Ulu öndər Heydər Əliyevin 1997-ci il dekabrın 18-də imzaladığı fərmanla ermənilərin bu deportasiya siyasətinə hüquqi qiymət verildi
İkinci Dünya müharibəsi Sovet İttifaqının qələbəsi ilə başa çatdı. Ancaq Sovet hökumətinin yaranan şəraitdən bəhrələnmək siyasəti də Azərbaycan üçün acınacaqlı oldu. 1947-ci ilin 23 dekabrında İ.V.Stalin “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar imzaladı. Respublikanın iqtisadiyyatını gücləndirmək, problemlərini həll etmək adı ilə verilən qərar, əslində, ermənilərin çoxdankı arzularının həyata keçirilməsi naminə atılan növbəti addım idi…
Sovet hakimiyyəti imperiyanın hakim mövqeyini qoruyub saxlamaq üçün müxtəlif xalqlar arasında münaqişələr yaratmaq, onları bir-birinə qarşı qoymaq siyasətini durmadan davam etdirirdi. Bu siyasətdən çarizm dövründə olduğu kimi, yenə ən çox zərər çəkən, haqsızlıqlara uğrayan azərbaycanlılar idi. Çünki hər iki imperiyanın Qafqazda ən böyük yardımçıları ermənilər idi. Bəs niyə ermənilər?..
Tarix bu sualın cavabını təkzibedilməz faktlarla verir. Əsrlər boyu imperiyaların quluna çevrilən ermənilər, əslində, Rusiyaya deyil, öz mənafelərinə xidmət edirdilər. Başlanğıcda “böyük Ermənistan” dövləti “ideyası” qeyri-ciddi görünsə də, sonrakı hadisələr millətçi ermənilərin öz sərsəm fikirlərini həyata keçirməkdə nə qədər israrlı olduqlarını ortaya çıxarmışdı. Niyyətlərini həyata keçirmək üçün isə Rusiyanın müstəmləkəçilik siyasətindən böyük məharətlə istifadə edirdilər. Onlar hər zaman fürsət gözləyir, yeri gələndə yazıq, yaltaq, yeri gələndə qəddar amansız olurdular. Xülyalarını gerçəkləşdirmək üçün bəzən illərlə əsl simalarını gizlədə bilirdilər. Azərbaycanlıların qonaqpərvərliyi, humanistliyi də ermənilərin işinə yaradı. Əvvəlcə qılığa girib sığınacaq tapdılar, sonra isə yerləşdikləri ərazilərə sahiblənmək həvəsinə düşdülər. Məqsədyönlü şəkildə aparılan etnik təmizləmə və soyqırımı siyasəti xalqımıza ağır məhrumiyyətlər, ağlasığmaz faciələr, məşəqqətlər yaşatdı.
Hər dəfə Rusiya imperiyasında və dünyada baş verən siyasi çaxnaşmalardan yararlanan ermənilər kütləvi qətllər, qırğınlar törətdilər, minlərlə tarixi abidələrimizi və yaşayış məskənlərimizi dağıtdılar. Elə təkcə XX əsrdə bir neçə dəfə xalqımıza qarşı genişmiqyaslı hücumlar etdilər. 1905-1906-cı və 1918-1920-ci illərdə kütləvi qırğınlar və soyqırımı aksiyaları zamanı yarım milyon azərbaycanlı Ermənistan ərazisində qətlə yetirildi.
Sovet hökuməti keçmiş İrəvan xanlığı – İrəvan quberniyası ərazisinin əksər hissəsini, Zəngəzur qəzasını, Qazax qəzasının Dilican dərəsini, Gürcüstanın Lori-Pəmbək, Qars vilayətinin Ağababa bölgəsini birləşdirərək Ermənistan adlı respublika qurdu. “Daşnaksütyun” partiyasının dəstəyi, sovet təbliğatı nəticəsində yoxdan var edilən respublikaya erməni axını başladı. Dünyaya səpələnmiş ermənilərin böyük hissəsi burada məskunlaşmağa can atırdı. Ancaq azərbaycanlıların öz yurdlarından qovulmasına yönəldilmiş siyasətin həyata keçirilməsi üçün bunlar hələ kifayət deyildi…
İ.V.Stalin “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərarı ilə ermənilərə azərbaycanlıları qovmaq arzularını reallaşdırma fürsəti verdi. SSRİ Nazirlər Sovetinin 1948-ci il 10 mart tarixli “Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında” yeni qərarı ilə bu prosesin həyata keçirilməsini sürətləndirmək üçün tədbirlər planı hazırlandı. Qərarda da göstərilirdi ki, bu, “SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli qərarına əlavədir”.
Sənədə görə, azərbaycanlı əhali “könüllülük prinsipləri əsasında” köçürülməli idi. Əslində isə bu qərar deportasiya aktı idi. Onun həyata keçirilməsinə şövqlə başlanıldı. Qərara görə, üç il ərzində 100 min – 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min və 1950-ci ildə 50 min azərbaycanlı köçürülməli idi.
O zaman Azərbaycanın pambıqçılıq rayonlarında işçi qüvvəsinin çatışmaması kimi fikirlərin ortaya atılması erməni uydurmasıydı. 1948-1953-cü illərdə azərbaycanlıların deportasiyasının əsas səbəblərindən biri xaricdə yaşayan və öz bəd əməllərini, məkrli niyyətlərini gec-tez büruzə verdikləri üçün heç yerdə xoş qarşılanmayan erməniləri gətirərək yerli əhalinin böyük əzab-əziyyətlə tikdikləri evlərdə yerləşdirmək, boşaldılmış ərazilərdə torpaqla təmin etmək idi. Qərarın on birinci maddəsində də göstərilirdi ki, Ermənistan SSR Nazirlər Sovetinə icazə verilsin ki, azərbaycanlıların köçürülməsi ilə bağlı onların boşaltdıqları tikililərdən, yaşayış evlərindən xarici ölkələrdən Ermənistan SSR ərazisinə köçürülən erməniləri yerləşdirmək üçün istifadə etsin.
1948-1953-cü illər deportasiyası ilə sonrakı faciələrə – Qərbi Azərbaycan torpaqlarının azərbaycanlısızlaşdırılmasına və Dağlıq Qarabağ münaqişəsinə hazırlıq görülürdü. O zaman bu işə “Daşnaksütyun” partiyası ilə birlikdə Qriqorian kilsəsi də öz xeyir-duasını vermişdi.
Köçürülmə üç mərhələ üzrə həyata keçirilməli, I mərhələ 1948-1950, II mərhələ 1951-1952, III mərhələ 1953-cü ili əhatə etməli idi. “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar misli-bərabəri olmayan qəddarlıqla yerinə yetirildi. Köçürülmə kütləvi şəkildə və zorakılıqla aparıldı. 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan ərazisindəki dədə-baba torpaqlarından sürgün edildi. Soydaşlarımızın dərdləri evlərini, yurdlarını itirməklə də bitmədi. Qərara əsasən, onların Kür-Araz ovalığına köçürülmələri faciənin miqyasını genişləndirdi. Deportasiya olunanlar əsasən Azərbaycanın Saatlı, Mirbəşir (Tərtər), Göyçay, İmişli, Əli-Bayramlı, Zərdab, Salyan, Kürdəmir, Xaldan, Sabirabad, Jdanov (Beyləqan), Yevlax, Ucar, Bərdə rayonlarında yerləşdirildilər. Ən çətini, dözülməzi də ondan ibarət idi ki, dağlıq və dağətəyi ərazilərdə dünyaya göz açan, yaşayan bu insanlar birdən-birə köçürüldükləri Kür-Araz ovalığının istilərinə tab gətirə bilmirdilər. Buna görə köçürülmə prosesinin birinci mərhələsinin ilkin nəticələri uğursuz oldu. Xüsusən qocalar və uşaqlar hava və məişət şəraitinin ağır olması ucbatından müxtəlif xəstəliklərə yoluxdular, kütləvi ölüm halları baş verdi. Bu hadisədən xəbər tutan köçürülməmiş əhali çıxılmaz vəziyyətə düşdü. Onlar Azərbaycanın dağlıq rayonlarına, xüsusən Dağlıq Qarabağa köçmək arzularını bildirdilərsə, buna imkan verilmədi.
Deportasiya edilənlərin bir qismi iqlim şəraitinə dözməyərək həlak oldu. Qalanlar da sağlamlıqlarını itirdilər. Beləcə, 150 min azərbaycanlının bəzisini cismən, bəzisini isə mənən məhv etdilər. Doğma ocaq, el-oba həsrəti sağalmayan yaraya döndü. Deportasiya olunanların 30 faizə yaxını yalnız Stalinin ölümündən sonra viran qoyulmuş, xarabazara çevrilmiş yurdlarına qayıda bildilər.
Köçürülmə sonrakı illərdə də davam etdi. 1954-1956-cı illərdə etnik təmizləmənin növbəti mərhələsi keçirildi. 1316 təsərrüfat, 5876 nəfər azərbaycanlı Ermənistandan deportasiya edildi.
Bu da son mərhələ olmadı. Yerli əhalinin evini, torpaqlarını əlindən almaq niyyətlərini ermənilər sonralar daha amansızlıqla və qəddarlıqla başa çatdırdılar. 1980-ci illərin axırlarında isə soydaşlarımız Ermənistan SSR-dən sonuncu nəfərinədək zorla qovuldu və azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə başa çatdırıldı. Bununla kifayətlənməyən erməni millətçiləri XX əsrin sonuncu onilliyində Azərbaycanın 20 faiz torpaqlarını da işğal etdilər.
Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın faciəsinə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti, ümummilli lider Heydər Əliyev tərəfindən siyasi qiymət verildi. O, 1997-ci il dekabrın 18-də “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərman imzaladı. Bu fərmanla Ermənistan SSR ərazisində azərbaycanlılara qarşı tətbiq edilən etnik təmizləmə və soyqırımı siyasətinin mürtəce mahiyyəti dünyaya çatdırıldı. Fərmanda bildirildi ki, mərhələ-mərhələ gerçəkləşdirilən qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən – min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir: “SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olmuşdur. Bu qərarlar əsasında 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunmuşdur. Adi hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar. Bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin cinayətkar siyasəti ilə yanaşı, o dövrkü Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə zidd mövqeyi, soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da az rol oynamamışdır”.
Deportasiyanın hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə görkəmli alimlərdən, rəsmi vəzifəli şəxslərdən və ictimai xadimlərdən ibarət komissiya yaradıldı.
70 il bundan qabaq – 1947-ci ildə azərbaycanlıların deportasiya ilə bağlı verilmiş qərar nəticəsində soydaşlarımızın Ermənistan SSR-dən, öz tarixi torpaqlarından köçürülməsi, mülklərinin zorla əllərindən alınması və proseslərdə 150 min insanın məhv edilməsi, minlərlə insanın sağlamlığını itirməsi SSRİ rəhbərlərinin və Ermənistan hökumətinin qeyri-insani fəaliyyətinin, qatı millətçilik, şovinist münasibətin nəticəsi, insan hüquqlarının kobudcasına pozulması, antidemokratik hərəkətdir. Bu, hüquqi cəhətdən 1948-ci ildə BMT-nin İnsan Hüquqları Komissiyasının qəbul etdiyi qərarın II maddəsinə uyğun olaraq soyqırımı və etnik təmizləmə kimi qiymətləndirilməli idi. Təəssüf ki, erməni genosidinin bir forması olan 1948-1953-cü illərdə azərbaycanlıların deportasiyasına da bu günə qədər beynəlxalq miqyasda hüquqi qiymət verilməyib.
Zöhrə FƏRƏCOVA,
“Azərbaycan” qəzeti 19 dekabr 2017-ci il