Ermənistanın hazırkı rejimi erməni xalqını talan edir. Serj Sarkisyan prezident yox, işğalçıdır. O, təkcə azərbaycanlılara deyil, ermənilərə qarşı da soyqırımı həyata keçirib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri erməni hüquq müdafiəçiləri noyabrın 9-da Bakıda, Beynəlxalq Mətbuat Mərkəzində keçirdikləri mətbuat konfransında bildiriblər.
Mətbuat konfransını açan Milli QHT Forumunun prezidenti Rauf Zeyni qonaqları təqdim edib. O, noyabrın 8-də Bakıda “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri. Ermənistan və Azərbaycandan baxış” mövzusunda keçirilən beynəlxalq konfransın əhəmiyyətindən danışıb.
“Sarkisyan hakimiyyəti ölkəni şəxsi mənafeyini güdməklə, xalqı talamaqla idarə edir”, – deyən Ermənistanın “Meridian” qeyri-hökumət təşkilatının Azərbaycanda səfərdə olan sədr müavini, jurnalist Suzanna Caqinyan çıxışında Sarkisyan hakimiyyətinin təcavüzkar siyasətindən, Ermənistanda hökm sürən aclıq və səfalətdən danışıb. O deyib: “Ermənistanın hazırkı rejimi erməni xalqını talan edir. Serj Sarkisyan prezident yox, işğalçıdır. O, təkcə azərbaycanlılara qarşı deyil, erməni xalqına qarşı da soyqırımı həyata keçirib. Sarkisyan məni öldürmək üçün tapşırıq verib. Mən Ermənistanda hüquqların tapdanmasına qarşı mübarizə aparıram. Onlar məni izləyirlər, hətta terrorçuluqda belə günahlandırırlar. Ermənistanda hakimiyyət zəbt edilib. Xalqın vəziyyəti çox ağırdır”.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini qeyd edən Suzanna Caqinyan bildirib ki, bu münaqişə Ermənistana yalnız göz yaşı və bədbəxtlik gətirib. Ermənistandakı mövcud rejim bu münaqişədən istifadə edərək hakimiyyətə gəlib. Ona görə də bu rejim münaqişənin həllində maraqlı deyil. Ermənistan hakimiyyətinə Dağlıq Qarabağ münaqişəsini indiki vəziyyətdə saxlamaq çox əlverişlidir. Sarkisyan həmin torpaqlardan yalnız öz mənfəətini güdür.
Artıq Dağlıq Qarabağ münaqişəsini həll etmək vaxtıdır. Bu münaqişə Ermənistan hakimiyyətinin hazırda istifadə etdiyi metodlarla deyil, sülh yolu ilə həll edilməlidir. Bu münaqişə nəticəsində insanların həlak olması çox pis haldır. Bu hallar insanı dəhşətə gətirir. Biz bilirik ki, Azərbaycan Prezidenti münaqişənin sülh yolu ilə həllini istəyir. Təəssüf ki, Ermənistan hakimiyyəti bu məsələnin tənzimlənməsinə imkan vermir. Bu rejim öz xalqına qarşı da çox ədalətsizdir.
Sabah Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edəcəyini bildirən erməni jurnalist Suzanna Caqinyan deyib: “Mən Azərbaycan xalqına qarşı törədilən müsibətlərə görə Ermənistan xalqı adından azərbaycanlılardan üzr istəyirəm”.
Dünən Azərbaycanda erməni ailəsində olduqlarını bildirən Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan deyib ki, bütün qonşular onların erməni olduqlarını bilirlər. Onlar 1988-ci ildən burada dinc yaşayırlar. Mən onların problemləri ilə maraqlandıqda heç bir çətinliklə üzləşmədiklərini vurğuladılar. Təəssüf ki, Ermənistanda bu, belə deyil. Çünki Ermənistan hakimiyyəti militarist, şovinist, faşist siyasəti yürüdür. Hələ sovet dövründə Ermənistanda xüsusi xidmət orqanları tərəfindən “ASALA” kimi terror təşkilatları yaradılıb. Bu təşkilatlar ermənilər arasında müsəlmanlara, xüsusən də azərbaycanlılara, türklərə qarşı düşmənçilik hissi aşılayıblar.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunan Vaan Martirosyan bildirib ki, Ermənistanda hakimiyyətin dəyişməsi münaqişəsinin tənzimlənməsini sürətləndirə bilər. Erməni xalqı mövcud iqtidarı devirmək üçün ayağa qalxmasa, bu işğalçı rejim hakimiyyətdən getməyəcək. Sarkisyan rejimi Dağlıq Qarabağda törətdiyi qanlı cinayətlər sayəsində hakimiyyətə gəlib. Əgər münaqişə həll edilsə, onlar da yox olacaq. Əminəm ki, onlar Haaqa Məhkəməsi qarşısında cavab verəcəklər. Onlar tökdükləri qanların, törətdikləri faciələrin hesabını mütləq verəcəklər.
Vaan Martirosyan vurğulayıb ki, Dağlıq Qarabağa muxtariyyət verilməsi münaqişənin müdrik həll yoludur. Heç kəs erməniləri oradan çıxarmağa hazırlaşmır. Vaxt keçdikcə iki xalq orada birlikdə sülh şəraitində yaşayacaq. İndi o torpaqlar boşdur, yüzlərlə insan ölür. Dağlıq Qarabağ ətrafındakı 7 rayon dərhal Azərbaycana qaytarılmalıdır. Azərbaycan işğala məruz qalan ölkə olsa da sülh tərəfdarıdır. Erməni xalqı da sülh istəyir. Ancaq Sarkisyan rejimi bu xoş niyyətin reallaşmasına imkan vermir.
“Beynəlxalq hüquq dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşılmasını tələb edir”, – deyən erməni yazıçı-publisist, ictimai xadim Vahe Avetyan bildirib ki, Ermənistanın beynəlxalq hüquqa saymazyana münasibəti uzun müddət davam edə bilməz. Ermənistan Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir. Hazırda Ermənistan hakimiyyətində Azərbaycanın ərazi bütövlüyünə hörmət edən siyasətçi yoxdur.
Vahe Avetyan Bakıda keçirilən “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri. Ermənistan və Azərbaycandan baxış” mövzusunda beynəlxalq konfransın siyasi, sülhməramlı fəaliyyət və digər bəndlər üzrə iş üçün fundamental baza yaratdığını bildirərək deyib: “Bizim bu konfransda iştirakımız xalq diplomatiyasının tərəfdarı olduğumuzu göstərir. Ermənistanda hakimiyyətlə eyni mövqedən çıxış edən ictimai hərəkatın bütün fəaliyyəti bizim azərbaycanlı həmkarlarla yaratmağa çalışdığımız prosesi dağıtmağa yönəlib.
Mənim Ermənistan-Azərbaycan münasibətlərinə həsr etdiyim kitab artıq çapa hazırdır. Bu kitabı Azərbaycanda nəşr etdirmək niyyətindəyəm, onun təqdimatını, satışını Bakıda təşkil etmək istəyirəm. Bu kitabın satışından əldə edilən gəlirin hamısını Ermənistandan və Qarabağdan olan qaçqınlara, məcburi köçkünlərə verəcəyəm.
Düşünürəm ki, mənim üçün vacib olan Azərbaycana gəlmək, burada Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etmək, qarşısında baş əymək idi. Mən bunu etdim. Bu işdə mənə kömək edənlərə təşəkkürümü bildirirəm”.