Bu gün Vətən müharibəsi dövründə Bərdə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından üç il ötür. 2020-ci il oktyabrın 28-də Bərdə şəhərinə Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan istifadə edilməklə raket zərbələri endirilib. Nəticədə aralarında uşaq və qadınlar da olmaqla, 20 dinc sakin həlak olub, 82 mülki şəxs yaralanıb. Şəhərdə yerləşən evlərə, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
AZƏRTAC-ın bölgə müxbiri terror qurbanlarının bir neçəsinin evində olub, ailə üzvlərini dinləyib.
Bərdə terroru zamanı həlak olan Məhərrəm Mustafayevin anası Seyran xanım üç il əvvəlki dəhşətli günü xatırlayaraq deyib: “Adi günlərimizdən birini yaşayırdıq. Günorta idi, nahar etməyə hazırlaşırdıq. Partlayış səsləri eşidildi. Uşaqlar küçəyə qaçdılar, gördülər ki, Məhərrəm çörək alıb avtomobilinə minən zaman şəhid olub. Avtomobili yanmışdı. Uşaqları gedib gözləri ilə gördülər. Ermənilər bu vəhşilikləri ilə övladını itirən anaların, valideynini itirən övladların ürəyinə sağalmaz yara vurdular…”.
Məhərrəmin oğlu Elşən Bərdə terrorunun dəhşətlərini öz gözləri ilə görüb. Onun üçün ən dəhşətlisi isə həlak olanların içərisində atasını da görmək olub. “Həmin gün evdə idik. Atam zəng etdi ki, evə gəlir, nə almaq lazımdır. Dedik yalnız çörək alsın. Aradan 10 dəqiqə keçmiş gurultu səsləri gəldi. Çölə çıxdıq. Raketin biri bizim evin qarşısına düşmüşdü. 15-20 saniyə sonra ikinci partlayış oldu. Həmin yerə getdikdə dəhşətli mənzərənin şahidi oldum. Dağıntılar, yanan maşınlar, ölənlər, yaralananlar… Maşınımızı görüb yaxınlaşdım. Maşın yanmışdı, atam həlak olmuşdu…”.
Bərdə terroru zamanı kimisi qohumunu, kimisi qonşusunu, kimisi isə doğmalarını, ailə üzvlərini itirdi. Növbəti həmsöhbətimiz Tahir Kazımov üç ildir ki, terror qurbanı olan oğlu Dəyanətin acısını yaşayır: “Günorta idi. Nahar edib çay içirdik. Birdən partlayış səsləri eşidildi. Dəyanət həmin vaxt küçədə idi. Partlayışdan sonra özünü evə çatdırdı. Bu vaxt kasetli bombalardan biri də həyətimizə düşdü. Qəlpə Dəyanətin ürəyinə girmişdi. Xəstəxanaya çatanda artıq dünyasını dəyişmişdi. Yoldaşım və Dəyanətin körpə övladı da çoxsaylı qəlpə yarası almışdılar. Ailəmiz çox sarsıldı. Təsəllimiz odur ki, Ordumuz Dəyanətin və qətlə yetirilmiş digər günahsız insanların qisasını alıb, torpaqlarımız işğaldan azad edilib”.
Tahir kişi indi Dəyanətin yadigar qalmış iki körpə övladını layiqli vətəndaş kimi böyütmək üçün çalışır. Tahir Kazımovun, Seyran Mustafayevanın acısı təkcə Bərdənin deyil, bütün xalqımızın acısıdır. İndi həm Bərdə sakinlərinin, həm də erməni vəhşiliklərinin acılarını yaşayan hər bir azərbaycanlının ən böyük təsəllisi axıdılan günahsız qanların yerdə qalmaması, Azərbaycan Ordusunun erməni faşizminə son qoymasıdır.
Qeyd edək ki, Bərdə şəhəri oktyabrın 5-i, 8-i, 27-si, 28-i və noyabrın 7-də Ermənistan silahlı qüvvələrinin raket hücumlarına məruz qalıb. Bərdə şəhərində törədilən terror aktları nəticəsində ümumilikdə 28 nəfər həlak olub, 108 nəfər yaralanıb.