Azərbaycan torpaqlarının işğalı ilə bağlı yaranmış real beynəlxalq mənzərə
1. Ermənistanın silahlı təcavüzü və işğalı ağır nəticələrə gətirib çıxarıb.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və 7 ətraf rayon daxil olmaqla, 20% ərazisi 25 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır.
Ermənistanın məcburi miqrasiya və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkünə çevrilib və onların insan hüquqları ciddi şəkildə pozulub. Azərbaycanın işğal edilmiş ərazilərində sosial və iqtisadi infrastrukturu məhv edilib, bu da olduqca ağır sosial, iqtisadi və ekoloji itkilərlə müşayiət olunub. İşğal edilmiş ərazilərdəki mədəni və tarixi irsə vurulmuş zərəri pul ilə ölçmək qeyri-mümkündür.
İşğal nəticəsində Azərbaycana vurulmuş maddi zərərin miqdarı 431 milyard ABŞ dollarından çoxdur və bu məbləğ ilbəil artır. Münaqişənin vurduğu mənəvi zərəri isə hesablamaq qeyri-mümkündür və bir milyon səkkiz yüz əlli min azərbaycanlının gündəlik həyatında müşahidə olunur.
2. İşğal altında qalmış Sərsəng su anbarı cəbhəyanı rayonlar üçün ciddi təhlükə mənbəyidir.
Qeyd edilməlidir ki, Azərbaycanın cəbhəyanı rayonlarının (Ağcabədi, Ağdam, Bərdə, Goranbay, Tərtər, Yevlax) meliorasiya və irriqasiya şəbəkəsi 1976-cı ildə Tərtər çayı üzərində inşa edilmiş Sərsəng su anbarından qidalanırdı. Təəssüf ki, bu su anbarı 22 ildən artıqdır ki, işğal altındadır.
Baxımsızlıq nəticəsində su anbarı ətrafındakı 6 rayonun torpaqları susuz qalmışdır. Bəzi ekspertlərin hesablamalarına görə Sovet İttifaqı dövründə inşa edilmiş anbarın dağılmasının ətraf ərazidə yaşayan 400 min mülki əhali üçün fəlakət xarakterli təhdid yaradacağı qaçılmazdır. Ermənistanın anbara nəzarət etməsi artıq böhrana səbəb olmuşdur, belə ki, qışda su buraxıldıqda ətraf rayonlarda yollar dağılır və yayda su kəsildikdə ətrafdakı əkin sahələri quruyur. Lakin Ermənistanın regionu işğal etməsi səbəbindən bu iqtisadi, humanitar, ekoloji və bioloji fəlakət təhlükəsi yalnız son vaxtlar gündəmə gəlmişdir.
3. Naxçıvanın blokada vəziyyətində yaşaması faktiki olaraq bölgənin inkişafının qarşısını alır
Naxçıvan Muxtar Respublikası 25 ildir ki, blokada şəraitində yaşayır və bu müddət ərzində bölgədə yaşayan 410 mindən artıq mülki əhali böyük əziyyətlərə düçar olmuş, təbii qaz və elektrik enerjisi çatışmazlığı əhalinin vəziyyətini daha da çətinləşdirmiş, bölgənin iqtisadi və sosial inkişafına ciddi neqativ təsir göstərmişdir. Təəssüflə qeyd etməliyəm ki, indiyədək blokada nəticəsində Naxçıvanda yaranmış vəziyyətə dair beynəlxalq sferada hər hansı bir müzakirə aparılmamış, Naxçıvana dair AŞPA və digər beynəlxalq təşkilatlarda hər hansı bir qətnamə qəbul edilməmişdir.
4. Krım və Dağlıq Qarabağın vəziyyəti bir-birindən kəskin fərqlənir
Bir çox ekspertlər Krım ilə Dağlıq Qarabağ arasında oxşarlıqların olduğunu vurğulayır. Buna baxmayaraq, bu iki münaqişə tarixi, siyasi və hüquqi baxımdan bir-birindən kəskin fərqlənir. Məsələn:
a. Bütün etnik qruplar, o cümlədən ruslar, ukraynalılar, Krım tatarları Krımdakı referendumda iştirak etdilər. Dağlıq Qarabağda ümumxalq səsverməsi adı altında keçiriləcək hər hansı gələcək səsvermədə yalnız işğal olunmuş ərazilərdə yaşayan ermənilər iştirak edəcək. Qeyd etmək lazımdır ki, bu ərazi zorla mono-etnik əraziyə çevrilmişdir. Azərbaycanlılar etnik təmizləməyə və məcburi miqrasiyaya məruz qaldığı üçün ermənilər bu gün Dağlıq Qarabağda yeganə etnik qrup təşkil edir.
b. Beynəlxalq hüquq nöqteyi-nəzərdən öz müqəddəratını təyinetmə hüququ müharibə aparan, ərazidə yaşayan digər xalqların nümayəndələrinə qarşı zorakılıq əməlləri, kütləvi qırğınlar və soyqırım cinayəti törədənlərə şamil edilmir və zorakılıq yolu ilə dövlətlərin ərazilərinin bölünməsi qanuni hesab edilə bilməz.
5. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, lakin Ukrayna ilə eyni səviyyədə dəstək tələb edir
Azərbaycan Ukraynanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını dəstəkləyir. Azərbaycan Nümayəndə heyəti martın 27-də BMT Baş Assambleyasında “Ukraynanın ərazi bütövlüyü”nə dair qətnaməni dəstəkləyərək, bu məsələdəki mövqeyini açıq nümayiş etdirdi.
Eyni zamanda, hesab edirəm ki, Dağlıq Qarabağ dondurulmuş münaqişə deyil, bütövlükdə Cənubi Qafqazda təhlükəli qeyri-sabitlik mənbəyidir və Ukrayna böhranı ilə eyni diqqətə layiqdir. Odur ki, beynəlxalq təşkilatlar və Avropa institutları öz qərarlarına hörmətlə yanaşmalı və qəbul etdikləri qərarları yerinə yetirməlidirlər.
Ermənistan təcavüzününnəticəsi olaraq blokadaya görə 410 min Naxçıvan əhalisi, Sərsəng su anbarının işğal altında olması səbəbindən ətraf 6 rayonun 400 min nəfər əhalisi və 20 ildən artıq müddətdə davam edən hərbi işğal səbəbi ilə 1 milyona qədər azərbaycanlı, ümumilikdə 1.850.000 nəfər Azərbaycan vətəndaşı insan hüquqlarından məhrum olmaqla, öz ölkəsində qaçqın kimi, mürəkkəb sosial-iqtisadi şəraitdə yaşayır.
Lakin beynəlxalq təşkilatlar hər vəchlə Ermənistanın müdafiəsində durur, ona havadarlıq edir, işğala son qoyulması istiqamətində heç bir real hərəkət etmək istəmirlər, yalnız qətnamələr qəbul etməklə kifayətlənirlər, ona qarşı heç bir sanksiyalar tətbiq etmirlər, bu beynəlxalq qurumlar işğala məruz qalmış Azərbaycanla işğalçı Ermənistan arasında nəinki heç bir fərq qoymur, hətta Ermənistanı daha demokratik ölkə kimi göstərməyə can atırlar.
6. Altı Şərq Tərəfdaşlığı ölkəsində
Şərq Tərəfdaşlığı proqramında, Belarusu nəzərə almasaq, 5 post-Sovet ölkəsi iştirak edir. Şərq Tərəfdaşlığının əsas məqsədi tərəfdaş ölkələrlə Aİ arasında daha sıx inteqrasiya əlaqələrinə nail olmaqdır. Lakin Tərəfdaşlığın əsas məqsədlərində Rusiya faktoru nəzərə alınmayıb.
Post-Sovet ölkələri ilə Rusiya arasında müxtəlif sahələrdə əlaqələr mövcuddur və ŞT ölkələrinin əksər ərazi problemlərinin həlli Rusiyadan asılıdır. Odur ki, Şərq Tərəfdaşlığı proqramında Rusiya faktorunun nəzərə alınmaması Şərq Tərəfdaşlığı ölkələrini Avropa İttifaqı ilə Rusiya arasında çətin seçim qarşısında qoyur.
Digər tərəfdən, ŞT ölkələri Qərb və Rusiya maraqlarının toqquşduğu geosiyasi məkandır. Aİ indiyə qədər Şərq Tərəfdaşlığı proqramında tərəfdaş ölkələrin qarşılaşacağı risklərin qarşısının alınmasına yönəlmiş mexanizm təklif etməyib. Ona görə də tərəfdaş ölkələr mövcud geosiyasi risklərdən sığortalanmayıblar.
Bu baxımdan Ukrayanada baş verən böhran geosiyasi böhrandır. Əgər Şərq Tərəfdaşlığı Proqramı tərəfdaş ölkələrinin ərazi problemlərini həll etmək gücündə deyilsə, əksinə bu ölkələr üçün yeni ərazi itkilərinə və digər məhrumiyyətlərə yol açırsa, deməli, bu Proqramın gələcəyi barədə ciddi düşünülməlidir.
Ümumiyyətlə uğursuz, gələcəyi ümidsiz və qaranlıq görünən Şərq Tərəfdaşlıq Proqramı və Avronest PA-nın taleyinə Avropa Parlamentinin seçkilərindən sonra yenidən baxılmalıdır.
7. Azərbaycan Aİ ilə ikitərəfli strateji əlaqələrdən yararlanır
Assosiasiya sazişi universal saziş deyil, Aİ-nin öz qonşuları ilə imzalayacağı ikitərəfli sazişdir. Sazişin şərtləri aidiyyəti tərəflər arasında danışıqlar nəticəsində formalaşdırılır. Azərbaycan Aİ ilə ikitərəfli strateji tərəfdaşlıqdan yararlanır və Aİ ilə Azərbaycan arasında bir ildən artıqdır ki, bu istiqamətdə danışıqlar aparılır.
8. Azərbaycan və Avropa İttifaqı enerji sahəsində əməkdaşlıq edir
“Şahdəniz” yatağından emal ediləcək qazın 2018-ci ildən Trans-Adriatik (ТАР) və Trans-Anadolu (ТАNАР) qaz kəmərləri vasitəsilə Avropaya nəql olunacağı gözlənilir. Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmiryolu layihələri Aİ ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsinə xidmət edir.
9. Beynəlxalq təşkilatların mövqeyi birmənalı olsa da, Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmir
BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Azərbaycan ərazilərinin işğalına dair 4 qətnamə qəbul edib (Qətnamə 822, 853, 874 və 884), bu sənədlərdə işğalçı tərəfdən işğal edilmiş əraziləri qeyd-şərtsiz azad etmək tələb edilirdi. Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğalı həmçinin AŞPA, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən pislənib.
Beynəlxalq təşkilatlar müxtəlif qətnamə və bəyanatlarla Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində tanıyır, lakin Ermənistana qarşı heç bir sanksiya tətbiq etmirlər.
Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləməklə kifayətlənir və bu, beynəlxalq təşkilatların ikili standartlardan çıxış etdiyini göstərir.
10. Azərbaycan beynəlxalq təşkilatlarda ayrıseçkiliklə üzləşir.
Biz çox illərdir ki, Şərq Tərəfdaşlığı proqramında iştirak edirik. Biz 14 ildir ki, Avropa Şurasının üzvüyük. Lakin problemlərimizin həlli 20 ildir ayrıseçkiliklə üzləşdiyimiz beynəlxalq təşkilatlarda müvafiq qaydada dəstəklənmir. Rusiyanın Krımı özünə birləşdirməsindən sonra diplomatik danışıqlar və ona tətbiq edilən sanksiyalar fonunda Qərbin işğal edilmiş əraziləri, Dağlıq Qarabağ və ətraf rayonlarla bağlı ikili standartlar və riyakarlıq nümayiş etdirməsi özünü daha qabarıq şəkildə biruzə verir. Azərbaycanın bu rayonları 25 ilə yaxındır ki, beynəlxalq hüquq normaları pozulmaqla, Ermənistanın işğal altındadır, lakin Aİ ərazi bütövlüyünün bu pozulmasına və bir milyon məcburi köçkünün əziyyət çəkməsinə etinasızlıqla yanaşır. Qanun qanundur və heç zaman müxtəlif ölkələr üçün fərqli şəkildə şərh edilməməlidir. Dünya Moskvaya diplomatik təzyiq göstərir, bəs hanı Ermənistana qarşı sanksiyalar? Beynəlxalq ictimaiyyət Ukrayna və onun ərazi bütövlüyünü dəstəkləyən bəyannamə və tədbirlər kimi, bu gün eyni dəstəyi Azərbaycana da təmin etməli, eyni zamanda BMT-nin Təhlükəsizlik Şurası, Avropa Parlamenti, Avropa Şurası tərəfindən qəbul edilmiş qətnamələrə hörmət etməlidir.
Hesab edirəm ki, Amerika və qərb dövlətlərinin, bütün beynəlxalq qurumlarının Ukraynaya verdikləri dəsəkdən Azərbaycan dərs götürməli, dünya birliyindən, xüsusilə Avropa İttifaqı, Avropa Şurası və ATƏT-dən Ermənistana sanksiyların tətbiqini və öz haqqını tələb etməlidir.
Onlar isə bunu etmək əvəzinə daim müxtəlif bəhanələrlə Azərbaycanın başını qarışdırmaqla məşğuldurlar. Beynəlxalq qurumlar isə Ermənistanı müdafiə etmək üçün insan hüquqları altında Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edəcəyi dövrdə ölkəmizə qarşı geniş miqyaslı hücümlara hazlrlaşırlar. Bunun rüşeymləri artıq görünür.
Özünü azadlıq və vəhdət evi hesab edən Avropa Şurası dünya ictimaiyyətinə təsdiq etmək istəyir ki, onun əsas fəaliyyəti insan hüquqlarıdır. Araşdırdıqda görürsən ki, bu, AŞ-ya üzv olan 47 dövlətdən ancaq əsasən dörd ölkəyə şamil olunur;
– Rusiya, Ukrayna, Türkiyə, Azərbaycan.
Hazırki vəziyyətdə beynəlxalq təşkilatlar, o cümlədən, Avropa Şurası Ukraynanı bu siyahıdan silmişlər. Bundan əlavə, qeyd edilən güc mərkızləri onlar üçün xüsusi əhəmiyyət kəsb edən Türkiyəyə qarşı hücumlardan ehtiyatlanırlar.
Digər tıərəfdən, AŞPA aprelin 10-da Rusiyanı müvəqqəti səsvermə hüququndan məhrum etdi. Lakin 2 gün sonra çoxları hücum etməyə ölkə tapmadıqlarından məyus oldular. Belə ki, AŞPA-da insan hüquqları adı altında hücum obyektlərinin sayı minimuma enmiş oldu. Ona görə də Avropa Şurası öz iş dinamikasını pozmamaq üçün Azərbaycana hücum strategiyasına gizli start verməyə başlamışdır.
Hamıya bəllidir ki, beynəlxalq təşkilatların hər hansı bir ölkəyə, xüsusilə Azərbaycana hücum etmək üçün çoxdan bəlli olan iş mexanizmi vardır. Dünyanın güc dövlətləri tərəfindən maliyyələşən, onların sifarişlərini yerinə yetirən və qondarma, böhtanlı faktlarla beynəlxalq təşkilatlara istinad mənbəyi verən bir neçə beynəlxalq QHT: Amnesty International, Human Rights Watch, Avropa Sabitlik Təşəbbüsü, Freedom House və digər beynəlxalq təşkilatlar insan hüquqları və söz azadlığı ilə bağlı ölkəmizə qarşı fəaliyyətə başlayır. Hadisələr sonradan köhnə ssenari üzrə davam etdirilir: onlar eyni zamanda yerli QHT-ləri maliyyələşdirərək müxtəlif üsullarla öz istinadlarını daha da gücləndirirlər. Yeri gəlmişkən demək istərdim ki, Azərbaycanın bəzi QHT-ləri Avropa Şurasına üzv ölkələrin milli QHT-ləri arasında xarici donorlar vasitəsilə öz ölkəsinə əsassız böhtanlarla hücum etməkdə çempiondurlar.
Elxan Süleymanov
AVCİYA-nın prezidenti,
Şamaxının millət vəkili