Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Tətbiqi Tədqiqatlar Fondu “Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin fəsadlarının işıqlandırılması və onların qarşısının alınması yolunda Azərbaycanın mövqeyinin təbliği” layihəsi çərçivəsində ATMU ilə birgə “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti və onun inkişaf dinamikası” mövzusunda seminar keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Tətbiqi Tədqiqatlar Fondunun “Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin fəsadlarının işıqlandırılması və onların qarşısının alınması yolunda Azərbaycanın mövqeyinin təbliği” layihəsi çərçivəsində ATMU ilə birgə seminar keçirilmişdir. Seminarda ATMU-nin müəllimləri, tələbələri, KİV və QHT nümayəndələri iştirak ediblər.
ATMU- nun Xidmət mühəndisliyi fakültəsinin dekanı Kənan Allahverdiyev problemin aktuallığından danışaraq, onun regionun həyatında böyük əhəmiyyətini vurğuladı. Azərbaycanın ictimai həyatının ən vacib problemlərindən biri olan Qarabağ münaqişəsinin daim diqqətdə saxlanılması, Azərbaycanın haqq mövqeyinin mütəmadi olaraq dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini qeyd etdi.
Layihənin rəhbəri İbrahim Əliyev “Qarabağ münaqişəsinin mahiyyəti, səbəbləri, məqsədləri” adlı məruzəsində münaqişənin başlama səbəbləri, onun tarixi kökləri ətraflı təhlil edilmiş, bu münaqişəni törədənlərin məqsədləri işıqlandırılmışdır. Məruzədə qeyd olunmuşdur ki, Qarabağda alovlandırılmış münaqişə Azərbaycan xalqına, türk xalqlarına, müsəlman dünyasına qarşı uzun illərdən bəri qərb dövlətlərinin apardığı məkrli siyasətin mərhələlərindən biridir. O, regionda onların ağalıq etmək, onu təsir altında saxlamaq, sərvətlərini talan etmək məqsədi ilə yaradılmış münaqişə ocaqlarından biridir. Ermənistan bu münaqişədə ən mənfur rolu oynayır. Onlar öz qonşularına xəyanət edərək dünyanın mürtəce güclərinin sifarişlərini reallaşdırmağa kömək etməklə, öz maraqlarına çatmaq istəyirlər. Onlar göstərdikləri “Xidmətlərin” müqabilində Azərbaycanın, Türkiyənin torpaqlarının bir hissəsini zəbt etmək, talanlar törətmək, qarət etmək məqsədi güdürlər. Onların cəzasızlığının, törətdikləri özbaşınalıqlara göz yumulmasının başlıca səbəbi də məhz bu amildir. Buna görə də bu problemin ədalətli həllinin başlıca şərti problemin əsasında duran qüvvələrin dəqiq, faktlarla aşkar edilərək üzə çıxarılması, onların niyyətlərinin ortaya qoyulması, məqsədlərinin ifşa edilməsidir.
İkinci məruzədə siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev “Ermənistan-Azərbaycan Qağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun fəaliyyətinin problemləri” mövzusunda beynəlxalq təşkilatların bu münaqişəyə olan münasibətlərində olan ziddiyyətlər, onların səbəbləri haqqında müzakirələrə istiqamət verdi. Qeyd olundu ki, Azərbaycanın problemlərinə münasibətdə beynəlxalq təşkilatların ikili mövqe nümayiş etdirməsi bir çox mətləblərdən xəbər verir. Bu ziddiyyətli mövqelər dünya güclərinin burada böyük maraqlarının olmasının, onların hər birinin öz maraqlarına uyğun olaraq hərəkət etdiklərinin göstəricisidir. Ermənistanın beynəlxalq hüquq norma və prinsiplərini kobud şəkildə pozmasına böyük dünya dövlətlərinin və beynəlxalq təşkilatların kifayət qədər ciddi yanaşmaması münaqişənin uzanmasına və ağır fəsadlar verməsinə yol açır. Minsk Qrupunun fəaliyyəti ilk baxışda passivlik kimi qəbul edilə bilər. Lakin onların qəsdən ləng hərəkət etmələri, prinsipial məqamlarda qeyri-müəyyən mövqe tutmaları onların passivliyinin deyil, fərqli maraqlaının olması qənaətinə gətirir.
Hüquqşünas alim Asif Qədirov öz məruzəsində diqqəti münaqişənin hüquqi aspektlərinə yönəltdi. Qeyd olundu ki, formal olaraq Ermənistan bu münaqişədə işğalçı tərəf kimi tanınsa da, ona heç bir beynəlxalq təzyiq göstərilmir. BMT-nin qətnamələri uzun illərdir ki, icra olunmamış qalır. Bu da bu münaqişədə çoxsaylı gizli maraqların olmasını sübut edir. Bütün bunlara baxmayaraq, Azərbaycan dövlətinin möhkəm mövqe və əzm nümayiş etdirməsi beynəlxalq aləmdə xeyli irəliləyişlərin əldə edilməsinə gətirib çıxarmışdır.
Fərid Həsənsoy öz çıxışında Azərbaycan ordusunun 2016-cı il Aprel döyüşlərində əldə etdiyi uğurların münaqişədə dönuş etdiyini vurğuladı. Bu döyüş bir tərəfdən Azərbaycanın öz törpaqları uğrunda dönməz mövqeyini, qətiyyətini nümayiş etdirdisə, digər tərəfdən ermənilərin ümidlərinin üstündən xətt çəkdi.
Məruzələr ətrafında maraqlı müzakirələr aparıldı. Seminarın materialları əsasında kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə müzakirələrin davam etdirilməsi nəzərdə tutulmuşdur.
Layihənin işçi qrupu
http://az.strategiya.az/