Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllindən yayınmaqla destruktiv mövqe tutması Cənubi Qafqazda sabitlik, təhlükəsizlik, iqtisadi inkişaf və qarşılıqlı faydalı inteqrasiya prosesi üçün başlıca təhdid olaraq qalmaqdadır. Rəsmi Yerevanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvo vəziyyətinin cidd-cəhdlə saxlanılmasına yönəlik səyləri son nəticədə bu ölkəni siyasi, iqtisadi və sosial sahələrdə acınacaqlı vəziyyətə salmışdır.
Sirr deyil ki, beynəlxalq münasibətlər sistemində Ermənistan hələ də mövqesiz, potensialı olmayan və perspektivsiz, böyük güclərin siyasi iradəsindən asılı “əyalət” kimi tanınır, müstəqil daxili və xarici siyasətə malik olmaması üzündən suveren subyekt qismində ciddi qəbul olunmur. Eyni zamanda, işğalçılıq siyasətinin, qonşu dövlətlərə ərazi iddialarının “milli maraqlar”, ümummilli ideologiya səviyyəsinə qaldırılması burada böhran vəziyyətini kritik həddə çatdırmışdır.
İşğalçı dövlət düşdüyü iqtisadi-sosial böhrandan çıxış yollarını arayır. Ermənistanın praqmatik düşüncəli siyasətçiləri aydın dərk edirlər ki, hazırda işğalçı ölkə üçün ən böyük təhlükə və onun ətraf aləmdən tamamilə təcrid olunmasının səbəbi münaqişənin həllində rəsmi Yerevanın tutduğu destruktiv mövqeyə, Azərbaycan ərazilərinin işğalı və Türkiyəyə qarşı əsassız torpaq və qondarma “erməni soyqırımı” iddialarına adekvat reaksiyadır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllində rəsmi Yerevanın kompromissiz mövqeyi isə bu izolyasiyanın davamlı və daha təsirli xarakter almasına səbəb olmuşdur. Təcavüzkar Ermənistanın bütün regional layihələrdən məqsədli şəkildə təcrid olunması ölkədə sosial narazılığı dərinləşdirməklə əhalinin həyat tərzinə böyük mənfi təsir göstərmiş, kütləvi miqrasiyanın miqyasını ildən-ilə artırmışdır.
Azərbaycan və Türkiyəni işğalçı Ermənistanın davamlı olaraq izolyasiya vəziyyətində saxlamaqda qınamaq İkinci Dünya müharibəsi illərində SSRİ və Almaniya arasında ticarət əlaqələrinin qurulması zərurəti və ya faşizm tapdağı altında olan Fransa və Üçüncü Reyx arasında iqtisadi əməkdaşlıq haqqında müqavilənin bağlanması qədər absurddur. Onu da xüsusilə qeyd etmək lazımdır ki, Ermənistandakı cinayətkar rejimin mahiyyəti və məqsədləri, erməni xalqının düşdüyü ağır durumdan şəxsi maraqları üçün istifadə etməsi Ermənistan ictimaiyyətinin hakimiyyətə qarşı siyasi fəallığının artmasına getdikcə zəmin yaratmışdır. Bir müddət əvvəl “Armenia Today” saytında dərc edilən məqaləyə əsasən, Ermənistanın öz xarici siyasətini populist iddialar üzərində qurması rəsmi Yerevanı beynəlxalq dəstəkdən məhrum etmişdir. Məqalədə bildirilirdi ki, Serj Sarkisyanın yürütdüyü siyasət nəticəsində beynəlxalq aləmdə Ermənistana olan inam kəskin şəkildə azalmışdır. Ölkədə iqtisadi vəziyyətin acınacaqlı olması və göndərilən yardımların korrupsiya nəticəsində məmurlar tərəfindən mənimsənilməsi Avropa dövlətlərində Serj Sarkisyanın dövlətə deyil, cinayətkar qruplaşmaya rəhbərlik etməsi rəyini formalaşdırmışdır.
Azərbaycanın və qardaş Türkiyənin Ermənistana yönəlik iqtisadi blokada siyasətinin hədəfi isə münaqişədən zərər çəkən, səfalət və yoxsulluq içərisində yaşayan, ölkəni tərk etmək məcburiyyətində qalan erməni xalqı deyildir. Hədəf Ermənistan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq hüquq normalarına riayət etməsidir. Digər tərəfdən, Azərbaycan Respublikası BMT Təhlükəsizik Şurasının Ermənistana qarşı tətbiq etməli olduğu iqtisadi sanksiyaları həyata keçirmişdir. Bu blokadanın mahiyyətində işğalçı Ermənistan rejimini sülhə məcbur etmək, hərbi əməliyyatlara əl atmadan münaqişəni danışıqlar yolu ilə nizamlamaq prinsipi dayanır. Ümummilli lider Heydər Əliyevin ən mötəbər beynəlxalq təşkilatlarda etdiyi bütün çıxışların, bəyanatların da mahiyyətində Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olması, Azərbaycanın torpağında heç vaxt ikinci erməni dövlətinin yaranmasına yol verilməyəcəyi, dövlətimizin bütün potensialından – diplomatik, siyasi, iqtisadi, hərbi imkanlarından istifadə edərək torpaqlarını işğaldan azad edəcəyi fikri dayanır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllinin uzanmasını, status-kvonun saxlanılmasını guya rəsmi Yerevanın maraqlarına xidmət etməsi barədə işğalçı dövlətdə yayılan təsəvvürlərin yanlış olduğunu dəfələrlə vurğulamışdır. Münaqişənin hələ də tənzimlənməməsinin əsas səbəblərini açıqlayan Prezident İlham Əliyev bildirmişdir: “Erməni tərəfi nizamlama prosesini hər vasitə ilə yubatmağa cəhd edir. Artıq razılaşdırılmış məsələlər yenidən Ermənistan tərəfindən müzakirə mövzusu kimi irəli sürülür. Bununla da bu prosesi sonsuzluğa qədər uzatmaq cəhdləri açıq-aydın görünür. Başlıca səbəb də bundadır”.
Digər səbəb isə beynəlxalq təşkilatların ikili standartlardan çıxış etməsi, öz qərarlarına laqeyd yanaşmasıdır. Ermənistan Respublikasının BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməməsini, ATƏT-in Minsk qrupunun isə bununla bağlı heç bir adekvat qərar qəbul etməməsini dəfələrlə diqqətə çatdıran Prezident İlham Əliyev bəyan etmişdir ki, “Azərbaycan problemin heç zaman “mövcud reallıqlar” əsasında həlli variantı ilə razılaşmayacaq və torpağının bir qarışını belə heç kimə verməyəcəkdir”.
Bütün bunlar Ermənistanda mövcud siyasi qüvvələr arasında rəqabəti dərinləşdirməklə onların hakimiyyət uğrunda mübarizəsini daha da kəskinləşdirmiş, koalisiyaların yaranmasına təsirsiz ötüşməmiş, təkcə ölkə daxilində deyil, onun hüdudlarından kənarda – xaricdəki qlobal güc mərkəzləri arasında siyasi dəstək axtarışına istiqamətləndirmişdir. Bu baxımdan, Ermənistanda parlament seçkiləri ərəfəsində yenidən siyasi gündəmə gələn, hakimiyyət uğrunda mübarizəyə fəal şəkildə qoşulan sabiq prezident, Erməni Milli Konqresi Partiyasının lideri Levon Ter-Petrosyan son çıxış və bəyanatları ilə diqqət çəkməkdədir.
Bu gün işğalçı Ermənistan hərbi, siyasi və iqtisadi təhlükəsizliyini öz gücünə təmin etmək imkanına malik olmadığını açıq şəkildə bildirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu məsələni dəfələrlə vurğulamış və bildirmişdir ki, bu həqiqət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olan bütün tərəflərə məlumdur: “Ancaq bu gün Ermənistan məcburdur ki, özü bunu etiraf etsin. Bizim qarşımızda nə qədər aciz, nə qədər gücsüz olduğunu, qorxu içində yaşadığını etiraf etsin. Mən bir dəfə demişəm ki, erməni xalqı bizdən qorxmamalıdır, öz rəhbərliyindən qorxmalıdır”.
Serj Sarkisyan rejiminə müxalifətdə olan bütün siyasi qüvvələrin birliyinin zərurətini “ümumxalq hərəkatı” kimi dəyərləndirən L.Ter-Petrosyanın Ermənistan Milli Konqresinin ötən ilin dekabr ayının əvvəllərində keçirilmiş ikinci qurultayındakı geniş çıxışı həm Ermənistan, həm də Azərbaycan ekspertləri tərəfindən birmənalı qarşılanmamışdır. Bu çıxışda praqmatik siyasi düşüncə, ictimai rəyə təsiretmə təzahürləri özünü aydın büruzə versə də, faktiki olaraq onun hakimiyyətə doğru siyasi fəaliyyətində proqram xarakteri daşımaqdadır. Bundan başqa, S.Sarkisyanın pafoslu militarist şüarlarının əksinə olaraq, Levon Ter-Petrosyan Ermənistan Milli Konqresinin qarşıdakı parlament seçkilərinə “Sülh. Barışıq. Mehriban qonuşuluq” devizi altında getdiyini və mövcud rejimə müxalif olan bütün siyasi qüvvələrlə ittifaq qurmağa hazır olduğunu bəyan etmişdir.
Ermənistanın indiki rəhbərliyini xalqın rifahından daha çox öz maraqları və hakimiyyətlərinin təhlükəsizliyi düşündürür. “Qarabağ klanı”ndan olan sabiq və indiki rəhbərlərlə müqayisədə reallıqları daha düzgün dəyərləndirməyi bacaran Levon Ter-Petrosyan ölkənin üzləşdiyi sosial, siyasi və iqtisadi problemləri, xüsusilə Ermənistanın iqtisadi blokadasını aysberqlə müqayisə etmişdir. Belə ki, “aysberqin görünən tərəfi” total korrupsiya, milli sərvətlərin talan edilməsi nəticəsində əhalinin acınacaqlı həyat tərzi, yoxsulluq, kütləvi miqrasiya, ordunun döyüş qabiliyyətinin aşağı olması, qeyri-qanuni seçkilər, demokratiya və insan hüquqlarının pozulmasıdırsa, “görünməyən tərəfi” məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanılması və “yüz il bundan sonra da blokada şəraitində “inkişafın” təmin olunmasıdır”.
O da məlumdur ki, Ermənistanın onsuz da zəif olan iqtisadiyyatı xarici təsirlərə və təhdidlərə qarşı həssasdır. 2009-cu ildə dünyada cərəyan etmiş qlobal iqtisadi böhran nəticəsində ölkə iqtisadiyyatının rəsmi rəqəmlərə görə, 20 faizlik tənəzzülünün nəticələri hələ də aradan qaldırılmamışdır. Həlli mümkünsüz olan iqtisadi çətinliklər isə əhali arasında təbəqələşməni, yoxsulluğun səviyyəsini artırmış, total sosial narazılığa səbəb olmuşdur. Serj Sarkisyan rejimi böhrandan çıxış yollarını axtarmaq əvəzinə yenidən hərbi ritorikanı gündəmə gətirərək ən müxtəlif yollar və bəhanələrlə erməni ictimaiyyətinin diqqətini cinayətkar hakimiyyətdən yayındırmaq niyyətindədir. Azərbaycanın təşəbbüsü ilə reallaşan bütün transsərhəd layihələrdən kənarda qalan Ermənistanın Rusiya və İranla iqtisadi əlaqələri genişləndirmək cəhdləri də iflasa uğramaqdadır. Onun izolyasiyadan qurtulmaq üçün Ermənistan-İran dəmir yolu xəttinin çəkilişi, Araz çayı üzərində su elektrik stansiyasının tikintisi məhz perspektivsizliyi üzündən indiyədək reallaşa bilməmişdir.
İlk növbədə qeyd etmək lazımdır ki, siyasi ritorika, Ermənistan siyasətçilərinə xas olan ənənəvi populizm elementləri də daxil olmaqla L.Ter-Petrosyanın çıxışı təkcə erməni auditoriyası üçün nəzərdə tutulmamışdır. Həmin çıxış parlament seçkiləri ərəfəsində elektorat toplamaq, Serj Sarkisyan rejiminə müxalifətdə olan siyasi qüvvələri Ermənistan Milli Konqresi Partiyasının ətrafında birləşdirmək məqsədi daşısa da, irəli sürdüyü müddəaların böyük hissəsi Azərbaycan, Türkiyə, Qərb dövlətləri və Rusiyaya ünvanlanmışdır. Lakin Serj Sarkisyan kimi həm Azərbaycanı, həm də Türkiyəni Ermənistanı izolyasiya vəziyyətində saxlamaqda ittiham edən Levon Ter-Petrosyan məlum səbəblər üzündən “unudur” ki, regionda ilk hərbi-iqtisadi blokadanın müəllifi məhz rəsmi Yerevan olmuşdur.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet cəza qoşunlarının Bakıya yeridilməsindən təqribən 8 saat əvvəl sovet-erməni silahlı birləşmələri Naxçıvan Muxtar Respublikasının ərazisinə soxularaq Sədərək rayonunun Kərki kəndini işğal etmiş, həmin ildən etibarən muxtar respublikanı Azərbaycandan tamamilə tədric etmiş, Dağlıq Qarabağda olduğu kimi işcalçılıq və ərazi iddiaları səylərini buraya da istiqamətləndirmişlər. Bu məqsədlə Naxçıvanın ətraf aləmlə quru və dəmiryolu nəqliyyatı əlaqələri tamamilə kəsilmiş, əhalinin sosial vəziyyəti, ərzaq, dərman preparatları, gündəlik tələbat malları ilə təchizatı pisləşmişdi. Muxtar respublikanın Azərbaycanın digər bölgələri ilə birbaşa coğrafi bağlılığının olmaması Naxçıvanın iqtisadiyyatına mənfi təsir göstərmiş, sənaye və kənd təsərrüfatı iflic vəziyyətinə salınmışdı. Lakin ağır hərbi və iqtisadi çətinliklərə baxmayaraq, Naxçıvan əhalisi yenilməzlik nümayiş etdirmişdir. Naxçıvan Muxtar Respublikasının Ermənistanın təcavüzündən mətanətlə müdafiə edilməsində, son dərəcə çətin vəziyyətdə idarə olunmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözləri ilə desək, “Milli istiqlaliyyət yolunda Naxçıvanın atdığı cəsarətli addımlar bütün Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanmış, respublikada cərəyan edən ictimai-siyasi proseslərə öz müsbət və həlledici təsirini göstərmişdir. Naxçıvan Muxtar Respublikası bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olub, ölkəmizin iqtisadi qüdrətinin artırılması və intellektual potensialının gücləndirilməsinə dəyərli töhfələr verir”.
Levon Ter-Petrosyanın qurultaydakı çıxışı bir daha göstərdi ki, indiyədək Ermənistan cəmiyyətində əhalinin bütün sosial və siyasi təbəqələri tərəfindən qəbul edilən vahid ideoloji konsepsiya yoxdur. Erməni ictimaiyyəti yaxşı bilir ki, burada xalq-hakimiyyət birliyinin təmin olunması məqsədilə ən müxtəlif siyasi miflərdən – qondarma “erməni soyqırımı”, “Böyük Ermənistan”, “ümumerməni maraqları”, “kilsənin birləşdirici rolu” kimi utopik ideyalardan istifadə edilmiş, lakin onların heç biri cəmiyyətdə səfərbəredici rol oynaya bilməmiş, tədricən əhəmiyyətini itirmişdir. Əksinə, məhz bu ideyalar Ermənistanda siyasi, iqtisadi və sosial böhranın daha da dərinləşməsinə, bir dövlət olaraq ətraf aləmdən, regional iqtisadi layihələrdən izolyasiyasına, hakimiyyətə etimadın kəskin şəkildə azalmasına səbəb olmuşdur.
Bununla belə, Serj Sarkisyan rejimi reallıqları obyektiv dəyərləndirmək, qonşu dövlətlərlə problemlərin həllində, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində optimal strategiya seçmək əvəzinə ictimai dövriyyəyə növbəti sərsəm ideologiya – “ordu-millət” ideyasını nüfuz etdirmişdir. Sabiq prezident vurğulayır ki, bu ideologiya bütün neqativ nəticələri ilə Ermənistanı yenidən dalana aparır. “Millət-ordu” anlayışının, Ermənistanın total hərbiləşdirilməsinin və bununla da həm daxili, həm də Dağlıq Qarabağ münaqişəsinin həlli niyyətlərinin arxasında nəyin bahasına olursa-olsun Sarkisyanın cinayətkar rejiminin hakimiyyətdə qalmaq planları gizlənir. L.Ter-Petrosyan deyir: “Əgər Ermənistan iqtisadiyyatının indiki vəziyyəti bu dərəcədə acınacaqlı olmasaydı, hakimiyyət həlak olan və əlil olan hərbçilərin ailələrinə kompensasiyanın verilməsi üçün xalqdan 1000 dram (təqribən 2,2 ABŞ dolları) məbləğində vəsait tutulması barədə biabırçı qanunu qəbul etməzdi. Bu qanunun qəbulu ilə elə ilk gündən bədnam “millət-ordu” ideologiyası nüfuzdan düşdü, dövlətin ləyaqətinə ağır zərbə vurulmaqla o, dünya qarşısında gülünc vəziyyətə salındı”.
L.Ter-Petrosyanın fikrincə, “Ermənistanın və Qarabağın təhlükəsizliyinin təminatı, iqtisadi inkişafı və demoqrafik vəziyyətinin yaxşılaşdırılması” ilk növbədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindən və “erməni-türk” münasibətlərinin normallaşdırılmasından asılıdır. “Ermənistan əhalisi ölkəni ağır sosial şəraitə, yoxsulluğa, ədalətin olmamasına, korrupsiyaya görə deyil, əsasən hərbi əməliyyatların yenidən başlaya bilməsinə görə tərk edir”. Sabiq prezidentin təklif etdiyi mərhələli qarşılıqlı güzəştlər prinsipinin mahiyyətini isə əsasən aşağıdakı müddəalar təşkil edir: “Bir hissəni güzəştə getməklə, qalan hissəni qorumaq imkanı əldə edirsən. Güzəştə getmədiyin təqdirdə isə hər şeyi itirirsən”.
L.Ter-Petrosyan onu da qeyd etmişdi ki, Ermənistanın hakim rejimi ötən on səkkiz ilin (L.Ter-Petrosyanın istefasından sonrakı dövr nəzərdə tutulur) acı təcrübəsindən dərs götürməmiş, Azərbaycan və Türkiyə ilə əbədi qarşıdurma siyasətini davam etdirməyi qərara almışdır. Bu siyasət isə qısa dövr ərzində Ermənistanda və Qarabağda böyük sosial, iqtisadi, demoqrafik, mənəvi-psixoloji fəlakətə səbəb olmuşdu. Bu o deməkdir ki, həmin dağıntılar daha on səkkiz il də davam etsə, Ermənistandan və Qarabağdan heç nə qalmayacaq, problem aktuallığını itirəcəkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi “rasional düşüncəli siyasi xadim” adlandıran L.Ter-Petrosyan münaqişənin həlli və sülhün əldə olunması üçün vacib addımlar atacağına əminliyini də bildirmişdir.
Bir sözlə, Ermənistan dövlətçiliyinin gələcəyi Azərbaycanın ərazi bütövlüyünün bərpasından asılıdır. Ermənistanın hazırkı və gələcək rəhbərliyi aydın dərk etməlidir ki, münaqişə davam edəcəyi təqdirdə bu ölkənin iqtisadi tənəzzülü səngiməyəcək, əksinə, daha də dərinləşərək sosial-iqtisadi fəlakət həddinə çatacaqdır. Azərbaycan isə öz ərazi bütövlüyünü bərpa etmək fikrindən qətiyyən dönməyəcəkdir. Əgər Ermənistanda gözlənilən hakimiyyət dəyişkənliyi bu ölkənin rəsmi dairələrində münaqişənin tənzimlənməsinə yeni və praqmatik yanaşma tərzi ilə əvəz olunmazsa, Ermənistan hakimiyyətinin “Qarabağ şousu” əvvəlki kimi ucuz sirk tamaşasına bənzəyəcəkdir. Sirkin truppası təzələnsə də, təlxəklərin repertuarı əvvəlki kimi dəyişməz qalacaqdır.
Fərhad MƏMMƏDOV,
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru
“Azərbaycan qəzeti”, 7 yanvar 2017-ci il