Azərbaycan mediası qarşısında duran əsas vəzifələrdən biri, bəlkə də birincisi Qarabağ həqiqətlərimizin tirajlanması və oxucu, dinləyici, tamaşaçı auditoriyasına çatdırılmasıdır. Bizim media bu mühüm missiyanın öhdəsindən necə gəlir? Bu kiçik yazıda bu böyük sualı cavablandırmaq mümkün deyil.
Bu yazıda bu sualı cavablandırmaq üçün gərəkli ola biləcək informasiyalardan bəziləri çeşidlənib….
2016-cı ildə “Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə “İnternet media resurslarında Qarabağ mövzusunun stimullaşdırılması” layihəsi çərçivəsində Qarabağ mövzusunda internet resurslarda yazılan yazıların monitorinqini həyata keçirmişdi.
İctimai Birlik ziyarətçisi çox olan və üstəlik mövzuya həssaslıq nümayiş etdirən 4 müstəqil media orqanında 3 ay ərzində 33268 materialı emal etmişdi.
Məlum olmuşdu ki, 4 sayt Qarabağ mövzusunda 1202 material dərc edib. Bu da emal olunan materialların 3,6 faizini təşkil edirdi.
Qeyd edim ki, bu göstəricilər 2016-cı ilin aprel döyüşlərindən bir neçə ay sonra aparılan monitorinq nəticəsində ortaya çıxıb.
Elə həmin təşkilat 2018-ci ildə də, həmçinin Dövlət Dəstəyi Şurasının yardımı ilə “İnternet media resurslarında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin sistemli şəkildə yayılmasına dəstək” adlı layihə gerçəkləşdirib.
4 aylıq monitorinq zamanı 41 830 material nəzərdən keçirilib. 1489 materialın Dağlıq Qarabağ münaqişəsi barədə olduğu aydınlaşdırılıb. Beləliklə, 2016-cı il. 3 ay. 33 268 material. Və 1202 Qarabağ yazısı.
2018-ci il. 4 ay. 41 830 material. Qarabağ barədə 1 489 yazı.
Təkcə bu rəqəmlər prosesin stimullaşdırlmasının vacibliyinı ön plana çıxarır.
Əlbəttə, bu sahədə də xeyli iş görülüb.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən keçirilən jurnalist müsabiqələrini qeyd etməmək mümkün deyil.
Mən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının keçirdiyi jurnalist müsabiqələrindən biri haqqında danışmaq istəyirəm…
Assosiasiya 2013-cü ildə etibarən genişmiqyaslı “Sərsəng harayi” layihəsini həyata keçirməyə başladı. Söhbət Ermənistanın işğalı altında qalmış Sərsəng su anbarının ölkəmizin bir sıra cəbhəyanı rayonları üçün yaratdığı təhlükə barədə informasiyaları ictimailəşdirməkdən gedirdi.
Bu sahədə böyük uğurlar qazanıldı.
AŞPA 2016-cı ilin yanvar sessiyası zamanı 2085 (2016) saylı “Azərbaycanın cəbhəyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” qətnaməsi qəbul etdi.
Elə həmin ildə AVCİYA prezidenti Elxan Süleymanovun imzası ilə Ağ Evin “Biz Xalqıq” platformasında “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” petisiyası ilə ABŞ Prezidenti Administrasiyasına müraciət edildi. Və AVCİYA-nın apardığı genişmiqyaslı kampaniya 331,914 imzanın toplanması ilə nəticələndi.
Haqqında danışacağım jurnalist müsabiqəsi də elə bu petisiya layihəsi ilə bağlı idi.
“Qəzet, jurnal və elektron saytlarda çap olunmuş məqalələr , müsahibələr” və “Televiziya və radioda getmiş veriliş, süjet və ya reportaj” nominasiyalarında keçirilən müsabiqəyə 6 aprel 2016-cı ildən 31 may 2016-cı il tarixədək dərc olunmuş, nümayiş etdirilmiş və ya səsləndirilmiş məqalə, müsahibə, süjet, reportajlar təqdim olunmuşdu.
Leyla Məhərrəmova Azadindorm.az saytında dərc edilmiş “Ağ evə ünvanlanan petisiya nə vəd edir?” yazısına görə I yerə, Elşad Məmmədli “Yeni Müsavat” qəzetindəki sislilə yazılarına görə II yerə, III yerə 2 nəfər, “Publika.az saytında dərc edilmiş “Qarabağla bağlı petisiyanın nail olduğu hədəflər- TƏHLİL” yazısına görə Asif Nərimanlı, Vətəninfo.az saytında dərc edilmiş “Siyasi fəaliyyətlərin ümidsiz olduğu nöqtədə başlayır müharibə” yazısına görə Rəsmiyyə Rzalı-Qarayeva layiq görülmüşdü.
Ələsgər Vəliyev İTV-nin “Həftənin yekunu” proqramında yayımlanmış süjetinə görə I yeri tutmuşdu. Ülviyyə Zülfüqar “ATV xəbər” və “Həftə sonu” proqramlarında yayımlanmış süjetlərinə görə II yerə layiq görülmüşdü. III yeri Lider kanalından Günel Səfərli və Region TV-dən Leyla Abbasova bölüşmüşdülər.
Bundan başqa, “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiya layihəsi ilə bağlı media mənsubları üçün keçirilmiş müsabiqədə iştirakına görə Əli Zülfüqaroğlu (“Baymedia” İnformasiya Agentliyi), Fuad Hüseynzadə (“Palitra” qəzeti), Bəturə Nəbiyeva (SPACE), Fəridə Aşralova (CBC) xüsusi diploma layiq görülmüşdülər.
AVCİYA-nın fəaliyyətinin işıqlandırılmasında əvəzsiz yardımına görə APA-ya xüsusi diplom verilmişdi.
Müsabiqənin qalibi Leyla Məhərrəmovanın yazısındakı bir cümlə yaddaşımda qalıb: “Uğurlu son o zaman gəlir ki, Xeyir Şər üzərində qələbə çalsın.”
Bu doğrudan da belədir. Sadəcə, Xeyrin Şəri üstələməsi üçün çox işləmək lazımdır. Özü də səyləri birləşdirməklə. ..
Bu qeydləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyul 2010-cu ildə, Mətbuat Şurasının yeni binasının açılış mərasimində etdiyi çıxışdan iqtibasla yekunlaşdırmaq istəyirəm: «Ümumiyyətlə, mən məmnunluq hissi ilə deyə bilərəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan mediasında birmənalı mövqe vardır. Bu, çox vacibdir. Bu, milli məsələdir, ümummilli məsələdir. Bu məsələdə siyasi maraqlar kənara qoyulmalıdır. Bu məsələdə iqtidar-müxalifət münasibətləri, ümumiyyətlə, olmamalıdır. Bu məsələ ilə bağlı heç kim spekulyasiya etməməlidir. Bu, bizim ümummilli məsələmizdir, əsas məsələmizdir, əsas problemimizdir. Bütün Azərbaycan xalqı birləşərək bu məsələni həll edə bilər. Ona görə bu məsələ ilə bağlı həm ölkə daxilində, həm də xüsusilə sizin beynəlxalq media nümayəndələri ilə əlaqələrinizdə biz daha da fəal iş aparmalıyıq. Biz özümüz özümüzü inandırmamalıyıq, biz onsuz da bilirik, nələr baş veribdir. Sadəcə olaraq, bu mövzu daim gündəlikdə olmalıdır. Mən Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşümdə bu barədə öz fikirlərimi söylədim ki, biz heç vaxt sakitləşməyəcəyik. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməyənə qədər biz daim Ermənistana qarşı bütün istiqamətlərdə, bütün yollarla, bütün formalarda hücum siyasətini aparmalıyıq.
Ona görə ölkə daxilində, sadəcə olaraq, bu mövzu daim işıqlandırılmalıdır. O ki qaldı xarici mətbuatla bağlı məsələlərdə, biz çalışmalıyıq ki, öz mövqeyimizi daha da dolğun şəkildə və daha da ağıllı şəkildə çatdıraq. Xüsusilə nəzərə alsaq ki, həqiqət bizim tərəfimizdədir – faktlar, materiallar, Xocalı soyqırımı, Azərbaycan torpaqlarının işğalı, azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin aparılması. Bu siyasəti törədənlər hərbi cinayətkarlardır. Vaxt gələcək onlar bu cinayətlərə görə beynəlxalq məhkəmə qarşısında cavab verəcəklər…”
Fuad Babayev,
1905.az portalının direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist