Vətən müharibəsi zamanı Ermənistanın Azərbaycanın yaşayış məntəqələrini növbəti dəfə raket hücumuna məruz qoymasından 4 il ötür. Müharibənin doqquzuncu günü – 2020-ci il oktyabrın 5-də erməni hərbçiləri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq mülki əhalisinin sıx yaşadığı məntəqələrə zərbələr endirib. AZƏRTAC xatırladır ki, həmin gün səhər saatlarından etibarən düşmənin silahlı qüvvələri Goranboy, Göygöl, Beyləqan, Bərdə, Tərtər, Zərdab rayonlarının və Gəncə şəhərinin ərazisində əhalinin sıx yaşadığı məntəqələri atəşə tutub.
Bərdə şəhərinin mərkəzi küçələrinə və mərkəzi xəstəxananın yaxınlığına düşmüş raket mərmisinin partlaması nəticəsində 2 nəfər həlak olub, 6 nəfər yaralanıb, mülki infrastruktura külli miqdarda ziyan dəyib. Ümumilikdə isə Bərdə rayonunda törədilən terror aktları nəticəsində 28 nəfər həlak olub, 108 nəfər xəsarət alıb.
Həmin gün səhər saatlarında Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinin radiolokasiya sistemlərinin texniki vasitələri Ermənistanın Cermuk, Qafan və Berd rayonları ərazisindəki start mövqelərindən Azərbaycan ərazisinə atılan raket buraxılışını qeydə alıb.
Oktyabrın 5-də Gəncə şəhərinə atılmış raketlərin Gəncə beynəlxalq xəstəxanasının, 34 saylı orta məktəbin, Şah İsmayıl Xətai küçəsində yerləşən mebel fabrikinin yaxınlığına, “Yevlax avtovağzalı” kimi adlandırılan əraziyə və Mərkəzi bazara atılması nəticəsində 3 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, mülki infrastruktura külli miqdarda ziyan dəyib.
Eyni zamanda, Beyləqan şəhərinə atılmış iki raket mərmisindən biri uşaq bağçasının həyətinə, digəri isə şəhər ərazisindəki boş sahəyə düşüb.
Ermənistan silahlı qüvvələrinin atdığı mərmi Ağdam rayonunun Alıbəyli kəndində vətəndaşa məxsus həyətyanı təsərrüfat sahəsində yanğına səbəb olub.
Bərdə şəhərində mərminin düşməsi nəticəsində vətəndaşa məxsus ev və həyətyanı sahədəki köməkçi tikili yanıb.
Həmin gün Ağcabədi rayonunun Sarıcalı kəndində vətəndaşa məxsus fərdi ev yanıb, təsərrüfat sahəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub.