Erməni millətçiliyi və onun daşıyıcısı olan «Daşnaksutyun» 1930-cu illərin ortalarınadək SSRİ-nin dövlət təhlükəsizlik xidmətləri tərəfindən ideoloji düşmən deyil, ideya düşməni kimi qəbul olunub.
Belə olan halda, onların ciddi şəkildə izlənilməsi nəzərdə tutulsa da, hər hansı qanunsuzluğa yol verilmədiyi halda fərdi və kollektiv repressiyalara başlanması qadağan idi. Başqa sözlə, daşnaklar nəzarətdə saxlanılır, bəzi hallarda onların xüsusi fəal nümayəndələri sürgünə göndərilir və ya Baş Siyasi İdarənin həbs düşərgəsinə atılırdı (o zaman Sovet İttifaqında məhbusların əməyindən xalq təsərrüfatında istifadə təcrübəsi tam yayılmamışdı). Onlara insanların beyni uğrunda mübarizə aparan siyasi rəqib yox (o zaman bu qəbildən olan rəqibə istənilən din, kilsə və din xadimi aid edilirdi. Bu üzdən dövlət təhlükəsizlik xidmətinin repressiya maşını tam gücünü məhz onlara yönəltmişdi), potensial qiyamçı və terrorçu kimi yanaşırdı.
Bunu Ermənistan SSR Baş Siyasi İdarəsinin sədri, 1-ci dərəcəli dövlət təhlükəsizliyi komissarı Armenak Abdulyanın 1933-cü ilin iyulunda yazdığı analitik məktub da təsdiqləyir. Orada konkret şəkildə göstərilib ki, erməni millətçilərinin Sovet hakimiyyətinə əsas təhlükəsi «… Persiyada çox sayda olan banda və onların rəhbərlərinin buraya ötürülməsi və ayrı-ayrı hakimiyyət nümayəndəsinə qarşı terror aktlarındadır». Daşnakların bundan artığını bacaracaqları düşünülmürdü. Sənəd rəsmən «Daşnaksutyun» partiyasının XI və XII qurultaylarında qəbul olunmuş qərarların ən vacib maddələrinin müqayisəsi» adlanırdı. O, həmin dövr üçün ən məxfi dərəcə sayılan «Tam məxfi. Şifrlərilə birgə saxlanılsın» qrifinə malik idi. Bu, o demək idi ki, həmin sənədlə yalnız Baş Siyasi İdarənin rəhbər şəxsləri tanış ola, buradan operativ heyətə yalnız onların vəzifə səlahiyyətləri çərçivəsində fəaliyyətə başlamasına imkan verəcək həcmdə məlumat çıxara bilərlər. Sənədlərin surəti Azərbaycan SSR, Gürcüstan SSR və Naxçıvan MSSR Baş Siyasi idarələrinin sədrlərinə də göndərilibmiş. Onlar əldə etdikləri məlumata əsasən, yerlərdə əməkdaşlarının fəaliyyətini təşkil etməli idilər (bu analitik məktubun bir nüsxəsi hazırda Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin arxivində saxlanılır).
Lakin sözügedən analitik məktubun müəllifi 1 il sonra kifayət qədər müəmmalı şəkildə dünyasını dəyişib. O zaman gah deyiblər ki, Abdulyan avtomobil qəzasında ölüb, gah da deyiblər həmin vaxt bolşeviklərin Ümumittifaq Kommunist Partiyasının Zaqafqaziya ölkə komitəsinin birinci katibi Lavrentin Beriyanın kabinetində güllələnib. Deyilənə görə, Abdulyan o zaman, eyni zamanda SSRİ XDİK üçün Əsasnamə layihəsinin hazırlanması və SSRİ XDİK-nın Xüsusi məsləhətləşmə komissiyalarının üzvü olan və Tiflisdə işləyən Beriyanın yanına hesabata yollanıbmış.
Daşnaklar bolşevik partiyasının ideya düşmənindən ideoloji düşməninə 1933-cü ildə çevrilib. O zaman daha çox «Njde» partiya ləqəbilə tanınan Qaregin Ter-Arutyunyan Bostonda (ABŞ-ın Massaçusets ştatı) təşkil olunmuş təsis konfransında «Tseqakron» təşkilatını yaradıb (iyulun 16-da). Sonradan təşkilatın adı dəyişdirilərək, Erməni Gəncləri Federasiyası olub. Bununla da, onların erməni ariliyi haqda nəzəriyyəsi nəzəriyyədən təcrübəyə daşınıb.
Demək olar ki, eyni vaxtda kənardan bir-birilə bağlı olduğu görünməyən daha 2 hadisə baş verib. Birincisi, yanvarın 30-da Almaniya Milli-Sosialist Fəhlə Partiyasının lideri Adolf Hitler Almaniyanın reyxskansleri təyin olunub, Fransada isə heç kəsin tanımadığı antropoloq J.Montadon ariyalılar qədər «qədim» olan «erməni irqi»nin mövcudluğunu bəyan edib. Lakin bu 3 hadisənin eyni vaxta baş verməsi təsadüf deyildi. SSRİ və Türkiyədəki silahdaşlarının çox gücsüz olduğunu yaxşı anlayan Qaregin Njde tamamilə məqsədli şəkildə öz təşkilatını yaradaraq, alman millətinin yeni fürerinin diqqətini çəkməyə çalışırdı. Bununla, o, nasistlərlə bir sırada yer almağı, onların hərbi-texniki gücündən erməni millətçiliyinin xeyrinə yararlanmağı düşünürdü. O, əlbəttə ki, hərfi mənada alman nasisti deyildi. Çünki alman deyil, «armenoid» irqinin daha ali olduğu fikrində idi. Njde nasizm anlayışını tamamilə başqa tərkiblə – tseqakronist tərkiblə zənginləşdirməyi düşünürdü. Amma bu, iki irqçi nəzəriyyənin – nasizm və tseqakronun oxşarlığı obyektiv olaraq gizlədilə bilməzdi.
Erməni müəllif və ya xadimlərin erməni dilində hər hansı elmi və ya siyasi sözü dövriyyəyə buraxan zaman onun başqa dillərdə hansı mənanı verdiyini açıqlamaqdan çəkinməsi çoxdankı ənənədir. Bu səbəbdən, bu gün Qaregin Ter-Arutyunyanın partiya ləqəbi olan «Njde»nin, əslində, nə demək olduğunu çox az adam bilir. Halbuki bu söz hərfi tərcümədə «qazanc dalınca vətənini tərk etmiş şəxs», müasir dildə «qastarbayter», daha kobud desək, «avara», «süpürüm» mənasını verir. Eyni şeyi bir vaxtlar Qaregin Njdenin təşkilatı olmuş «Tseqakron» nəzəriyyəsi haqda da demək olar. Bu gün erməni siyasətçiləri və jurnalistləri bu sözün əsl mənası haqda susmağa, yaxud onu təhrif etməyə çalışırlar. Onlar bu adı müxtəlif dillərdə mümkün qədər xoş analoqu ilə ifadə etmək istəyir. Halbuki Njdenin dövründə və ötən əsrin ortalarında yaşamış şəxslər onu tamamilə başqa cür qəbul və tərcümə edirdi.
Rusiya Federasiyasının Dövlət Arxivində, SSRİ Xalq Daxili İşlər Komissarlığı Fondunda Almaniya ordusunun əsiri olmuş, İkinci Dünya müharibəsinədək Avstriyada yaşamış şamaxılı erməni Pyotr Kamsarakanın (Kamsarakyan) dindirilməsinə dair bir sıra sənədlər var. Nasist Almaniyasının İmperiya Təhlükəsizliyi Baş İdarəsinin sabiq agenti olmuş bu şəxs erməni millətçilərinin Avropa ölkələrində yaşayan liderlərinin ələ alınmasında, Üçüncü reyxə cəlb olunmasında şəxsən və bilavasitə iştirak edib. Onun taleyi və ifadələri növbəti məqalələrimizdən birinin mövzusu olacaq. İndi yalnız onu qeyd edək ki, Kamsarakan əvvəlcə «SMERŞ» Baş Əks-Kəşfiyyat İdarəsinin əməkdaşlarına, daha sonra XDİK və SSRİ DİN-nin müstəntiqlərinə ifadəsində «Tseqakron» təşkilatının adını dəfələrlə və birmənalı şəkildə «irqçilər» kimi tərcümə edib. Beləliklə, Njde Hitlerə ən azı irqçiliyin əsas götürüldüyü təşkilat yaratması ilə yaxındır. Sadəcə, burada söhbət arilərin deyil, armenoidlərin üstünlüyündən gedirdi.
Odur ki, SSRİ-nin dövlət təhlükəsizlik xidmətlərinin rəhbərləri Njdenin sadəcə nasizmin tərəfdarı deyil, bu ideologiyanın Sovet İttifaqı xalqları arasında əsas yayıcılarından olduğunu yaxşı bilib. Odur ki, onun Stalinin vəfatından sonra azadlığa buraxılmasından və ölümündən sonra məsələ heç zaman ən azı ictimai diskussiya səviyyəsinə qaldırılmayıb.
Pyotr Kamsarakan (Kamsarakyan) ifadələrində Njdeni və onun ideoloji tərəfdarlarını nasist Almaniyasında xidmətə şəxsən necə cəlb etdiyi haqda kifayət qədər açıq danışıb. Kamsarakanın sözlərinə görə, o, bu işi SS-in oberşturmbanfüreri, İmperiya Təhlükəsizliyi Baş İdarəsinin Avstriyadakı məsul şəxsi Vilhelm Hettlin göstərişi ilə edib. Sənəddə yer almış bir sitat vəziyyəti tam çılpaqlığı ilə ortaya qoyur: «…O, mənə dedi ki, Hitler Almaniyasını dəstəkləyən ermənilərlə əlaqə qurmaq istəyir. Hettlə bildirdim ki, Vyanada xırda kommersiya ilə məşğul olan ermənilər arasında onu maraqlandıran informasiyaları əldə etməmiz, yaxud siyasi əməkdaşlıq üçün yararlı şəxslər yoxdur. Lakin mən Sofiyada yaşayan və siyasi fəaliyyətlə məşğul olan erməni generalı Njdeni tanıyıram. Üstəlik, o, «İrqçilər» adlı faşist tipli təşkilat da yaradıb. Eyni zamanda daşnak partiyasının Parisdə yaşayan rəhbərlərindən Arşak Camalyanın da adını çəkdim.
Mən həmin vaxt Hettlə Njdenin qatı Almaniya tərəfdarı olduğunu dedim və bildirdim ki, fikrimcə, ona tamamilə arxalanmaq olar. Çünki daşnaklar kimi, Njde də antisovet əhvallı şəxsdir. Daşnaklar hər zaman Qərbə, yəni İngiltərə və Fransaya meyil etsələr də, yaranmış vəziyyətdə bizimlə, yəni Almaniya ilə əməkdaşlığa gedəcəklərini düşünmək olardı. Almaniyanın qüdrətinə və gələcəyinə inandığımdan düşünürdüm ki, ermənilərin onunla əməkdaşlığı həm daşnakların, həm «İrqçilər»in işinə yarıyacaq. Hesab edirdim ki, bu təşkilatların antisovet mövqeyi belə əməkdaşlıq üçün kifayət edəcək zəmanətdir». Necə deyərlər, şərhə ehtiyac yoxdur.
Sovet xüsusi xidmət və hüquq mühafizə orqanları üçün avstriyalı erməni Pyotr Kamsarakan (Kamsarakyan) son dərəcə vacib və dəyərli informasiya mənbəyi sayılıb. Bu üzdən onun işi şəxsən SSRİ-nin daxili işlər naziri, general-polkovnik S.N.Kruqlovun kurasiyasında olub. 1948-ci il noyabrın 18-də İ.V.Stalin, V.M.Molotov, L.P.Beriya və Q.M.Malenkovun adına (sonradan – dekabrın 1-də arayışın daha bir surəti də dövlət təhlükəsizliyi üzrə general-leytenant, SSRİ DTN-nin «S» İdarəsinin rəisi A.Z.Kobulov üçün çıxarılıb) onun imzası ilə «Tam məxfi» qrifli arayış yazılıb. Sənəddə onun son dərəcə məxfi olduğu xüsusi vurğulanırdı. Faktiki olaraq, Kamsarakyanın ifadələri, ümumiyyətlə, fiziki mövcudluğu haqda yalnız SSRİ-nin ali siyasi rəhbərliyi, dövlət təhlükəsizlik xidmətlərinin bir neçə rəhbər, operativ və texniki işçisi məlumatlı olub. Rusiya Federasiyasının Dövlət Arxivindən bu sənədi tarix elmləri doktoru, professor Cəmil Həsənli aşkarlayaraq üzə çıxarıb. SSRİ daxili işlər naziri general-polkovnik S.N.Kruqlovun 1948-ci il 18 noyabr tarixli arayışında Üçüncü reyxin xüsusi xidmət orqanları ilə erməni millətçiləri arasındakı əməkdaşlığa dair bu fikirlər yer alıb: «…Daşnaklar komitələrinin olduğu bütün ölkələrdə almanları maraqlandıran informasiyaları toplamaqla məşğuldur. Bu, ilk növbədə, Sovet İttifaqına, Mərkəzi Amerika ölkələrinə və İngiltərəyə aiddir. Xüsusi vacib hallarda daşnaklar bu ölkədəki alman nümayəndələrilə bilavasitə əlaqə saxlamalıdır».
«Daşnaklar kəşfiyyat məlumatları toplamaqla yanaşı, 1940-cı ilin yayı boyunca almanların tapşırığı ilə Hollandiyada ayrı-ayrı şirkətləri və insanları qarət etməklə ələ keçirilmiş brilyantların, digər zinət əşyalarının Rumıniyada satışı ilə də məşğul olublar (söhbət nasistlərin Niderlandın zərgər yəhudilərinin əlindən qeyri-leqal yolla aldığı zinət əşyalarından gedirdi).
«Daşnaklar almanlara öz arzularını da çatdırırlar. Onlar istəyirlər ki, SSRİ ilə müharibə olacağı təqdirdə, Almaniyanın tərkibində erməni dövləti yaradılsın və orada hakim partiya daşnaklar olsun. Bununla yanaşı, şərqdə Ermənistan Türkiyənin ermənilər yaşayan rayonlarının ona birləşdirilməsilə yanaşı, Dağlıq Qarabağ, şimaldan isə Gürcüstanın Borçalı rayonu hesabına genişlənməlidir».
Beləliklə, daşnaklar faktiki olaraq, Cənubi Qafqazda hitlerçilər üçün reyxskomissariat yaratmalı imişlər. O, nasistlərin işğal etdiyi digər ərazilərdə formalaşdırdığı reyxskomissariatlar boyda olmalı imiş. Fərq yalnız onda idi ki, Avropanın digər regionlarında onlar arilərin irqi hökmranlığı nəzəriyyəsi əsasında yaradılırdısa, Ermənistanda tseqakron nasist-irqçi ideologiyası hakim olmalı idi.
Lakin məqaləmizin kontekstində ən maraqlısı sözügedən sənədin son abzasıdır: «Kamsarakyanın ifadəsi və onun daşnakların almanlarla əməkdaşlığa cəlbindəki rolu SSRİ DİN-nin dindirdiyi, Vladimirski həbsxanasında saxlanılan erməni emiqrantlarının lideri, «Njde» ləqəbilə tanınmış Ter-Arutyunyanın ifadəsilə də təsdiqlənir».
Burada alman nasizmilə əlbir olmuş bir şəxsin ifadəsinin digərinin ifadəsilə yenidən yoxlanılması önəmli deyil. Bu, dünyanın istənilən ölkəsinin xüsusi xidmət orqanlarında istifadə olunan təcrübədir. Burada vacib olan başqa məqamdır: Qaregin Njde faktiki olaraq, 1940-cı ildən özünün və «Daşnaksutyun» partiyasından olan yoldaşlarının nasistlərlə bilərək, məqsədli şəkildə əməkdaşlıq etdiyini boynuna alır. O, ifadəsində rəhbəri olduğu «Tseqakron» təşkilatının adının tərcümədə «İrqçilər» olduğunu, partiyadaşlarının isə hitlerçilərlə yalnız hərbi və iqtisadi kəşfiyyat sahəsində deyil, Holokost qurbanlarının mülkiyyətinin ələ keçirilməsi və leqallaşdırılmasında da əlbir olduğunu etiraf edir. Başqa sözlə, Njde özünün alman nasizminin tərəfdarı, onun tseqakron ideologiyasının isə aşkar irqçilik olduğunu etiraf edib. Bu, əslində, insanın hərbi cinayətkar olduğunun etirafıdır.
Qeyd olunanlarla əlaqədar, bir daha xatırlatmaq lazımdır ki, SSRİ-nin ali siyasi rəhbərliyi hələ 50 il əvvəl Qaregin Ter-Arutyunyanın, başqa sözlə, «Njde» və ya «Qastarbayter»in, sadəcə, alman nasiszminin tərəfdarı olmadığını, onun irqçi nəzəriyyəsinin ermənilər arasında yayılmasına çalışdığını yaxşı bilib. Bugünkü Rusiyada isə bunu, yəqin ki, heç kəs xatırlamır. Halbuki Njdenin nasizm ideyasının carçısı, təbliğatçısı olduğuna heç bir şübhə yoxdur. Odur ki, Rusiyanın siyasi elitasının İrəvanda Njdeyə abidə ucaldılmasını «Ermənistanın daxili işi» adlandırması çox təəccüblüdür. Halbuki bu, nasizmin və irqçiliyin qəhrəmanlaşdırılmasının yeni formalarından biridir. Bu isə BMT Baş Assambleyasının 2013-cü il dekabrın 8-də qəbul etdiyi «Nasizmin qəhrəmanlaşdırılması, müasir irqçiliyə yol açan, irqi ayrı-seçkiliyi, ksenofobiyanı və bunlarla əlaqəli dözümsüzlükləri canlandıran digər hallarla mübarizə» adlı qətnaməsinin tələblərinə tam ziddir.
İrəvanda Qaregin Njdenin heykəlinin olması faktı BMT-nin 2001-ci il 31 avqust-8 sentyabr tarixlərində Durbanda (Cənubi Afrika) keçirilmiş toplantısında qəbul olunmuş və irqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasının tələb olunduğu Bəyannaməsinə də uyğun gəlmir. Həmin sənədin preambulasında deyilir ki, «irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və bununla bağlı dözümsüzlük, xüsusilə irqçilik və irqi ayrı-seçkilik bütün insan haqlarının kobud şəkildə pozulmasıdır. Belə hallar insan azadlıqlarına maneə olmaqla, bütün insanların bərabər hüquqlarla doğulduğuna dair aşkar həqiqətə ziddir. O, eyni zamanda xalqlar, millətlər arasında sülhə, dostluq münasibətlərinə mane olur, silahlı münaqişələr də daxil olmaqla, əhalinin zorla bir yerdən başqa yerə köçürülməsinə səbəb olan bir çox daxili və beynəlxalq münaqişələrin səbəbidir».
Njdenin şəxsiyyətinin və aşkar irqçilik olan tseqakron nəzəriyyəsinin qəhrəmanlaşdırılması, onun Ermənistan Respublikasının rəsmi dövlət ideologiyasına çevrilməsi İrqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına dair Beynəlxalq Bəyannaməsinin də bütün maddələrinə ziddir. Söhbət BMT Baş Assambleyasının 1965-ci il dekabrın 21-də qəbul etdiyi 2106 saylı sənəddən gedir.
Bu gün Ermənistan çoxmillətli dövlətlər olan Azərbaycan, Gürcüstan, İran və Rusiyanın arasında yerləşir. Lakin o özü monoetnik dövlətdir. Bu gün orada yaşayan əhalinin 90%-dən çoxu ermənidir. Ölkədə tam erməniləşdirilmiş assuriyalılarla yezidlərin olması da tseqakronun rəsmi dövlət ideologiyasına zidd sayılmır. Çünki «armeniod» irqi haqda təlimə əsasən, bu xalqların (assuriyalılarla yezidlər) nümayəndələri də bu irqə aiddirlər. Bütün bunları Ermənistanda bütün rus məktəblərinin qapadılması, türk xalqlarının nümayəndələrinin ölkədən qovulması ilə ümumiləşdirsək, birmənalı şəkildə demək olar ki, Ermənistan nəinki nasizmə icazə verən, hətta irqçiliyin qələbə çaldığı dövlətdir.
Rusiya hakimiyyəti artıq anlamalıdır ki, nasizmi qəhrəmanlaşdırdığı üçün yalnız Ukrayna və Baltikyanı ölkələri qınamaq, Ermənistandakı analoji əməllərə isə göz yummaq olmaz. Üstəlik, elə Rusiyanın öz arxivlərində Qaregin Njdenin tseqakron təliminin nasist və irqçi xarakter daşıdığını təsdiqləyən rəsmi sənədlər var. Hüquq elminin dililə danışsaq, Njdenin heykəli irqçiliyin müasir formasının qızışmasına, irqçi ayrı-seçkiliyə, ksenofobiyaya və onunla bağlı dözümsüzlüklərə yol açan yeni formadır. Buna son qoyulmalıdır. Rusiya XİN-nin rəsmisi Mariya Zaxarova baş verənlərə təəccübünü 2016-cı ilin 10 iyununda keçirdiyi brifinqdə belə bildirmişdi: «Biz bu abidənin hansı məqsədlə ucaldıldığını anlamırıq. Axı, Böyük Vətən müharibəsində, İkinci Dünya müharibəsində erməni xalqının rəşadəti hamımıza məlumdur». Göründüyü kimi, bu, indiki vəziyyətdə tam yersiz yanaşmadır. Njdenin abidəsi Ermənistanda qələbə çalmış nasizmin abidəsidir. Odur ki, o, insanlara nifrət aşılayan bütün digər nümunələr kimi, yer üzündən silinməlidir!
O.Kuznetsov “Region plus”, 1 oktyabr 2018