Gözəl təbiəti, nadir bitki örtüyü ilə seçilən Qazax rayonunun əsas içməli su mənbəyi 1971-ci ildə yaradılmış Ağstafaçay dəryaçasıdır.
Ermənistanla sərhəddə yerləşən bu dəryaça son illər təcavüzkar dövlətin ərazisindən gələn və ətrafında yerləşmiş yaşayış məntəqələrinin məişət çirkabı və müxtəlif sənaye müəssisələrinin zərərli tullantıları ilə çirklənən çay suları ilə qidalanır. Bu isə 120 milyon kubmetr su tutumu olan dəryaçanın ciddi çirklənməsi deməkdir. Nəzərə alsaq ki, dəryaçadan qonşu rayonların əkin sahələrinin suvarılmasında, həmçinin Qazax şəhəri əhalisinin bir qisminin içməli su ilə təchizində istifadə olunur, ekoloji təcavüzün miqyası barədə aydın təsəvvür yaranar.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-a bildirmişlər ki, son vaxtlar Ağstafaçay dəryaçasında suyun göyümtül rəngə çalması, burada qatı və lilli təbəqənin əmələ gəlməsi ciddi çirklənmə hallarının mövcudluğundan xəbər verir.
Yaranmış vəziyyətin tədqiqi məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qazax rayon idarəsinin, Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri dəryaçadan su nümunəsi götürərək, laboratoriyalarında təhlillər aparmış, eyni zamanda, su nümunələrini paralel təhlil etmək üçün Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinə və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə göndərmişlər.
Aparılan təhlillər nəticəsində müəyyən edilmişdir ki, dəryaça kimyəvi və bakterioloji çirklənməyə məruz qalmışdır. Belə ki, 2003-cü il avqustun 6-da Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi dəryaçadan götürülən su və torpaq nümunələrində yaşıl yosunların mövcudluğunu, biogen maddələrdən ammonium ionlarının normadan 12,2, oksigenə kimyəvi tələbatın 20,2, oksigenə bioloji tələbatın 110, ağır metallardan Zn-255,0, Cu-9,0, Ni-4,6 dəfə yüksək olmasını müəyyən etmişdir. Canlı orqanizmlər üzərində aparılmış ekotoksikoloji sınaqlar zamanı sınaq obyektləri 100 faiz tələf olmuşdur. Bu isə məhlulun kəskin zəhərli təsirə malik olduğunu sübut etmişdir.
Beynəlxalq hüquqa məhəl qoymadan etnik təmizləmə, işğal, insanlığa qarşı cinayətdən belə çəkinməyən Ermənistan son vaxtlar bütün bunları aradan qaldırmadan, sərsəmcəsinə iqtisadiyyat və sair sahələrdə əməkdaşlıqdan danışır. Əlbəttə, heç kəs onların səmimiyyətinə inanmır. Lakin Ağstafaçay dəryaçası vasitəsi ilə tətbiq edilən ekoterrorizm və ekogenosid minlərlə başqa bu kimi faktlarla birlikdə düşmənin əsl simasını bir daha nümayiş etdirir.