1990-1992-ci illərdə – Azərbaycanın Dağlıq Qarabağ bölgəsi (1991-ci ilədək Azərbaycanın inzibati ərazi bölgüsünə əsasən – Şuşa, Xocavənd, Əsgəran, Hadrut, Ağdərə rayonları və Xankəndi şəhəri ümumi ərazisi – 4,4 min km²) Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi.
Bununla yanaşı, bu dövrdə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Qazax rayonunun 7 kəndi (Bağanıs-Ayrım, Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrımlı, Qızıl Hacılı, Sofulu, Barxudarlı) Ermənistan silahlı qüvvələri tərəfindən yandırılmış, talan edilmiş və dağıdılmışdır. İşğal olunmuş ərazilərdən 6.500 nəfər məcburən köçkün düşmüşdür. Hazırda 699 kv.km ərazisi olan Qazax rayonunun 75 yaşayış məntəqəsinin təxminən 8%-i işğal olunmuşdur.
Bundan əlavə, bu dövrdə ərazisi 5.368 kv.km olan Naxçıvan Muxtar Respublikasının 221 yaşayış məntəqəsindən 1-i, Sədərək rayonunun ərazisinin bir hissəsi (0,5%) Kərki kəndi zəbt olunmuşdur (1990-cı il, yanvarın 19-da). İşğal olunmuş ərazilərdən məcburən köçkün düşmüş insanların sayı 347 nəfər olmuşdur.
1988-1993-cü illərin yekunu – Mono-etnik dövlət yaratmağa nail olan Ermənistan sılahlı qüvvələri ona himayədarlıq edən dövlətlərin köməyindən istifadə edərək, Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənarda yerləşən və onun ərazisindən 4 dəfə böyük olan Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələrini işğal etdilər. Bütün bu ərazilər ermənilər tərəfindən etnik təmizləməyə məruz qalmışdır. Bu dövrdə Ermənistanın hərbi təcavüzü nəticəsində 1 milyondan çox insan (ümumi əhalinin 15 %-i) qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, Azərbaycanın 20 %-dən çox ərazisi işğal edilmişdir.
Ağdam rayonu. Ərazisi – 1150 km² (846, 7 km² , yəni, ümumi ərazinin 77, 4 %-i işğal altındadır). İşğal olunmuş şəhər, qəsəbə və kəndlərin sayı – 1 şəhər, 80 kənd. Hazırda Quzanlı qəsəbəsi və 10 kənd – 247 km² , yəni, ümumi ərazinin 22,6 %-i isə Azərbaycanın nəzarətindədir və həmin ərazilərdə 90 mindən çox əhali (37 min yerli, 53 min məcburi köçkün) məskunlaşmışdır. Füzuli rayonu. Ərazisi – 1390 km² (1112 km² işğal altındadır). İşğal olunmuş şəhər, qəsəbə və kəndləri – 1 şəhər, 1 qəsəbə, 58 kənd. 1994-cü ildə Horadiz qəsəbəsi və 22 kənd – 600 km² ərazi işğaldn azad edilmiş və Azərbaycanın nəzarətindədir. Yeni salınmış 12 qəsəbə və 21 kənddə 114 452 əhali (64545 yerli, 50 minə qədər məcburi köçkün) məskunlaşmışdır.
Tərtər rayonu. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 nömrəli Qərarı ilə Azərbaycan Respublikasının Ağdərə rayonu ləğv edilmişdir. Bu Qərara əsasən, ləğv edilmiş Ağdərə rayonunun tərkibinə daxil olan Ağdərə şəhəri və rayonun 13 kəndi (Umudlu, Zəylik, Metsşen, Möhrətağ, Ağabəyələnc, Mağavuz, Akop Kamari, Minqrelsk, Nerkin Oratağ, Qasapet, Canyataq, Dəmirli, Gülyataq) və onlara məxsus torpaq sahələri Tərtər rayonunun inzibati tərkibinə verilmiş və hazırda işğal altındadır.
Xocavənd rayonu.Hazırda Dağlıq Qarabağ bölgəsinin yalnız Xocavənd rayonunun Nərgiztəpə adlanan hissəsi (114 min m²) Azərbaycanın nəzarətindədir.
Bütün dövrlərdə olduğu kimi ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti də kütləvi qırğınlarla müşayiət olunmuşdur. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 000 nəfər azərbaycanlı həlak olmuş, 100 min nəfərdən çoxu yaralanmış, 50 min nəfəri isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. Münaqişə dövründə 4853 nəfər itkin düşmüş, onlardan 1357 nəfəri əsirlikdən azad edilmiş, 783 nəfəri isə hələ də Ermənistanda əsirlikdədir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə 439 nəfər əsirlikdə ölmüşdür.
Elçin Əhmədov
Strategiya.az