Avropa Şurası Parlament Assambleyasında tamhüquqlu üzv kimi iştirak edən Azərbaycan nümayəndə heyəti Ermənistanın işğalçı siyasətini ifşa etmək, Azərbaycanlılara qarşı ermənilərin həyata keçirdiyi terror və soyqırım cinayətlərini, Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi faktlarını Avropa ictimaiyyətinə çatdırmaq, bu cinayətkar dövlətin Avropa Şurası tərəfi ndən təcavüzkar kimi tanıtdırmağı, təcavüzə tezliklə son qoyulması məqsədilə ona qarşı beynəlxalq sanksiyaların tətbiq edilməsinə nail olmağı özünün başlıca vəzifəsi kimi müəyyənləşdirmişdir.
Bu məqsədlə, Azərbaycan nümayəndə heyəti AŞ PA-da qısa müddət ərzində Ermənistanın Azərbaycana təcavüzünün müxtəlif aspektləri ilə bağlı onlarla sənəd hazırlanmış və onlar şuranın rəsmi sənədləri kimi yayılmışdır. Bundan əlavə AŞ PA-da “Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı haqqında”, “Dağlıq Qarabağda, zəbt olunmuş ərazilərdə mədəniyyət abidələrinin məhv edilməsi haqqında”, “Ermənistanda və Dağlıq Qarabağda olan hərbi əsirlər və girovlar haqqında”, “Qaçqın və məcburi köçkün uşaqların təhsili haqqında”, “Azərbaycanda məcburi köçkünlərin vəziyyəti haqqında” və s. sənədlər qəbul edilmişdir. Bu proses sonrakı mərhələlərdə də davam etdirilmiş və Azərbaycan nümayəndə heyəti Avropa Şurasının Nazirlər Komitəsində üzv ölkələrin ərazi bütövlüyü məsələsinin müzakirəsinə nail olmuşdur. Avropa Şurasının üzvü olan dövlətlərin hamısı müzakirələrin nəticəsində hazırlanmış sənədə imza atsa da, Ermənistan həmin sənədi imzalamaqdan imtina etmiş və bununla da özünü beynəlxalq ictimaiyyətin gözü qarşısında ifşa etmiş oldu.
Avropa Şurası Parlament Assambleyasının 2001-ci il payız sessiyasında sentyabrın 24-də qəbul edilmiş qərarda Dağlıq Qarabağ probleminin yalnız Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmaqla həll olunmasının zəruriliyi vurğulanmışdır. Bundan əlavə, Azərbaycan nümayəndə heyəti tərəfi ndən Nazirlər Komitəsinə ünvanlanmış “Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfi ndən tanınması” sorğusu 43 ölkənin nümayəndələrinin iştirakı ilə müzakirəyə çıxarılmış və Ermənistan ona dəstək verən bəzi qüvvələrin qərarın qəbul olunmasına maneçilik törətməsinə baxmayaraq, Nazirlər Komitəsi tərəfi ndən qəbul edilmiş 7 bənddən ibarət qərarda göstərilmişdir ki, Nazirlər bütün Avropada beynəlxalq ictimaiyyət tərəfi ndən tanınmış sərhədlərə, suverenliyə və dövlətlərin ərazi bütövlüyünə, eləcə də Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində, ATƏM-in Helsinki Yekun Aktında və digər müvafi q mətnlərdə əks olunmuş beynəlxalq hüquq prinsiplərinə hörmət edilməsinə dəstəklərini bir daha təsdiq edirlər.
Qərarda xalqların öz müqəddəratını təyin etmək hüququndan bəhs olunaraq vurğulanırdı ki, nəticə etibarı ilə bu hüquq yalnız sülh danışıqları əsasında həyata keçirilə bilər, torpaq əldə etmək məqsədilə gücdən istifadə qəbuledilməzdir və ondan irəli gələn heç bir nəticə qanuni tanına bilməz. Bundan əlavə, AŞ PA-da azərbaycanlı məcburi köçkün və qaçqınların acınacaqlı vəziyyəti, işğal olunmuş ərazilərdə mədəniyyət abidələrinin məhv edilməsi, ali və orta təhsil müəssisələrinin tamamilə dağıdılması, minlərlə azərbaycanlı uşağın təhsil hüququndan məhrum edilməsi və s. haqqında da müxtəlif sənədlər hazırlanmış və yayılmışdır.
Azərbaycanın nümayəndə heyəti davamlı olaraq Ermənistan dövlətinin terrorçuluq siyasətini Avropa Şurası Parlament Assambleyasının sessiyalarında Avropa parlamentarilərinin nəzərinə çatdırmışdır. Bundan əlavə, nümayəndə heyəti vurğulamışdır ki, bu siyasət yalnız Azərbaycana və ya bütün regiona deyil, qlobal sülh üçün təhlükədir. Müzakirələr zamanı qətiyyətlə qeyd edilmişdir ki, Azərbaycan ərazilərinin işğalı ilə yanaşı, Ermənistan Azərbaycan xalqına qarşı 32 terror aktı törətmişdir. Bu terror aktları nəticəsində iki min nəfərdən çox adam öldürülmüşdür. Eləcə də əlavə edilmişdir ki, Ermənistan Respublikası erməni terror təşkilatları, eləcə də “ASALA” ilə sıx əməkdaşlıq edir. Bundan əlavə, qeyd olunmuşdur ki, Ermənistan tərəfi ndən işğal edilmiş Azərbaycan ərazilərində terrorçulara təlimlər keçirilməsi üçün hərbi düşərgələrin salınması məqsədilə münasib şəraitin yaradılması, insan alveri, silah qaçaqmalçılığı və çirkli pulların yuyulması daxil olmaqla, narkotik maddələrin yetişdirilməsi və daşınması sübut edilmiş faktlardır.
Azərbaycan tərəfinin davamlı səyləri nəticəsində Avropa Şurasının Parlament Assambleyası 25 yanvar 2005-ci il tarixdə Birləşmiş Krallıqdan olan deputat David Atkinsonun hazırladığı məruzə
əsasında “ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə” adlı 1416 nömrəli Qətnamə qəbul etmişdir. Qətnamədə AŞ PA Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasından təssüfl əndiyini bildirərək, yüz minlərlə insanın hələ də köçkün olmasını və acınacaqlı şəraitdə yaşaması nı, Azərbaycan ərazisinin əhəmiyyətli hissələrinin hələ də erməni qüvvələri tərəfi ndən işğal edilməsini və separatçı qüvvələrin hələ də
Dağlıq Qarabağ bölgəsinə nəzarət etməsini bildirmişdir. Assambleya hərbi əməliyyatların və bundan əvvəl başlamış kütləvi etnik düşmənçiliyin qorxunc etnik təmizləmə anlayışını xatırladan genişmiqyaslı etnik qovulmaya və mono-etnik ərazilərin yaranmasına gətirib çıxarması ilə bağlı öz narahatlığını ifadə edərək bir daha təsdiq etmişdir ki, bir dövlətin ərazisindən regional ərazinin ayrılması və müstəqilliyi etnik təmizlə mələrə və bu cür ərazinin digər dövlətə de-fakto birləşdirilməsinə gətirib çıxaran silahlı münaqişə yolu ilə deyil, yalnız bu ərazinin əhalisinin demokratik dəstəyinə əsaslanan qanuni və dinc proses vasitəsilə əldə oluna bilər. Assambleya üzv dövlət tərəfi ndən xarici ərazinin işğalının həmin dövlətin Avropa Şurasının üzvü kimi öz üzərinə götürdüyü öhdəliklərin ciddi şəkildə pozulması demək olduğunu xatırlatmış və münaqişə ərazisindən köçkün düşmüş şəxslərin öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtması hüququnu bir daha təsdiq etmişdir.
Assambleya həmçinin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 822(1993), 853(1993), 874(1993) və 884(1993) saylı Qətnamələrini xatırlatmış və tərəfl ərin silahlı əməliyyatlardan çəkinməklə və istənilən işğal olunmuş ərazilərdən silahlı qüvvələri çıxarmaqla onlara riayət etməsini tələb edərək, AŞ PA Bürosundan ATƏT-in Minsk konfransı ölkələrinin milli nümayəndə heyətlərinin başçılarının da daxil olduğu alt komitə yaratmağı xahiş etmişdir.
Ümumiyyətlə, Avropa Şurasının rəsmi sənədlərində Azərbaycan ərazilərinin Ermənistan hərbi birləşmələri tərəfi ndən işğal olunması faktı dəfələrlə qeyd edilmişdir. Bu prosesin davamı kimi 2006-cı il yanvar ayının 9-da AŞ PA-nın Dağlıq Qarabağ problemi üzrə alt komitəsinin Strasburqda keçirilən növbəti iclasında mərhum lord Rassel Constonun hazırladığı hesabatda Azərbaycan ərazilərinin işğalı, Dağlıq Qarabağdakı rejimin separatçı olması, bir milyon azərbaycanlının yurdundan didərgin düşməsi və s. faktların öz əksini tapması yuxarıda qeyd edilənlərə sübutdur. Bununla da bu mötəbər qurum növbəti dəfə bəyan etdi ki, Ermənistanın Azərbaycan təcavüzünün aradan qaldırılması ilə bağlı Avropa Şurasının və rəsmi Bakının mövqeləri üst-üstə düşür.
Bununla belə, Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsinə əsasən yaradılmış Dağlıq Qarabağ problem üzrə alt komitə Ermənistan nümayəndə heyətinin qeyri-konstruktiv mövqeyinə görə əslində fəaliyyətini dayandırdı. Ermənistanın Azərbaycana təcavüzünün sülh yolu ilə aradan qaldırırlmasında irəliləyişin olmaması, onun təkcə regiona deyil, qlobal sülhə təhlükə yaratması və Avropa Şurasında insan haqlarının kütləvi pozulmasını aradan qaldırmaq üçün alt komitənin işinin bərpasına cəhd edilməməsi təəssüf ki, Avropa Şurasında ikili standartlar və laqeydliyə işarədir.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, Avropa Şurası digər beynəlxalq təşkilatlar kimi Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı müxtəlif qərarlar və qətnamələr qəbul etməklə öz missiyasını, demək olar ki, bitmiş hesab etmiş, təcavüzkar Ermənistan Respublikasına qarşı öz arsenalında olan sanksiyaları tətbiq etməkdən yan keçmişdir. Bu isə Azərbaycan cəmiyyətində Avropa Şurasının nüfuzuna mənfi təsir göstərmiş və ona olan inamın azalmasına səbəb olmuşdur.
Məqalə Elxan Süleymanovun “Azərbaycan 10 il Avropa Şurasında” (Bakı, Xəzər, 2011) kitabının materialları əsasında hazırlanıb