Nürnberq məhkəməsinin tarixi qərarları bugünkü neonasistləri də ittiham edir
70 il öncə, 1946-cı ildə Nürnberq tribunalı sağ qalmış alman nasist cinayətkarlarına hökm qərarını elan etmişdir. Məhkəmə prosesi 20 noyabr 1945-ci ildə Almaniyanın kiçik bir şəhəri Nürnberqdə başlamışdır. Bu şəhər təsadüfən seçilməmişdir. Şəhər uzun zaman faşizmin istehkamı olmuş, milli-sosialist partiyasının qurultayının və onun hücumçu dəstələrinin paradının qeyri-ixtiyarı şahidinə çevrilmişdi.
SSRİ, ABŞ, Böyük Britaniya və Fransa – aparıcı müttəfiq dövlətlərin hakimiyyətləri və digər 19 ölkə 8 avqust 1945-ci il tarixli London sazişi əsasında yaradılmış Beynəlxalq hərbi tribunal Nürnberq prosesini həyata keçirirdi. SSRİ, ABŞ və Böyük Britaniya rəhbərlərinin imza atdıqları “Hitlerçilərin törədikləri vəhşiliyə görə məsul olmaları barədə” 30 oktyabr 1943-cü il tarixli Moskva Bəyannaməsinin müddəaları sazişin əsasını təşkil edirdi. Beynəlxalq hərbi tribunalın təşkili və yurisdiksiyası onun 1945-ci il London sazişinin ayrılmaz hissəsi olan nizamnaməsi ilə müəyyən edilmişdi. Nizamnaməyə görə fərdi və ya təşkilatın üzvü qismində hərəkət edərək dünyaya qarşı cinayət, hərbi və insanlığa qarşı cinayətlər törədən şəxsləri tribunal mühakimə etmə və cəzalandırma hüququna malik idi. Məhkəmə heyətinin hakimlər sırasına – dörd təsisçi dövlətin nümayəndələri və baş ittihamçılar daxil olmuşdu. Baş ittihamçılar komitəsinə SSRİ tərəfindən R.A.Rudenko təyin edilmişdi. Bu prosesdə Azərbaycanda ərəbşünaslıq məktəbinin əsasını qoymuş Ələsgər Məmmədov SSRİ Xarici İşlər Nazirliyinin xətti ilə 1945-ci ilin dekabr ayından 1946-cı ilin fevral ayınadək Nürnberq Beynəlxalq Hərbi Tribunalında alman dili tərcüməçisi kimi iştirak etmişdir.
Proses tribunalda təmsil edilmiş dövlətlərin prosessual qaydalarına uyğunluğu üzərində qurulmuşdu. Qərar səs çoxluğu ilə qəbul edilirdi. Bir ilə yaxın iclası gedən beynəlxalq hərbi tribunal nəhəng iş aparmışdır. Prosesin gedişatında 403 açıq məhkəmə iclası keçirilmiş, 116 şahid dindirilmiş, 300 mindən çox yazılı ifadəyə və 3 minə yaxın sənədə, o cümlədən foto və kinolara baxılmışdır.
Dünya mətbuatı ittiham rəyini şərh edərək bildirmişdir ki, bu sənəd “insanlığın təhqir edilmiş vicdanı” adından hazırlanmışdır, bu, “intiqam aktı deyil, ədalətin şadlığıdır”, məhkəmə qarşısında tək nasist Almaniya başçıları deyil, faşizmin bütün sistemi cavab verəcək. Bu, dünya xalqlarının ali dərəcəli ədalətli məhkəməsi idi.
“Qəhvəyi taun”dan yenicə azad olmuş bütün sivil dünya beynəlxalq hərbi tribunal hökmünü alqışlamışdır. Təəssüf ki, indi bir çox Avropa ölkələrində bu və ya digər formada nasizmin yenidən törəməsi baş verir, bəzi Avropa dövlətlərində “SS” dəstəsi iştirakçılarının qəhrəmanlaşdırılması və şöhrətləndirilməsi prosesi fəal şəkildə gedir. Halbuki Nürnberq prosesində onlar cinayətkar hesab edilmişlər.
Hüquqi əhəmiyyət kəsb etməsi baxımından Nürnberq prosesi beynəlxalq hüququn inkişafında əsas dönüş nöqtəsi olmuşdur. Beynəlxalq hərbi tribunalın nizamnaməsi və az qala, 70 il bundan öncə çıxardığı hökm müasir beynəlxalq hüququn “məhək daşı” və əsas prinsiplərindən biri olmuşdur. Nürnberq prosesi beynəlxalq cinayətin yeni növlərini müəyyən etmişdir, hansı ki bunlar sonralar bir çox ölkələrin beynəlxalq hüquq və milli qanunvericiliyində öz əsas yerini tutmuşdur. Nürnberq qərarları beynəlxalq hüquqda xüsusi sahə – beynəlxalq cinayət hüququnun yaranmasına gətirib çıxarmışdır.
Təəssüflər olsun ki, Nürnberqə oxşar beynəlxalq tribunalların təsisatı zamanı çox vaxt “ikili standartlar” tətbiq olunur. Dünyaya və insanlığa qarşı cinayət törətmiş əsl cinayətkarların tapılması yerinə beynəlxalq meydanda güclü dövlətlər öz siyasi nüfuzunu nümayiş etdirməyə, “kimin kim olduğunu” göstərməyə çalışırlar. Lakin Nürnberqin müharibədən sonrakı dövrdə ictimai-siyasi əhəmiyyətini qiymətləndirərək qeyd etmək lazımdır ki, bu günə qədər hələ heç bir məhkəmə prosesi tək konkret hərbi canilərə deyil, həm də digər ölkə və millətlərə təcavüz etməklə, xarici siyasi və iqtisadi məqsədlərinə nail olmaq ideyasına birdəfəlik iş kəsməsinə çalışan dünyanın bütün mütərəqqi qüvvələrini birləşdirməmişdir.
Nürnberq dərsləri bu gün müxtəlif ölkələrin üzləşdiyi problemlərin həllində öz mahiyyətini itirməmişdir. Onlar yaşlı nəslin, ictimaiyyətin və hakimiyyətlərin nəzərindən yayındığı təqdirdə yaranmış unutqanlıq ciddi hüquqazidd proseslərə gətirib çıxarır. Bəzi regionlarda baş verən ksenofobiya və faşizm çalarlı ekstremizm kütləvi hiddət yaradır. Bu gün neonasizmin baş qaldırdığı dövlətlər sırasına Ermənistan dövlətini də aid etmək olar.
Rəsmi Yerevan Qareqin Nijdeni milli qəhrəman elan edir, ona abidə ucaldır, adına küçə və prospektlər salır. Rusiyadakı erməni diasporu nümayişkaranə şəkildə Nijdenin Vladimir şəhərindəki qəbrini ziyarət edir. Bu azmış kimi, Ermənistanda nasist cinayətkarların xatirəsinə sikkələr buraxılır, filmlər çəkilir. Nijdenin şərəfinə Yerevanda metro stansiyası və meydan inşa edilir. Digər bir faşist cəlladı Drastamant Kananyanın da adına küçə salınır. Bildiyimiz kimi, o, Almaniyada Adolf Hitler hakimiyyətə gəldikdən sonra bu ölkədə yaşayan ermənilər arasında faşist ideyalarını yaymağa başlayıb. “Seqakon” adı altında faşist ideologiyasını təbliğ edən təşkilat yaradıb. Həmin dövrdə “Şərqi Nazirliy”ə daxil olan Erməni Milli Şurasının aktiv üzvü nazir Alfred Rozenberqə Sovet Ermənistanını alman koloniyasına çevirməyi təklif edib. Ümumiyyətlə, bu şəxslərin “milli qəhrəman” kimi təbliğ edilməsi, onların adlarının əbədiləşdirilməsi Ermənistan rejiminin əsl mahiyyətini açıq şəkildə göstərir.
Artıq dünyanın bir çox dövlətləri erməni faşistlərinin törətdikləri Xocalı faciəsini soyqırımı kimi tanıyır. Bu, bəşəri cinayətdir və təkzibedilməz faktlarla sübut edilmişdir. Ən böyük hakim olan zaman erməni nasistlərini gec-tez məhkəmə qarşısına gətirəcəkdir. Əli günahsız insanların qanına bulaşmış Ermənistanın siyasi rəhbərliyi törətdiyi cinayətin cəzasını mütləq alacaqdır.
Prezident İlham Əliyev Quba Soyqırımı Memorial Kompleksinin açılışındakı nitqində qeyd etmişdir ki, İkinci Dünya müharibəsi zamanı Hitlerin sərəncamında olan, ona qulluq edən erməni quldurları Ermənistanda qəhrəman kimi qəbul edilir, onların şərəfinə abidələr ucaldılır. Bu, onu göstərir ki, müasir Ermənistan dövlətinin ideologiyası da faşizm üzərində qurulmuşdur.
Ermənistanda neonasist ab-havası hökm sürdüyü halda, Azərbaycan dövləti tolerantlığın məkanı olmasını dünyaya elan etdi. Azərbaycan üçün fərqli baxışlara, adətlərə, vərdişlərə tolerant mövqe bəsləmək əlbəttə ki, təbiidir. Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkandır. Ölkəmiz əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınır və müxtəlif xalqların, millətlərin, dinlərin xüsusiyyətlərinə dözümlü münasibət azərbaycanlıların mentalitetinə xasdır.
“Multikulturalizm” termini siyasi leksikona ilk dəfə ötən əsrin 60-cı illərinin sonu – 70-ci illərinin əvvəllərində gətirilib. Bu tarix bəşəriyyətin ən mühüm prosesi olan Nürnberq məhkəməsindən sonrakı vaxta təsadüf edir. Beynəlxalq hüququn yaranması qədim dövrə təsadüf etsə də, onun inkişafında mühüm amillərdən biri də Nürnberq prosesinin nəticələridir. Nürnberq prosesinin beynəlxalq hüququn inkişafında əsas dönüş nöqtəsi olmasını nəzərə alaraq qeyd olunmalıdır ki, bu məhkəmə qərarı insanları birgə, sülh, əmin-amanlıq şəraitində yaşamağa çağırışdır.
Natiq ABBASOV,
Gəncə İnzibati İqtisadi Məhkəməsinin sədri