Cari ilin may ayında cəbhə xəttində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejimi 260 dəfə pozulub.
APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, atəşkəsin pozulması nətcəsində Azərbaycan Silahlı Qüvvələrinin 2 hərbçisi şəhid olub, 4 hərbçisi isə yaralanıb.
Atəşkəsin pozulması may ayının son dekadasında daha da intensivləşib. Bir çox halda cəbhə xəttində intensiv döyüşlər gedib. Ermənilərin may ayının son günlərində Qarabağ cəbhəsinin cənubunda – Füzuli və Cəbrayıl rayonları istiqamətində xüsusilə fəallaşması qeydə alınıb.
May ayında cəbhə xəttində atəşkəs pozuntularının ən çox qeydə alındığı ərazi cəbhənin Füzuli istiqaməti olub. Qeyd olunan istiqamətdə düşmən qüvvələri tərəfindən atəşkəs rejimi 66 dəfə pozulub. Ermənistan Ordusunun diversiya-təxribat qruplarının bu istiqamətdə bir neçə dəfə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə sızmasının qarşısı alınıb. Qarşı tərəfdən çox sayda hərbçi, o cümlədən Qarabağdakı erməni ordu korpusunun kəşfiyyat rəisi öldürülüb.
Atəşkəs pozuntularının sayına görə sonrakı yerdə 56 hadisə ilə Ağdam rayonu gəlir.
May ayında Qarabağ cəbhəsində Tərtər rayonu istiqamətində atəşkəs rejiminin 32, Xocavənd rayonu istiqamətində 23, Cəbrayıl rayonu istiqamətində 19, Goranboy rayonu istiqamətində 15, Göygöl rayonu istiqamətində isə 6 dəfə pozulması qeydə alınıb.
Ermənistan-Azərbaycan dövlət sərhədində isə Qazax rayonu istiqamətində 27, Tovuz rayonu istiqamətində 7, Gədəbəy rayonu istiqamətində 6, Daşkəsən rayonu istiqamətində 2, Ağstafa rayonu istiqamətində 1 dəfə atəşkəs pozuntusu faktı baş verib.
APA-nın monitorinqlərinə əsasən, 2014-cü ilin ilk beş ayında cəbhədə atəşkəs rejimi 2502 dəfə pozulub. Atəşkəsin pozulması ilə müşayiət olunan döyüşlərdə və mina partlayışlarında Azərbaycan Silahlı Qüvvələrinin 11 hərbçisi şəhid olub. On yeddi hərbi qulluqçu (8 nəfər mina partlayışı) və 2 mülki sakin (Tovuz rayon Əlibəyli kənd sakini, qadın) isə yaralanıb.