələri Ermənistana tabe edildi. Dövlət səviyyəsində separatizm, ekstremizm və terrorizm mövqeyində dayanan Ermənistan nə yolla olur olsun Dağlıq Qarabağı Ermənistana birləşdirmək ideyasını qəbul etdirməsi münaqişənin kəskinləşməsinə səbəb oldu. Ermənistan hərbi qüvvələri Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisini və digər 7 rayonunu işğal etdi. Bu ərazilər hələ də Ermənistan Respublikasının işğalı altındadır. Ermənistan xalqı 25 mindən artıq azərbaycanlının ölümünə, 1 milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrilməsinə səbəb olmuşdur. Onlar Azərbaycan şəhər və rayonlarında terror aktları təşkil etmiş, nəticədə minlərlə günahsız insan həlak olmuşdur. Bunların bir daha təkrar olunmaması üçün beynəlxalq səviyyədə ciddi tədbirlər görülməsinə böyük ehtiyac olduğunu bir daha diqqətə çatdırmağı vacib bilirik. Ermənistan hazırda təkcə Azərbaycana qarşı deyil, regionda digər dövlətlərə qarşı da geniş miqyasda ekstremist və separatçı siyasət həyata keçirir. Azərbaycanın Dağlıq Qarabağ regionunda olduğu kimi Gürcüstanın Cavaxetiya bölgəsində də ermənilərin analoji fəaliyyəti davam edir. Bütün bunlar Ermənistanın terror və separatizmə marağını artırır. Ona görə ki, onların yaşamını təşkil edən əsas məharətləri mənfur xislətləri və çox mürəkkəb xarakterləridir.
Ədəbiyyat:
- Arzumanlı V., Mustafa N. Tarixin qara səhifələri. Deportasiya. Soyqırım. Qaçqınlıq. Bakı: Qartal, 1998, 280 s.
- ARSPİHDA.fond1, siyahı 74, iş 35, vər.104
- ARSPİHDA, fond 27, siyahı 2, iş 54, vər. 43-44.
- ARDA, fond 27, siyahı 1, iş 649, vər. 190.
- Ваал Т. Черный Сад. Армения и Азербайджан между миром и войной. Москва, 2005, с. 38.
- Briztol War Diary.14 august 1992, US 867.000/1540, 14 August 1992, US 867.000/1540
- Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan Respublikasında olan qaçqınlar, məcburi köçkünlər, həmçinin “qaçqın” statusu almaq niyyətində olan (3-cü ölkələrdən olan sığınacaq axtaran) şəxslər, onların sosial təminatının yaxşılaşdırılması sahəsində görülən tədbirlər və mövcud problemləri haqqında məlumat. // Məlumat Azərbaycan Respublikası Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin arayışından götürülmüşdür.
- Hacıyev Q. Heydər Əliyevin Dağlıq Qarabağa erməni iddialarına qarşı mübarizəsi. Elmi red. akademik İ.Hacıyev. Bakı, Təknur, 2014, 266 s., s.78
- Hacıyev Q. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın Qarabağ regionuna dəymiş ziyan // Azərbaycanın müstəqillik dövrü tarixi. I c., Bakı, Turxan MPB, 2017, s.210-224
- İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi. Bakı, Çaşıoğlu, 2009, 576 s., s.377
- İmanov R.Azərbaycanın ərazi bütövlüyünə qəsd – qondarma Dağlıq Qarabağ Muxtar Vilayəti. Bakı, 2005
- Köçərli T.K. Yaddan çıxmaz Qaarabağ, Nəqşi-Cahan Naxçıvan. Bakı, Elm nəşriyyatı, 1998.
- Qaçqınlıq (Elmi redaktoru: Teymur Əhmədli). Bakı: Qartal, 1998, 280 s.
- Qaçqın və məcburi köçkünlərə dövlət qayğısı (2003-2013). Bakı, Dövlət Komitəsi, 2013.
- Qasımlı M. Ermeni sorunu ve büyük devletler (1724-1920). Ankara, Astana yayınları, 2014, 480 s.
- Qasımlı M. Ermənistanın sovetləşdirilməsindən Azərbaycan ərazilərinin işğalınadək erməni iddiaları: tarix-olduğu kimi (1920-1994-cü illər). Bakı, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, 2016, 520 s.
- Qasımlı M. Azərbaycan Respublikasının xarici siyasəti (1991-2003) I hissə. Bakı, 2015, 648 s., s.90-92
- Qаribi. Qızıl кitаb. Tiflis, 1921.
- Məmmədli A. Ermənilərin gerçək tarixi. Bakı, Elm, 2005, 436 s., s. 315
- Mirzəzadə A.Qarabağ düyünü. Bakı, Azərbaycan, 2012, 608 s.
- Süleymanov E., Süleymanov V.Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri. Bakı, 2012, s.79.
- Sevdimalıyev R. Dünya terror birliyinin formalaşmasında erməni terror təşkilatlarının rolu // Dirçəliş XXI əsr, 2004, dekabr-yanvar, № 82-83, s. 205-213
- Təkinskinin 1919-cu il iyunun 25-də Ermənistanın XİN-ə (224 saylı) göndərdiyi nota // AR DSPİHA. F.1, s.75
- История Армянского народа. Эриван, 1980.
- Исторические записки. Москва, Наука, 1938, с.79-107 26. Azərbaycanlıların soyqırımı haqqında Azərbaycan Respublıkası prezidentinin Fərmanı (1998) https://az.wikisource.org/ wiki
Qasım Hacıyev
AMEA-nın Qafqazşünaslıq İnstitutu,
“Ermənişünaslıq” şöbəsinin müdiri, tarix elmləri doktoru
“ERMƏNİSTANIN İŞĞALÇI SİYASƏTİNİN İFŞASI (MƏQALƏLƏR TOPLUSU)”, BAKI – 2019, s.47-66