SSRİ və dünya sosializm sisteminin dağılması nəticəsində beynəlxalq səhnəyə yeni müstəqil dövlətlər çıxdı. 1991-ci ildə müstəqillik qazanmış Azərbaycan, Ermənistan və Gürcüstan da belə dövlətlər sırasında idi. 1991-ci ilin 21 sentyabrında müstəqilliyə nail olmuş Ermənistanda hakimiyyət uğrunda mübarizə daha da gərginləşdi. Bir sıra partiyalar hakimiyyəti ələ keçirmək üçün digər ölkələrlə separatçı danışıqlar apardılar. Belə ki, müstəqilliyini qazandığı ilk gündən etibarən erməni diasporası Ermənistanın daxili və xarici siyasətinə hakim olmağa can atmış, buna birmənalı şəkildə nail olmuşdur. Erməni diasporası tərəfindən namizədliyi irəli sürülən və ABŞ tərəfindən də dəstəklənən Levon Ter Petrosyan Ermənistan Respublikasının ilk prezidenti oldu. Hakimiyyətinin ilk illərindən etibarən xarici siyasət strategiyasının istiqamətlərinin müəyyənləşdirilməsi prosesinə başlanıldı. Qeyd edək ki, bu strategiyanın müəyyənləşdirilməsində 3 ən mühüm məsələ əsas diqqət mərkəzində saxlanıldı.
- Coğrafi mövqe; 2. İqtisadi amil; 3. Kadr potensialı.
Ermənistanın o zamankı siyasi durumuna nəzər salsaq, bu kiçik ölkənin bəhs olunan dövrdə çox da «şanslı» olmadığı nəzərə çarpacaqdır. Çünki Ermənistan dənizlərə və ən önəmli ticarət mərkəzlərinə çıxışı olmadığından «qapalı» ölkələr siyahısına daxil edilmişdi. Xüsusilə, Ermənistanı digər SSRİ ölkələrinə və İrana bağlayan dəniz və quru yollarının önəmli bir qismi sovet dönəmində digər ölkələrdən, xüsusilə də Azərbaycandan keçirilmişdir. Bununla əlaqədar olaraq müstəqillik əldə edildiyindən sonra uzun müddət digər ölkələr ilə olan əlaqədə ciddi bir sıxıntı yaşanmışdır.
Hakimiyyətin ilk illərindən başlayaraq T.Petrosyan ölkəsinin yuxarıda qeyd etdiyimiz çətinliklərini nəzərə alaraq qonşu dövlətlərlə mehriban qonşuluq münasibətlərinin yaradılmasına can atırdı. Onun xüsusilə Türkiyə və İranla siyasi-iqtisadi və mədəni əlaqələr qurmaq istəyi Rusiya hakim dairələri tərəfindən birmənalı qarşılanmadı. Rusiyanın təzyiqlərinə baxmayaraq Petrosyan ölkəsinin beynəlxalq aləmə çıxışını, ən əvvəl qonşu ölkələrlə yaradılacaq iqtisadi əlaqələrin möhkəmlənməsində görürdü. Əslində belə bir siyasət Ermənistanın Rusiyaya olan bağlılığının azalmasına gətirib çıxartsa da milli–azadlıq hərəkatının fəal üzvləri tərəfindən də dəstəklənməkdə idi. Onlar ölkə prezidentinin Türkiyə ilə diplomatik əlaqələrin qurulması ideyasını dəstəkləyir, bir sözlə ona bu işdə yardım edirdilər. Bununla bağlı ictimaiyyət arasında artıq müsbət fikir formalaşmaqda idi. Ona görə də Petrosyan Türkiyə ilə əlaqələrin yaradılmasında qərarlı idi. Tezliklə iki ölkə arasında əlaqələr bərpa olundu, hətta Ermənistan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü oldu. Petrosyan Türkiyə ilə normal diplomatik və iqtisadi əlaqələrin qurulmasını Ermənistan iqtisadiyyatının gücləndirilməsi üçün gərəkli olduğu bu sahədə Xəzərin neft və təbii qaz yataqlarndan çıxarılan qazın dünya bazarına daşınmasında Ermənistanın tranzit ölkə olacağını yəqin etmişdi. Ancaq onun bu istəkləri reallaşsa da yarımçıq qaldı. Başlıca səbəb Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin meydana gəlməsi oldu. Azərbaycan torpaqlarına qarşı Ermənistanın işğalçılıq planları yenicə yaranmış Türkiyə-Ermənistan münasibətlərinə mənfi təsir göstərdi.
Ermənistan 21 sentyabr 1991-ci ildə öz müstəqilliyini elan etdiyi vaxt bu hadisə Türkiyə hakim dairələri tərəfindən normal qarşılandı. Çünki artıq SSRİ-nin dağılması bölgədə yeni siyasi proseslərin formalaşmasına səbəb olacaqdı. Ermənistanla isti münasibətlər qurmağa can atan Türkiyə 1991-ci ilin aprel ayında bu ölkənin Moskvadakı səlahiyyətli səfiri Volkan Vuralın rəhbərliyi altında Ermənistana ilk nümayəndə heyətini göndərdi. Volkan Vural ilə Petrosyan arasında baş tutmuş görüşdə bir sıra ziddiyyətli məqamlara aydınlıq gətirildi. Görüşdə sərhədboyu ticarət əlaqələrinin yaradılması, iki ölkə arasında quru yolu əlaqələrinin açılması, hava yollarına bərabər nəzarət etmək haqqında qərarlar qəbul edildi. Səfirlə yanaşı Ter-Petrosyan da Türkiyə ilə hər cürə ticarət-iqtisadi və mədəni əlaqələrə açıq olduğunu vurğuladı. Bu, Türkiyə hakimiyyətinin Ermənistanla ilk diplomatik uğurları idi. Artıq 1991-ci ilin sentyabr ayında Türkiyə Qafqazda və Mərkəzi Asiyada siyasi gücünü nümayiş etdirmək üçün Türk dövlətlərinə öz nümayəndə heyətlərini göndərdi. Heyətlərin göndərildiyi ölkələr sırasında Ermənistanın da olması, əslində Türkiyənin bu ölkə ilə sağlam əlaqələr qurması istəyindən xəbər verirdi. Hətta Türkiyənin Xarici İşlər Nazirliyi Ermənistanın müstəqilliyinin tanınması və dəstəklənməsi vaxtının çoxdan yetişdiyi düşüncəsində idi. Türkiyə ictimaiyyətində ermənilərə qarşı yaranmış nifrət hissləri Xarici İşlər Nazirliyini öz fikrindən daşındıra bilmədi. Ümumiyyətlə, bəhs olunan dövrdə Türkiyədəki bəzi çevrələr Türk əsgərinin vaxt itirmədən Dağlıq Qarabağa yeridilməsini tələb edirdilər. Lakin bu addımın atılması Türkiyənin beynəlxalq imicinə ağır zərbə vura bilərdi. Odur ki, 19 dekabr 1991-ci ildə Türkiyə Ermənistanın müstəqilliyini, digər keçmiş SSRİ ölkələrinə qarşı olduğu kimi heç bir təmənna güdmədən tanımışdır. Türkiyə hökuməti 1992-1993-cü illərdə Ermənistanı düşdüyü iqtisadi böhrandan qurtarmaq üçün Qərbi Avropa ölkələrindən gələn yardımların bu ölkəyə daşınmasında öz sərhədlərindən istifadə edilməsinə icazə vermişdi.
Beləliklə, iki ölkə arasında əməkdaşlığın ilk rüşeymləri meydana gəlməyə başladı. Bir-birinin ardınca ölkələrə göndərilmiş nümayəndə heyətləri ən əvvəl iki ölkə arasında bağlı qalan sərhəd xətlərinin açılmasını, ölkələrə gediş–gəlişin intensivləşdirilməsini ən mühüm addım kimi qiymətləndirirdi. Bəzi mənbələrin verdiyi məlumata görə hətta iki ölkə arasında ilkin razılıq əldə edilmişdi. Lakin 1992-ci ilin yanvar-fevral ayından başlayaraq Türkiyə–Ermənistan əlaqələri yenidən gərginləşməyə başladı. 1992-ci il fevral ayının 26-da Azərbaycanın Xocalı şəhərinin erməni ekstremistləri tərəfindən yerlə-yeksan edilməsi və dinc əhalinin soyqırıma məruz qalması Türkiyənin hakim dairələri və ictimaiyyəti arasında erməni millətinə qarşı nifrət hisslərini daha da artırdı və Ermənistana qarşı bir sıra sanksiyalar tətbiq edildi. Ermənistanın hakim dairələri Türkiyənin beynəlxalq nüfuzuna zərər gətirən bir sıra qanun layihələrini qəbul etdi. 23 avqust 1991-ci ildə Ermənistan Parlamentinin qəbul etdiyi müstəqillik aktının 11-ci maddəsində «Ermənistan Respublikası 1915-ci ildə Osmanlı Türkiyəsi və Qərbi Ermənistanda baş vermiş «soyqırımı» hadisəsinin beynəlxalq aləmdə qəbul edilməsi üçün atılmış addımları dəstəkləyəcəkdir» ifadəsi yer almışdır. Müstəqillik aktı qəbul olunduqdan sonra Ermənistan Respublikasının müstəqil Konstitusiyası işlənib hazırlandı. Burada «Müstəqillik aktı»nda yer almış 11-ci maddə olduğu kimi Konstitusiya aktına bir maddə kimi əlavə edildi. Bununla da saxta «erməni soyqrımı»nın beynəlxalq aləmdə tanınması müstəqil Ermənistan Respublikasının xarici siyasət strategiyasının əsas hədəfləri sırasına daxil edildi. Eyni zamanda 1991-ci ilin fevral ayında Ermənistan parlamenti Qars müqaviləsi ilə müəyyənləşdirilmiş sərhəd xəttini tanımadığını bəyan etdi. Türkiyənin bu addıma cavabı daha sərt şəkildə oldu. Türkiyə Ermənistana Qars müqaviləsi ilə müəyyənləşdirilmiş sərhəd xətlərini tanımadıqca Türkiyənin Ermənistanla diplomatik əlaqələr qurmayacağını bəyan etdi. Ermənistan rəhbərliyi isə Türkiyəni ermənilərə qarşı soyqırım törətdiyinə görə günahlandıraraq, beynəlxalq aləmdə Türkiyənin soyqrıma rəvac verən bir ölkə kimi tanıdılması istiqamətində əlindən gələni edəcəyini bildirdi. Artıq Ermənistan rəsmi bəyanatını verdikdən sonra diaspora ermənilərinin Avropa və Amerikanın qabaqcıl dövlətlərində və parlamentlərində saxta «erməni soyqırımı»nı tanıtmasının ikinci mərhələsinə start verildi.
Xaricdə erməni diasporasını təmsil edən bir sıra partiyalar – Daşnaksütyun, Sosial Demokratik Hncak Təşkilatı və Liberal Demokrat Partiyası kimi tanınan Rangavar partiyaları Ermənistanın daxili siyasətinə təzyiq göstərməyə başladılar. Hökumətə müxalif olan bu siyasəti partiyalar və ona bu işdə yardımçı olan erməni diasporasının təzyiqləri nəticəsində Ter-Petrosyan 1998-ci ildə istefaya göndərildi. 1998-ci ildə Ermənistanda keçirilmiş prezident seçkiləri nəticəsində Robert Köçəryan hakimiyyətə gətirildi. Ermənistanın keçmiş prezidenti Levon Ter Petrosyandan fərqli olaraq Robert Köçəryanın prezident seçilməsindən sonra ölkənin xarici siyasətinin əsas prioritet istiqamətləri saxta «erməni soyqırımı»nın beynəlxalq aləmdə tanıdılması və bu işdə diaspora ermənilərinin fəaliyyətindən lazımınca istifadə edilməsi, həmçinin qonşu ölkələrlə bağlı qalan sərhədlərin açılması, Ermənistanda baş vermiş iqtisadi böhranın dərhal aradan qaldırılması və s. kimi məsələlərin müəyyənləşdirilməsi onun diasporadakı nüfuzunun artmasına gətirib çıxardı. Ölkənin xarici siyasəti ilə bağlı çıxışlarında Robert Köçəryanın «erməni soyqırımı»nın beynəlxalq aləmdə tanınması Ermənistanın xarici siyasətindəki yerini almışdır və vəziyyət erməni xalqının haqlı tələblərini, istəklərini ortaya qoymaqdadır» kimi fikirlər səsləndirməsi onun bu məsələyə daha çox üstünlük verdiyini göstərirdi. Robert Köçəryan hökuməti bu dəfə də erməni diasporasının gücündən bəhrələnməyə can atırdı. Erməni diasporasının bu dəfəki əsas hədəfi yenə də ABŞ oldu. Yuxarıda qeyd etdiyimiz kimi, 70-80-ci illərdə saxta «erməni soyqırımı» məsələsi ABŞ Təmsilçilər Məclisinin gündəliyinə bir neçə dəfə daxil edilmiş və cüzi səs çoxluğu ilə qəbul edilmişdi. 1996-cı ildə cari ildə xarici ölkələrə ediləcək yardımlarla əlaqədar büdcə layihəsinin müzakirəsində Türkiyəyə ediləcək yardımın azaldılması əsas müzakirə predmeti oldu. Osmanlı dövlətinin 1915-1923-cü illərdə erməni xalqına edilən «qətliam»ın tanınması ilə bağlı sənəd müzakirəyə çıxarıldı. Sənəd 268 səs lehinə, 153 səs əleyhinə olmaqla qəbul edildi və daha sonra qərar Senatın müzakirəsinə göndərildi. Qərar bu dəfə də Senat tərəfindən rədd edildi.
21 sentyabr 2000-ci ildə Təmsilçilər Məclisi İnsan Haqları Alt Komitəsində «soyqrımın» tanınması istiqamətində qərar qəbul edildi. Qərar daha sonra Təmsilçilər Məclisinin Ölkələrarası Əlaqələr Komitəsindən də keçərək Senatın müzakirəsinə göndərildi. ABŞ-ın dövlət başçısı Bill Klintonun və Müdafiə naziri Henri Şheltonun müdaxiləsi nəticəsində Təmsilçilər Məclisinin gündəliyinə daxil edilmiş, «erməni soyqrımı» ilə bağlı keçiriləcək dinləmələr təxirə salındı. Qeyd edək ki, 2000-ci il ABŞ-da prezident seçkilərinə start verildi. Həmin ildə ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından öz namizədliyini irəli sürmüş Corc Buşun seçki kampaniyası zamanı erməni diasporası üzvləri ilə görüşlər keçirildi. Görüşlər zamanı Corc Buş erməni seçicilərinin səslərini qazanmaqdan ötrü onlara bir sıra vədlər vermiş oldu. O, çıxışında demişdi: «Ermənilər keçdiyimiz yüzillikdə ən böyük faciələrindən birinə, soyqırıma məruz qalmışlar. Seçilərsəm ölkəmin bu soyqrımı tanıması üçün əlimdən gələni edəcəyəm». Məhz həmin ildə ABŞ prezidenti seçilən Corc Buşun ünvanına erməni diasporası tərəfindən çoxlu sayda məktublar göndərildi. Məktublarda ən diqqət çəkən hissə «bizə vermiş olduğunuz sözlərə əməl edin» fikirləri olmuşdur. İstər Bill Klintonun, istərsə də Corc Buşun hakimiyyəti dövründə hər il 24 aprel günü erməni xalqına müraciətlər ünvanlanmışdır. O, müraciətlərdə «soyqırım»ı ifadəsini işlətməsə də, Osmanlı İmperatorluğunun son dövrlərində ermənilərin köçürülməsinə və bunun nəticəsində də 1,5 milyondan artıq erməninin qətlə yetirilməsinə toxunmuş və bu hadisənin tarixin ən böyük faciələrindən biri olduğunu söyləmişdir. Ölkə başçısının öz çıxışında hər dəfə «soyqırımı» ifadəsini işlətməməsi ABŞ-da və dünyanın müxtəlif yerlərində yaşayan erməni diasporasının narazılığına səbəb olmuşdur.
Bəhs olunan dövrdə digər ölkələrdə olduğu kimi, Fransada yaşayan ermənilər də ölkənin rəsmi dairələrində saxta «erməni soyqırımı»nın tanıdılması istiqamətində səylərini gücləndirdilər. Zaman–zaman saxta soyqırımın beynəlxalq aləmdə tanıdılması istiqamətində çarpışan diaspora erməniləri 2001-ci ilə qədər bu və ya digər yolla məsələnin hökumət qarşısında qaldırılmasına nail olmuşlar. 1998-ci il mayın 29-da Fransa parlamentinin Alt Palatasında az sayda millət vəkilinin irəli sürdüyü «erməni soyqırımı»nın tanıdılması təşəbbüsü ilə bağlı dinləmələr keçirildi. Uzun sürən müzakirələrdən sonra qərar 29 səs lehinə olmaqla qəbul edildi. Bunun əsas səbəbi digər parlamentarilərin iclasa qatılmamaları və bu işə birbaşa dəstək olmamaları idi. Fransa parlamentinin Alt Palatasında qəbul edilmiş bu qərar Türkiyədə etirazla qarşılandı. Hətta Türkiyə hökuməti bu məlum qərarla bağlı Fransa hökumətinə etiraz notasını göndərdi. Lakin Fransa hökuməti bu notanı nəinki ciddi qəbul etdi, hətta qəbul edilmiş sənədi Məclisdən keçirərək Senata göndərdi. Türkiyə bunun qarşılığında Fransa ilə ticarət əlaqələrini kəsəcəyini və bu ölkənin ağır sənayesinə yatırılmış Türk kapitalını geri götürəcəyini açıq-aşkar bəyan etdi. Fransa hökuməti Türkiyənin atacağı bu addımın ölkə iqtsadiyyatının inkişafına mənfi təsir göstərəcəyini nəzərə alaraq parlamentə müraciət ünvanladı. Müraciətdə qəbul edilmiş qərarın Türkiyə üçün heç bir mənfi təsir göstərməyəcəyini, əksinə bunun (saxta «erməni soyqırımı» nəzərdə tutulur – T.C.) keçmişdə baş vermiş bir «anlaşılmazlıq» olduğunu önə çəkərək Türkiyə ilə əvvəlki münasibətlərini korlamamağa çağırırdı. Əsl həqiqətdə Fransa hökuməti bu qərarın qəbul edilməsinin nə lehinə, nə də ki, əleyhinə idi. Eyni zamanda məsələyə Türkiyənin sərt bəyanatları öz növbəsində Fransanı bərk narahat etdiyindən hökumət parlamentə təzyiqlərini gücləndirdi və son anda qərar Senatdan keçmədi. 2000-ci ilin fevral ayında parlamentarilər bir daha qərarın Senatda müzakirə edilməsinə səy göstərsələr də sonda məsələ yenə də baş tutmadı. Hadisələrin bu cür gedişatı Türkiyəni bir az da rahatlandırdı. Erməni lobbisi Fransanın rəsmi dairələrinə və siyasi partiyalarına çoxsaylı məktublar ünvanlayaraq hökuməti Türkiyə ilə gizli danışıqlar aparmaqda günahlandırdı. Fransa hökuməti seçim qarşısında qalmışdı. Avropanın Asiya ilə qovşağında yerləşən Türkiyəni ermənilərə qurban vermək, yoxsa xristian qardaşlarının mənafelərini müdafiə etmək. Son anda Fransa hökuməti ikinci fikrin üstündə dayanmalı oldu. Nəticədə, 2000-ci ildə saxta «erməni soyqırımı» ilə bağlı məsələ Fransa parlamentində yenidən müzakirəyə çıxarılaraq Senata göndərildi. Senatda müzakirələrin vaxtı yaxşılaşdıqca ermənimeylli deputatların sayı da durmadan artırdı. Bu azmış kimi ölkə prezidenti Jak Şirak və baş nazir də öz çıxışlarında məsələnin tez bir zamanda Senatda müzakirə olunacağına və hökumət tərəfindən heç bir əngəl törədilməyəcəyinə söz vermişdilər. Nəticədə 8 noyabr 2000-ci il tarixdə məsələ Senatda müzakirə olunaraq 40 nəfər əleyhinə, 160 nəfər lehinə səs verməklə qərar qəbul edildi. Qərarın mətni 29 may 1998-ci ildə Alt Məclisdə qəbul edilmiş sənədlə eyni idi, fərq ancaq qərarların qəbul edilməsinin üsullarında idi. Qərarın qəbul edilməsi ilə Fransız malları küçələrə səpildi. Bir çox siyasi partiya liderləri Fransa ilə əlaqələrin tamamilə kəsilməsini, ölkədə fəaliyyət göstərən Fransa səfirliyinin bağlanmasını, fransız dilinin ölkə təhsilindən, həmçinin universitetlərdən çıxarılmasını tələb etdilər. Hətta İstanbul Universiteti Fransa ilə bütün əlaqələrin kəsildiyini də açıqladı. Türkiyə ilə Ermənistan sərhədləri bağlı olsa da Ermənistandan Türkiyəyə həftədə 8 avtobus və 2 təyyarə reysləri təşkil edilirdi. Bundan da ermənilər kifayət qədər bəhrələnə bilirdilər. Bu aralarda 50 minə yaxın erməni əhaləsi gizli yollarla Türkiyəyə iş dalınca gedib-gəlirdi. Sonda Türkiyə erməni vətəndaşlarına viza verilməsini sərtləşdirdi. Bunun ardınca Türkiyəyə təyyarə reysi ikidən birə endirildi və daha sonralar 2 həftədən bir təşkil edildi. Qərardan dərhal sonra Ermənistan prezidenti Robert Köçəryan Fransaya rəsmi səfərə yollandı. R.Koçaryan Parisdə «soyqırımı» qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etdi. Abidə önündə nitq söyləyən Jak Şirak da Türkiyənin Avropa Birliyinə qəbul edilməsi məsələsində «erməni soyqırımı»nın Türkiyə tərəfindən tanınmasının şərt olduğunu xatırlatdı. Jak Şirak prezident seçkiləri öncəsi erməni Rangavar-Azatakan Partiyasının Paris şəhər şöbəsi başçısına göndərdiyi məktubda – «soyqırım»ı həqiqətləri müzakirə mövzusu olmayacaq, «qətliam keçən əsrin ən dəhşətli hadisələrindən biridir və tarixin dəyişdirilməsi qəbul edilməyəcək» şəkildə fikrini açıqlamış və digər ölkələrin də Fransanın atdığı addımı atacağını bildirmişdi. Qərarın qəbul edilməsində əlindən gələn köməkliyi göstərmiş qüvvələr arasında ASALA terror təşkilatının aparıcı funksionerlərindən olan Patrik Dəvəçiyanı misal göstərmək olar ki, bu şəxs Fransanın hal-hazırkı prezidenti Nikola Sarkozinin ən yaxın köməkçisidir.
Xatırladaq ki, 2001-ci il yanvarın 29-da Fransa prezidenti Jak Şirak ölkə parlamentinin «Osmanlı imperiyasında 1915-ci il erməni soyqırımı haqqında 18 yanvar tarixli qətnamə»sini təsdiq etdi. Bu haqda Cəlal Əliyev yazır: «Bu hadisə Türkiyə hökuməti və ictimaiyyətini, o cümlədən Türkiyə ermənilərinin dini başçısı II Mesropun da haqlı etirazına səbəb oldu. Patriarx 1915-ci ildə Türkiyə ermənilərinə qarşı soyqırımı iddiasını, yəni onların kütləvi şəkildə, qəsdən qətlə yetirilməsi «faktını» qətiyyətlə təkzib etdi. Amma artıq iş-işdən keçmişdi. Bəzi siyasi liderlərin və parlament xadimlərinin simasında Fransa özünün NATO üzrə müttəfiqinin, Şərqi Avropanın iri dövləti olan Türkiyə ilə münasibətlərinin kəskinləşməsinə rəvac verdi. Məlum olduğu kimi, fransızların bu əməli Türkiyədə qəzəbli etiraz dalğalarının kükrəməsinə səbəb oldu. Dərhal fransız şirkətlərinə qarşı iqtisadi sanksiyalar tətbiq edildi.
2000-ci ildə Türkiyə ilə Fransa arasında gərginliyə gətirib çıxaran amillərdən biri də «Qomidas» heykəli olayıdır. Heykəl Parisin ən görkəmli yerlərindən birində, Sena çayı sahilindəki Kanada meydanında 6 metr yüksəklikdə qoyulmuşdur. Heykəl 1869-cu ildə Kutahyada doğulmuş erməni ilahiyyatçısı Soqomon Soqomonyanın xatirəsinə ucaldılmışdı. Ermənilərə görə bu heykəl ermənlərin Anadoluda çəkdikləri sıxıntıların önəmli bir simvoludur. Bu ədalətsizliyə dözməyən Fransanın tanınmış tarixçi alimləri 2001-ci ildən indiyədək əsl həqiqəti öyrənmək və üzə çıxarmaq məqsədi ilə tədqiqatlar aparmış, tarixin başqa faktlar diktə etdiyini aydınlaşdırandan sonra ölkə parlamentinin qondarma «erməni soyqırımı» faktını tanımaq haqqında 29 yanvar 2001-ci il tarixli qərarının ləğv olunması barədə birgə bəyanatla çıxış etmişlər. Jan Jak Bekker, Mark Ferro, Pyer Nora, Elizabet Badinte, Jan Pyer Azimi, Jan Klod Perro və başqa bir neçə nüfuzlu tarixçi alim imzaladıqları bəyanatda söyləyirdilər ki, ölkə parlamenti son illər Fransanın dünyadakı nüfuzuna xələl gətirən 19 qanun qəbul etmişdir ki, onun da biri qondarma «erməni soyqırımı» haqqında qəbul edilmiş qanundur. Bəyanatda parlamentin qondarma «erməni soyqırımı»nın tanınmasını istəyən xüsusi bənd var: «Fransada yaşayan ermənilərin və güclü erməni lobbisinin təzyiqi ilə Fransa dövləti tərəfindən qəbul olunmuş və heç bir hüquqi əsası olmayan uydurma «erməni soyqırımı»nın tanınması haqqındakı qanun ölkənin şərəfini alçaldan bir sənəd kimi ləğv edilməlidir». Tarixçilər ölkə parlamentinə bu kimi həssas qanunun qəbul edilməsi zamanı siyasi maraqlara deyil, alimlərin fikirlərinə və tarixi faktlara əsaslanmağı məsləhət görüblər.
1991-2001-ci illərdə Ermənistan hökumətinin digər ölkələrin qanunverici orqanlarında (Kanada, Argentina, Uruqvay, İsveçrə, Norveç və s.) «erməni soyqırımı» ilə bağlı qəbul etdirmiş olduğu qərarlar onun xristian bloku ölkələri arasındakı münasibətlərini daha da yaxınlaşdırmışdır.
Məlum olduğu kimi, XIX əsrin sonu–XX əsrin əvvəllərində Osmanlı imperiyası öz mülklərini itirmək təhlükəsi ilə üzləşmişdi. Məhz bunun qarşısını almaq üçün sultan hökuməti Almaniya imperatorluğu ilə bir ittifaqda Antanta ölkələrinə qarşı mübarizəyə başladı. Beləliklə, I Dünya müharibəsinin başlanmasına gətirib çıxaran bu siyasət Osmanlı imperiyasının iflasına səbəb oldu.
Müharibənin ən şiddətli vaxtlarında Osmanlı təbəəsi olan ermənilərin öz vətənlərinə xəyanətkar əməlləri nəticəsində ölkənin Şərqi Anadolu bölgəsi tamamilə düşmən ordusu tərəfindən işğal olundu. Ermənilərin xəyanətkar əməllərindən ehtiyatlanan sultan hökuməti 27 may 1915-ci ildə erməni millətçi ekstremistlərinin və komitəçi ermənilərin Suriya və Mesopotomiya ərazilərinə köçürülməsi ilə bağlı qərar qəbul etdi. 1916-cı ilin fevral ayının 16-dək davam etmiş köçürülmədə 702.900-ə qədər qeyri-türk millətinin yeri dəyişdirilmiş və ümumilikdə bu siyasət uğurla həyata keçirilmişdir. Hökumət əhalinin təhlükəsizliyini təmin etmək üçün mühüm tədbirlər planı işləyib hazırladı. Burada qış mövsümünün sərt keçməsi ilə əlaqədar olaraq əhalini tez bir zamanda yeni ünvanlarına çatdırılması işinin sürətləndirilməsi xüsusi olaraq qeyd edilirdi. Qeyd edək ki, əhalinin dəvə karvanlarından, at arabalarından, vaqonlardan istifadə etməsi onların işini daha da asanlaşdırmışdır. Hökumət bunun üçün dövlət xəzinəsindən 85 milyon quruş vəsaitin ayrılması ilə bağlı qərar qəbul etdi. Ümumilikdə hökumət bu işin öhdəsindən çox ustalıqla gələ bildi.
I Dünya müharibəsi başa çatdıqdan sonra sultan hökuməti köçürülmüş ermənilərin yenidən öz əvvəlki yerlərinə qayıtması ilə əlaqədar qərar qəbul etdi. Nəticədə, Suriya və Mesopotomiya ərazilərinə köçürülmüş 500 minə yaxın erməni əhalisi öz əvvəlki yaşayış yerlərinə qayıtmağa başladılar.
Artıq müharibə başa çatsa da qalib dövlətlər Osmanlı imperiyasının təslimçi sülh müqaviləsini imzalamasına nail oldular. Sevr, Mudros müqavilələri ilə imperiyanın bir sıra mülkləri qalib dövlətlər arasında bölüşdürüldü. Məhz ölkədə gündən-günə vüsət alan milli-azadlıq hərəkatı qarşısında duran əsas məsələ imperialist qüvvələri ölkə ərazisindən təmizləmək və sərhədlərin təhlükəsizliyini təmin etmək idi. Müvəffəqiyyətlə nəticələnən azadlıq hərəkatı ilə məğrur Türk milləti öz ata-baba torpaqlarını imperialist qüvvələrdən təmizləmiş oldu. Bununla barışmayan Qərb dövlətləri 1923-cü ildə Lozannada sülh konfransına toplaşaraq Türkiyə Cümhuriyyətini 1915-ci il hadisələri ilə əlaqədar ittiham etməyə başladılar. Lakin Türk nümayəndə heyətinə rəhbərlik etmiş İsmət Paşanın tutarlı faktlarla çıxışları konfransa qatılmış erməni nümayəndə heyətini və bu işdə onlara havadarlıq edən iri dövlətləri susmağa məcbur etmişdir. Lozannada məğlubiyyətə uğramış erməni lobbisi öz mənfur missiyasını artıq beynəlxalq təşkilatların mötəbər tribunalarında və bəzi dövlətlərin parlamentlərində təbliğ etməyə nail olmuş, hətta 20-dən artıq dövlətin qanunverici orqanlarında saxta erməni soyqırımı ilə bağlı qərarlar qəbul etmişlər. Bununla kifayətlənməyən ermənilər 1991-ci ildə qəbul edilmiş Ermənistan Respublikasının «Müstəqillik Aktı»nın 11-ci maddəsində «saxta erməni» soyqırımının beynəlxalq miqyasda tanıdılmasını Ermənistan Respublikasının xarici siyasət strategiyasının tərkib hissəsi kimi» göstərmiş və bu maddə olduğu kimi Ermənistan Konstitusiyasına daxil edilmişdir.
Göründüyü kimi, erməni diasporası öz istəklərinə çatmaq üçün istənilən vasitələrə əl atmış, müəyyən mənada buna nail olmuşdur. Türkiyə Respublikasının beynəlxalq nüfuzuna xələl gətirən bu mənfur siyasət məğrur Türk millətini susdurmamış əksinə, bu qüvvələrə qarşı sona qədər mübarizə aparmağa vadar etmişdir. Bu işdə Azərbaycan-Türkiyə diasporalarının birgə fəaliyyəti uğurla həyata keçirilməkdədir.
Taleh Cəfərov
http://www.uluturk.info