Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçılıq müharibəsinin tarixi kökləri mövcuddur və bu təcavüzkarlıq siyasəti erməni tarixinin mahiyyətindən qaynaqlanır, bu millətə məxsus xüsusiyyətləri əks etdirir. Bunun nəticəsidir ki, beynəlxalq və daxili vəziyyətin imkan verdiyi tarixi şərait yaranan kimi ermənilər xəyanətkar niyyətlərini reallaşdırmaq üçün bütün vasitələrdən istifadə etmişlər və buna da davam edirlər. Ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qarşı iddiaları heç bir halda təsadüfi ola bilməz, məlumdur ki, bu, onların “Böyük Ermənistan” yaratmağa yönəlmiş strateji planlarının tərkib hissəsdir və təbii ki, hər zaman buna dövlət dəstəyi formasında şərait yaradılır. Ona görə də ermənilər, “ənənələrinə” sadiq qalaraq, həmişə əlverişli şərait yaranan kimi bu planın reallaşdırılması uğrunda ciddi səylə çalışırlar. Məsələn,1918-ci il mart qırğınını ermənilər üçün yaranmış əlverişli şərait hesab etmək olardı. Martın 31-də Bakı şəhərində azərbaycanlıları kütləvi qırğına məruz qoydular. Stepan Şaumyanın etirafına görə, dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin altı min silahlı əsgəri, eyni zamanda «Daşnaksutyun» partiyasının 3-4 minlik silahlı dəstəsi iştirak etmişdir. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllərə qəflətən basqınlar etmiş, əhalini uşaqdan böyüyədək qətlə yetirmişdir. Həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə bunları yazmışdır: «Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə- deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər» [1]. Hadisələrin bu formada cərəyan etməsinə baxmayaraq, təəəssüf ki, tarixin heç bir dövründə buna nə hüquqi, nə də siyasi qiymət verilməmişdir. Doğrudur, tarixçilər tərəfindən bu faktlar həmişə araşdırılır və buna tarixi qiymət verilir. Bu kimi məsələlərə zamanında həm hüquqi, həm də siyasi qiymət verilməli idi. Ermənistanın Azərbaycana qarşı təcavüzünə, xüsusilə Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq hüquqi konteksdən baxmaq günümüz üçün çox aktualdır. Bu fakt həm beynəlxalq hüququn norma və prinsiplərinin, həm də beynəlxalq humanitar hüquq normalarının, beynəlxalq cinayət hüququ normalarının pozulmasını təsdiq edən bir faktdır.
Dünya ictimaiyyətinə məlumdur ki, 1988-ci il fevral hadisələrindən sonra Dağlıq Qarabağ Muxtar Vilayətinin separatçı-terrorçu qruplaşmaları və Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağın ələ keçirilməsi uğrunda hərbi əməliyyatlara başladılar. SSRİ Silahlı Qüvvələrinin Ermənistan və Dağlıq Qarabağ Muxtar Vilayətində yerləşən hissələri də onlara qoşuldular. Bununla, 1917-ci ilin fevralında çar hökumətinin yıxılması nəticəsində meydana gələn tarixi şəraitə bənzər vəziyyət SSRİ-nin dağılmasından sonra, yenidən təkrar olundu. Sovet ordusu sıralarında qulluq edən erməni zabitləri və keçmiş sovet hərbi hissələri azərbaycanlılara qarşı birləşdilər və vahid cəbhədə hərbi əməliyyata başladılar. Əvvəlcə Dağlıq Qarabağın azərbaycanlı yaşayış məskənlərinin işğalına başlandı. 1992-ci il yanvarın 15-də Kərkicahan, fevralın 10-da Malıbəyli, Quşçular kəndləri işğal olundu, dinc və silahsız əhaliyə divan tutuldu, Xocalı və Şuşanın mühasirə məngənəsi daraldı. Tələm-tələsik formalaşdırılmış Azərbaycan könüllülərinin Daşaltı əməliyyatı uğursuz oldu. Erməni və sovet hərbi birləşmələri fevralın ortalarında Qaradağlı kəndini ələ keçirdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə müasir tarixin ən faciəli hadisəsi baş verdi. Erməni hərbi birləşmələri Xocalıda azərbaycanlılara qarşı dəhşətli soyqırımı törətdi. Bu İkinci Dünya müharibəsində faşizmin törətdiyi dəhşətli qırğınlardan sonra müasir dövrdə erməni separatçıları-terrorçuları ilə birlikdə Ermənistan hərbi qüvvələrinin insanlığa qarşı törətdiyi ən kütləvi və ən dəhşətli soyqırımıdır. Bu dövrlərdə Azərbaycanın və onun vətəndaşlarının başına hansı müsibətlər gətirilmədi? Ermənilərin bu əməmllərində insanlıq əleyhinə cinayətlərin, təcavüzün, müharibə cinayətlərinin, soyqırımı cinayətinin tərkib elementləri mövcuddur. Bunların hamısı müharibə zamanı baş vermiş əməllərdir. Təəssüflə bildiririk ki, ölkəmizə qarşı aparılan ədalətsiz müharibəni sanki heç bir dövlət görmür və ya görmək belə istəmir. İnsan hüquq və azadlıqlarını, insanın ayrılmaz hüququ kimi yaşamaq hüququnu bəşəri dəyər hesab edən dövlətlər öldürülən, işgəncələrə məruz qalan, girov götürülən uşaqların, qocaların, gənclərin fəryadını eşitmək belə istəmədilər. Sözün həqiqi mənasında Azərbaycan təcavüzə məruz qalmış, işğal olunmuş ərazilərdə beynəlxalq cinayətlər, müharibə cinayətləri baş vermişdir. Dinc mülki əhaliyə qarşı törədilmiş bu cinayətlər beynəlxalq hüquq normalarının, beynəlxalq humanitar hüquq normalarının, habelə müharibə qayda və qanunlarının birbaşa pozulması idi. Səbəbkarlar çəkinmədən aşkar formada bu cinayətləri törətdilər, hətta bunu etiraf da etdilər və bundan qürur duyduqlarını bildirdilər. Hər şey bu qədər açıq və aydın olduğu halda beynəlxalq təşkilatları və dövlətləri susmağa nə vadar edir? Bu kimi faktlar müasir dünyanın mürəkkəbliyini, ziddiyyətli məqamlarını üzə çıxarır. Bəlkə də insanlar heç bir zaman bu cür siyasi və fiziki yük ağırlığına məruz qalmamışdır. İnsan heç vaxt bu qədər işgəncəyə və fəlakətlərə dücar olmamış və özü yaratdığı vasitələr qarşısında bu qədər aciz qalmamışdır. Doğrudur, müharibələr bəşəriyyətə ölüm, fəlakət və dağıntı gətirdiyi üçün onun qarşısının alınması həmişə çox mühüm dünyagörüşü və fəlsəfi- qlobal problem olmuşdur. Qədim Yunan filosofu Heraklit ədalətsiz müharibələrə qarşı çıxaraq demişdir: “Müharibə, hər şeyin allahı və hər şeyin şahıdır… O, birini qul, digərini isə ağa, azad insan edir”. İntibah dövrünün humanistləri, XVIII əsr fransız maarifçiləri, Kant və b. müharibələrə ciddi etraz etmişlər, sülhü təmin etmək üçün konkret fikirlər söyləmişlər, lakin onlar müharibələrin obyektiv sosial-siyasi əsaslarını düzgün göstərə bilməmişlər. Deməli, müharibə güc tətbiqinin müəyyən formasıdır. Müharibələr silahlı gücün tətbiqi ilə bərabər həm də siyasi güc göstərməyin, siyasətin xüsusi formada həyata keçirilməsidir, siyasətin davamıdır. İşgalçılıq məqsədi daşımayan, öz ölkəsinin azadlığı və istiqlaliyyəti uğrunda həyata keçirilən müharibələr ədalətlidir. Başqa dövlətlərin ərazisini işğal etmək, başqa xalq və millətləri əsarət altına almaq uğrunda aparılan müharibələr isə ədalətsiz müharibələrdir və bu təcavüzdür. Bəzən ədalətli müharibələr ədalətsiz müharibələrə çevirilə bilər. Məsələn, Napoleonun apardığı müharibələr əvvəlcə Fransanın azadlığı uğrunda ədalətli müharibə idi, sonra isə o, Fransanın ərazilərindən kənara çıxmaqla başqa əraziləri zəbt etməklə ədalətsiz müharibəyə çevrildi. Nəhayət, cəzasızlıq daha çox ərazilərin işğalına, daha çox insanların öldürülməsinə şərait yaratdı. Məhz bunun nəticəsi idi ki, tarixin bütün dövrlərində Azərbaycana qarşı ədalətsiz müharibə elan edən və əraziləri işğal edən erməni cinayətkarları həmişə cəzasız qalmış, getdikcə daha çox əraziləri işğal etməyə meyllənmişdilər. Dağlıq Qarabağ uğrunda gedən müharibədə ermənilər işğal etdikləri torpaqları “viran qoymaq” taktikasına əl atmışdılar. Müharibədə 20 min azərbaycanlı şəhid olmuş, 100 min nəfər yaralanmış, 50 min nəfər əlil olmuşdu. Qaçqın və köçkünlərin sayı milyonu keçmişdi. Rəsmi məlumata görə, erməni işğalçıları tərəfindən 4.852 nəfər azərbaycanlı, o cümlədən 323 qadın, 54 uşaq və 410 qoca əsir və girov götürülmüşdü. Erməni faşistləri əsir və girovların həqiqi sayını beynəlxalq humanitar təşkilatlardan gizlədir, onlarla qeyri-insani, amansız rəftar edir, qul kimi işlədir, təhqir edir, alçaldırdılar. Erməni hərbiçiləri bu əməlləri dinc sakinlərin, ümumiyyətlə, hərbi əməliyyatda iştirak etməyən şəxslərin başına gətiriblər. Azərbaycan Respublikasına qarşı erməni təcavüzünün faciəvi nəticələrindən biri də odur ki, Azərbaycan torpaqlarının 20 faizini işğal etməkdən və vətəndaşlara işgəncələr verməkdən əlavə, ermənilər ölkənin zəbt olunmuş bölgələrində Azərbaycanın milli-mənəvi irsini məhv edirlər. Bir çox beynəlxalq təşkilatların müraciətinə baxmayaraq, Ermənistan işğal olunmuş bölgələrdə Azərbaycanın mədəni sərvətlərinin təhlükəsizliyi üçün heç bir konstruktiv addım atmamışdır. İşğal olunmuş ərazidə 500 tarixi-memarlıq və 100-dən çox memarlıq abidəsi, 22 muzey, 4 şəkil qalereyası, 927 kitabxana, 85 musiqi məktəbi, 4 dövlət teatrı qalmışdır. İşğal nəticəsində tunc dövrünə aid nadir abidələr-100-dən çox Xocalı şəhəri yerlə yeksan edilmişdir. İnsan sivilizasiyasının qədim məskənlərindən biri olan Azıx mağarası silah anbarı kimi istifadə olunmasını Parlament Assambleyası təəccüblə qarşılamışdır. Azərbaycanın ədəbiyyat və incəsənət nümunələrinin ermənilər tərəfındən təhqirə məruz qalması Azərbaycan xalqını ciddi narahat edir. Bütün bunlar hərbi zərurət olmadan dağıdılmış və viran edilmişdir. Bu kimi əməllər, insan hüquq və azadlıqlarının ümumbəşəri dəyər kimi qorunduğu, güc tətbiq etməmək və güclə hədələməmək prinsipinin, ərazi bütövlüyü prinsipinin beynəlxalq səviyyədə təbliğ olunduğu, beynəlxalq cinayətlərin bütün növlərinə qarşı dövlətlərin birgə əməkdaqşlıq etdiyi bir zamanda, müasir beynəlxalq hüququn zamanında baş verir. Hansı ki, təcavüzkar müharibənin qadağan olunması müasir beynəlxalq hüquq üçün prioritet məsələlərdən biri və başlıcasıdır. Məlumdur ki, təcavüzkar müharibənin beynəlxalq səviyyədə qadağan olunması özlüyündə, hələ ictimai həyatdan silahlı münaqişələri doğuran səbəblərin kökünün kəsilməsinə aparmır. Beynəlxalq münasibətlərdə silahlı gücün qadağan olunmasına baxmayaraq dövlətlər hələ də öz aralarındakı mübahisələrin və münaqişəli vəziyyətlərin həlli üçün ona tez-tez əl atırlar. Bu siyasi münaqişələr əsasında əmələ gələn ictimai münasibətlərin mümkün qədər humanistləşdirilməsi məqsədilə hüquqi tənzimləmə zərurətini şərtləndirir. Beynəlxalq hüququn müvafiq normaları bəzən şərti olaraq “silahlı münaqişələr hüququ” adlandırılır. O, beynəlxalq hüquq subyektlırinin silahlı mübarizə vasitə və metodlarının tətbiqi ilə əlaqədar qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirən, vuruşan neytral tərəflər arasındakı münasibətləri tənzimləyən və müvafiq prinsip və normaların pozulmasına görə məsuliyyət müəyyənləşdirən bir sıra müqavilə və adi hüquqi prinsip və normalardan ibarətdir. Bu prinsip və normalara Ermənistan tərəfi heç zaman riayət etməmişdir. Azərbaycan isə öz növbəsində son illər ərzində beynəlxalq səviyyədə yürütdüyü ardıcıl siyasət nəticəsində artıq Ermənistanın təcavüzkar olduğu bütün dünyaya məlum olmuşdurr. Müxtəlif səviyyəli görüşlərdə, zirvə toplantılarında, konfranslarda bu məsələ diqqət mərkəzində saxlanılmış və Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı dəfələrlə beynəlxalq sənədlərdə öz təsdiqini tapmışdır. Bu sənədlərin, demək olar ki, hamısında Azərbaycan torpaqlarının işğal edildiyi göstərilir, bir milyondan çox insanın qaçqın və məcburi köçkün kimi yaşadığı bildirilir. Onların bəzisində təcavüzkar adı ilə göstərilsə də, təəssüf ki, bu münasibət hələ beynəlxalq birliyin rəsmi ortaq mövqeyi deyildir. Hər halda uğurlar var və bu uğurlar münaqişənin həllində beynəlxalq hüquq normalarına əməl olunmasının vacibliyini ön plana çəkmək üçün yaxşı zəmin yaratmışdır.
Azərbaycan Respublikasının üzvü olduğu beynəlxalq qurumlarda Dağlıq Qarabağ probleminin həllinə dair dəfələrlə məsələ qaldırmasına, müxtəlif dəlillər təqdim etməsinə, Ermənistanın təcavüzkar olduğunu sübuta yetirən faktlar göstərməsinə baxmayaraq, hələ də beynəlxalq birlik işğalçını cəzalandırmaq üçün konkret addımlar atmır. Bu amil ikili standartların mövcud olduğuna ən tutarlı sübutdur. Bütün bunlar bir daha göstərir ki, ayrı-ayrı dövrlərdə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə dair beynəlxalq təşkilatlar müxtəlif sənədlər, qətnamələr, bəyanatlar qəbul etsələr də, hələ də işğalçı dövlət öz mövqelərindən geri çəkilmir. Bu, beynəlxalq birliyin təcavüzkarı layiq olduğu formada cəzalandırmaq istəməməsinin nəticəsi kimi qiymətləndirilə bilər. Təcavüzkar isə cəzasız qaldığından daha böyük iddialarla çıxış etdi. Yuxarıda ermənilərin törətdikləri əməlləri sadaladıq, qeyd etdik ki, beynəlxalq hüquq normalarına görə bu əməllər təcavüzlə başlayıb müharibə cinayətləridiri ilə tamamlanır. Dövlətlərin birgə əməkdaşlığının nəticəsi idi ki, beynəlxalq təşkilatlar və beynəlxalq cinayət tribunalları bir çox beynəlxalq cinayətlər kimi müharibə cinayətlərinə qarşı mübarizədə kəskin mövqe nümayiş etdirdilər. Məsələn, Beynəlxalq Cinayət Məhkəməsi öz Statutunda müharibə cinayətlərinin dəqiq siyahısını vermişdir. Müharibə cinayətlərinin dəqiq siyahısı Beynəlxalq Cinayət Məhkəməsinin Statutunda göstərilmişdir. Məhkəmənin Statutu Yuqoslaviya Beynəlxalq Tribunalının Nizamnaməsini və hökmlərini əsas tutaraq həm beynəlxalq xarakterli, həm də qeyri-beynəlxalq xarakterli silahlı münaqişələr zamanı törədilmiş əməlləri müharibə cinayətləri hesab edir. Statutda müharibə cinayəti kimi nəzərdə tutulmuş əməllər, əsasən, Cenevrə Konvensiyaları və onlara Əlavə Protokollarda ciddi pozuntular kimi ifadəsini tapmış əməllərdir. Eyni zamanda, beynəlxalq humanitar hüquqda ciddi pozuntu hesab edilməmiş əməllər də müharibə cinayətləri kimi göstərilmişdir . Məsələn, uşaqların silahlı qüvvələrə cəlb edilməsi, işğalçı dövlətin işğal etdiyi ərazilərdə öz vətəndaşlarını yerləşdirməsi, işğal edilmiş ərazidə yaşayan əhalinin həmin ərazidən deportasiya edilməsi beynəlxalq hüquqi sənədlərdə müharibə cinayətləri kimi göstərilmişdir.
Müharibə cinayətlərinin ictimai təhlükəliliyi hərbi münaqişələrdə və hərbi əməliyyatlarda iştirak etməsi müqabilində maddi mükafat əldə etməyi özünə peşə seçən qeyri-müəyyən sayda insanların meydana çıxması həmin şəxslərin iştirakı nəticəsində nəinki münaqişədə olan tərəflərin hərbi qüvvələrindən, o cümlədən dinc əhalidən xeyli adamın məhv edilməsi ilə xarakterizə olunur.
Hərbi əməliyyatlar münaqişə tərəflərinin silahlı qüvvələri arasında aparıldığından beynəlxalq hüquq normalarına müvafiq olaraq mülki şəxslər heç bir zorakılığa məruz qalmamalıdır. Mülki əhaliyə qarşı edilən zorakılıq əməlləri qələbə çalmaq üçün məqbul metod sayıla bilməz. Mülki əhali döyüşlərdə iştirak etməyə cəlb edilməməli, bütün hallarda ona hörmət göstərilməlidir. Mülki əhalinin təhlükəsizliyi və ya əsaslı hərbi mülahizələr tələb etdikdə, işğalçı dövlət müəyyən ərazidən tamamilə və ya qismən təxliyəni həyata keçirə bilər. Belə təxliyələr zamanı himayədə olan şəxslər yalnız işğal edilmiş ərazinin içərilərinə köçürülə bilər. Lakin bu, əməli cəhətdən mümkün olmadığı halda istisna təşkil edir. Bu qaydada təxliyə edilmiş şəxslər həmin ərazidə döyüş əməliyyatları başa çatan kimi öz yerlərinə qaytarılmalıdır. Hesab edirik ki, göstərilən bu əməllər tarixin bir neçə böyük hadisələrində öz praktiki ifadəsini tapmış və beynəlxalq birlik tərəfindən mənfi qarşılanmışdır. Belə olan halda sual meydana çıxır, əgər beynəlxalq humanitar hüquq normaları ilə qadağan olunan bu əməllər praktiki olaraq törədilirsə və cinayətkarlar cəzasız qalırsa qadağaların faydası və beynəlxalq hüququn bu normalarının təbliği, ali təhsil ocaqlarında tədrisi kim üçündür? Praktiki baxımdan özünü doğrultmayan bir şeyə ictimaiyyəti inandırmaq nəyə gərəkdir? Müxtəlif dövürlərdə baş verən müharibələrə nəzər salsaq heç birində müharibənin qayda-qanunlara uyğun aparılmadığının şahidi olarıq. Bəs bu qayda-qanunlar kimlər üçündür? Axı, təkcə Ermənistan ordusunun Azərbaycan əhalisinə qarşı həyata keçirdiyi soyqırımı, deportasiya və müharibə cinayətləri kimi törətdikləri digər əməllər cəzasız qalmamışdır. Serblər tərəfindən Bosniya müsəlmanlarına qarşı baş vermiş cinayət hadisələrinin çoxu araşdırılmamış və cinayətkarlar məsuliyyətə cəlb olunmamışdır. Bu ədalətsizliyi müşahidə edən bosniyalılar öz inamsızlıqlarını dinc formada “Sarayevo lətifəsi” adı altında beynəlxalq ictimaiyyətə çatdırmağa çalışdılar. 1994-cü ildə yaranmış Sarayevo lətifəsi aşağıdakı fikirlərə görə məşhurdur:
“Kimsə bir insanı öldürəndə, onu həbsxanaya salırlar. İyirmi nəfəri öldürən adama əqli cəhətdən xəstə damğası qoyurlar. 200 min nəfəri öldürən adamı isə Cenevrəyə sülh danışıqları aparmağa dəvət edirlər”.
Bosniyalıların narazılığı və inamsızlığının səbəbi məlumdur, o da məlumdur ki, heç olmasa Yuqoslaviyada baş verən hadisələri araşdırmaq üçün beynəlxalq birlik birgə səy göstərərək Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalını yaratdılar. Tam olmasa da münaqişə zamanı baş vermiş müharibə cinayətləri, soyqırımı və insanlıq əleyhinə cinayətlər araşdırıldı müəyyən qədər cinayətkarlar məsuliyyətə cəlb olundu. Təəssüf ki, 20 ildən artıqdı davam edən Ermənistan Azərbaycan müharibəsində baş vermiş cinayət əməlləri arasşdırılmamış, bir nəfər erməni terrorçusu və cinayətkarı beynəlxalq tribunal qarşısına çıxarılmamıdır. Hansı ki, yuxarıda qeyd etdiyimiz kimi onlar törətdikləri əməlləri açıq aydın etiraf edirlər, bunu sübut edən foto və video görüntülər mövcuddur. Burada hər hansı formada cinayətkar axtarmaq lazım deyil. Bundan başqa, Azərbaycanın işğal olunmuş ərazilərində mülki əhaliyə məxsus mülkiyyətin dağıdılması, talan edilməsi ilə bağlı vətəndaşlar tərəfindən İnsan hüquqları üzrə Avropa məhkəməsinə müraciət olunmuşdur. Nəticə olaraq , 2015-ci il iyunun 16-da İnsan hüquqları üzrə Avropa Məhkəməsinin Böyük Palatası “Çıraqov və başqaları Ermənistana qarşı” şikayət ərizəsi üzrə qərar çıxardı. 10 illik mübarizədən sonra Məhkəmə gözlənilən qərarı verdi. İlk dəfədir ki, Avropa Məhkəməsi rəsmi qərarı ilə Azərbaycanın ərazisinin, Laçının işğalı faktını tanımış və oradan zorla qovulmuş sakinlərin Avropa İnsan Haqları Konvensiyasının müxtəlif maddələri, xüsusilə mülkiyyətin və şəxsi həyatın toxunulmazlığı üzrə hüquqlarının pozulduğunu qeyd edib. Bu qərarın çox böyük hüquqi və siyasi əhəmiyyəti var. Belə ki, Məhkəmə bu qərarla Azərbaycanın ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalını rəsmən təsdiqləmiş oldu. Şübhəsiz ki, bu qərar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin siyasi həllində Azərbaycanın mövqeyini daha da möhkəmləndirəcək.
Allahverdiyev Əlövsət Vilayət oğlu
Silahlı Qüvvələrin Hərbi Akademiyasının baş müəllimi
hüquq üzrə fəlsəfə doktoru
e_mail: [email protected]