Ermənistanın sabiq baş naziri, Erməni Milli Konqresi parlament fraksiyasının deputatı Qrant Baqratyan xristianlığı birinci qəbul etmiş dövlətin Osroyena (Edessa) olduğunu etiraf edib. Ermənistanın 1in.am nəşri bildirir ki, siyasətçi bu barədə feysbuk sosial şəbəkəsindəki səhifəsində məlumat verib
Baqratyan öz səhifəsində yazıb: “Xaçaturan Liturgiyası. Ermənilər xristianlığın yayılması işinə ciddi töhfə veriblər. Bu, mübahisə doğurmur. Lakin bəzən biz din ilə dövləti dolaşıq salırıq, şövqə gəlib, dərsliklərimizi və tariximizi uydurma faktlarla doldururuq. Tarixi saxtalaşdırmaq olmaz. Məsələn, dünyada birinci xristian dövləti Osroyena olub. Heç olmasa bir dəfə ensiklopediyaları vərəqləyin. Biz özümüz özümüzü tərifləyə-tərifləyə hiss etmirik ki, dünyada ən geridə qalmış dövlətlərdən biriyik. Bəs həqiqətən qürrələnmək üçün nə etmişik? Bu cür yanlış müraciətnamələr ilk növbədə özümüzə qarşı yönəlib. Biz hamını öyrətməyə başlayırıq, amma özümüzü unuduruq”.
Xatırladaq ki, keçən ilin payızında akademik Ramiz Mehdiyevin “Ermənilərin mif yaradıcılığı tarixdə ilk xristian dövləti kontekstində” adlı məqaləsi dərc edilib. Müəllif həmin məqalədə neytral mənbələrə əsaslanaraq inandırıcı şəkildə sübut edib ki, Ermənistanın guya ilk xristian dövləti olması haqqında tezis mifdir