Mədəni irs və ona münasibət müasir dünyanın sivil cəmiyyətinin göstəricisi kimi çıxış edir. Bu həm qanunverici şəraitə, həm də əxlaqi normalara aiddir. Mədəni irsin, o cümlədən arxeoloji irsin istifadəsi və şərhində bir tərəfdən siyasi ideologiyadan elmi yanaşmaya inkişaf müşahidə olunmaqla yanaşı, digər tərəfdən əks istiqamətdə hərəkat özünü biruzə verir.
Müasir narahat dünyada arxeoloji irs bəzən siyasi sistemin və onun ideoloji təsisatlarının sanki bir hissəsinə çevrilir, millətçilər, təcavüzkarlar özlərinin təcavüzkar planlarının gerçəkləşdirilməsində arxeoloji dəlillərdən istifadə etməyə çalışırlar (1,s. 5-6). Belə ifrat irticaçı fəaliyyət Ermənistan Respublikası üçün də səciyyəvidir. Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünə qəsd olunmuş, 14 min km2 ərazi işğal edilmiş, xalqımızın mədəni irsinə ağır zərbə vurulmuş, küllü miqdarda mədəniyyət və tarix abidələri məhv edilmişdir. Məlum olduğu kimi hər hansı bir xalqın varlığını təsdiqləyən maddi və mənəvi mədəniyyət abidələrinin düşünülmüş şəkildə məhv edilməsi, mənimsənilməsi və ya özgəninləşdirilməsi mədəni soyqırımı adlandırılır. Çoxsaylı faktlar Ermənistan Respublikasının Azərbaycanın mədəni irsinin, o cümlədən arxeoloji irsinin düşünülmüş, məqsədyönlü və planlı şəkildə məhv edilməsi siyasətini yeritdiyini sübut edir. Azərbaycan xalqının mədəni irsinin xeyli qiymətli abidələri Ermənistan Respublikası ərazisində, eləcə də erməni hərbçiləri tərəfindən işğal olunmuş Azərbaycan Respublikasının rayonlarında yerləşir və Xocalı, Qaradağlı, Meşəli, Kərkicahanda vəhşiliklər törədən erməni millətçiləri xalqımızın çoxəsrlik, zəngin mədəni irsinə qarşı düşünülmüş terror, soyqırımı siyasəti həyata keçirir, insanların fiziki məhvinin davamı olaraq onların ulularının yaratdıqları və yadigar qoyduqları mədəni dəyərləri məhv edir, abidələri saxtalaşdırır və özününkiləşdirməyə cəhdlər edirlər. Azərbaycan Respublikası mövcud siyasi və hüquqi vasitələrdən istifadə edərək xalqımızın mədəni irsinə qarşı erməni terrorunu, soyqırım siyasətini ifşa edir, bu təcavüzə qarşı mübarizə aparır. Bu istiqamətdə mövcud siyasi və hüquqi vasitələrdən istifadə edərək tədbirlərin görülməsi zərurəti öz əksini Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasında da tapmışdır (Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 may tarixli, 2198 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir).
Ermənistan Respublikasının Azərbaycan xalqının arxeoloji irsinə qarşı mədəni soyqırım siyasəti əsasən üç istiqamətdə həyata keçirilir:
Müxtəlif saxtalaşdırmalarla Azərbaycanın arxeoloji irsinə yiyələnmək, özününküləşdirmək siyasəti;
Müxtəlif saxtalaşdırmalarla Azərbaycanın İslam dövrü arxeoloji və memarlıq abidələrinin digər xalqlarla – farslar və ya türkmənlərlə əlaqələndirməklə xalqımızın mədəni irsinin özgələşdirilməsi və son nəticədə özününküləşdirməyə cəhdlər göstərilməsi;
Azərbaycan xalqının maddi və mənəvi mədəniyyət abidələrinin, o cümlədən arxeoloji abidələrin məhv edilməsi (2) Amerikalı alim Səmyuel A. Uimz bildirir ki, “ermənilərin lüğətində heç vaxt “vətən” sözü olmayıb. Onlar tarix boyu Kiçik Asiyadan və Rusiyadan kənarda, Fərat çayının yuxarı qolu olan Qaraçay sahillərində, Frakiya və Mesopatomiyada pərakəndə dəstələr şəklində yaşayıblar. Onların Zaqafqaziyaya qətiyyən dəxli yoxdur. Onların Azərbaycan və Dağlıq Qarabağ haqqındakı iddiaları qeyri-qanuni və əsassızdır” (3, s. 56).
Ermənistan MEA Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiyaları Azərbaycan Respublikasının işğal olunmuş Ağdam, Xocavənd, Ağdərə rayonlarında qeyri-qanuni arxeoloji qazıntılar aparmaqla arxeoloji faktları təhrif etmək, saxtalaşdırmaq, xalqımızın arxeoloji irsinə yiyələnmək istəyir, ermənilərin Qarabağda, Cənubi Qafqazda qədimdən məskunlaşmasına dair tarixi həqiqətdən uzaq, saxta, yalançı tarix uydurmağa çalışırlar.
Ermənistan Respublikası UNESCO-nun mədəni irs üzrə normativ aktlarına, xüsusilə UNESCO-nun Baş konfransının 9-cu sessiyasının arxeoloji qazıntıların beynəlxalq tənzimləməsinin prinsipləri haqqında qəbul etdiyi tövsiyəyə (5 dekabr 1956-cı il) etinazsızlıq göstərir. Tövsiyənin 32-ci maddəsinə görə: “Silahlı münaqişələr zamanı, bu və ya digər dövlətin ərazisini işğal edən UNESCO-nun üzvü olan dövlətlər işğal etdikləri ərazidə arxeoloji qazıntılar aparmaqdan çəkinməlidir. İşğal edən dövlət təsadüfi tapıntılar (misal üçün, hərbi işlər zamanı tapılan) əldə olunduqda onların mühafizəsi üçün bütün mümkün tədbirləri görməli, hərbi əməliyyatlar bitdikdən sonra müvafiq sənədləşmələrlə birlikdə işğal olunmuş ərazinin səlahiyyətli nümayəndələrinə təqdim etməlidir” (4, c.115-125). 10 oktyabr 1990-cı ildə qəbul olunmuş “Arxeoloji irsin qorunması və idarəsi üzrə xartiya”nın 1-ci maddəsində bildirilir ki, “Arxeoloji irsin qorunmasına hər bir insanın əxlaqi borcu kimi baxılmalıdır, o həm də bütün cəmiyyətin kollektiv borcudur. Arxeoloji irs bütün bəşəriyyətə məxsusdur.” Xartiyanın 5-ci maddəsində isə tələb olunur ki, “Qazıntılar 1956-cı il “UNESCO-nun arxeoloji qazıntılar üçün tətbiq olunan beynəlxal prinsiplər üzrə tövsiyələr”ində ifadə olunmuş prinsiplərə uyğun və müəyyən olunmuş beynəlxalq və milli peşə standartları üzrə aparılmalıdır”(Хартия по охране и управлению археологическим наследием от 10 октября 1990 года ).
UNESCO-nun 5 dekabr 1956-cı il vəsatətinin 32-ci maddəsi Qarabağ ərazisində qeyri-qanuni arxeoloji qazıntılar aparmaqla müntəzəm olaraq Ermənistan Respublikası tərəfindən pozulur. Həmin arxeoloji qazıntıların yalnız bir məqsədi var – ermənilərin işğal olunmuş ərazilərdə minillik mövcudluğuna dair saxta arxeoloji dəlillər yaratmaq.
Arxeoloji abidələrin, xüsusilə düşərgə, kənd tipli yaşayış yeri, şəhər yeri kimi arxeoloji abidələrin tədqiqinin unikallığı ondadır ki, qazıntılar zamanı başlıca informasiya tikinti qalıqları, təsərrüfat və məişət qalıqları, çoxsaylı maddi mədəniyyət nümunələri və onların qərar tutduqları tarixən təşəkkül tapmış yatım sistemindən – mədəni təbəqədən əldə olunur. Mədəni təbəqənin yaranması prosesi tədrici və mürəkkəb bir prosesin nəticəsidir. Arxeoloji qazıntılar zamanı mədəni təbəqənin izlənilməsi ən mürəkkəb və məsuliyyətli işlərdən biridir. Çünki arxeoloji qazıntılar zamanı mədəni təbəqə götürülür və onun təkrarı mümkünsüzdür. Bir sözlə, arxeoloji qazıntılar nəticəsində mədəni təbəqənin götürülməsi ilə abidə həm də dağıdılır, yalnız tərtib olunmuş müvafiq sənədlərdə, hesabatlarda yaşayır. Qazıntı zamanı tədqiqatçının nəzərindən qaçan hər hansı bir detalın bərpası mümkünsüz olub tarix üçün tamamilə itirilmiş olur. Mədəni təbəqənin öyrənilməsindən əldə olunan informasiyanın əhəmiyyətini heç bir artefaktla müqayisə etmək olmaz.
Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində ermənilər tərəfindən ən çox mənimsənilməyə və dəyişikliyə məruz qalan memarlıq və arxeoloji irs isə alban xristian abidələridir. Onların üzərindəki xristian dininin rəmzləri və simvolları qriqoryan məzhəbinə, erməni mədəniyyətinə məxsus elementlərlə dəyişdirilir və saxtalaşdırılır. Ermənistan MEA Arxeologiya və Etnoqrafiya İnstitutunun təşkil etdiyi arxeoloji ekspedisiya Yerevan dövlət universitetinin Kulturologiya kafedrasının müdiri, t.e.d. H.Petrosyanın başçılığı ilə qeyri-qanuni qazıntılarla Amaras alban monastır kompleksini dağıdır. Abidə düzən və dağlıq Qarabağın qovşağında, Xocavənd rayonunun Sos kəndi yaxınlığında, Amaras çayının hər iki sahilində yerləşir. Antik dövrdə yaşayış məskəni kimi təşəkkül tapan Amarasda IV əsrdə məbəd tikilmiş və bura Albaniyanın dini mərkəzlərindən birinə çevrilmişdir. Keçən əsrin 60-cı illərində arxeoloq Rəşid Göyüşovun rəhbərliyi ilə abidədə arxeoloji qazıntılar aparılmış, qalınlığı 4, 2 m təşkil edən mədəni təbəqə yatımının varlığı müəyyənləşdirilmiş, yaşayış, ictimai və dini binaların qalıqları, istehsalat ocaqları üzə çıxarılaraq tədqiq edilmişdir. Arxeoloji qazıntılar e.ə.IV – e. III əsrlərində yaşayış məskəninin Amaras çayın sağ sahilində yerləşdiyini, IV əsrdən sol sahil ərazinin məskunlaşdığını, sakinlərin buraya köçdüyünü göstərir. Amarasda erkən orta əsrlərdə iki xristian məbədi inşa edilmiş, VI əsrdən burada monastır mövcud olmuşdur. Həmin məbədlərdən biri qorunub saxlanılmış, bir neçə dəfə təmir və yenidənqurmalara baxmayaraq ilkin plan quruluşunu və formasını saxlamışdır. Belə ki, Rəşid Göyüşovun rəhbərliyi ilə abidədə aparılmış arxeoloji qazıntılar nəticəsində müəyyən olunmuşdur ki, X əsrdə məbəddə yenidənqurma işləri nəticəsində onun sahəsi əvvəlkinə nisbətən xeyli genişləndirilsə də, o ilkin formasını dəyişməmişdir. Müqəddəs Qriqorisin qəbri üzərində, yonulmuş ağ daşlardan inşa olunmuş, düzbucaqlı plan quruluşuna malik bu kilsənin daxili fəzası iki qoşa sütun sırası ilə üç nefə bölünmüşdür. Məbədin üstü tağ formasında örtülmüşdür.
Monastrın düzbucaqlı həyətini əhatə edən qala divarları kobud yonulmuş daşlardan inşa edilmiş və dörd dairəvi bürclə möhkəmləndirilmişdir. Həyətdə qala divarlarına bitişik yaşayış otaqları və təsərrüfat tikililəri inşa edilmişdir.
Amarasda arxeoloji qazıntılarla torpaq, küp və daş qutu qəbirlər, həmçinin xristian qəbirləri, o cümlədən alban katolikosu müqəddəs Qriqorisin qəbri aşkarlanaraq tədqiq edilmişdir (5, c. 46-54). Azərbaycan arxeoloqlarının apardıqları tədqiqatlar nəticəsində Albaniyanın tarix və mədəniyyəti üzrə çox qiymətli, mötəbər mənbələr əldə olunmuşdur. İşğal olunmuş Azərbaycan Respublikası ərazisində qeyri-qanuni fəaliyyətlərini “əsaslandırmaq” üçün erməni arxeoloqu Amaras məbəd kompleksində elmi əsaslarla, qanuni tədqiqatlar aparmış arxeoloq Rəşid Göyüşovun ünvanına qərəzli, əsassız tənqidi fikirlər söyləyir. Halbuki işğalçı dövlətin beynəlxalq hüquqa zidd, qeyri-qanuni təşkil etdiyi ekspedisiyasının Amaras məbəd kompleksində apardıqları arxeoloji qazıntıların başlıca məqsədi qeyri-elmi, siyasi sifarişin icrasına – Qarabağ ərazisində erməni mövcudluğu tezisini təsdiqləmək üçün alban xristian irsinə yiyələnmək, bu irsi özününküləşdirməkdir. Yeri gəlmişkən haşiyə çıxaraq qeyd edək ki, keçən əsrin ortalarınadək albanşünaslıq, eləcədə Azərbaycan xalqının mədəni irsinin xristian qatının tədqiqi qeyri-azərbaycanlıların, xüsusilə də erməni tədqiqatçıların fəaliyyət sahəsi olduğundan albanların tarix və mədəniyyəti obyektiv dəyərləndirilməmiş, daha çox ermənilərin maraqlarına uyğunlaşdırılmışdı. Milli kadrların, arxeoloq və memarların bu problemlərin araşdırılmasına qoşulması, elmi həqiqətlərin üzə çıxarılması, yalan üzərində qurulmuş erməni konsepsiyasının ifşa olunması erməni arxeoloq və memarlarını, onların havadarlarını narahat edib qəzəbləndirmişdir. Bu nöqteyi-nəzərdən M.M.Həsrətyanın “Erməni memarlığının Arsax məktəbi – faktlar və saxtalaşdırmalar” məqaləsinə diqqət yetirmək kifayətdir (6, c. 3-14). Müəllifi arxeoloq Rəşid Göyüşovun alban xristian abidələrində, o cümlədən Amaras monastır kompleksində arxeoloji tədqiqat aparması, memar Davud Axundovun Gəncəsər məbədinin etnik mənsubiyyətinə dair mötəbər faktlarla əsaslandırılmış tezisləri çox narahat edir, elmi həqiqəti qəbul etmək əvəzinə, daha bir saxtalaşdırmaya yer verir – erməni memarlığının Arsax məktəbi ideyasını uydurmağa cəhd gıstərir. Ümumiyyətlə, sovet dövründə Azərbaycanın mədəni irsinə belə qərəzli münasibət əksər erməni tarixçi, arxeoloq, sənətşünas və memarlar üçün səciyyəvi olmuş, hətta ehtiyac olmadan Azərbaycan torpaqlarına ərazi iddiasına bəraət qazandıran fikirlərə yol verilmişdir. Misal üçün, Dvin qazıntılarından tapılmış erkən orta əsr bullalarına həsr olunmuş monoqrafiyasında A. Kələntəryan Cənubi Qafqazda zəngin bulla kolleksiyasının Qəbələ şəhərinin antik təbəqəsindən aşkar olunduğunu bildirir və qeyd edir ki, bu şəhər vaxtilə Böyük Tiqranın dövlətinin tərkibində olub (7, с.7). Qəbələ şəhəri Albaniyanın paytaxtı olduğundan erməni arxeoloqu Ermənistan tarixini şişirtmək məqsədi ilə Alban dövlətinin varlığını şübhə altına almış olur.
Ermənistan MEA Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiyasının Ağdam rayonunun işğal olunmuş ərazisindəki fəaliyyəti də Ermənistan Respublikasının təcavüzkar siyasətinin parlaq təzahürüdür. Siyasi sifarişləri icra edən erməni alimləri Ağdam yaxınlığında guya erməni hökmdarı II Tiqranın e.ə. I əsrdə saldırdığı “Tiqranakert” şəhərinin xarabalıqlarını aşkarladıqlarını elan ediblər. Lakin bu ermənisayağı “kəşf” nə mötəbər antik dövr yazılı qaynaqların məlumatı, nə də qazıntılar nəticəsində aşkarlanmış faktik arxeoloji materiallarla isbat olunmur, millətçilərin, təcavüzkarların xəyalən yaratdıqlarını reallıq kimi təqdim etmək istəyindən başqa bir şey deyil. Bu işğalçıların öz cinayətkar əməllərinə haqq qazındırmaq üçün növbəti yalan və sayıqlamalardan biridir. H.Petrosyan arxeoloji qazıntıların siyasi məqsəd daşıdığını açıqlığı ilə etiraf edir və bildirir ki, “…Azərbaycan həmişə bu torpaqların əzəli Azərbaycan torpağı olduğunu vurğulayır, ermənilər isə əmindir ki, bu torpaqlar onların tarixi vətənidir. …. Bu kəndin ərazisində azərbaycanlılar məskunlaşmışdı, burada məskunlaşan ermənilərin isə mədəni məkanın təşkilinə, öz tarixi mühitinin formalaşdırılmasına ehtiyacı var. Beləliklə, hazırda Tiqranakert müqəddəs, mənəvi mərkəz rolu yerinə yetirir” (8). Erməni alimləri məqsədlərinə nail olmaq üçün istənilən anti-elmi fəaliyyətlərə hazırdırdılar. Belə ki, erməni tədqiqatçıları, sözü gedən ekspedisiyanın üzvləri hətta müasir texnologiya ilə işlənmiş daşlarla hörgü hörərək həmin əl işlərini “tarixi sübut” kimi elmi ictimaiyyətə təqdim etməyə cəhdlər göstərirlər (9). Göründüyü kimi, erməni alimləri öz sələflərinin, İ.Q.Çavçavadzenin də qeydə aldığı, cinayətkar əməllərini davam etdirirlər. İ.Q.Çavçavadze yazır: “Ermənilərin gürcü məbədlərində və monastırlarında gürcü mənşəli izləri məhv etməyə, gürcü yazılarını daşlardan qaşıyıb təmizləməyə və yox etməyə, daşların özünü tikililərdən çıxarıb, yerinə erməni yazıları olan başqa daşları qoymaq üçün əlləşdiklərinə çoxlu misal gətirə bilərik.
Bu haqda, hətta həm rus, həm də gürcü qəzetlərində yazılıb”(10, s.7).
Erməni alimləri hətta Azərbaycan atabəylərinin XII-XIII əsrin birinci rübündə zərb etdirdikləri mis pulları e.ə.XIX əsrə aid qədim erməni sikkələri kimi təqdim etməklə elmi ictimaiyyəti təəccübləndirmiş və görkəmli sovet alimi, akademik B.B.Piotrovski erməni alimlərinin belə saxtalaşdırmalarına qarşı kəskin etirazını bildirmiş və tənqid etmişdir: “ “New Orient” jurnalında təsvir olunan mis sikkələr tamamilə səhv olaraq e.ə. XIX əsrin pul vahidi kimi təqdim olunub. Əslində bu sikkələr (pozulan yazılarla) Eldəgizlər sülaləsindən Azərbaycan atabəylərinin (eramızın 1133-1225-ci illəri) zərb etdirdikləri, eramızın XII-XIII əsrlərə aid sikkələrdir. Onlar orta əsrlərdə Ermənistan və Zaqafqaziyanın qonşu vilayətlərində kütləvi yayılmışdı.
Göründüyü kimi, S.Ayvazyanın dərc etdirdiyi, Ç.Mkrtçyanın məqaləsində yenidən çap edilmiş şəkillər saxtakarlıqdır və reallıqla heç bir əlaqəsi yoxdur, yalnız ona təəccüblənmək olar ki, müəllif bilə-bilə saxta şəkilləri necə dərc etmək qərarına gəlib” (11,с. 302-303). Son vaxtlar erməni numizmatı A.Akopyanın fəaliyyəti də bu istiqamətdə aparılan saxtakarlığa, düşünülmüş avantüraya misal ola bilər. O, Azərbaycan dövlətlərinin – Şirvanşahların, Səfəvilərin, Azərbaycan xanlarının zərb etdirdiyi sikkələri Ermənistanın numizmatik materialları kimi təqdim etməyə cəhdlər göstərir (12 , 2015, c.116-124;13; c.330-337). Onun bu istiqamətdə fəaliyyətinin qarşısı Azərbaycan numizmatlarının layiqli, elmi əsaslandırılmış etirazları və cavabları ilə alınır. Misal üçün, Sankt-Peterburqda Dövlət Ermitajının Şərq numizmatikası üzrə 2016-cı ildə təşkil etdiyi Beynəlxalq konfransda onun həmmüəllif olduğu “Şərqi Ermənistan xanlıqlarının (İrəvan, Naxçıvan, Gəncə və Qarabağ) sikkə işi 1747-1827-ci illərdə” mövzusunda avantüra xarakterli məruzənin qarşısı alınmış, professor Əli Rəcəblinin tutarlı arqumentləri əsasında proqramdan çıxarılmışdır. Erməni tədqiqatçısı bilməlidir ki, sikkə zərbi hüququ dövlətçiliyin atributu olub Cənubi Qafqazda erməni dövlətçiliyini təsdiqləyən dəlillər vermir. Bu nöqteyi-nəzərdən görkəmli müsəlman hüquqşünas alimi Əbu Səhllə əlaqəli hadisə yada düşür. Məşhur sufi Mənsur əl-Xəllac onu öz tərəfinə çəkməyə cəhdlər göstərirmiş. Bir gün moizə zamanı Mənsur əl-Xəllac hipnosçuya xas əl hərəkətləri edərək guya havada yaratdığı dirhəmləri yerə tökür. Bu hadisəni müşahidə edən Əbu Səhl ona deyir: “Bunu kənara qoy, mənə öz adından və ya atanın adından zərb olunmuş bir dirhəm ver, mən sənə inanım, və mənimlə birlikdə çoxlu xalq sənə inansın”. Gözlənilməz sualdan özünü itirən Mənsur əl-Xəllac cavab verir: “Axı bu cür sikkələr zərb etmirlər” (14,с.87). Bu hadisə qədimdə və orta əsrlərdə sikkə zərb etmək hüququnun yalnız dövlətə məxsus olduğunu və böyük siyasi əhəmiyyət kəsb etdiyini bir daha təsdiqləyir. Cənubi Qafqazda erməni dövlətçiliyini axtaran alimlərə eyni sualı vermək olar. Təbii ki, gerçək cavab ermənilərin xəyalən yaratdıqları yalançı tarixi alt-üst edər. Əksinə Rusiya işğalına, XIX əsrin birinci rübünədək Azərbaycan dövlətçilik ənənələrini bir mənalı təsdiqləyən, Azərbaycan Respublikası, eləcədə hazırkı Ermənistan Respublikası ərazisindən aşkarlanan dəfinə və sikkə tapıntıları külli miqdardadır.
Beləliklə, öz tarixini yüksəltmək məqsədi ilə saxtalaşdırma və özgənin tarix və mədəni irsinə yiyələnmək cəhdləri erməni alimlərinin ən çox sevilən metodlarıdır.
Postsovet dövründə erməni alimləri-avantüristləri siyasi məqsədlərinə, ərazi iddialarına bəraət qazandırmaq üçün işğal olunmuş ərazilərdəki müsəlman maddi mədəniyyət abidələrinin guya ermənilər tərəfindən inşa edilmiş türkmən abidələri olması ideyasını uydurmuş və bu məkrli planlarına Türkmənistan arxeoloqlarını da cəlb edə bilmişlər. Halbuki belə sərsəm ideyaların nə tarixi, nə arxeoloji, nə də memarlıq nöqteyi-nəzərdən heç bir əsası yoxdur.
2000-ci ilin avqustunda Ermənistan Respublikası Tarix və mədəniyyət abidələrinin mühafizəsi İdarəsi nəzdində erməni abidələrinin külliyyatı redaksiyasının ekspedisiyası Azərbaycan Respublikasının erməni hərbçiləri tərəfindən işğal olunmuş Laçın rayonunda müsəlman qəbiristanlığında və orta əsrlərə aid iki türbədə qeyri-qanuni tədqiqat işləri aparmış və bu tədqiqatın nəticələri haqqında ekspedisiyanın rəisi, arxeoloq A.Simonyan Türkmənistanda “Miras” jurnalında məqalə çap etdirmişdir (15, c. 94-97). Məqalədə bildirilir ki, ekspedisiya “…respublikanın cənub-qərb hissəsində indiyədək elmi ədəbiyyatda əksini tapmamış geniş müsəlman qəbiristanlığı və iki türbə tədqiq etmişdir (15, c. 94). A.E.Simonyanın məqaləsi qərəzli olub tarixi faktların düşünülmüş şəkildə saxtalaşdırılmasına və Azərbaycanın orta əsr memarlıq abidələrinin özgəninləşdirilməsinə yönəlib. Birincisi, sözü gedən türbələr Ermənistan Respublikası ərazisində deyil, Azərbaycan Respublikasının erməni hərbçiləri tərəfindən işğal olunmuş Laçın rayonunun Cicimli kəndində yerləşirlər. İkincisi, həmin abidələr – Məlik Əjdər və Kar gümbəz türbələri elmi ədəbiyyatda hələ keçən əsrin 30-cu illərindən məlumdur, İ.P.Şeblıkin (16; 17), A.V.Salamzadə (18; 19), L.S.Bretanitski (20), M.C. Bulatov (21), F.Q.Məmmədov (22; 23), C.Qiyasi (24) və digərlərinin əsərlərində öz əksini tapmışdır. İşğaldan əvvəl Məlik Əjdər türbəsi Laçın rayonunun sakinləri tərəfindən pir kimi ziyarət olunurdu. Səkkizbucaqlı bayır və dairəvi iç planı olan bu türbənin tutum həllində arxaiklik izlənilir – yuxarıya doğru əyilib dayanan prizmatik tutumu, parabolik biçimli günbəzi, tinlərində çubuğa bənzər incə sütuncuqları ilə köçəri çadırın yamsınılması ilə yaradılmışdır (24, s. 102). A.E.Simonyan abidəni təsvir edərkən düşünülmüş şəkildə onu təhrif edir. O, yazır: “Planda altıüzlü tikilinin divarları yuxarıya doğru tədricən daralır və yastı lövhələrlə hörülmüş sadə karnizlə tamamlanır”. Əslində isə məqaləsində çap olunmuş fotoşəkildən çətinlik çəkmədən türbənin planda səkkizkünclü olmasını müəyyənləşdirmək olur. A.E.Simonyanın subyektiv, qərəzli yanaşması abidənin mənsubiyyətinə dair elmdən uzaq, siyasi sifarişin məqsədlərinə xidmət edən tezisin irəli sürməsini şərtləndirmişdir: “…Ermənistanın müsəlman memarlıq abidələrinin yaradıcıları əsasən erməni memarlıq məktəbinin çoxəsrlik nailiyyətlərini müsəlman sifarişçilərin prinsipləri və tələbləri ilə uzlaşdıran erməni sənətkarları idi” (15, s. 94). Bu tezis Azərbaycan tarixini kobudcasına saxtalaşdırılmasının əyani nümunəsidir. Birincisi, sözü gedən ərazi əzəli Azərbaycan torpaqlarıdır və həmin ərazidə orta əsrlərdə erməni əhalisi yaşamayıb, Cənubi Qafqada XII-XIII əsrin əvvəllərində erməni dövləti olmayıb. İkincisi, həm məkan-plan həllinə, həm də bədii tərtibatına görə Məlik Əjdər türbəsi tipik Azərbaycan memarlıq abidəsidir (18, s. 238; 25, c.47-51).
Ermənistan Respublikası Tarix və mədəniyyət abidələrinin mühafizəsi İdarəsi nəzdində erməni abidələrinin külliyyatı redaksiyasının təşkil etdiyi ekspedisiyasının rəisi A.Simonyanın təsvir etdiyi ikinci türbə də elmi ədəbiyyatda çoxdan məlumdur və lazımi səviyyədə səciyyələndirilib. Plan quruluşuna görə içəridən xaçvarı, bayırdan kvadrat formalı Kar günbəz türbəsi səkkizüzlü günbəzlə tamamlanır və bəsitliyi ilə Məlik Əjdər türbəsindən fərqlənir.
Şəkil1. Laçın rayonunun Cicimli kəndində Məlik Əjdər və Kar günbəz türbələri.
Arxeoloq A.Simonyan özünün fitnəkar fəaliyyətinə Türkmənistan alimlərini cəlb etmək məqsədi ilə xüsusi vurğulayır: “Heç şübhəsiz ki, hər iki türbə istər Türkmənistanın özündə, istərsə də onun hüdudlarından kənarda görkəmli şəxslərin qəbirləri üzərində ucaldılan türkmən qəbirüstü tikililərinin tipik nümunəsidir” (15, c. 95 ). A.E.Simonyan Məlik Əjdər türbəsini sultan Qara Yusifə, Kar günbəz türbəsini Pir Budağa munsubluğunu bildirməklə və abidələri XV əsrə aid etməklə səriştəsizliyini, yaxud həyasızcasına faktları təhrif etməyə cəhdini bir daha nümayiş etdirir. Halbuki elmdə bəllidir ki, belə türbələr, adətən, ali əyan zümrəsi üçün deyil, orta sosial statusa malik şəxslərin qəbri üzərində ucaldılırdı. Digər tərəfdən Məlik Əjdər türbəsinin XII-XIII əsrin əvvəllərinə, Kar günbəz türbəsinin isə XVI-XVII əsrlərə mənsubluğu elmi ədəbiyyatda çoxdan təsdiqini tapıb.
Nəhayət, arxeoloq A.Simonyan ekspedisiyanı təşkil edən Ermənistan Respublikası Tarix və mədəniyyət abidələrinin mühafizəsi İdarəsinin göndərişi ilə qeyri-qanuni arxeoloji tədqiqatlar aparır, siyasi hakimiyyətin maraqlarından çıxış edir və beynəlxalq normativ sənədlərə məhəl qoymadan Azərbaycanın mədəni irsinə qarşı çevrilmiş, fitnəkar fəaliyyətinin nəticələrini beynəlxalq aləmdə təbliğ etməkdən belə çəkinmir. Bu isə öz növbəsində Ermənistan Respublikasının Azərbaycanın mədəni irsinə yönəlmiş siyasətinin əyani təzahürüdür. Belə fitnəkar fəaliyyət digər erməni arxeoloqları üçün də səciyyəvidir. İrəvan yaxınlığında Cəfərabadda (Arqavand) yerləşən Pir Hüseyn türbəsi ilə bağlı erməni alimlərinin, siyasətçilərinin canfəşanlığı da eyni üsulla Azərbaycan xalqının mədəni irsinin özgələşdirilməsinə yönəlmiş bir fəaliyyətdir (26,с.152-153). Vaxilə həmin ərazidə böyük müsəlman qəbiristanlığı və bu qəbiristanlıqda bir neçə türbə olmuşdur. Lakin keçən əsrin sonlarında yalnız türbələrdən biri – qırmızı tuf daşından inşa olunmuş, hündürlüyü günbəzsiz 12 m olan, günbəzinin karnizinin altını qurşaqlayan kitabəsində, ərəb dilində, süls elementli nəsx xətti ilə Qurani-Kərimin Bəqərə surəsinin 256-cı ayəsinin yazıldığı və hicri 816-cı (1413) ildə inşa olunduğunun göstərildiyi türbə salamat qalmış, digər türbələr və qəbiristanlıqdakı məzar daşları ermənilərin təcavüzü nəticəsində məhv edilmişdi. 1998-ci ildə həmin türbənin sərdabəsində X.Yusifovun rəhbərliyi ilə türkmən və erməni arxeoloqları tərəfindən qazıntı işləri aparılmış,burada müsəlman adəti ilə dörd nəfərin dəfn olunduğu müəyyənləşdirilmiş, türbənin isə erməni sənətkarları tərəfindən ucaldılması barədə reallıqdan uzaq fikir söylənilmişdir (26, с.153). Belə ki, memarlıqdan müəyyən təsəvvür olan hər bir kəs çətinlik çəkmədən Cəfərabaddakı türbənin Azərbaycanın orta əsr Naxçıvan-Marağa memarlıq məktəbinə mənsubluğunu müəyyənləşdirə bilər.
İşğal olunmuş ərazilərdə erməni vandalları arxeoloji abidələri düşünülmüş şəkildə məhv etməkdən belə çəkinmirlər: dünya əhəmiyyətli 7 abidə, 173 ölkə əhəmiyyətli arxeoloji abidə işğal altındadır. Unikal Qaraköpəktəpə çoxtəbəqəli yaşayış yeri düşünülmüş şəkildə hərbi məqsədlər üçün istifadə olunur və dağıdılır. Erkən orta əsrlərin daş bütləri və orta əsrlərin müsəlman qəbirüstü məzar daşları da terrora məruz qalan abidələrdəndirlər. Qarabağda Azərbaycan arxeoloqları 1964-1987-ci illərdə IV-VII əsrlərə aid olunan 19 daş büt aşkarlamışdılar (27;28). Sığnaq yaşayış yerində isə daş bütlərin hazırlandığı emalatxana üzə çıxarılmışdır (29, c. 3). Bu daş bütlərin tapılması alban tarixçisi Musa Kalankatuklunun Albaniyada xristianlığın rəsmi din olmasına baxmaraq IV-VII əsrlərdə bütpərəstliyin qaldığını təsdiqləyir. Alban bütləri üçün monolit daşdan stela formasında yonulması, ayaqların və boynun bildirilməməsi, əllərin gövdədə qabarıq göstərilməsi səciyyəvidir. Görünür, bu qanuniləşdirilmiş xüsusiyyətlər kultun ideoloji xüsusiyyətləri bağlı olmuşdur(28, c. 102). Tədqiqatçılar Qarabağ heykəllərinin ikinoqrafiya və yonulma üslubunda qədim türk heykəlləri ilə oxşarlığı yekdilliklə qeyd edirlər (28, 102; 30, c. 106, 31, c. 85-86). Qarabağın daş heykəlləri Albaniyanın etnik-konfessional tərkibinin, eləcə də Qarabağda daşişləmə sənətinin səciyyəsi baxımdan olduqca qiymətli mənbədir (29). Ağdərə rayonunun Canyataq kəndində aşkarlanmış 7 daş bütdən yalnız biri, arxeoloq Rəşid Göyüşovun 1964-cü ildə Bakıya gətirdiyi büt salamat qalıb və hazırda İçəri şəhərdə Qız qalası yaxınlığında nümayiş etdirilir (28, c. 103). Qarabağda aşkarlanmış digər daş bütlərin taleyi məlum deyil. Son illərdə Xocavənd rayonunda aparılan arxeoloji qazıntılar zamanı üzə çıxarılmış daş bütlərin etnik atribusiyası üzrə erməni arxeoloqlar qeyri-müəyyən, ziddiyyətli fikir söyləməklə, bu abidələrin özgəninləşdirilməsinə meyllidirlər (32).
Şəkil 2-3. Daş bütlər: 2- Ağdam rayonu; 3-Xocavənd rayonu.
Erməni vandalizmi ümumbəşəri əhəmiyyətə malik, Xocavənd rayonunda yerləşən məşhur Azıx paleolit düşərgəsindən də yan keçməmişdir və burada qeyri-qanuni arxeoloji qazıntılar aparılır. Həmin qeyri-qanuni arxeoloji qazıntılara erməni tərəfi İspaniya və Böyük Britaniya tədqiqatçılarını, əsasən paleontoloqları, iqlimşünasları, paleobotanikləri, paleoekoloqları cəlb edə bilib. İstər Rusiya, istərsə də Qərbi Avropa ölkələrində daş dövrü üzrə tanınmış arxeoloq mütəxəssislər işğalçıların bütün cəhdlərinə baxmayaq həmin
qazıntılarda iştirakdan imtina edərək bu avantüraya qoşulmayıblar (33, c. 56-62). Abidə 1960-cı ildə Azərbaycanın görkəmli paleolitşünas arxeoloqu Məmmədəli Hüseynov tərəfindən qeydə alınmışdır. Keçən əsrin 60-80-ci illərində onun rəhbərliyi ilə aparılmış arxeoloji tədqiqatlar nəticəsində düşərgədə ümumi qalınlığı 14,5 m olan on mədəni təbəqənin mövcudluğu müəyyənləşdirilmiş, Yaxın Şərq və Qafqaz ərazisində ən zəngin stratiqrafiyaya malik paleolit mağara düşərgəsi olması sübuta yetirilmişdir (34;35;36). Azıx mağara düşərgəsində sovet dövründə Azərbayacn alimlərinin apardıqları kompleks tədqiqatlarn keyfiyyəti və elmi səviyyəsi yüksək olub müasir tələblərə cavab verirdi və bugünkü günümüzdə də elm aləmində dəyəri saxlamaqdadır (33).
Şəkil 4. Azərbaycan alimləri Azıx paleolit düşərgəsinin önündə: solda arxeoloq Məmmədəli Hüseynov, sağda memar Kamil Məmmədzadə “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 14 may 1954-cü il tarixli Haaqa Konvensiyasına görə “Hər bir xalq dünya mədəniyyətinə öz töhfəsini verdiyindən hər bir xalqın mədəni dəyərlərinə vurulan ziyan bütün bəşəriyyətin mədəni irsinə zərərdir” (37). “Arxeoloji irsin qorunması haqqında” 16 yanvar 1992-ci il tarixli Avropa Konvensiyasına görə bu beynəlxalq sənədin məqsədi “arxeoloji irsin Avropa kollektiv yaddaşının mənbəyi, tarixi və elmi araşdırmalar aləti kimi qorunmasını təmin etməkdən ibarətdir”. Konvensiyasının 3-cü maddəsində bildirilir ki, konvensiyanı imzalayan dövlətlər arxeoloji irsi qorumaq üçün “…qanunsuz hər hansı qazıntı aparılmasının, yaxud da arxeoloji irs elementlərinin götürülməsinin…” qarşısının alınmasını öhdəsinə götürür (38). Ermənistan Respublikası Haaqa Konvensiyasının və Arxeoloji irsin qorunması haqqında Avropa Konvensiyasının tələblərinə riayət etmir, mədəni soyqırım siyasəti ilə Azərbaycan xalqının küllü miqdarda maddi mədəni irsi məhv edilir, mədəni irsin qarət olunması fəal aparılır. Azərbaycan Respublikasının tələblərinə baxmayaraq dünyada ikili standartların mövcudluğu səbəbindən erməni vandalları antimədəni siyasətlərini davam etdirməkdədirlər.
UNESCO-nun 17 oktyabr 2003-cü il tarixli Paris bəyannaməsində bildirilir ki, UNESCO-nun və ya digər beynəlxalq təşkilatların tərtib etdiyi siyahıya daxil edilmiş və ya daxil edilməmiş, bəşəriyyət üçün böyük əhəmiyyəti olan mədəni irsi qəsdən dağıdan, yaxud bilərəkdən mədəni irsin qəsdən dağıdılmasının qadağan edilməsi, qarşısının alınması, son qoyulması və cəzalandırlması üçün tədbir görməyən dövlət beynəlxalq hüququn müəyyən etdiyi ölçüdə qəsdən dağıdılmaya görə məsuliyyət daşıyır (39, VI). Beləliklə, tarix və mədəniyyət abidələrinin dağıdılması və qəsdən məhv edilməsi UNESCO-nun konvensiya və bəyannamələrinə antitezadır. Amma beynəlxalq cəmiyyət belə cinayətkarlığın qarşısını almaq üçün tədbir görmür.
Yuxarıda qeyd olunanları yekunlaşdıraraq belə nəticə çıxarmaq olur ki, Ermənistan Respublikasında və işğal olunmuş Azərbaycan Respublikasının rayonlarında etnik təmizləmənin ardınca və davamı olaraq Azərbaycan xalqının maddi yadigarı olan arxeoloji irsi, memarlıq abidələri məhv edilir, Azərbaycan xalqına qarşı məqsənyönlü mədəni soyqırımı həyata keçirilir. “Erməni arxeologiya elmi” siyasi sifarişləri icra edən təbliğat məktəbidir, yalnız bir istiqamətdə fəaliyyət göstərir: regionun mədəniyyət tarixini saxtalaşdırmaq və özgə mədəni irsə yiyələnmək.
İstifadə edilmiş ədəbiyyat
- Массон В.М. Вопросы культурного наследия. Ашхабад, 2002, 48 с.
- Dostiyev T. Azərbaycan arxeoloji irsinə qarşı erməni terroru // 31 mart Azərbaycanlıların soyqırımı günüdür. Elmi-praktik seminar. Tezislər toplusu. Bakı, 2014.
- Erməni xəyanəti: Terror, soyqırım və deportasiya siyasəti. Bakı: “Avropa nəşriyyatı servis” MMC, 2009 – 121 s.
- Нормативные акты ЮНЕСКО по охране культурного наследия (Конвенции, Протоколы, Резолюции и Рекомендации). Москва: “ЮниПринт”, 2002, 223 с.
- Göyüşov R.B. Amaras-Ağoğlan. Bakı: Elm, 1975, 100 s.
- Асратян М.М. Арцахская школа армянской архитектуры – факты и фальсификации // Журнал социальных наук, 1989, с.3-15; Асратян М.М. Арцахская школа армянской архитектуры – факты и фальсификации // К освещению проблем истории и культуры Кавказской Албании и восточных провинций. Т. 1. Ераван: Изд-во Ереван, ун-та, 1991, c.457-469.
- Калантарян А.А. Раннесредневековые буллы Двина. Ереван: Изд-во АН Арм. ССР, 1982, 68 с.
- https://artsakhpress.am/rus/news/65997/http://garabagh.net/content_340_ru.html#sthash.7c1ZbzNL.dpuf
- Çavçavadze İ. Q. «Erməni alimləri və fəryad edən daşlar» – Bakı, «Azərbaycan» nəşriyyatı, 1995.- 80 səh.
- Пиотровский Б.Б. Письмо в редакцию. // Историко-филологический журнал АН Армянской ССР, 1971, № 3, с. 302–303.
- Акопян А.В. Новые данные о монетных находках из Армении и прилегающих областей // Нумизматика Золотой Орды. № 5. 2015, c.116-124.
- Акопян А.В. Серебряные монеты Карабахского ханства. Типология, метрология // Проблемы истории, филологии, культуры, 2016, №4, c.330-347.
- Федоров-Давыдов Г.А. Монеты – свидетели прошлого. Москва: Изд-во Московского университета, 1985, 176 с.
- Симонян А.Е. Два новонайденных мавзолея туркменских султанов Кара-Коюнлу в Армении. // Мирас, 2001, №4, с. 94-97
- Щеблыкин И.П. Памятники архитектуры Карягинского района. //Труды Аз.ФАН СССР, Баку, 1936, Т.ХХV
- Щеблыкин И.П. Памятники азербайджанского зодчества эпохи Низами (материалы). Баку: Изд-во Аз.ФАН, 1943, 95 с.
- А.В.Саламзаде А.В. Архитектура мавзолеев Азербайджана XII-XV вв. // Архитектура Азербайджана (Очерки). Баку: Изд-во АН Азерб.ССР, 1952, с.229-277.
- Саламзаде А.В. О рельефных изображениях мавзолея в селении Джиджимли Лачинского района. // Материалы к сессии, посвященной итогам археол. и этнограф, исследований 1970 г. в Азербайджане. Баку, 1971
- Бретаницкий Л.С. Зодчество Азербайджана XII-XV вв. и его место в архитектуре Переднего Востока. Москва:Наука, 1966, 559 c.
- Булатов М.С. Геометрическая гармонизация в архитектуре Средней Азии в IX-XV вв. Москва: Наука, 1988, 363 с.
- Мамедов Ф.Г. Архитектурные связи школ зодчества феодального Азербайджана. Баку: Элм, 1988, 120 с.
- Мамедов Ф.Г. К вопросу монументализации образа кочевого жилья в мемориальном зодчестве средневекового Азербайджана и соседних с ним стран // Azərbaycan arxeologiyası və etnoqrafiyası, 2015, c.92-105.
- Qiyasi C. Nizami dövrü memarlıq abidələri. Bakı: İşıq nəşr.,1991, 264 s.
- Амензаде Р. Мемориальные сооружения средневекового Азербайджана (восьмигранные мавзолеи) // Azərbaycan Arxeologiyası. 2000, №1-2, c.47-51.
- Калантарян А.А. Мавзолей туркменского эмира Пир-Хусейна в с.Аргаванд Армении //Культурное наследие Туркменистана. Материалы к международной научной конференции. Ашгабат-Санкт-Петербург:Европейский дом, 2000, с. 152-153.
- Ваидов Р.М., Геюшев Р.Б., Гулиев Н.М. Новые находки каменных баб в Азербайджане. // Археологические открытия 1973 года. Москва, 1974, с. 446-447.
- Халилов М. Антропоморфные каменные изваяния Карабаха.// Azərbaycan arxeologiyası, 2004, № 1-4, c. 100-104.
- Геюшев Р.Б., Халилов М.Дж. Каменные изваяния раннесредневековой Албании. Баку: Элм,1986, 24 с.
- Войтов В.Е. Каменные изваяния из Унгету. // Центрадьная Азия: новые памятники письменности и искусства. Москва, 1987, с. 92-109.
- Кубарев В.Д. Древние изваяния Алтая (Оленные камни). Новосибирск: Наука, 1979, 120 с.
- http://artsakhtimes.am/ru
- Зейналов А. Армянские раскопки в Азыхе, или как фальсифицируется история. // İrs-Наследие, 2016, №1, с.56-62.
- Гусейнов М.М. Древний палеолит Азербайджана (по материалам пещерной стоянки Азых и др.): Автореф. дис. …докт. ист. наук. Киев,1985.
- Гусейнов М.М. Древний палеолит Азербайджана. Баку: ТекНур, 2010, 220 с.
- Палеолитическая пещерная стоянка Азых. Сборник статей. Баку, 2018, c. 104 c.
- Convention for the Protection of Cultural Property in the Event of Armed Confl ict with Regulations for the Execution of the. Convention 1954
- Arxeoloji irsin qorunması haqqında Avropa konvensiyası (yenidən baxılmış). Valletta, 16 yanvar 1992-ci il.
- Декларация ЮНЕСКО, касающаяся преднамеренного разрушения культурного наследия. Принята 17 октября 2003 года Генеральной конференцией Организации Объединенных Нации по вопросам образования, науки и культуры.
Tarix Dostiyev
tarix elmləri doktoru
“İşərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
“31 mart – tariximizin faciəli səhifəsi”
Bakı – 2019