Xeyli vaxtdır ki, Ermənistanda bir təmayül özünü açıq-aydın büruzə verir: Yerevandakı hakim rejim ölkədə davam edən sosial-iqtisadi böhran içində çapalayan cəmiyyətin çoxsaylı problemlərinə çarə tapa bilmədiyindən ictimaiyyətin diqqətini başqa istiqamətə yönəltməyə və beləliklə, xalqın hiddətindən qurtulmağa cəhd edir.
Özü də bu cür siyasi rejimlərin dara düşəndə yeni ideya axtarışına çıxması təzə deyil. İstər tarixdə, istərsə də müasir dövrdə belə “təcrübə”lər yetərincədir.
Lakin Ermənistan iqtidarı yeni “milli ideya” axtarışında tamamilə fərqli, heç kimin təsəvvür edə bilməyəcəyi yol seçmişdir: 71 il əvvəl tarixin zibilliyinə atılmış faşizmi dirçəltmək, nasistlərə haqq qazandırmaq və onların hərbi cinayətlərini qəhrəmanlıq kimi qələmə verib təbliğ etmək! İlk baxışdan ağlasığmaz görünə bilər. Amma fakt faktlığında qalır: Ermənistan həm erməni xalqı, həm də bəşəriyyət üçün son dərəcə təhlükəli olan faşizmə pərəstiş yolu seçib.
Yerevan rejimi ermənilər üçün yeni “milli ideya”nı yaymaq üçün hitlerizmlə çiyin-çiyinə insanlığa qarşı saysız-hesabsız cinayətlər törətmiş “gəhrəman”lar ortaya çıxarır, onları məşhurlaşdırmaq üçün hər vasitəyə əl atır. Onlardan biri də Njde ləqəbli bədnam general Qaregin Yegişeviç Ter-Arutyunyandır (1886-1955). Bu mənfur “qəhrəman”ın “şücaət”ləri barədə çox danışmaq olar. Qısası, erməni millətçi ideologiyasının banisi, Daşnaksütyun partiyasının üzvü Njdenin bütün fəaliyyəti günahsız insanları qanına qəltan etməkdən ibarət olub. O hələ 1912-ci ildə Bolqarıstana gedib tayqulaq Andraniklə birlikdə erməni bandit dəstəsi təşkil edərək guya Balkan xalqlarının azadlığı uğrunda silahlı mübarizəyə qoşulur. Əslində isə siyasi avantürist kimi ad çıxarmış daşnak Njdeni Balkanların taleyi maraqalandırmırdı. O, sadəcə olaraq, Balkan müharibəsindən özünün və mənsub olduğu Daşnaksütyun partiyasının məqsədləri naminə pul toplayır və sadəlövh erməniləri qızışdırıb səfərbər etməyə çalışırdı. Njde hətta şəxsi maraqları naminə “qardaş” serblərə qarşı vuruşmaqdan çəkinmirdi. Lakin Balkan “cəfakeş”inin planları ifşa olundu və o, Bolqarıstanı tərk etmək məcburiyyətində qaldı.
Qafqaza qayıdan Njde Birinci Dünya müharibəsi illərində rus çar ordusunun tərkibində Türkiyəyə qarşı vuruşur. “Qərbi Ermənistan”ı azadlığa çıxara bilməyən Njde 1918-ci ildə Vedibasarda, ardınca Zəngəzurda peyda olur. Yeganə vəzifəsi azərbaycanlıları bu ərazilərdən təmizləmək idi. Ümumiyyətlə, həmin illər Njde və digər erməni cəlladlarının dəstələri Naxçıvan, Göyçə, Zəngəzur və Qarabağda azərbaycanlı əhalini kütləvi şəkildə qırmaqla məşğul olur.
Ermənistan sovetləşdikdən sonra Njde İrana qaçır, oradan isə Fransaya, sonra Amerikaya üz tutur. Burada daşnaklardan dəstək ala bilmədiyindən Parisə qayıdır, burada da tərəfdar tapa bilmir və Bolqarıstana gəlir. Nəhayət, Njde özünə yeni müttəfiq tapır. Bu, Almaniyada hakimiyyətə gəlmiş nasist rejimidir. Njde hələ 1934-cü ildə alman faşistləri ilə təmas yaratmaq üçün Hitlerə müraciət etmişdi. İkinci Dünya müharibəsi başlayandan sonra Njdenin və digər erməni generalının – Dro ləqəbli Drastamat Kanayanın faşistlərlə əməkdaşlığı sıxlaşır. Onların rəhbərlik etdikləri erməni legionu alman faşistlərinin işğal etdikləri ərazilərdə törədilən qırğınlarda fəal iştirak edir. Tarixi faktlar sübut edir ki, erməni faşistləri Ukrayna və Polşada, hitlerçilərin əsir düşərgələrində on minlərlə adamı qətlə yetirmiş, yəhudilərə və nasist ideologiyasının hədəf götürdüyü digər millətlərin nümayəndələrinə qarşı dəhşətli cinayətlər törətmişlər. Erməni legionunun özünün hesabatında təkcə Qərbi Krımda 20 mindən çox dinc sakinin öldürüldüyü təsdiqlənir.
General Njde 1944-cü ildə Bolqarıstan ərazisinə daxil olan sovet ordusunun əlinə keçir. Qaniçən erməni faşisti törətdiyi cinayətlərə görə həbs olunub 25 il müddətinə azadlıqdan məhrum edilir. Sonralar erməni millətçilərinin ona bəraət almaq cəhdləri rədd edilir və “qəhrəman” 1957-ci ildə Rusiyanın Vladimir şəhərindəki həbsxanada ölür…
İndi Ermənistan iqtidarı əli on minlərlə günahsız adamın qanına batmış bu hərbi caniyə yeni don biçməyə çalışır – guya Njde əsl erməni vətənpərvəridir, onun “ideya”ları hələ də aktualdır və s. və i.a. Ancaq erməni millətçiləri Njde və Dronun vermaxtla əlaqələrinin üstündən sükutla keçirlər, çünki bu “qəhrəman”ların alman nasistləri ilə sıx işbirliyi danılmaz faktdır.
Özü də Ermənistanda faşizm təbliğatı çoxdan gedir. 1956-cı ildə ölmüş Dronun cəsədinin qalıqlarını 2000-ci ildə Amerikadan gətirib Ermənistanda dəfn etmişlər. Yerevan küçələrindən biri onun adını daşıyır. Digər faşistə – Njdeyə isə xüsusi diqqət yetirilir. Ermənistan paytaxtında meydanlardan birinə və metro stansiyasına onun adı verilmişdir. Njdenin, eləcə də Dronun şərəfinə xatirə sikkələri kəsilmişdir. Dəhşət doğuran hal odur ki, “njdeizm” adı altında irqçi ideologiya Ermənistanda orta və ali məktəb proqramlarına daxil edilmişdir və gənc nəsil bu ruhda tərbiyə edilir.
Keçən ayın 28-də Yerevan daha bir “faşist təntənəsi”nin şahidi oldu. Ermənistan prezidenti Serj Sarkisyanın iştirakı ilə şəhərin mərkəzində nasist canisi Njdenin heykəli açıldı. Bu, faşizm qurbanlarının xatirəsini növbəti dəfə təhqir etməkdən başqa bir şey deyildi.
Ermənilərin faşizm təbliğatı təkcə Ermənistanla məhdudlaşmır. Rusiyadakı erməni icması hər il Njdenin Vladimirdəki qəbrini nümayişkaranə şəkildə ziyarət edir, erməni faşisti yad edir. Ötən il icma qəbrin üstündə xatirə kompleksi ucaltmaq istəmiş, lakin Azərbaycan müharibə veteranlarının Rusiya Prezidenti Vladimir Putinə müraciətindən sonra bu cəhdin qarşısı alınmışdı. 2013-cü ildə Ermənistanda çəkilmiş “Qaregin Njde” filmi indi Rusiyada da nümayiş etdirilir.
Qəribə mənzərədir. Ötən ilin martında BMT Baş Assambleyası “Nasizmin qəhrəmanlaşdırılması, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onunla bağlı olan dözümsüzlüyün təşviqinə xidmət edən neonasizm və onun digər növlərinə qarşı mübarizə” adlı qətnamə qəbul etmişdir. Sənədin 4-cü bəndində qeyd olunur ki, BMT Baş Assambleyası “nasizm hərəkatının, neonasizmin və “Vaffen SS” təşkilatının keçmiş üzvlərinin hər hansı formada məşhurlaşdırılması, o cümlədən abidələr və memoriallar ucaldılması, nasist keçmişin, nasizm hərəkatının və neonasizmin üzə çıxarılması məqsədilə kütləvi nümayişlər keçirilməsi, eyni zamanda antihitler koalisiyasına qarşı mübarizə aparmış və nasizm hərəkatı ilə əməkdaşlıq etmiş belə şəxslərin milli azadlıq hərəkatlarının iştirakçıları elan edilməsi və ya elan etmək cəhdləri vasitəsilə məşhurlaşdırılmasına görə dərin narahatlığını ifadə edir”. Özü də BMT Baş Assambleyası bu qətnaməsi Rusiyanın təşəbbüsü ilə qəbul olunmuşdur. Hərçənd rəsmi Moskva dəfələrlə İkinci Dünya müharibəsinin nəticələrini yenidən yazmaq və təhrif etməyin yolverilməz olduğunu bəyan etmişdir. Təəccüb doğuran odur ki, Rusiya hakimiyyət orqanları ölkədə neonasizm təzahürlərinin qarşısını qətiyyətlə aldığı halda erməni icmasının faşizm təbliğatına münasibətdə təsirli tədbir görmür. Halbuki alman nasizmi və onun Njde kimi əlaltıları üzərində qələbə keçmiş SSRİ-nin bütün xalqlarının birliyi sayəsində əldə edilmişdir. Milyonlarla qəhrəmanın həyatı bahasına başa gəlmiş bu tarixi qələbəyə erməni faşist ideologiyasının kölgə salması ən azı təəssüf doğurur.
Ermənistandakı hakim rejimə gəlincə, onun “njdeizm”ə yuvarlanması elə də qəribə görünmür. Vaxtilə Sarkisyan Xocalı soyqırımını törətdikdən sonra deyirdi: “Xocalı hadisəsinədək azərbaycanlılar fikirləşirdilər ki, biz mülki əhaliyə əl qaldırmayacağıq – biz bu stereotipi dağıda bildik”. İndi Sarkisyan başqa bir stereotipi dağıdır – faşist ideologiyasına meydan açır. Bu isə o deməkdir ki, Sarkisyan Njde və Dro kimi cinayətkar əcdadlarının yolu ilə gedir. Amma Yerevandakı millətçi-faşist rejimin başçısı yadından çıxarır ki, hər iki “milli qəhrəman”nın taleyi hamıya məlumdur.
Allahverdi MEHDİYEV,
“Azərbaycan” qəzeti, 22 İyun 2016