Bölgədə siyasi havanı öyrənən hidrometeoroloqlar qarşıdan gələn baharın Ermənistan üçün heç də mülayim keçməyəcəyini proqnozlaşdırırlar. Belə ki, “ərəb baharı” siklonunun Ermənistana tərəf hərəkət etdiyini bildirən mütəxəssislər yaxın zamanlarda bu ölkədə “Serj qasırğası”nın baş verə biləcəyini istisna etmirlər. Bununla əlaqədar Ermənistan xalqına siyasi havanın kəskin pisləşəcəyinə hazır olmaları tövsiyə edilir.
“Qarabağ klanı”nın “əzabkeş” ermənilərə əzabı
Ermənistan cılız dövlətdir, lakin son zamanlar orada cərəyan edən hadisələr öz fəsad və nəticələrinə görə ölkə əhalisi üçün olduqca acınacaqlıdır. Məhz bu hadisələr erməniləri öz gələcəyi ilə bağlı ciddi seçim qarşısında qoymalıdır.
Mövcud olduqları vaxtdan ermənilər özlərini qonşu dövlətlərin “zülmlərinə” məruz qalan “əzabkeş” xalq kimi qələmə verməyə adət ediblər. Lakin bu günlərdə Ermənistanda baş verən proseslər, o cümlədən Ermənistanın vassal dövlətə çevrilməsi, inhisarlaşmış iqtisadiyyatının sürətlə tənəzzülə uğraması, rüşvətxor məmurların və onların yaxınlarının özbaşınalıqlarının geniş vüsət alması, istehlak qiymətlərinin mütəmadi artımı, əhalinin ölkəni kütləvi şəkildə tərk etməsi, erməni əsgərlərin nizamnamədən kənar münasibətlərin qurbanı olması və bir sıra digər neqativ hallar ermənilərin məhz özlərinin seçdikləri Serj Sarkisyan hakimiyyəti tərəfindən zülmə məruz qalmasını sübut edir. Bu isə Sarkisyan hakimiyyətinin, yəni ermənilərin özlərinin dediyi kimi – “Qarabağ klanı”nın dövlət idarəçiliyi sistemində əldə etdiyi ən böyük nailiyyətdir. Çünki bu hakimiyyətin şüarı bəllidir – Ermənistanı məhv etmək!
1992-1994-cü illərdə Qarabağda azərbaycanlılara qarşı bir çox hərbi cinayətlər törətmiş Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan, müdafiə naziri Seyran Ohanyan və bir sıra digər məmurlar “Qarabağ kartı”ndan məharətlə istifadə edərək hakimiyyətə gəlib və əldə etdikləri səlahiyyətlərdən növbəti dəfə məharətlə istifadə edərək öz maddi durumlarını yaxşılaşdırmaq üçün cinayətkar əməllərini davam etdirirlər. Lakin, bu dəfə hədəf fərqlidir – Ermənistan və ermənilər!
Qeyd etmək lazımdır ki, həmin dövrlərdə ermənilərin öndə gedən “ziyalı”sı hesab olunan Zori Balayan da “Qarabağ kartı”ndan məharətlə istifadə edərək şəxsi ambisiyalarını həyata keçirmək istəyirdi. Lakin öz istəyinə tam nail ola bilmədiyini gördükdə, Rusiya Pprezidenti Vladimir Putinə məktub yazaraq guya tarixi “faktlara” əsaslanıb Dağlıq Qarabağın əvvəllər Rusiyaya məxsus olduğunu vurğulayıb və Rusiya Prezidentindən bunu nəzərə almasını istəyib. Necə oldu ki, ömrü boyu “Qarabağ ermənilərə məxsusdur” deyən Zori Balayan birdən-birə onun Rusiyaya məxsus olduğunu iddia etməyə başladı? Bax, budur Zori Balayanın və ona bənzər erməni “ziyalı”ların əsl sifətləri! Budur əsl erməni xəyanəti!
Sarkisyan hakimiyyətinin fəaliyyətinin təhlili
Etiraf etmək lazımdır ki, Serj Sarkisyan və onun komandasının kriminal fəaliyyəti Cənubi Qafqaz bölgəsində daimi təsir gücünə malik olmaq istəyən qüvvələr tərəfindən hərtərəfli dəstəklənir və bunun qarşısı alınmasa, Ermənistan əhalisinin aqibətinin necə olacağını təsəvvür etmək çətin deyil.
Daha aydın olsun deyə Sarkisyan hakimiyyətinin fəaliyyətini təhlil edək:
2008-ci ilin 1 mart hadisələri – Ermənistanın “müstəqillik” əldə etdikdən sonra üzləşdiyi çoxlu sayda itkilərlə müşayiət olunan ən qanlı hadisə. Bu hadisə Köçəryan-Sarkisyan cütlüyünün birgə səyi nəticəsində 19 fevral 2008-ci ildə keçirilmiş prezident seçkilərinin nəticələri ilə razılaşmayan Ermənistan xalqının soyqırımı kimi dəyərləndirilə bilər. Sirr deyil ki, həmin hadisələr zamanı ermənilərin qanını axıdan şəxslər bu gün yüksək vəzifələr tutaraq “əzabkeş” ermənilərə zülm etməyə davam edirlər. Ən maraqlısı isə odur ki, bu gün Azərbaycan snayperlərindən ağızdolusu şikayət edən hazırkı Ermənistan rəhbərliyinin göstərişinə əsasən, həmin hadisələrdə bir çox ermənilər məhz erməni snayperin peşəkar fəaliyyəti nəticəsində qətlə yetiriliblər.
2003-2008-ci illərdəki ikinci prezidentlik dövründə Robert Köçəryan tərəfindən dövlət büdcəsindən 3 milyard ABŞ dolları məbləğində vəsaitin mənimsənilərək talan edilməsi faktı ölkədə böyük rezonans doğursa da, Serj Sarkisyanın bu günədək ölkəyə vurduğu ziyan ictimaiyyətdən gizlədilir.
Sarkisyanın dövlət büdcəsinin talançısı olduğunu sübut edən dəlillərdən biri də onun prezidentliyi dövründə Ermənistanın dövlət büdcəsinin 2,7 milyard ABŞ dolları olduğu halda xarici dövlət borcunun 4,5 milyard ABŞ dollarına, xarici kredit borcunun 158 milyon ABŞ dollarına yüksəlməsi, ölkəyə yatırılan xarici sərmayələrin isə 184,4 milyon ABŞ dollarından 167,7 ABŞ dollarına enməsidir. Ermənistanın xarici borcunun onun dövlət büdcəsinin gəlir hissəsini üstələməsi ölkə iqtisadiyyatının real vəziyyətini əks etdirən əsas amillərdəndir.
Sarkisyanın prezidentliyi dövründə Ermənistanda iqtisadi artım 2,3%-ə qədər azalıb, işsizliyin səviyyəsi isə 35%-ə qədər yüksəlib.
2008-2014-cü illər ərzində Ermənistanı ümumilikdə 224 min 300 nəfər tərk edib.
Milli park hesab olunan Sevan gölünün 180 ha torpaq sahəsi 25 il müddətinə Serj Sarkisyana məxsus “Sevan işxanı” (“Sevan alabalığı”) şirkətinin istifadəsinə verilib.
2013-2014-cü illər ərzində ölkənin ümumtəhsil müəssisələrində 664 min 600 şagird yerinin nəzərdə tutulmasına baxmayaraq, onların sayı 360 min 500 nəfərdən az olub. Bu müddət ərzində isə ölkəni tərk edən əhali arasında təhsil alan şagirdlərin sayı 5 500 nəfər təşkil edib. Son illər ərzində Ermənistanda ixtisara salınmış dövlət təminatlı ümumtəhsil məktəblərinin sayı 50, yeni açılmış qeyri-dövlət ümumtəhsil məktəblərinin sayı isə cəmi 12 olub. Qeyd olunmuş dövr ərzində 38 ümumtəhsil məktəbi ləğv edilib. 2008-2012-ci illər ərzində 25 ali təhsil müəssisəsi və 5 orta ixtisas təhsil müəssisəsi bağlanıb və ya ləğv edilib. Ümumtəhsil müəssisələrinin bağlanması halları təkcə şəhərlərdə deyil, rayon və kəndlərdə də qeydə alınıb. Ermənistanda əhalinin 40%-i orta təhsilli və cəmi 20%-i ali təhsillidir.
Sarkisyanın prezidentliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesində Ermənistan tərəfindən dəfələrlə qeyri-konstruktivlik nümayiş olunduğu üçün durğunluq yaranıb.
Sarkisyanın prezidentlik dövrünün son bir neçə ili ərzində Ermənistan ordusunda itkilərin sayı kəskin artaraq yüzlərlə nəfər təşkil edib ki, bu da Ermənistan kimi cılız bir dövlət üçün çox böyük göstəricidir.
Ermənistanın altına qoyulmuş “sosial bomba”nın fitili yandırılıb
Ermənistan ombudsmanının uşaq məsələləri üzrə müşaviri Anna Safaryanın bildirdiyinə görə, hazırkı hakimiyyətin səriştəsizliyi nəticəsində ölkədə geniş yayılmış yoxsulluq və acınacaqlı sosial-iqtisadi durum rayon və kəndlərdə uşaqların məktəbə getməsinə imkan vermir, çünki onların valideynləri məktəb ləvazimatları almaq iqtidarında deyillər. Bu səbəbdən valideynlər məktəbdən uşaqların sənədlərini götürüb onları pul qazanmağa və hətta dilənçiliyə belə göndərirlər. “Şirak” mərkəzinin direktoru Vaqan Tumasyan isə bildirib ki, Gümrüdə uşaqlar arasında əsas problem aclıq, təhsil ala bilməmək və yaşayış yerlərinin bərbad olmasıdır. Onun sözlərinə görə, antigigiyenik şəraitdə yaşayan uşaqlar müxtəlif xəstəliklərə tutulur və normal həyat yaşaya bilmirlər. Tumasyan onu da qeyd edib ki, əgər digər rayonlarda əsas problem aclıqdırsa, Gümrüdə bu problemlə yanaşı, evsizlik problemi də mövcuddur.
Ermənistanda təkcə son 4 il ərzində onlarla kənd məktəblərinin bağlanması faktı ölkənin təhsil nazirinin təhsil sistemində ciddi problemlərin olmaması barədə dediklərini tamamilə inkar edir. Kəndlərdə orta məktəblərin bağlanmasının kütləvi hal almasının əsas səbəbi isə ölkəni tərk edənlərin hesabına kəndlərin sürətlə boşalmasıdır. Bunun nəticəsində bəzi kəndlərdə məktəb yaşı çatan uşaqlar qonşu kənddəki məktəblərə getməyə məcbur olurlar. Problemin aradan qaldırılması üçün bəzi kəndlərin bələdiyyə rəhbərləri qonşu kənddə yaşayan bir neçə ailənin onların kəndinə köçmələri istiqamətində səylər göstərirlər. Demoqrafik böhranın təhsil sisteminə mənfi təsirini xarakterizə edən fakt kimi sovet dövründə 330 şagirdin təhsil aldığı Tavuş rayonunun Barekamavan kənd orta məktəbində 25 uşağın, həmin dövrdə 1200 şagirdin oxuduğu Movses kənd məktəbində isə 100-dən az uşağın qaldığını göstərmək olar.
GALLUP WORLD beynəlxalq təşkilatının keçirdiyi sosial sorğunun nəticələri göstərib ki, Ermənistan əhalisinin təxminən 40%-i yaranmış ağır sosial-iqtisadi şəraitlə əlaqədar ölkəni tərk etmək niyyətindədir. BMT-nin ekspert qrupunun hesablamalarına görə isə, 2025-2030-cu illərədək Ermənistanda əhalinin sayının azalaraq təqribən 1 milyon 500 min-2 milyon nəfər olacağı gözlənilir.
Sarkisyanın varidatının qorunması
Ermənistan prezidenti ölkədə mövcud olan bütün bu problemlərə laqeyd yanaşsa da, tutduğu vəzifədən sui-istifadə edərək özünün şəxsi maliyyə imkanlarının artırılmasına xüsusi diqqət yetirir. 168.am internet saytının 2013-cü ildə keçirdiyi ekspert sorğusuna əsasən, Ermənistanın keçmiş və hazırkı prezidentləri Robert Köçəryan və Serj Sarkisyan ölkənin ən zəngin adamlarıdır. Sorğuya əsasən, Ermənistanın hazırkı prezidenti Serj Sarkisyanın varidatı 10 milyard ABŞ dolları təşkil edir ki, bu da ölkənin dövlət büdcəsindən 3,2 dəfə çoxdur. Şübhə yoxdur ki, bu varidat hazırda aclıq və yoxsulluqdan əziyyət çəkən erməni xalqından oğurlanmış pullar hesabına əldə edilib.
Ermənistan hakimiyyətinin daxili siyasəti ölkədə ictimai fikrə təsir göstərə bilən yalan siyasi vədlər üzərində qurulub. Bu cür vədlər verməklə hakimiyyət Ermənistanın siyasi, iqtisadi, sosial, hərbi, təhsil, demoqrafik və digər sahələrində mövcud olan problemlərdən insanların diqqətini yayındırmaq və iqtidara qarşı mümkün etiraz aksiyalarının qarşısını almaq istəyir. Ermənistanın istər siyasi, istərsə də iqtisadi vəziyyətinin günü-gündən pisləşməsinə baxmayaraq, Serj Sarkisyan 2018-ci ildə ikinci prezidentlik müddətinin bitməsindən sonra belə hakimiyyəti əldə saxlamaq niyyətindədir və bununla əlaqədar hətta Konstitusiyada dəyişikliyin edilməsi də nəzərdə tutulur. Öz planını həyata keçirmək üçün Serj Sarkisyan iqtidara əsas müxalif qüvvə hesab olunan Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Tsarukyanın qudası Hovik Abramyanı öncə parlamentin spikeri, daha sonra isə baş nazir vəzifəsinə gətirib. Qeyd edək ki, Qaqik Tsarukyan Ermənistan ictimaiyyətində kifayət qədər nüfuza malikdir və növbəti prezident seçkilərində qalib olmağa real namizədlərdəndir. Vəzifəsini qoruyub-saxlamaq məqsədilə Serj Sarkisyanın hakimiyyət dairəsində həyata keçirdiyi bu cür kadr siyasətinin hələ davam edəcəyi istisna deyil.
Sarkisyan hakimiyyətinin Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzv olması istiqamətində səyləri ölkənin daxili ictimai-siyasi və sosial-iqtisadi vəziyyətinin gərginləşməsi ilə yanaşı, onsuz da məhdud olan regional əməkdaşlığına və Qərb ölkələri ilə münasibətlərinə ciddi xələl gətirib. Bu, təkcə Ermənistan-Avropa İttifaqı münasibətlərinə deyil, eyni zamanda, Ermənistan-ABŞ və Ermənistan-NATO münasibətlərinə də mənfi təsir göstərib. Artıq NATO Ermənistanı tərəfdaş ölkə deyil, Rusiyanın Cənubi Qafqazdakı forpostu kimi qəbul etməyə başlayıb. NATO-nun fikrincə, Rusiyadan hər cəhətdən asılı olan Ermənistanın Şimali Atlantika Alyansı ilə əməkdaşlıq etməsində əsas məqsədi bir tərəfdən Silahlı Qüvvələrinin sülhməramlı əməliyyatlarda iştirak etməklə döyüş təcrübəsinin artırılması, digər tərəfdən isə NATO ilə bağlı məlumatları əsas himayədarı olan Rusiyaya ötürməkdir.
Rusiya nə istəsə…
Ermənistan Rusiyadan hərtərəfli asılı olduğu üçün hazırkı hakimiyyətin müstəqil qərar vermək hüququ yoxdur və Ermənistan əhalisi düşdüyü bugünkü durumuna görə məhz Sarkisyan hakimiyyətinə “minnətdar” olmalıdır.
Hazırkı hakimiyyətin həyata keçirdiyi siyasət Ermənistanın təkcə müstəqilliyinin itirilməsi ilə deyil, eyni zamanda, dövlətçiliyinin də ciddi təhlükə qarşısında qalması ilə nəticələnə bilər. İşğalçılıq fəaliyyətindən əl çəkərək regional əməkdaşlığı inkişaf etdirmək və iqtisadiyyatı inkişaf etmiş qonşu ölkələrlə münasibətlər qurmaq əvəzinə Ermənistan hakimiyyəti ölkəni təcrid mühitinə salaraq Rusiyadan asılı vəziyyətdə qoyur. Ermənistanın müxtəlif sahələrində işləyən bir çox dövlət məmurlarının Rusiya ilə gizli əlaqədə olması isə sirr deyil və bu barədə Ermənistan KİV-də də kifayət qədər məlumatlar mövcuddur.
Ermənistanla öz münasibətlərini təhdidlər və vədlər üzərində quran Rusiya rəsmi Yerevanı təbii qaz təminatının dayandırılması, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzv-dövlətlərinin Ermənistanla əməkdaşlıqdan çəkindirilməsi, Ermənistana olunan hərbi yardımın kəskin azaldılması və Rusiyada olan Ermənistan şirkətləri, həmçinin erməni immiqrantlara qarşı sərt qaydaların tətbiq edilməsi ilə hədələyərək Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzv olmasına nail olub. Qurumun qiymət və tarif siyasətinin Ermənistan üçün qeyri-mütənasibliyi və orada təmsil olunan ölkələrin iqtisadi göstəricilərə görə Ermənistanı dəfələrlə üstələməsi, özünün ən böhranlı dövrünü yaşayan Ermənistan iqtisadiyyatı və əhalinin sosial vəziyyəti üçün fəlakət deməkdir. Daha dəqiq desək, Ermənistanın quruma üzv olması səbəbindən yaxın vaxtlarda ölkədə qiymətlərin kəskin artımı qaçılmazdır.
Sovet İttifaqı dövründə iqtisadiyyatın və istehsalatın müxtəlif sahələrində müəyyən nailiyyətlər əldə etmiş Ermənistan hazırda xarici qrantlar, kreditlər və pul yardımı toplayan marafonlardan əldə edilmiş maliyyə vəsaitləri hesabına yaşamaq məcburiyyətindədir. Bu üsulla isə ölkənin iqtisadiyyatını inkişaf etdirmək mümkün deyil. Rusiya və İranla regional əməkdaşlığa böyük ümid bəsləyən Ermənistan rəhbərliyi artıq bu əməkdaşlığın da getdikcə səmərəsiz olacağından ehtiyat etməyə başlayıb. Belə ki, Ermənistanla regional əməkdaşlıq çərçivəsində birgə iqtisadi və strateji layihələr həyata keçirən Rusiya ilə İran onlara qarşı tətbiq olunan beynəlxalq iqtisadi sanksiyalar nəticəsində Ermənistanla birgə fəaliyyətlərini dondura və ya tamamilə dayandıra bilərlər. Bu isə Ermənistan iqtisadiyyatının tamamilə defoltu deməkdir.
Bu gedişlə Ermənistanı hansı aqibət gözləyir?
Hadisələrin bu istiqamətdə inkişafı aşağıda qeyd olunan məsələləri aktual edir:
Ermənistan hakimiyyətinin siyasi səriştəsizliyi nəticəsində ölkənin istər regional, istərsə də beynəlxalq miqyasda təcrid mühitinə düşməsi Ermənistanda vəziyyəti böhran həddinə çatdırıb. Ötən ilin oktyabr ayında Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması ölkədə ictimai-siyasi və sosial-iqtisadi durumun xeyli dərəcədə gərginləşməsinə gətirib çıxarıb. Belə ki, Ermənistanın quruma beynəlxalq hüquqi sənədlərdə qəbul olunmuş sərhədlərlə, yəni Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və həmsərhəd rayonlarının əraziləri istisna olmaqla daxil olması Ermənistanın, xüsusilə də Dağlıq Qarabağın erməni ictimaiyyətinin ciddi narahatlığına səbəb olub. Bu isə işğal olunmuş ərazilərin Avrasiya İqtisadi İttifaqının üzv dövlətləri tərəfindən nəinki siyasi, hətta iqtisadi baxımdan da Ermənistanla bağlılığının inkar edilməsi ilə əlaqədardır. Erməni ictimaiyyətini məyus edən digər səbəb isə bu qərarı qəbul edən Avrasiya İqtisadi İttifaqının üzv dövlətlərinin eyni zamanda KTMT-nin də üzv dövlətləri olmasıdır. Bu isə o deməkdir ki, Dağlıq Qarabağ ərazisində hərbi əməliyyatlar başlayarsa, təşkilatın üzvləri Ermənistanı dəstəkləməyəcəklər.
Ermənistanda yaranmış gərginliyin iqtisadi aspektlərinə gəldikdə isə qeyd etmək lazımdır ki, ölkədə istehlak və ərzaq məhsullarının qiymətlərinin artması ilə yanaşı, erməni dramının dollara nisbətdə dəyərinin aşağı düşməsi Ermənistan iqtisadiyyatında inflyasiyanın artmasına gətirib çıxaracaq. Bununla yanaşı, Ermənistanın 2015-ci il yanvar ayının 1-dən Avrasiya İqtisadi İttifaqına üzvlüyünün reallaşması ilə əlaqədar yaxın vaxtlarda ölkəyə idxal ediləcək məhsulların daha yüksək gömrük rüsumları ilə daxil olması ölkədə onsuz da yüksək olan istehlak qiymətlərinin kəskin artmasına səbəb olacaq. Bu isə öz növbəsində ölkədə mövcud olan siyasi böhranın sosial partlayışla müşayiət olunacağını istisna etmir.
Hovik Abramyandan savayı, Serj Sarkisyanın alternativ variantı hesab olunan Ermənistanın hazırkı müdafiə naziri Seyran Ohanyanın 2018-ci ildə keçiriləcək prezident seçkilərində hakim partiya tərəfindən namizəd kimi irəli sürüləcəyi və seçkilərdə qalib gələrək prezident olacağı məsələsinə gəldikdə isə, qeyd etmək lazımdır ki, onun ölkə ictimaiyyəti arasında siyasi nüfuzunun olmaması və müdafiə naziri olduğu dövrdə orduda mövcud olan döyüş və qeyri-döyüş itkilərinin, digər neqativ halların sayının əvvəlki illərlə müqayisədə artması bu ehtimalları əsassız edir.
Çıxış yolu
Son zamanlar Ermənistanda yaranmış vəziyyət ölkədə hakimiyyət dəyişikliyini aktual edir və vəziyyətdən çıxış yolu hazırkı hakimiyyətə qarşı sonadək mübarizənin aparılması ola bilər. Yalnız bundan sonra ölkə siyasətində kardinal dəyişikliklər etmək, qonşu dövlətlərə qarşı iddialı və işğalçılıq siyasətinə son qoymaqla Ermənistanın gələcəyi haqqında düşünmək olar. Əks təqdirdə Ermənistanın dövlət kimi məhv olması prosesi sürətlənəcək.
İlkin Bağırov
10 fevral 2015
http://az.trend.az/azerbaijan/politics/2362042.html