11 gün davam edən etiraz mitinqlərindən sonra, Ermənistanın baş naziri Serj Sarksyan istefa verdi. S.Sarksyanın yeni konstitusiya “islahatı” öz başında çatladı. Dünən İrəvanda keçirilən mitinqdə etiraz hərəkatının rəhbəri Nikol Paşinyan bildirib ki, Sarksyanın 2018-ci ilin oktyabrında istefa verməsi təklifi ilə razılaşmayıb. Bundan sonra ona baş nazirin bir ay sonra istefa verməsi təklifi ilə müraciət edilsə də, bu varinatı da qəbul etməyib. Nəhayət, üçüncü təklif Sarksyanın aprelin 25-də istefa verə biləcəyi ilə bağlı olub, lakin Paşinyan Ermənistan xalqı adından bəyan edib ki, “Sarksyan yaxın 2 saat ərzində istefa verməlidir”. Paşinyan bildirib ki, növbəti addım danışıqlarla bağlı olacaq. Belə ki, aprelin 25-də o, Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Karen Karapetyanla görüşəcək. Görüşdə tərəflər sonrakı addımlarını müzakirə edəcəklər. Paşinyan bildirib ki, onların etirazları zamanı həbs edilənlər dərhal azad olunmalıdır (Panaramenian.net).
Ermənistanın “Jamanak” qəzeti Sarksyanın istefasını belə xarakterizə edir: “Beləliklə, 23 apreldən biz yeni Ermənistanda yaşayırıq, hərçənd onun köhnədən nə ilə fərqlənəcəyini bilmirik. Yalnız bir şey aydındır, bir neçə günlük ictimai mübarizədən və Serj Sarksyanın istefasından sonra cəmiyyətdəki qələbə, müsbət gözləntilər, perspektiv, ümid hissi bütün müstəqillik tarixi ərzində olmayıb. Digər tərəfdən, elə reallıqlar var ki, cəmiyyətdə məyusluq yaranmaması üçün soyuq və ayıq nəzərlərlə baxış tələb edir. Buna görə də anlamaq lazımdır ki, Ermənistanda yalnız bir nəfər istefa verib, sistem isə hələ də qalmaqdadır”…
Bəs baş verən hadisələri Azərbaycan politoloqları necə şərh edirlər, yaxın günlərdə ssenari necə inkişaf edəcək?
Elxan Şahinoğlu öz səhifəsində yazdığı şərhdə bildiririr ki, Paşinyanın yeni seçkiyə gedərək, parlament çoxluğunu müxalifətin xeyrinə dəyişməyə çalışacaq: “Nikola Paşinyanın Serj Sərkisyan üzərində qələbəsindən sonra onun iki yolu var idi. Birinci yol Sərkisyanın istefasıyla kifayətlənib Karen Karapetyanın baş nazir seçilməsinə yaşıl işıq yandırmaq, ikinci yol isə indiki hökumətin müvəqqəti xarakter daşıdığını bildirərək növbədənkənar parlament seçkisi tələb etməkdir. Paşinyan doğru qərar verdi və ikinci yolu seçdi. Çünki Serj Sərkisyanın dəyişməsi işin yarısıdır, parlamentdə Respublika Partiyasının çoxluğuna son qoymaq lazımdır. Paşinyan artan reytinqindən istifadə edərək yeni seçkiyə gedib parlament çoxluğunu müxalifətin xeyrinə dəyişmək istəyir. Cin şüşədən çıxdı, Paşinyan və onun tərəfdarları Ermənistanda yaxın illərdə həlledici fiqurlara çevriləcək. Ermənistanda bir nəfərin hakimiyyəti erası sona çatdı”.
Arzu Nağıyev baş verənlər Ermənistanda klanlar arasındakı mübarizənin bitməsi anlamına gəlmədiyini vurğulayır: “Bu gündən sonra, ola bilsin, Ermənistanda parlament buraxılsın və artıq legitimlik məsələsi ortaya çıxsın. Düşünürəm ki, Sarkisyanın istefası heç də Ermənistandakı hadisələrin başa çatması demək deyil. Əgər onlar bunu “məxməri inqilab” adlandırırsa, buna qan tökmədən nail olublarsa, bu, heç də o demək deyil ki, Ermənistanda klanlar arasında mübarizə bitdi” (Trend).
İlqar Vəlizadə qeyd edir ki, hələ hər şey yeni başlayır, çünki səhnə arxasından yeni aktorlar peyda olacaqlar: “Ermənistanda baş verənlər bütövlükdə siyasi sistemin iflic olmasının göstəricisidir. Yalnız hakim partiya oyundankənar vəziyyətdə qalmadı, həm də aparıcı müxalifət partiyaları, daha geniş götürsək, siyasi partiyalar çökdülər. Bu “inqilabı” sistemdənkənar qüvvələr, gənclər, tələbələr, fəallar, kreativ, amma radikal gənclər etdilər. Ermənistanda münaqişə bitməyib. Onlar sistemi darmadağın edəcəklər, sistem isə Sarksyan deyil. Sarksyan həmin sistemin qurban verdiyi fiqurdur. Hələ qurbanlar, siyasi hərrac olacaq, onlar növbədənkənar parlament seçkilərinin keçirilməsinə nail olacaqlar. Səhnə arxasından real aktorlar peyda olmağa başlayacaq, hər şey hələ yenicə başlayır”.
Ermənistanda baş verənlərin Dağlıq Qarabağ münaqişəsinə təsiri ilə bağlı cavabları da maraqlıdır:
Elxan Şahinoğlu bildirir ki, Ermənistanda hakimiyyətə yeni gələnlərə mesaj göndərilməlidir ki, işğaldan vaz keçmələri bu ölkənin ancaq xeyrinə ola bilər: “Ermənistanda bu dəyişikliklərin Dağlıq Qarabağ münaqişəsinin həllinə nə dərəcədə təsiri olub-olmayacağı üzərində müxtəlif variantlar hazırlamalıyıq. Birincisi, Rusiya və Qərb Ermənistanda yeni lider uğrunda mübarizəyə başlayacaqlar. Ancaq yeni gələcək baş nazir Rusiya və Qərb arasında manevr etmək imkanında deyil. Ermənistan Rusiyanın təsir dairəsindədir. Kreml Sərkisyanı qorumaq istəmədi, ancaq bu o demək deyil ki, Ermənistandan imtina etmək fikrindədir. Rusiya Sərkisyanın yerinə öz adamını oturtmağa çalışacaq, ya da yeni baş naziri “Rusiaysız hərəkət edə bilməzsən” reallığını qəbul etdirməyə çalışacaq. Buna baxmayaraq, Qərb də yeni baş nazir uğrunda mübarizəyə başlayacaq. İkincisi, rəsmi Bakı da ciddi götür-qoy etməlidir. 20 ildir Ermənistan Köçəryan-Sərkisyan girovluğunda idi və bu şəxslər işğalı həyata keçirənlərdir, heç zaman münaqişənin sülh yolu ilə həllinə yaşıl işıq yandırmayacaqdılar, necə ki, yandırmadılar. İndi Ermənistana yeni gələnlərə Bakıdan mesaj yollamalıdır ki, əgər işğaldan vaz keçsələr və ədalətli sülhə razılaşsalar bu Ermənistanın da xeyrinədir”.
Arzu Nağıyev Ermənistanın yeni hakimiyyətinin Azərbaycanla normal və konstruktiv danışıqlara getməsinin vacibliyini qeyd edir: “Ermənistanda yeni hakimiyyət Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mühüm addımlar atmalıdır. Çünki Dağlıq Qarabağ münaqişəsinin həlli bu gün həm Azərbaycan, həm də Ermənistan üçün prioritet məsələdir. Bu gün heç bir erməni öz övladının Dağlıq Qarabağ ərazisində ölməsini istəmir. Ona görə də yeni hakimiyyət normal, konstruktiv danışıqlara getməlidir” (Trend).
Yeri gəlmişkən, bu arada artıq Rusiya da yeni Ermənistan rəhbərinin kim olacağı ilə bağlı fikrini sadiq ermənipərəst, Dövlət Dumasının MDB işləri və həmvətənlərlə əlaqələr üzrə Komitəsinin sədr müavini Konstantin Zatulinin dili ilə bildirib: “Böyük yəqinliklə demək olar ki, Ermənistan hökumətinin yeni rəhbəri Karen Karapetyan olacaq. Nümayişçilərin Karapetyana etirazları üçün əsas olmayıb. O, populyar fiqur kimi qalmaqdadır. Hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, o, Ermənistanın əvvəlki öhdəliklərini təsdiq edəcək. Hətta bu şəxs Ermənistan-Rusiya münasibətlərinin hazırki paradiqmasını əvvəllər dəfələrlə tənqid etmiş Nikol Paşinyan olsa da”. (armeniansputnik.am).
Hazırladı: Gündüz Nəsibov
1905.az