Məlum olduğu kimi, Dağlıq Qarabağ hadisələri başlayan kimi məhz Ermənistanda azərbaycanlılara qarşı terror gücləndi. Azərbaycanlılar Ermənistandan, əzəli dədə-baba yurdlarından zorla qovuldular. Z.Balayan iddia edir ki, «azərbaycanlıların yarısı zəlzələ zonasında yaşayırdı və zəlzələdən sonra onlar özləri Ermənistandan getdilər».
Yox, əsla belə deyildir. Zəlzələ zonasında azərbaycanlıların çox az bir hissəsi yaşayırdı. Rəsmi məlumata görə, artıq zəlzələyə qədər Ermənistandan 120 mindən çox azərbaycanlı deportasiya edilmişdi. Nəticə etibarilə bütün azərbaycanlılar Ermənistandan zorla çıxarıldı.
Hətta azərbaycanlılar Ermənistandan kütləvi surətdə qəddarcasına deportasiya ediləndə Azərbaycan rəhbərliyi erməniləri Dağlıq Qarabağdan çıxarmaq fikrinə düşmədi. Zənnimcə, o zaman Azərbaycan rəhbərliyi Ermənistanın hərəkətinə adekavat reaksiya versəydi, ermənilər elə o zaman Dağlıq Qarabağı tərk etməli olardılar. Bu, Azərbaycan tərəfindən Ermənistanın azərbaycanlılara qarşı qəddarllığına cavab kimi məcburiyyət qarşısında atılan ədalətli addım olardı.
Azərbaycan rəhbərliyi nəinki erməniləri Dağlıq Qarabağdan çıxartmadı, hətta Ermənistandan qovulmuş azərbaycanlıların Dağlıq Qarabağda yerləşdirilməsi haqqında ictimaiyyətin haqlı tələbinə məhəl qoymadı. Bu bir yana, Ermənistan azərbaycalılarından otuz-qırx ailə gəlib Şuşa rayonunda müvəqqəti yerləşmişdi. Bununla əlaqədar iş o yerə çatdı ki, Azərbaycan rəhbərliyi dərhal oraya yüksək rütbəli məmur göndərdi və onun rəhbərliyi altında Ermənistan azərbaycanlılarını Şuşadan çıxartmaq əməliyyatı təcili şəkildə və «uğurla» başa çatdı.
Azərbaycan rəhbərliyi ölən dostluğa inanmaqda davam edirdi . Belə bir aldadılmış ümidlə yaşayırdı ki, azərbaycanlıların Ermənistandan çıxarılması sadəcə olaraq anlaşımazlıqdır. Bu gün-sabah onlar Ermənistana qayıdıcaqlar! Moskva qaytaracaq. Bu haqda hətta Moskva qərar da qəbul etmişdi!
Etiraf etmək lazımdır ki, Dağlıq Qarabağ hadisələri başlayandan Azərbaycan rəhbərliyinin Dağlıq Qarabağ məsələsinə dair müstəqil mövqeyi və müstəqil siyasəti yox idi. Siyasətdə uzaqgörənlik, çeviklik çatışmırdı…
Artıq Stepanakertdən bizim ayağamız kəsilmişdi, Ermənistanın isə, demək olar ki, bütün nazirliklərinin, baş idarələrinin, istehsal birliklərinin, yaradıcı təşkilatlarının rəhbərləri, yaxud nümayəndələri Dağlıq Qarabağa ayaq açmışdılar.
Ariflər yaxşı başa düşürdü ki, Arutyunyanın belə məqamda Xankəndinə gəlişi«ağ at belində gəliş» idi. Obyektiv olaraq Dağlıq Qarabağ separatçılarını daha da şirnikləşdirən və qızışdıran gəliş idi…
Akademik Tofiq Köçərlinin “Naxçıvan:uydurmalar və tarixi həqiqətlər” (Bakı, “Elm-2005”) kitabından