Erməni tarixşünaslığındakı hakim konsepsiyaya görə, ermənilər Ermənistan ərazisinin avtoxton, yəni köklü əhalisi, oradakı azərbaycanlılar isə XI-XIII əsrlərdən Orta Asiyadan gəlmə köçəri türk və tatar-monqolların sonrakı nəsilləridir.
Azərbaycanlıların Ermənistandan qovulması siyasəti də, bu konsepsiyaya əsaslanır. Erməni tədqiqatçıları tarixi faktlara məhəl qoymadan nəinki hələ Albaniya dövləti vaxtlarında (eramızdan əvvəl IV əsrdən eramızın VIII əsrinə qədər) ana torpağımızın tarix boyu tərkib hissələri olmuş, yalnız əsrimizin 20-ci illərində Ermənistana verilmiş Zəngəzur zonasını (qədim Sisakanı), Dağlıq Qarabağı (qədim Arsakı) və Qazax-Ağstafa zonasını (qədim Girdimanı) da binadan erməni torpağı sayır, bütünlükdə Kür-Araz ovalığının guya eramızdan əvvəl II əsrdən eranın IV əsrinədək Böyük Ermənistanın ərazisi, sonrakı əsrlərdə isə “Şərqi Ermənistan” adlandığını yazırlar. Erməni müəllifləri hətta xarici ölkələrdə çap etdirdiyi kitablarda da Naxçıvanın və bütövlükdə Qarabağın erməni torpağı olmasını yazır və tarixi cəhətdən əsaslandırmağa cəhd edirlər. Məhz bıı konsepsiya əsasında Ermənistanda yaşayan azərbaycanlılara qarşı əsrimizin əvvəllərindən başlayaraq genişlənmiş qatı millətçilik münasibəti sonra qarşıdurmaya çevrilmiş və nəhayət son illərdə erməni millətçilərinin nəzərdə tutduqları sonluqla nəticələnmişdir: azərbaycanlılar Ermənistandakı doğma yurdlarından tamamilə qovulmuşdur.
Doğrudanmı Ermənistan azərbaycanlıların indiki Ermənistan ərazisinə orta əsrlərdə gəlmiş və erməni tarixçilərinin dedikləri kimi “avtoxton” ermənilərin torpağın zəbt etmiş türklərdir? Əgər bu belədirsə, onda Ermənistandakı azərbaycanlıları tarixi baxımdan yadelli hesab etmələrinə görə erməniləri qınamaq sanki ədalətsizlik olardı (hərçənd ki, dünyada təsbit olunmuş coğrafi və etnik sərhədlərin mövcud olduğu indiki zamanda heç tarixi baxımdan da ərazi iddiası siyasətinə, xüsusilə sonradan gəlmə xalqların deportasiyasına bəraət qazandırmaq olmaz; allah eləməsin, əgər bütün xalqlar ermənilərin yolu ilə getsələr, onda dünya miqyasında çox xalqların bir-birinə qarşı torpaq iddiası mümkündür və belə olduqda bir sıra Şərq və Qərb ölkələrinin dağıtmaq və ermənilərini qovub sərhədlərindən kənara atmaq hüququna malikdirlər). Yox, əgər azərbaycanlılar Ermənistanda mənşəcə yerli və köklü əhalidirsə, bəs nə vaxtdan orada məskundurlar və onların əcdadları kimlərdir? — suallarına əsaslandırılmış elmi cavablar verilməlidir.
Problemin həllinə nail olmaq üçün belə bir tarixi gerçəklikdən çıxış etmək lazımdır ki, Ermənistan azərbaycanlıların ümumiyyətlə, Cənubi və Şimali Azərbaycanda yaşayan vahid Azərbaycan xalqının tərkıb hissəsidir (sözsüz, Gürcüstan və Dağıstan azərbaycanlıları da nəzərə almaqla) və onunla dil, mənəvi və maddi mədəniyyət, ənənəvi təsərrüfat sahələrinin xüsusiyyətlərinə görə mənşə birliyinə malikdir. Bu, o deməkdir ki, Ermənistanda azərbaycanlıların yaşadıqları zonalar məkan etibarilə Azərbaycan xalqının yarandığı areala daxildir. Bu, həm də o deməkdir ki, həmin zonalar etnik adı hay olanların, yəni ermənilərin məskun olduğu ərazi deyil. Deməli, tarixən xalqımızın məskun olduğu areala Cənubi və Şimali Azərbaycan ərazisi ilə birlikdə indiki Ermənistanın Azərbaycanla sərhəd zonaları daxil idi. Bu arealda gedən etnogenetik prosesin xarakterik xüsusiyyəti, prosesdə eyni etnik komponentlərin-müxtəlif qədim tayfaların iştirak etməsidir. Bunu həm Azərbaycanın hər iki hissəsində, həm də Ermənistanda mövcud olan bir sıra qədim türk mənşəli etnotoponimlərin eyniliyi təsdiq edir;
Eramızdan əvvəl II əsrdən başlayaraq, Ermənistanda hakim sülalə başçılarının işğalçılıq siyasəti nəticəsində siyasi sərhədlərin dəyişməsi və türk tayfalarının yaşadığı zonaların Ermənistana birləşdirilməsi Azərbaycan xalqının etnogenezində iştirak edən etnik komponentlərin həmin prosesdə fəaliyyətinin qarşısını ala bilməmişdir, çünki bu siyasi sərhədlər tikanlı məftillərlə ayrılan sərhədlər deyildi, siyasi qabarma və çəkilmələin hüdudları idi. Bu həm də o deməkdir ki, Ermənistanda Azərbaycanlıların XIX əsrin əvvəllərinə qədər (Ermənistanda və Azərbaycanda, o cümlədən Dağlıq Qarabağda yaşayan ermənilərin əksəriyyəti bilavasitə rus çarizminin yardımı və təhriki ilə bütün XIX əsr boyu İrandan və Türkiyədən köçüb gələnləri) yığcam halda yaşadığı və bilavasitə Azərbaycanla həmsərhəd olan zonaları qədimdən erməni etnosunun təşəkkül tapdığı ərazi sayıla bilməz. Ona görə ki, müəyyən etnik sərhədləri ilə ayrılan bir ərazinin daxilində iki etnosun, yəni həın azərbaycanlıların, həm də ermənilərin təşəkkülü prosesi gedə bilməzdi. Ermənistan azərbaycanlılarının yaşadığı zonalar tarixən Azərbaycan xalqının təşəkkülü arealına daxil olub.
Q.Qeybullayev “Qədim türklər və Ermənistan”, Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1992 kitabından
03.03.2015