İndiki Ermənistanın Araqatson əyalətinin tarixi yaşayış məntəqələrinə gedən yollarda özünün memarlıq-tikinti kompozisiyası ilə Azərbaycan mədəni irsinin dünyəvi tarixi-memarlıq abidələri arasında xüsusi yer tutan karvansaralar ermənilər tərəfindən xüsusi qəddarlıqla və kütləvi şəkildə dağıdılaraq məhv edilib.
Azərbaycan hələ qədim zamanlardan coğrafi mövqeyinə görə Qərblə-Şərqi birləşdirən karvan və ticarət yollarının kəsişdiyi yer olub. Həmin ərazilərdə çox sayda karvansaranın tikilməsinin səbəbi də bu olub. Karvansaralar əsasən ticarət yollarının kənarlarında və şəhərətrafı ərazilərdə inşa edilirdi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı Faiq İsmayılov deyib.
O bildirib ki, tarixən Azərbaycan ərazilərində karvansaraların prototipləri V-VI əsrlərdən mövcud olsa da, onlar XII-XIII əsrlərdə xüsusi populyarlıq qazanıb. Karvansaralar əsasən yerli pud daşlardan əhəng məhlulu ilə tikilirdi. Onların inşası üçün məkan seçilərkən yaxınlıqda içməli suyun olması, eləcə də ərazinin küləkdən və qar fırtınalarından qorunması nəzərə alınırdı. Karvansara komplekslərində həm insanların, həm də yük heyvanlarının qalması üçün yerlər inşa edilirdi. Məhz buna görə də karvansaraların memarlıq və tikinti üslubu orijinallığı ilə seçilirdi. Azərbaycanın demək olar bütün karvansaraları oxşar memarlıq kompozisiyasına malik idi. Onlar yalnız ölçü və üslub xüsusiyyətlərinə, yəni, böyük və ya kiçik olmalarına görə bir-birindən fərqlənirdi. Plan baxımından düzbucaqlı, təknefli və üçnefli karvansaralar uzunsov zal tipli tikililərdir. Karvansaralarda zalın uzunluğu bəzən 30 metrə çatırdı. Dəhliz boyunca tağlı damın dayandığı paralel qoşa dirəklər və plastırlarla tamamlanırdı. Karvansaraların dəhlizlərinin damı daş plitələrlə örtülürdü. Giriş qapısı eninə, yan divardan fasada açılırdı. Karvansaranın zalı binanın damında açılan dar dəliklərlə işıqlandırılırdı. Bəzi karvansaralar isə qalalar, saraylar kimi, binanın divarları və küncləri vasitəsilə işıqlandırılır və havalandırılırdı.
Faiq İsmayılov diqqətə çatdırıb ki, belə möhtəşəm karvansaralardan biri olan Araqatson karvansarası ermənilər tərəfindən dağıdılaraq xarabalığa çevrilib. Araqatson əyalətinin Talin, Aruç və Araya karvansaraları da eyni taleni yaşadılar. XII-XIII əsrlərdə inşa edilən Talın karvansarası şəhərin cənubunda, yolun sol tərəfində yerləşir. Bu, Qərbi Azərbaycan ərazisində xarabalıqları qalan ən böyük karvansaradır. Həyətli karvansaralar tipinə aid Talin iki üçnefli zaldan və həyətdən ibarətdir. Şərq tərəfdə üçnefli zal, zalın qarşısında dördkünc həyət və qərb zalı tikilib. Həyət və ona şərqdən və qərbdən bitişik olan dəhlizlər boş divarlarla ayrılır və bir-biri ilə əlaqə saxlamır. Bu karvansara kompleksinin cənub tərəfdən yalnız bir giriş qapısı olub. Həyətin daxili perimetri boyunca alqı-satqı, ticarət fəaliyyəti üçün nəzərdə tutulmuş tağlı otaqları olan qalereya var idi. Şərq və qərb divarları bürclərlə möhkəmləndirilmişdi. 1990-cı illərdə karvansaraya ermənilər tərəfindən ciddi ziyan vurulmuşdur. Belə ki, ərazidə məskunlaşdırılan erməni əhali əsrlərin şahidi olan bu binanın daşlarını sökərək öz ehtiyacları üçün istifadə ediblər.
Alim qeyd edib ki, ermənilər tərəfindən dağıdılan daha bir karvansara (XIII əsrə aid) Aruç kəndindən bir kilometr şimal-qərbdə, İrəvan-Gümrü avtomobil yolunun sol tərəfində yerləşir. O, təkzallı, üçnefli karvansaralar tipinə aiddir və nəfis, təmiz işlənmiş hörgüsü ilə seçilirdi. Üçnefli strukturun uzununa zalında tağlı damın əsas ağırlığını daşıyan altı cüt dirək quraşdırılmışdı. Yeganə giriş qapısı cənub fasadında açılırdı, binanın divarları və küncləri qüllələrlə möhkəmləndirilmişdi. Abidə 2008-ci ildə ermənilər tərəfindən dağıdılaraq bərbad vəziyyətə salınıb. Binanın yalnız şimal-şərq hissəsi qalıb.
O deyib ki, ermənilər tərəfindən vandalizmə uğradılan karvansaralardan biri Aparan rayonunun Arai kəndindən bir kilometr cənubda yerləşir. Karvansara 1213-cü ildə tikilib. Talın karvansarası kimi, bu abidə də erməni millətçiləri tərəfindən dağıdılıb. Binanın daşları sökülərək naməlum istiqamətə aparılıb. Karvansaranın yalnız kiçik bir divarı qorunub saxlanılıb ki, bu da abidə haqqında tam təsəvvür əldə etməyə imkan vermir.
29.01.2024, AZƏRTAC