1918-ci il fevralın 23-də bölgənin ali hakimiyyət orqanı kimi Tiflisdə yaranan Cənubi Qafqaz Seymi özünü Rusiyanın bir hissəsi hesab etsə də, bolşevik hakimiyyətini qəbul etmədiyindən Sovet Rusiyasının imzaladığı Brest-Litovsk sülh müqaviləsinin Qafqaza aid maddələrini yerinə yetirməkdən imtina etdi. Osmanlı hökuməti Brestdə Sovet Rusiyasına qəbul etdirdiyi Qafqazla bağlı müqavilə şərtlərini yeni elan olunan Cənubi Qafqaz Seyminə də qəbul etdirmək məcburiyyətində qaldı.
Bu məqsədlə 1918-ci il martın 14-də Osmanlı imperiyası ilə Cənubi Qafqaz Seymi arasında Trabzonda sülh konfransı öz işinə başladı. Fevralın 12-dən Qafqaz cəbhəsində hərbi əməliyyatları bərpa edən Osmanlı qoşunları Şərqi Anadolu ərazilərini rus silahı ilə silahlanmış ermənilərdən azad edərək martın 14-də – Trabzon konfransı açılan gün müharibədən əvvəlki türk-rus sərhədinə çatdılar. Trabzon konfransında Osmanlı hökuməti Cənubi Qafqaz Seymindən Brest-Litovsk sülhünün şərtlərini yerinə yetirməyi (Qars, Ərdəhan və Batum vilayətlərini boşaltmağı) tələb etsə də, bir ay boyunca (14 mart – 14 aprel 1918) davam edən danışıqlar uğursuzluqla nəticələndi. Seym danışıqları dayandırmaq və türk tələbləri qarşısına silahla çıxmaq haqqında qərar qəbul etdi. Lakin tərəflər arasında baş verən 8 günlük (14-21 aprel 1918) müharibədə məğlub olan Cənubi Qafqaz Seymi Osmanlı hökumətinin tələblərini qəbul etməyə məcbur oldu. 1918-ci il aprelin 22-də Cənubi Qafqazın müstəqilliyi elan edildi və Tiflis hökuməti Brest-Litovsk sülhünün şərtlərini qəbul etdiyini bəyan etdi. Lakin Tiflis hökumətinin türk tələbləri qarşısına silahla çıxması və Osmanlı imperiyasının Brest-Litovsk sülhü ilə əldə etdiyi ərazilərə (Qars, Ərdəhan və Batum) silah gücünə yiyələnməsi tərəflər arasında keçirilən Batum konfransında (11 may – 4 iyun 1918) Türkiyənin mövqeyinin daha da sərtləşməsinə səbəb oldu.
Osmanlı imperiyası ilə Cənubi Qafqaz Respublikası arasında may ayının 11-də keçirilən Batum konfransının ilk və son ümumi iclasında Osmanlı nümayəndə heyətinin rəhbəri Xəlil bəy Menteşənin Cənubi Qafqaz nümayəndə heyətinin rəhbəri Akaki Çxenkeliyə təqdim etdiyi 12 maddəlik müqavilə layihəsində Brest-Litovsk müqaviləsinin müəyyən etdiyi sərhədlərdən əlavə, Türkiyə hərbi əməliyyatlar meydanında verdiyi qurbanların əvəzi olaraq bir sıra yeni ərazilər və imtiyazlar tələb edirdi. Bu tələblərə Tiflis quberniyasının Axıska və Axalkələk qəzaları, İrəvan quberniyasının Aleksandropol (Gümrü) və Sürməli qəzaları, Eçmiədzin qəzasının Sərdarabad hissəsi, İrəvan qəzasının cənub və cənub-qərb hissəsini təşkil edən Kəmərli (Gərnibasar), Uluxanlı (Zəngibasar) və Vedibasar bölgələri, Şərur-Dərələyəz qəzasının Şərur hissəsi və Ordubad istisna olmaqla Naxçıvan qəzası, habelə Aleksandropol-Eçmiədzin-Naxçıvan-Culfa dəmir yolu daxil idi. Bundan əlavə, İngiltərəyə qarşı müharibə davam etdiyi müddətdə Türkiyəyə Cənubi Qafqazın bütün dəmir yol şəbəkəsindən istifadə etmək hüququ verilməli, eyni zamanda Osmanlı imperiyası tələb etdiyi təqdirdə Tiflis hökuməti Bakı limanındakı müəssisələrlə Xəzər dənizindəki Qafqaz hökumətinə aid nəqliyyat vasitələrini də Osmanlı hökumətinin sərəncamına verməli idi [21, v. 1-2; 18, v. 2-4; 17, v. 75; 6; 7; 5].
İrəli sürülən bu türk tələblərinə münasibətdə Cənubi Qafqaz nümayəndə heyətinin, eyni zamanda Seymin ümumi fikrə gələ bilməməsi Cənubi Qafqaz federasiyasının dağılmasını labüd etdi. Cənubi Qafqaz nümayəndə heyətinin rəhbəri A.Çxenkeli mayın 13-də Osmanlı nümayəndə heyətinin rəhbəri Xəlil bəylə görüşündə açıq şəkildə bildirdi ki, əgər Osmanlı hökuməti güzəştə getməyib irəli sürdüyü ərazi tələblərində israr edərsə, Cənubi Qafqaz hökuməti və Seym dağılacaqdır. Lakin Xəlil bəy qəti şəkildə bəyan etdi ki, Osmanlı hökuməti konfransın ilk iclasında irəli sürdüyü tələblərdə israrlıdır və bu məsələdə hansısa bir güzəştə getməyəcəkdir [20, v. 46; 18, v. 16-17, 22- 26]. Bu mövqe qarşısında Cənubi Qafqaz nümayəndə heyətinin mövcudluğu sadəcə formal xarakter daşımağa başladı. Heyətin gürcü, azərbaycanlı və erməni nümayəndələri Osmanlı heyəti ilə ayrı-ayrılıqda danışıqlar aparmağa başladılar və təmsil etdikləri xalqların maraqlarını qorumağa çalışdılar.
Trabzon konfransında Osmanlı hökumətinin Brest-Litovsk müqaviləsi ilə bağlı tələblərini qəbul etməyib, türk tələbləri qarşısına silahla çıxmaq mövqeyində israr edən və bununla da müharibəyə rəvac verən gürcü-erməni ittifaqı olsa da, Batum konfransında sərtləşən türk tələbləri qarşısında ən ağır və aciz vəziyyətdə qalan ermənilər oldular. Çünki Osmanlı hökuməti Brest-Litovsk sülhü ilə əldə etdiyi imtiyazlara Cənubi Qafqaz Seymi ilə müharibə aparmaqla nail olduğundan, Batum konfransında artıq Brest müqaviləsinin şərtlərini danışıqlar üçün yeganə əsas kimi görmür, Qars, Ərdəhan və Batum vilayətlərindən əlavə bir sıra yeni ərazi və imtiyazlar tələb edirdi ki, əsasən İrəvan quberniyasına yönələn bu tələblər reallaşdığı təqdirdə Qafqazda ermənilər üçün dövlət yaratmağa ərazi qalmırdı. Üstəgəl, Osmanlı ordusunun Qafqaz istiqamətində apardığı uğurlu hərbi əməliyyatlar Qafqazda 400 mindən çox erməni qaçqınının yığılmasına gətirib çıxarmışdı [20, v. 47; 18, v. 17]. Dünya müharibəsinin əvvəllərindən başlayaraq Şərqi Anadolu ərazilərində türk-müsəlmanlara qarşı soyqırım cinayətləri törədən ermənilər bu ərazilər türk ordusu tərəfindən azad edilən zaman cəzalanacağından qorxaraq Qafqaza sığınmalı olmuşdular. Qeyd edək ki, bu evsiz-eşiksiz, ac-yalavac erməni qaçqınları Azərbaycana da böyük fəlakətlər gətirdilər. Belə ki, daşnaklar İrəvan və Yelizavetpol quberniyaları ərazisindəki türk-müsəlman əhalisinə qarşı soyqırım cinayətləri törətməklə və onları öz ev-eşiyindən didərgin salmaqla müsəlmanlardan boşaldılan kəndlərdə Türkiyədən gələn erməni qaçqınlarını yerləşdirirdilər.
Gürcülər türk tələbləri qarşısında Almaniyaya sığındılar. Ermənilər də Almaniyaya sığınmağa çalışırdılar. Lakin almanlar Türkiyənin Qafqaz siyasətini pozmaq üçün gürcülərlə yanaşı, erməniləri də türk tələblərini qəbul etməməyə sövq etsələr də, erməniləri müdafiə etməkdə və himayələrinə götürməkdə maraqlı deyildilər [20, v. 39]. Buna görə də əlacsız vəziyyətdə qalan erməni nümayəndələri 1918-ci il mayın 13-də Xəlil bəy ilə görüşüb, “indiyə qədər Rusiya ilə birləşib Türkiyəyə qarşı müharibə aparan və düşmənçilik fəaliyyətləri göstərən daşnak partiyasının mübarizəni uduzduğunu və bundan sonra Türkiyə ilə anlaşıb onun mərhəmətinə sığınmaq haqqında qərar qəbul etdiyini” bəyan edərək, Qafqaza sığınan erməni qaçqınlarının öz yerlərinə geri qaytarılmasını və Aleksandropolla bağlı türk tələbindən imtina edilməsini xahiş etdilər [20, v. 47-48; 18, v. 17-19]. Lakin müsbət cavab ala bilmədilər.
Mayın 16-da Osmanlı sədrəzəmi Tələt paşadan “gürcüləri əldə edərək tezliklə işi bitirmək” təlimatını alan [20, v. 57] Xəlil bəy ertəsi gün Məhəmməd Əmin Rəsulzadə və Məhəmməd Həsən Hacınski ilə görüşüb Azərbaycan nümayəndələrinə təklif etdi ki, gürcüləri məmnun etmək üçün onlara bir qədər ərazi versinlər [20, v. 79; 18, v. 87]. Mayın 18-də Xəlil bəy A.Çxenkeli ilə görüşüb gürcülərin ermənilərin arxasınca sürüklənməməsini tövsiyə etdi və erməni dövlətinin yaradılmasının gürcülər üçün də zərərli olacağını anlatmağa çalışdı [18, v. 84-85]. A.Çxenkelidən sonra M.Ə.Rəsulzadə və M.H.Hacınski ilə görüşən Xəlil bəy Türkiyəyə qarşı erməni-gürcü ittifaqının yaranmasına imkan verməmək lazım olduğunu bildirdi və bu məsələdə Azərbaycan nümayəndələrinin gürcülərə təsir göstərməsini tövsiyə etdi [18, v. 85; 20, v. 85].
Xəlil bəy mayın 20-də A.Çxenkeli ilə yenidən görüşərək, Cənubi Qafqaz heyətinə ultimatum vermək haqqında İstanbuldan əmr almağına böyük ehtimal olduğunu onun diqqətinə çatdırdı və qeyd etdi ki, əgər ermənilər ultimatumu qəbul etməyə yanaşmasalar, o halda gürcülər müsəlmanlarla birlikdə konfederasiyanı qoruyub saxlasınlar və ultimatumu qəbul etsinlər [20, v. 89; 18, v. 45]. Lakin A.Çxenkeli erməniləri qeyri-məmnun buraxıb müsəlmanlarla ittihadı qoruyub saxlamağın mümkünsüz olduğunu bildirdi və fikrini də onunla əsaslandırdı ki, ermənilər Cənubi Qafqazın hər tərəfinə yayıldığından böyük problemlər yaradacaqları şübhəsizdir [20, v. 89-90; 18, v. 45-47].
Mayın 20-də A.Çxenkelidən sonra Tiflisdən yeni gələn erməni nümayəndələrini qəbul edən Xəlil bəy “Trabzon konfransında türk tələblərini qəbul etməyərək danışıqların kəsilməsinə rəvac verən və müsəlman əhalisini kəndlərindən çıxarmaq üçün davam edən erməni təcavüzünün müzakirələri bu hala gətirdiyini” onların diqqətinə çatdırdı və bütün bunların nəticəsində yaranan məsuliyyəti ermənilərin öz üzərinə götürməli olduğunu bəyan etdi [20, v. 90; 18, v. 47-48]. Erməni nümayəndələri Osmanlı hökumətinin mərhəmətinə ümidlərini itirmədiklərini bəyan edərək və Tiflisdən yeni gəldiklərini əsas gətirərək, ultimatum verilməsinə tələsməməyi və müzakirələr üçün zaman ayrılmasını xahiş etdilər.
Xəlil bəy erməni nümayəndələri qarşısında sərt mövqe ortaya qoysa da, o artıq erməni dövlətinin yaradılmasının vacib olduğu qənaətinə qəlmişdi. Elə həmin gün ermənilərdən sonra M.Ə.Rəsulzadə və M.H.Hacınski ilə görüşən Xəlil bəy bu məsələni Azərbaycan nümayəndələri ilə müzakirə etdi. Azərbaycan nümayəndələri bildirdilər ki, ermənilər ultimatumu qəbul etməyib inad edəcəklər və bu halda Osmanlı ordusunun təzyiqi qarşısında geri çəkiləcək yüz minlərlə əlisilahlı, yurdsuz-yuvasız ermənilər müsəlman kəndlərinə soxulub, türk-müsəlman əhaliyə qarşı qırğın, qətl və bir çox təxribatlar törədəcəklər. Gürcülərdən fərqli olaraq müsəlman əhali silahsız və ordusuz olduğundan xalqı erməni təcavüzündən qorumaq mümkün olmayacaqdır [20, v. 91; 18, v. 48-49]. Xəlil bəy Azərbaycan nümayəndələrinə ermənilərlə sülh şəraitində keçinməyi məsləhət gördü və bu halda Osmanlı ordusunun dərhal müsəlmanların köməyinə gələcəyini, əgər ermənilər mane olarsa, o halda da ordunun bu vəzifəni döyüşərək icra edəcəyini bildirdi və eyni zamanda, Azərbaycanın fədakarlıq edib Osmanlı imperiyasına birləşdiriləcək ərazinin qarşı tərəfində ermənilərə bir qədər ərazi güzəştə getməsini təklif etdi [20, v. 91; 18, v. 49].
Xəlil bəyin mayın 20-də M.Ə.Rəsulzadə və M.H.Hacınski ilə keçirdiyi görüşdə verdiyi təklif və tövsiyələrə uyğun olaraq, ertəsi gün Azərbaycan nümayəndələri Ovanes Kaçaznuni və Aleksandr Xatisovla görüşüb erməni dövləti yaradılması məsələsi ilə bağlı müzakirələr apardılar. Müzakirələrin yekununda belə bir razılıq əldə edildi ki, ermənilər Yelizavetpol quberniyasının bir hissəsinə, konkret olaraq Qarabağa olan iddialarından imtina edirlər, bunun qarşılığında Azərbaycan tərəfi Cənubi Qafqazda “Aleksandropol quberniyası” hüdudlarında xüsusi erməni kantonunun təşkilinə razılaşır [4, v. 47; 25, s. 57].
Göründüyü kimi, mayın 21-də Qarabağa olan iddialardan imtina etmək müqabilində Azərbaycan tərəfi İrəvan şəhərini ermənilərə güzəştə getməyə deyil, “Aleksandropol quberniyası” hüdudlarında xüsusi erməni kantonunun təşkilinə razılıq vermişdi. Bu zaman erməni dövlətinin Aleksandropol siyasi mərkəz olmaqla yaradılması məsələsi müzakirə mövzusu idi. İrəvan siyasi mərkəz olmaqla erməni dövlətinin yaradılması məsələsi isə, bundan iki gün sonra – mayın 23-də gündəmə gəldi.
Türk ultimatumu qarşısında Cənubi Qafqaz federasiyasının dağılmasına imkan verməmək üçün Xəlil bəyin ermənilərsiz müsəlman-gürcü federasiyasını yaratmaq üçün göstərdiyi təşəbbüslər gürcülər tərəfindən qəbul edilmədi. Tələt və Ənvər paşaların “müstəqil gürcü dövləti yaradıldığı təqdirdə Qafqazın digər qismində müsəlman dövləti yaratmaq və ermənilərə dövlət yaratmağa imkan verməmək, ermənilərin yaşadığı əraziləri müsəlmanlarla gürcülər arasında bölüşdürmək” təklifi [20, v. 80-82; 9] isə həm gürcülər, həm azərbaycanlılar və həm də Xəlil bəyin özü tərəfindən qəbul edilmədi. Batum konfransında əsas söz sahibi olan Xəlil bəy Cənubi Qafqaz Seyminin dağılacağı halda gürcü və müsəlman dövlətləri ilə yanaşı, erməni dövlətinin də yaradılmasını vacib hesab edir və bu mövqeyini sədrəzəmə də qəbul etdirmək üçün təkid edirdi. Amma erməni dövlətinin harada, hansı ərazilərdə yaradılması məsələsi həll edilməmişdi. Qarsın ardınca mayın 15-də Aleksandropol da türklər tərəfindən tutulduqdan sonra erməni dövlətinin İrəvan ətrafında yaradılması məsələsi gündəmə gəldi. İndi türklər erməni dövlətinin yaradılması üçün siyasi mərkəz olaraq ya Aleksandropolu ermənilərə verməli və bu şəhərlə bağlı irəli sürdüyü tələbindən geri çəkilməli, ya da İrəvanı müsəlmanlardan alıb onlara verməli idilər. Bu iki seçim qarşısında Aleksandropoldan imtina etmək fikrini belə, qəbul etməyən Osmanlı hökuməti ikinci varianta üstünlük verdi. Tələt paşa mayın 23-də Xəlil bəyə göndərdiyi teleqramında bu məsələ ilə bağlı aşağıdakı təlimatı verdi: “Ermənilərə gəlincə, onlar da İrəvanın kanton qismində təşəkkül edə bilərlər” [18, v. 69]. Xəlil bəy təkidli xahişlərindən sonra “İrəvanın kanton qismində” erməni dövlətinin yaradılması ilə bağlı Tələt paşadan aldığı bu razılığı çox yüksək qiymətləndirməklə yanaşı, erməni dövlətinin Aleksandropol mərkəz olmaqla yaradılması və Azərbaycan tərəfdən də ermənilərə müəyyən ərazi güzəştləri edilməsi ideyasını irəli sürdü. O, mayın 23-də sədrəzəmə göndərdiyi teleqramında yazırdı: “Ermənilərə gəlincə, onlar da İrəvanın kanton qismində təşəkkül edə bilərlər buyurulur. Bundan sizin Qafqaz konfederasiyası daxilində bir erməni siyasi mövcudiyyətinin əleyhinə olmadığınızı anlayaraq məmnun oldum. Bu bir siyasi zərurətdir. Çünki orada bir milyon yarım erməni vardır. Elə bir millət ki, məfkurəsi yüksək və milli vicdanı güclü və atəşlidir. Bunları tək bir nəfəri qalmayıncaya qədər məhv etmək mümkün olmayınca, bir qismini tələb etdiyimiz ərazi daxilində bizdə, digər bir qismini Qafqazda saxlamaq şəklində məsələni həll etmək Qafqazı daima gəmirəcək və yıxacaq, təhlükəsizlik və asayişdən məhrum edəcək bir anarxiya ocağı halına gətirəcək deməkdir. Qafqaz şimaldan kazak, cənubdan erməni təhdidi arasında öz mövcudiyyətini davam etdirə bilməyəcəkdir. Qafqazda ermənilərin ən kompakt yaşadığı yerlər bizim tələb etdiyimiz ərazilərdir. Bu ərazilərin xaricində qalan digər yerlərdə ermənilər müsəlmanlar arasında çox dağınıq bir şəkildə yaşayırlar. Alacağımız ərazilərin qarşı tərəfində ermənilərin siyasi birliyinin təşkili üçün bir ərazi ayrılmasının uyğun olub-olmadığını müsəlman nümayəndələrlə geniş müzakirə etdik və nəticədə bunun qeyri-mümkün olduğu məlum oldu” [20, v. 103-104; 18, v. 56]. Xəlil bəy daha sonra qeyd edirdi ki, erməni məsələsinin arzu etdiyimiz halda həllinin doğuracağı vahiməli nəticələrindən Əhməd bəy Ağaoğlu və Əli bəy Hüseynzadə (Ənvər paşa tərəfindən İstanbuldan göndərilmiş bu şəxslər mayın 20-də Batuma gəlmişdilər – V.Q.) də daxil olmaqla bütün Qafqaz müsəlmanları və həmçinin gürcülər də narahatdırlar.
Xəlil bəyin Türkiyənin ərazi tələblərini bir qədər yumşaldıb, Axalkələk qəzasından gürcülərə müəyyən ərazi güzəştləri etmək təklifi Ənvər paşa tərəfindən sərt qarşılandığından, o, Aleksandropolun ermənilərə güzəştə gedilməsi məsələsini hökumət qarşısında birbaşa qaldırmaqdan çəkinir və bu məsələni dolayı yolla qabartmağa üstünlük verirdi. O, Tələt paşaya göndərdiyi 23 may 1918-ci il tarixli teleqramında qeyd edirdi ki, Ə.Ağaoğlu və Ə.Hüseynzadə də bu məsələ ilə bağlı öz fikirlərini Ənvər paşaya yazacaqlar [20, v. 104; 18, v. 56]. Teleqramın sonunda Xəlil bəy bir daha erməni dövləti yaradılmasının vacibliyi üzərində duraraq, “hər tərəfdən türk dövlət və millətləri ilə əhatə olunmuş və onların yardımı ilə siyasi məfkurəsinə qovuşmuş bir erməni hökumətindən hər halda çox uzun zaman üçün belə, zərərlər gəlməyəcəyi” qənaətində olduğunu bildirir və sədrəzəmin erməni məsələsində “çibanı kökündən təmizləmək və erməni dövlətinin yaradılmasına ümumiyyətlə imkan verməmək” fikrini qeyri-mümkün və həm Türkiyə, həm də Qafqaz üçün təhlükəli hesab edir, daha sonra yazırdı: “Qənaətlərimizin bu dərəcədə ayrıldığı bir məsələni xatırlamıram. Cismin bu vəzifəni öz üzərimə götürmək üçün məni məcbur etməsi nə qədər doğru imiş. Arzum xilafında da olsa da, təbii ki, vəzifəmi icra edəcəyəm. Fəqət zərurət ilə qoyacağım bu imza həyatımın ən acı bir səhifəsi olacaqdır. Dövlət işi dövlət əsaslarına uyğun həll edilir. Belə mühüm bir məsələdə hissiyatıma hakim olmasam, bir dövlət adamı sifətiylə üzərimə götürdüyüm vəzifəmə zidd hərəkət etmiş olaram” [20, v. 105; 18, v. 57].
Sənəddən də göründüyü kimi, Xəlil bəy “Osmanlı imperiyasına birləşdiriləcək ərazilərin qarşı tərəfində, yəni İrəvan ətrafında erməni dövlətinin yaradılması üçün bir ərazi ayrılmasının uyğun olub-olmadığı” məsələsini Azərbaycan nümayəndələri ilə də müzakirə etmiş və nəticədə bunun qeyri-mümkün olduğu məlum olmuşdu. Buna görə də Xəlil bəyin tövsiyəsi ilə Ə.Hüseynzadə və Ə.Ağaoğlu mayın 22-də bir surətini də Tələt paşaya göndərməklə, Ənvər paşaya xüsusi müraciət ünvanladılar. Ə.Hüseynzadə və Ə.Ağaoğlu erməni dövlətinin yaradılmasına imkan verilməməsi və müsəlmanların üstünlüyü şəraitində Qafqaz konfederasiyası yaradılmasının vacibliyini vurğulayır və bunun həm Osmanlı imperiyası, həm də Qafqaz üçün faydalı olacağına qənaət hasil etdiklərini bildirirdilər [19, v. 19].
Batum konfransındakı Azərbaycan nümayəndələri Cənubi Qafqaz federasiyasının dağılması halında erməni məsələsinin yaradacağı problemlər, xüsusilə də Osmanlı imperiyasına birləşdiriləcək ərazilərdən Azərbaycana doğru baş verə biləcək erməni köçü ilə bağlı Ə.Hüseynzadə və Ə.Ağaoğlu ilə eyni fikirdə olsalar da, erməni dövlətinin yaradılması məsələsində onların mövqeyini bölüşmürdülər. Çünki Ə.Hüseynzadə və Ə.Ağaoğludan fərqli olaraq M.Ə.Rəsulzadə və M.H.Hacınski bu məsələ ilə bağlı mütəmadi olaraq həm Osmanlı heyəti ilə, həm də erməni nümayəndələri ilə müzakirələr aparmış və sonuncuların federasiyanın dağılması halında azərbaycanlılarla konfederasiyada birləşməyə maraqlı olmadıqları və öz dövlətlərini yaratmağa çalışdıqları məlum olmuşdu. Eyni zamanda, gürcülər də azərbaycanlılarla ermənilərsiz konfederasiya qurmağa razı olmamış və erməni dövlətinin də yaradılmasının vacibliyi tezisini irəli sürmüşdülər. Buna görə də Azərbaycan nümayəndələri federasiyanın dağılması halında kiçik bir ərazidə də olursa-olsun, erməni dövlətinin yaradılmasının vacibliyi mövqeyindən çıxış edir və bu dövlətin İrəvan deyil, Aleksandropol mərkəz olmaqla yaradılmasına çalışırdılar.
Ə.Hüseynzadə və Ə.Ağaoğlunun Ənvər və Tələt paşalara göndərdiyi müraciətdən bir gün sonra, 1918-ci il mayın 23- də Batum konfransındakı Azərbaycan nümayəndələri erməni dövlətinin yaradılması məsələsi ilə bağlı Ənvər paşaya böyük bir müraciətlə çıxış etdilər. Müraciətdə, onlar öz mövqeyini əsaslandıraraq bildirirdilər ki, əgər bölgədə üç – gürcü, müsəlman və erməni kantonları yerinə yalnız iki – gürcü və müsəlman dövlətləri yaradılarsa, o zaman Cənubi Qafqazda və xüsusilə də ultimatumda tələb edilən, Osmanlı imperiyasına birləşdiriləcək ərazilərdə olan böyük erməni kütləsi Azərbaycana axışacaq. Bu da Azərbaycana faktiki olaraq daha böyük qırğınlar, müsibətlər və dağıntılar gətirəcək. Buna yol verməmək üçün kiçik bir ərazidə ermənilərin milli dövlətlərini yaratmaq və onları ora cəm etmək lazımdır [19, v. 12, s. 1-4; 3, v. 4-11]. Müraciəti Batum konfransındakı Azərbaycan nümayəndələri – M.H.Hacınski, M.Ə.Rəsulzadə, Əhməd bəy (Can Baba), A.Səfikürdski və Ə.C.Pepinovdan başqa Müsəlman Milli Şurası və Seym üzvlərindən M.Y.Cəfərov, ədliyyə naziri F.X.Xoyski, maarif naziri N.Yusifbəyli və X.Xasməmmədov imzalamışdılar.
Xəlil bəy mayın 24-də Tələt paşaya göndərdiyi teleqramında gürcü, erməni və Azərbaycan nümayəndələri ilə keçirdiyi görüşlər və apardığı müzakirələr haqqında məlumat verir və qeyd edirdi ki, “əvvəlcə də ərz etdiyim kimi, gürcülər erməniləri qeyri-məmnun buraxmaqdan çəkinirlər və buna görə də ermənilər ultimatumu qəbul etmədiyi təqdirdə belə, müsəlmanlarla birlikdə konfederasiyada qalmamağa qərar veriblər. Əgər ermənilər ultimatumu qəbul etməyib, müqavimət göstərməyə qərar versələr, təxmin edirəm ki, gürcülər bu müqavimətdə iştirak etməyəcəklər. Fəqət, ümumi hökumətdən və Seymdən çıxıb öz hüdudları daxilində öz istiqlaliyyətlərini elan edərək kənara çəkiləcəklər. Ermənilər isə onlara edilən təklif dairəsində sülh imzalamamağa qərar veriblər. Müqavimət və ya sülh məsələsində aralarında fikir ayrılıqları vardır. Başlıca komitələri uzlaşma mümkün olmazsa müqavimət tərəfdarıdır. Gürcülər Axıskanı tərk etməyə, ermənilər isə sərhədin Araz və ətrafından çəkilməsinə razı olacaqlar” [18, v. 65-66].
Qeyd edək ki, Osmanlı heyəti İstanbuldan Batuma yola düşərkən Cənubi Qafqaz Respublikasına qarşı qərarlaşdırılan ərazi tələblərinə görə, Brest-Litovsk sülhünün müəyyən etdiyi sərhədlərdən əlavə müharibə təzminatı olaraq yalnız Axıska və Sürməli qəzalarının tələb edilməsi qərarlaşdırılmışdı [19, v. 12, s. 1-2; 18, v. 65-66], lakin sonrakı günlərdə Ənvər paşa Axıska və Sürməli qəzalarından başqa Axalkələk və Aleksandropol qəzaları, Eçmiədzin və İrəvan qəzalarının bir hissəsi və Naxçıvan qəzası (Ordubad istisna olmaqla) ilə bağlı da ərazi tələbləri irəli sürüb [21, v. 1-2; 7] bu tələbləri hökumət nəzdində qəbul etdirmişdi [18, v. 6]. Xəlil bəy də 24 may tarixli teleqramında İstanbul hökumətinin Axalkələk qəzası ilə bağlı tələbindən imtina etdiyi və ya bu qəza ilə bağlı müəyyən güzəştlər verdiyi təqdirdə gürcülərlə, Aleksandropol və ermənilər yaşayan digər ətraf ərazilərlə bağlı tələblərindən imtina etdiyi təqdirdə də ermənilərlə sülhün mümkün olacağını sədrəzəmin diqqətinə çatdırmaqla, əslində Cənubi Qafqaza qarşı ərazi tələbləri ilə bağlı İstanbulda qərarlaşdırılan variantın qəbul edilməsinə gürcü və ermənilərin razı olduqlarını göstərməyə çalışırdı. O, eyni zamanda, bütün bunları qeyd etdikdən sonra, elə həmin teleqramda Azərbaycan nümayəndələrinin Ənvər paşaya ünvanladığı 23 may 1918-ci il tarixli müraciət haqqında da məlumat verir və həmin müraciətin əsas müddəalarını xülasə şəklində bildirirdi [18, v. 66-68]. Bununla da, Xəlil bəy erməni dövlətinin yaradılmasına Azərbaycan nümayəndələrinin də razı olduqlarını və bu məsələdə ortaya qoyduqları arqumentlərlə hətta təkid etdiklərini və bunda haqlı olduqlarını göstərmiş olurdu.
Mayın 24-də demək olar ki, bütün gün boyu Xəlil bəy ilə Tələt paşa arasında teleqramla aparılan məsləhətləşmələrin yekununda sədrəzəm, Cənubi Qafqaz heyətinə 24 saatlıq bir ultimatumun verilməsinə göstəriş verməklə bərabər, erməni dövlətinin yaradılması məsələsi ilə bağlı aşağıdakı qəti mövqeyini ortaya qoydu: “Ermənilərin bir hökumət halında təşəkkül etməsinə qətiyyən tərəfdar deyiləm. Kiçik bir erməni muxtariyyəti beş il sonra beş milyon əhalisi olan bir erməni dövləti halına gələcək və bütün Qafqaza hakim olaraq Şərqin Bolqarıstanına çevriləcəkdir. İran və Amerikada olan bütün ermənilər orada toplanacaq, ingilis və fransızlardan hər cür yardım alaraq, gələcəkdə xristian gürcülərlə və çox asanlıqla əcəmlərlə birlikdə bizim əleyhimizə hərəkət edəcəklər. Bu halda mümkün olsa, çibanı kökündən təmizləmək ən xeyirli cəhətdir. Bu mümkün olmadığına görə, (Ermənistanın – V.Q.) çox zəif və yaşamayacaq şəkildə təşəkkül etməsi zəruridir…” [20, v. 113-115; 18, v. 73, s. 1-2].
Sədrəzəmin bu mövqeyi qarşısında Xəlil bəy erməni dövlətinin yaradılması məsələsində “çibanı kökündən təmizləməyincə, görüləcək yarımçıq tədbirlərin gələcək üçün çox təhlükəli olacağı” fikrini irəli sürdü. Lakin o, “çibanı kökündən təmizləmək” deyəndə heç də Tələt paşa kimi erməni dövlətinin yaradılmasına imkan verməməyi nəzərdə tutmurdu. Əksinə, Xəlil bəy təkcə İrəvan kantonunun zəif bir Ermənistanın təşkili üçün belə, çox kiçik ərazi olmasına, ermənilərin bir qisminin Qafqazda qalıb dövlətə sahib olduqları halda, digər qisminin Osmanlı hakimiyyəti altında qalmasının gələcəkdə doğuracağı problemlərə diqqəti çəkir və Türkiyənin tələb etdiyi ermənilər yaşayan bölgələrin, xüsusilə də Aleksandropolun da onlara güzəştə gedilməsi fikrini irəli sürür və bununla da Qafqaz və Osmanlı ermənilərinin ümumi dövlətinin yaradılması mövqeyindən çıxış edirdi [20, v. 119; 18, v. 61].
Xəlil bəy bu teleqramında həmçinin ilk öncə Qafqazın beynəlxalq vəziyyətinin aydınlaşdırılmasının vacibliyi üzərində dayanır və buna görə də Cənubi Qafqaz federasiyasının dağılmasından sonra Cənubi Qafqazda üç hökumətdən ibarət konfederasiya yaradılmasını və bu konfederasiyanın beynəlxalq aləm, xüsusilə də Rusiya tərəfindən tanınmasına nail olmağı ən vacib iş hesab edirdi. O, Osmanlı hökumətinin öz iradəsini düşmənə tamamilə diktə etməsə belə, Qafqazın müstəqilliyinin Rusiya tərəfindən tanınmasına nail olmasının böyük bir siyasi uğur olacağını vurğulayır, Qafqaz hökumətləri ilə Türkiyə arasında qurulacaq əlaqələrin xarakteri məsələsini isə sonraya saxlamağı, həmçinin Qafqazdan Türkiyə üçün daha çox ərazi qoparmağa və ya bölgəni tamamilə Osmanlı imperiyasına ilhaq etməyə tələsməməyi məsləhət bilir, əks halda İstanbul hökumətinin məhrumiyyətlərə düçar olacağını diqqətə çatdırırdı [20, v. 119-120; 18, v. 61-63].
Xəlil bəy sədrəzəmə göndərdiyi növbəti teleqramlarında da “Aleksandropol qəzasında ümumilikdə 250 min erməninin yaşadığı və Türkiyəyə ilhaq edildikdən sonra onların idarə edilməsinin çətin olacağı” fikrini irəli sürərək, bu ərazinin ermənilərə güzəştə gedilməsinə təkid edirdi [20, v. 140; 16, v. 89]. Lakin Ənvər paşanın nümayiş etdirdiyi sərt mövqe qarşısında Osmanlı hökuməti irəli sürdüyü ərazi tələbləri üzərində israrla durdu və hansısa bir ərazi güzəştə getmək fikrini qəbul etmədi. Belə olan təqdirdə Xəlil bəy üçüncü bir yol seçdi ki, bu da Türkiyənin ermənilərdən aldığı torpaqların əvəzində azərbaycanlılara məxsus ərazilərin bir qismini onlardan alıb ermənilərə verməkdən ibarət idi. Bu təklif ilk əvvəl ermənilər tərəfindən irəli sürülmüşdü. Trabzon konfransı uğursuzluqla nəticələndikdən sonra Osmanlı hökumətinin tələbləri qarşısına silahla çıxmağın əsas tərəfdarı olan ermənilər indi daha da sərtləşən türk tələbləri qarşısında əlacsız bir vəziyyətə düşmüşdülər. Erməni nümayəndələri sərt türk tələbləri qarşısında çıxış yolu kimi təklif edirdilər ki, heç olmasa Cənubi Qafqaz müsəlmanlarından müəyyən ərazilər alınıb ermənilərə verilsin. Bunun qarşılığında ermənilərlə müsəlmanlar arasında olan düşmənçilik də aradan qalxacaq və ermənilər Bakıdakı müsəlman əhalinin təhlükəsizliyini təmin etməyi öz üzərlərinə götürəcəklər [10, f. 3-26]. Xəlil bəy bu təklifi məqbul hesab etdi və “Osmanlı hökumətinin belə bir ərazinin ayrılmasının əleyhinə olmadığını” erməni nümayəndələrinə bəyan etdi. Erməni nümayəndələri də söz verdilər ki, belə bir razılıq əldə edilib gerçəkləşdiyi təqdirdə ermənilər İstanbula bir heyət göndərərək, Osmanlı hökumətinə sədaqətlərini ərz edəcəklər [20, v. 129-130; 16, v. 82-83].
Daha sonra Xəlil bəy bu məsələ ilə əlaqədar M.Ə.Rəsulzadə və M.H.Hacınski ilə danışıqlar apardı və nəticədə Osmanlı yardımına böyük ehtiyac duyan Azərbaycan nümayəndələrinin razılığını ala bildi [10, f. 3-26; 11]. Osmanlı heyət rəhbəri dərhal bu barədə İstanbula məlumat verdi, amma adı keçən təklifin guya Azərbaycan nümayəndələrindən ona gəldiyini önə çəkdi və bunu xüsusi vurğuladı. O, Tələt paşaya göndərdiyi 26 may tarixli teleqramında Cənubi Qafqaz nümayəndə heyətinə veriləcək ultimatumun hazır olduğunu və indi veriləcəyini bildirir, lakin ultimatumun verilmə müddəti ilə bağlı bəzi istəklərinin olduğunu qeyd edərək yazırdı: “…Müsəlman nümayəndələr bu gün səhər yanıma gəldilər. Bakıdakı vəziyyətlə bağlı çox qayğılıdırlar. Çünki bu şəhər ermənilərin əlindədir. Bunun üçün bizə tərk ediləcək ərazinin qarşı tərəfində ermənilərə, onları qismən də olsa, təmin edəcək bir kanton ayırmaq istədilər. Sonra daşnaksütyunların xaricində olan və bu gün Tiflisdə əhəmiyyət kəsb edən digər bir erməni partiyasının rəisi gəldi. O da bu şəkildə yekunun tərəfdarı göründü. Bizə əvvəlcə bildirdiyiniz təlimatlara istinad edərək Osmanlı hökumətinin belə bir kantonun ayrılmasına qarşı olmadığını bildirdim. Bunun üçün bir neçə gün müddət istədi. Və ultimatum veriləcəksə bunun heç olmasa üç gün müddət ilə verilməsini rica etdi. Belə bir razılıq əldə edilib gerçəkləşərsə əgər, adı keçən (erməni nümayəndəsi – V.Q.) İstanbula bir heyət göndərilərək Hökumət-i Səniyyəyə sədaqət ərz ediləcəyini də əlavə edərək, bir az da bizim tərəfə lütf və xoş münasibət göstərilməsini rica etdi. Ermənilər tərəfinə bu şəkildə göstəriləcək təzahürün Avropa və Amerikada yaradacağı təsir çox yaxşı olacaqdır” [20, v. 129-130; 16, 82-83].
Lakin Ənvər paşa çox sərt bir şəkildə bu təklifə qarşı çıxdı. Ənvər paşa da Tələt paşa ilə eyni mövqedən çıxış edərək, Qafqazda erməni dövlətinin yaranmasına imkan verməmək, ermənilərin yaşadığı əraziləri müsəlmanlarla gürcülər arasında bölüşdürmək və hazırda ermənilərin əlində olan, müsəlmanların yaşadığı İrəvan şəhərinin və ətraf ərazilərin müsəlmanlar tərəfindən azad edilərək ermənilərin əlindən alınmasına çalışmağı tövsiyə edirdi. Bu mümkün olmadığı təqdirdə isə, Ənvər paşa erməni dövlətinin yaradılmasının qaçılmaz olacağını vurğulayır və bu halda da yaradılacaq erməni dövlətinin yaşamayacaq dərəcədə olduqca zəif bir şəkildə təşkil edilməsini vacib sayırdı [11].
Onu da qeyd edək ki, Batum konfransının başlaması ilə türk qoşunlarının Qafqaz istiqamətində irəli hərəkatına müvəqqəti olaraq fasilə verilsə də, danışıqların dalana dirənməsi, eyni zamanda ermənilərin türk-müsəlmanlara qarşı törətdiyi soyqırım cinayətlərinin sistemli xarakter alması ordunun öz hərəkətinə davam etməsini labüd etdi. Ənvər paşa 1918-ci il 19 may tarixində Vehib paşaya göndərdiyi təlimatında, ordunun irəliləyib Batum konfransındakı türk ərazi tələblərini müəyyən edən sərhədə qədər olan əraziləri tutmasını əmr etdi [8]. Bu əmr üzrə hərəkət edən Vehib paşa türk qoşunlarının irəli hərəkatını İrəvan quberniyası istiqamətində davam etdirdi. Mayın 20-də Sürməlini ələ keçirən türk qoşunları, mayın 24-də Cəlaloğlunu işğal etdilər və Qarakilsə istiqamətinə yönəldilər, həmçinin Sərdarabada girdilər. Osmanlı hərbi komandanlığı strateji cəhətdən çox mühüm əhəmiyyət kəsb edən Qarakilsənin tutulmasına böyük önəm verirdi. Çünki Aleksandropol-Tiflis dəmir yolunun üzərində mühüm məntəqə olan Qarakilsənin tutulması ilə bir tərəfdən ermənilər gürcülərdən tamamilə ayrılmış olacaqdılar, digər tərəfdən də, Gəncə müsəlmanları ilə əlaqə yaranacaqdı [21, v. 14]. Lakin ermənilər Qarakilsəni əldə saxlamaq üçün ciddi müqavimət göstərdilər. Bu müqavimətə baxmayaraq, mayın 28-də Qarakilsə türk qoşunları tərəfindən alındı. Qarakilsə uğrunda mayın 26-28-də gedən iki günlük döyüşlərdə türk ordusu 1600 şəhid verdi və bir çox dəyərli zabitlərini itirdi [20, v. 139-140; 16, v. 89].
Xəlil bəy mayın 28-də Tələt paşaya göndərdiyi teleqramında Qarakilsə ətrafında ermənilərin ciddi müqavimət göstərib, ölüm-dirim mübarizəsi apardıqları ilə bağlı Vehib paşadan aldığı məlumatları sədrəzəmin diqqətinə çatdırdıqdan sonra, əhalisinin böyük əksəriyyəti erməni olan Aleksandropol və Axalkələk qəzalarının Türkiyəyə birləşdirilməsini səhv addım hesab edir, bu ərazilərin ermənilərə verilməsi təklifini yenidən irəli sürür və erməni dövlətinin Bolqarıstanla müqayisə edilməsinin doğru olmadığını bildirirdi [20, v. 139-140; 16, v. 89-90].
Vehib paşa da Ənvər paşanın mövqeyini ifadə edərək, erməni dövlətinin yaradılmasına imkan verməmək mövqeyindən çıxış edir, lakin bu mümkün olmadığı təqdirdə, erməni dövlətinin yaradılmasını qaçılmaz hesab edirdi. Lakin o, Xəlil bəyin mayın 26-da erməni və müsəlman nümayəndələri ilə apardığı danışıqlarda “ermənilərlə müsəlmanlar arasında düşmənçiliyin aradan qaldırılması və Bakıdakı müsəlman əhalinin erməni-bolşevik təcavüzündən qorunması” öhdəliyi qarşılığında azərbaycanlıların ermənilərə müəyyən ərazi güzəştləri etməsi ilə bağlı əldə edilən razılaşmaları səhv addım hesab edir və qəti şəkildə bu razılaşmaların əleyhinə çıxırdı. Vehib paşa Azərbaycan nümayəndələrinə də tövsiyə edirdi ki, heç bir halda özlərinə məxsus ərazilərdən ermənilərə bir qarış belə olsun, verməyə razı olmasınlar [10, f. 3-26].
Ənvər paşanın verdiyi direktivlər üzrə hərəkət edən Vehib paşa hansısa öhdəliklər qarşılığında Azərbaycan ərazilərindən ermənilərə ərazi güzəştləri edilməsinin əleyhinə çıxsa da, ən azından beynəlxalq aləm qarşısında ermənilərə bir mövcudiyyət və müəyyən güzəştlər verilməsini vacib hesab edirdi. O, “erməni dövlətinin yaradılmasına imkan verməmək” haqqında Ənvər paşanın 27 may 1918-ci il tarixli teleqramına [11] mayın 29-da verdiyi cavabda “verilən əmrləri yerinə yetirmək üçün çalışdıqlarını” bildirməklə yanaşı, onu da qeyd edirdi ki, “erməniləri tamamilə qeyri-mövcud edə bilmərik. Hər halda onlara bir vücud vermək zərurət və məcburiyyətindəyik” [10, f. 3-26]. Vehib paşa erməni dövləti yaradıldığı təqdirdə, bu dövlətin gələcəkdə nə Türkiyə, nə də Qafqaz müsəlmanlarının həyatlarını təhdid etməyəcək bir mahiyyətdə olmasına diqqət ediləcəyini və ən əsas məqsəd kimi buna çalışılacağını da xüsusi olaraq vurğulayırdı.
Batumla İstanbul arasında aparılan yazışmaların yekununda artıq erməni dövlətinin yaradılması məsələsində “çibanı kökündən təmizləmək” planının baş tutmayacağını görən Ənvər paşa ermənilərə veriləcək ərazilərin Türkiyə və Azərbaycan əraziləri ilə bir ada kimi əhatəyə alınması təlimatını verdi. O, Batuma göndərdiyi 29 may 1918-ci il tarixli təlimatında Osmanlı imperiyasının mərkəzi Gəncə olan hökumətlə, yəni Azərbaycanla birbaşa sərhədə malik olmasının vacibliyini bildirirdi [12]. Ənvər paşanın mövqeyinə görə, Qarakilsənin şimalından da Osmanlı imperiyasının Azərbaycanla birbaşa sərhədi olmalı idi [13]. Belə olan təqdirdə Osmanlı imperiyasının bir tərəfdən Naxçıvandan, digər tərəfdən də Qarakilsənin şimalından Azərbaycanla birbaşa sərhədi olurdu. Ermənistanın isə Gürcüstanla birbaşa əlaqəsi kəsilirdi və o, Osmanlı imperiyası ilə Azərbaycan arasında bir ada şəklində qalırdı.
Cənubi Qafqaz federasiyasının parçalanması halında erməni dövlətinin yaradılması məsələsi ətrafında Batumla İstanbul arasında intensiv müzakirələrin getdiyi bu günlərdə Tiflisdə çox mühüm hadisələr baş verdi. 1918-ci il mayın 26-da gürcülər Cənubi Qafqaz federasiyasından çıxıb Gürcüstanın müstəqilliyini elan etdilər. Ertəsi gün müsəlman fraksiyasının nümayəndələri də toplaşaraq özlərini Azərbaycan Milli Şurası elan etdilər və bu şura mayın 28-də Azərbaycanın müstəqilliyini elan etdi. Gürcü və azərbaycanlılar özlərinin istiqlallarını konkret ərazi hüdudlarında elan etdilər. Ermənilər isə, mövcud şərtlər altında belə bir konkret əraziyə malik olmadıqlarından Batum danışıqlarının nəticələrini gözləməli oldular.
1918-ci il mayın 26-da gürcülər müstəqilliklərini elan etdikdən sonra elə həmin axşam Seymin erməni nümayəndələri keçirdikləri iclasda gürcüləri ermənilərə xəyanətdə günahlandırdılar. Eserlər və bitərəflər türk-erməni cəbhəsində şiddətli döyüşlərin getdiyini və elan edilən müstəqilliyin də türk təhlükəsinə məruz qalacağını əsas gətirərək, müstəqilliyin elan edilməsinin əleyhinə çıxdılar. Mövcud vəziyyətdə müstəqilliyin elan edilməsi məsələsində Daşnaksütyun partiyasında da parçalanma baş verdi. Məclis sədri Avetis Aharonyan, Ruben Ter-Minasyan və Artaşes Babalyan müstəqillik fikrini qəti şəkildə rədd etdikləri halda, Simon Vratziyan və Xaçatur Karçikyan onlara əks mövqedən çıxış etdilər. Buna görə də bu iclas müstəqilliyin elan edilib-edilməməsi məsələsində qəti bir qərara gələ bilməyib, məsələnin daha sonra müzakirə edilməsi haqqında qərar qəbul edərək yekunlaşdı [24, s. 190].
Bu ümumi iclasdan sonra Daşnaksütyun partiyasının liderləri Batumdakı erməni nümayəndələri O.Kaçaznuni və A.Xatisovla əlaqə saxladılar və məlum oldu ki, Osmanlı hökuməti İrəvan hüdudlarında erməni kantonunun yaradılmasına razılıq vermişdir. Bundan sonra daşnak liderləri elə həmin gecə, yəni mayın 26-da daha bir iclas keçirdilər və burada aparılan müzakirələrin yekununda erməni Milli Məclisinin hökumət funksiyalarını öz üzərinə götürməsi və idarəçilik mərkəzinin Tiflisdən İrəvana köçürülməsi haqqında qərar qəbul edildi. Mayın 27-də Batumdan qayıdan O.Kaçaznuni və A.Xatisov Erməni Milli Məclisinə Osmanlı hökuməti ilə aparılan danışıqlar haqqında ətraflı məlumat verdilər və nəyin bahasına olursa-olsun, ermənilərin qurtuluşu üçün yeganə çarənin müstəqilliyin elan edilməsində və Türkiyə ilə sülhə nail olunmasında olduğunu xüsusi vurğuladılar.
Mayın 28-də gecə yarısı, Erməni Milli Şurası Ermənistanı müstəqil respublika, özünü isə respublikanın ən ali hakimiyyət orqanı elan etməyi və Batuma müstəqil Ermənistan adından bir heyət göndərməyi qərara aldı [26, s. 29]. Bununla belə, Erməni Milli Şurası qəbul etdiyi bu qərarı yerinə yetirib, Ermənistanın müstəqilliyini elan etmədi. Ertəsi gün, mayın 29-da axşam Daşnaksütyun partiyasının bürosu və partiyanın Tiflis Mərkəzi Komitəsi, sabiq Seymin daşnak üzvləri və Erməni Milli Məclis üzvlərinin birgə iclası keçirildi və bu iclasda “hələlik bir koalisiya tərəfindən idarə ediləcək bir Ermənistan Respublikasının elan edilməsi” haqqında qərar qəbul edildi. Lakin yenə də müstəqillik elan edilmədi. Çünki ilk öncə erməni dövlətinin hansı ərazi hüdudlarında elan edilməsi məsələsi həll edilməli idi. Buna görə də 29 may iclasından dərhal sonra, gecə A.Xatisov, O.Kaçaznuni və M.Papacanovdan ibarət erməni nümayəndə heyəti Türkiyə ilə danışıqları davam etdirmək üçün tələm-tələsik Batuma yollandılar. A.Xatisovun rəhbərlik etdiyi bu heyətə Türkiyə ilə danışıqları davam etdirib sülhə nail olmaq üçün fövqəladə səlahiyyətlər verilmişdi [24, s. 191]. Mayın 30-da səhər tezdən saat 4-5 radələrində Batuma yetişən erməni nümayəndələri dərhal Xəlil bəylə danışıqlara başladılar [20, s. 146; 18, v. 94].
Qeyd edək ki, erməni nümayəndələri Tiflisdən Batuma qayıdana qədər Xəlil bəyin Aleksandropolu ermənilərə güzəştə getmək üçün göstərdiyi bütün cəhdlər uğursuz oldu. Ənvər paşanın dirənişi qarşısında Tələt paşa da Aleksandropolu ermənilərə güzəştə getməmək mövqeyində israr etdi. Bununla da, Xəlil bəy siyasi mərkəzi İrəvan şəhəri olmaqla erməni kantonunun yaradılması haqqında qəti qərara gəldi və bu barədə M.Ə.Rəsulzadə və M.H.Hacınskiyə məlumat verdi. Bundan sonra Batumdakı Azərbaycan nümayəndələrinin tövsiyəsi ilə formal prosedurları tamamlamaq üçün Azərbaycan Milli Şurasının 1918-ci il 29 may tarixində Həsən bəy Ağayevin sədrliyi və Mustafa Mahmudovun katibliyi ilə keçirilən iclasında İrəvanın Ermənistana güzəştə gedilməsi məsələsi müzakirə olundu. Baş nazir F.X.Xoyski Ermənistanla Azərbaycan arasında sərhəd məsələləri barədə Şuranın üzvləri ilə Erməni Milli Şurasının üzvləri arasında aparılmış danışıqlar haqqında məlumat verdi. Fətəli xan öz məruzəsində ermənilərin özlərinin siyasi mərkəzlərini yaratmaq üçün Aleksandropol türklər tərəfindən tutulduqdan sonra İrəvanın Ermənistana güzəştə gedilməsinin qaçılmaz olduğunu bəyan etdi. Daha sonra bu məsələ ilə bağlı Xəlil bəy Xasməmmədov, Məmməd Yusif Cəfərov, Əkbər ağa Şeyxülislamov və Məhəmməd Məhərrəmov çıxış edərək İrəvanın ermənilərə güzəştə gedilməsinin tarixi zərurət, lakin bizim üçün qaçılmaz acı bir həqiqət olduğunu qeyd etdilər [1, v. 51]. Nəticədə, iclasda iştirak edən 20 nəfər Milli Şura üzvündən 16 nəfəri “İrəvanın ermənilərə güzəştə gedilməsi” təklifinin lehinə, 1 nəfəri əleyhinə səs verdi, 3 nəfər isə bitərəf qaldı [1, v. 51]. Azərbaycan Milli Şurası İrəvanın ermənilərə güzəştə gedilməsi ilə bağlı qərar qəbul edən kimi, elə həmin gün F.X.Xoyski Batuma, Azərbaycan Cümhuriyyətinin xarici işlər naziri M.H.Hacınskiyə göndərdiyi teleqramında Milli Şuranın qərarı haqqında məlumat verərək bildirdi ki, “biz ermənilərlə bütün mübahisələri sona çatdırdıq, onlar ultimatumu qəbul edirlər və müharibəyə son qoyurlar. Biz İrəvanı güzəştə getdik” [2, v. 1-2]. Bununla da, İrəvanın Ermənistana güzəştə gedilməsi məsələsi hüquqi cəhətdən də ermənilərin xeyrinə həll edilmiş oldu.
Erməni nümayəndələri Batuma qayıtdıqdan sonra, mayın 30- da sübh tezdən Osmanlı-erməni ikitərəfli formatında, daha sonra Osmanlı-erməni-Azərbaycan üçtərəfli formatında danışıqlar başladı. Çox qısa və ultimativ şəkildə aparılan bu danışıqlarda Xəlil bəy ermənilərin Aleksandropol şəhəri və Axalkələk qəzası ilə bağlı tələblərini rədd etdi. Lakin erməni nümayəndələrinin dirənişi qarşısında, Xəlil bəy ermənilərin lehinə bəzi ərazi güzəştlərinə getdi. O, Ənvər paşanın bütün xəbərdarlıqlarına baxmayaraq, Aleksandropol qəzasının bəzi şərq ərazilərini ermənilərə güzəştə gedəcəyini bildirdi və bunu tərəflər arasında “dostluq münasibətlərinin qurulmasının başlanğıcı olaraq” Türkiyənin ermənilərə bir lütfü kimi qəbul etmələrini vurğuladı. Erməni nümayəndə heyətinin rəhbəri A.Xatisov erməni dövlətinin yaradılması üçün ayrılan ərazilərin erməni xalqının ən zəruri ehtiyaclarını ödəməyə belə, kifayət etməyəcəyini ifadə edərək, bu ərazinin həddindən çox az olmasından şikayətləndi. O, eyni zamanda “erməni məsələsi”nin beynəlxalq bir problem olduğunu önə çəkərək, bu cür davranmaqla bu problemi həll etməyin mümkün olmayacağını vurğuladı və ardınca bildirdi ki, Türkiyənin təklif etdiyi sərhədlər iki xalq arasında daimi bir düşmənçiliyə yol açacaqdır [24, s. 195-196]. A.Xatisova cavab verən Vehib paşa bildirdi ki, ermənilərə daha çox ərazinin qalması üçün Ermənistan daxilindəki bütün müsəlmanları böyük məmnuniyyətlə Türkiyəyə köçürə bilərik [22, s. 133]. O, həmçinin erməni məsələsinin beynəlxalq bir problem olduğunu qəbul etdiyini bildirməklə yanaşı, erməni dövlətinin müstəqilliyinin Osmanlı hökuməti tərəfindən tanınacağını da xüsusi vurğuladı və daha sonra qeyd etdi ki, türk və erməni xalqları arasında daimi düşmənçilikdən bəhs etməyə heç bir ehtiyac yoxdur, çünki bütün millətlər mövcudiyyətlərinə kiçik sahələrlə başlayırlar, daha sonra tədricən inkişaf edirlər. Vehib paşa onu da xüsusi olaraq vurğuladı ki, türk-erməni dostluq münasibətlərinin qurulması üçün bundan uyğun bir zaman olmayacaq. O, erməniləri onlara verilən bu şansdan yararlanmağa çağırdı [24, s. 196]. Əslində ermənilərin türklərin irəli sürdüyü şərtləri qəbul etməkdən başqa digər bir çıxış yolu yox idi. Çünki türk-erməni cəbhəsindəki vəziyyət, eyni zamanda ermənilərin öz daxili problemləri tezliklə sülhə nail olunmasını diktə edirdi. Nəticədə, Osmanlı heyəti Batum konfransına təqdim etdiyi ərazi tələblərindən Aleksandropol qəzasının Ağbulaq, Hamamlı, Hanvalı və Qarakilsə kimi şərq ərazilərini ermənilərə güzəştə getdi. Aleksandropol qəzasının 3612,9 km2 ərazisinin, qəza mərkəzi olan eyniadlı şəhər də daxil olmaqla, 1600 km2 -lik qərb hissəsi Türkiyəyə keçir, yerdə qalan ərazisi isə ermənilərdə qalırdı [17, v. 68, 75].
Bundan sonra Osmanlı-erməni-Azərbaycan üçtərəfli formatında aparılan danışıqlarda erməni dövlətinin Azərbaycanla olan sərhədi barədə müzakirələr getdi və nəticədə Ermənistan-Azərbaycan sərhədinin Göyçə gölü olması barədə razılıq əldə edildi. Bununla da, erməni kantonunun Osmanlı imperiyasının yeni sərhədləri ilə Göyçə gölü arasında yaradılması haqqında yekun razılıq əldə edilmiş oldu [20, v. 146, 150-151; 18, v. 94, 96, 98, 100]. Xəlil bəy mayın 30-da səhər saat 5:45-də sədrəzəmə göndərdiyi teleqramda Batumda aparılan bu son Osmanlı-erməni-Azərbaycan danışıqlarında əldə edilən razılaşmalarla bağlı yazırdı: “İndi erməni nümayəndələr gəldilər… Bizim iznimizlə ermənilərlə müsəlmanlar ermənilərə ayrılacaq kanton haqqında razılığa gəldilər. Ermənilər Göyçə gölü ilə bizim yeni sərhədimiz arasındakı dar və dağlıq sahə ilə kifayətləndilər” [20, v. 146; 18, v. 94].
Əldə edilən razılığa görə, Ermənistan dövləti Göyçə gölü ilə Osmanlı imperiyasının yeni sərhədləri arasında cəmi 9 min km2 sahəyə malik olur [17, v. 63, 69-71] və aşağıdakı əraziləri əhatə edirdi: Yeni Bəyazid qəzası (Basarkeçər adlanan cənub-şərq qismi istisna olmaqla), İrəvan qəzası (Kəmərli, Uluxanlı və Vedibasar bölgələri istisna olmaqla), Eçmiədzin qəzası (Sərdarabad istisna olmaqla) və Aleksandropol qəzasının Ağbulaq, Hamamlı, Hanvalı və Qarakilsə əraziləri [17, v. 68, 69, 75; 15, v. 14-16, 22-25]. İstanbuldakı alman səfiri Bernstorf Osmanlı hökumətinin Batum müqaviləsi ilə Ermənistan üçün müəyyən etdiyi bu kiçik ərazi barəsində ironiya ilə deyirdi: “Türkiyə ermənilərə yalnız Göyçə gölünü saxlamışdır ki, onlar burada çimə bilərlər, lakin oradan çıxmaq və qurulanmaq üçün yer yoxdur” [27]. Ermənilərə verilmiş ərazidə cəmi 321.000 nəfər əhali yaşayırdı ki, bunun da 230 mini erməni, 80 mini türk-müsəlman, 5 mini yezdi, 6 mini isə digər xalqların nümayəndələri idilər [17, v. 63, 69-71]. Bundan başqa, bu ərazilərdə Osmanlı ərazilərindən qaçqın düşən 400 mindən çox erməni də var idi [20, v. 47; 18, v. 17].
Mayın 31-də Osmanlı heyəti ilə ermənilər arasında əsas prinsipial məsələlər üzrə müzakirələr yekunlaşdı [20, v. 150- 151; 18, v. 98, 100]. İyunun 1-də axşam Vehib paşa ilə erməni nümayəndələri xəritə üzərində Osmanlı-Ermənistan sərhəd xəttini təsbit etməyə başladılar. Osmanlı hökumətinin Batum konfransında irəli sürdüyü ərazi tələblərindən Aleksandropol qəzasının cənubunda yerləşən Alagöz dağı, Eçmiədzin qəzasının Əlikoçan ərazisi və İrəvan qəzasının Yuxarı Qarabağlar ərazisi də ermənilərə güzəştə gedildi [17, v. 75]. Artıq gecə yarısı idi, amma müzakirələr gedirdi. Nəhayət, bütün müzakirələr bitdikdən sonra, iyunun 1-dən 2-nə keçən gecə saat 2-də Osmanlı-Ermənistan sərhəd xəttinin dəqiqləşdirilmiş detalları və Osmanlı imperiyası ilə Ermənistan arasında imzalanacaq müqavilənin layihəsi tərəflərin imzaları ilə təsdiq edildi [18, v. 105; 20, v. 157].
İrəvanın güzəştə gedilməsi və İrəvan bölgəsində erməni dövlətinin yaradılması müqabilində Ermənistan Respublikası Türkiyə və Azərbaycan qarşısında öz üzərinə aşağıdakı öhdəlikləri götürdü: 1) Ermənilər türk-müsəlmanlara qarşı düşmənçiliyi aradan qaldırmalı, erməni hərbi hissələrini Bakıdan çıxartmalı və Şaumyanla əlaqəyə girib Bakıdakı müsəlman əhalinin təhlükəsizliyini təmin etməli idilər; 2) Azərbaycan qəzalarında erməni silahlı birləşmələri tərəfindən müsəlmanlara qarşı həyata keçirilməkdə olan kütləvi qırğınlar dayandırılmalı idi; 3) Ermənistan hökuməti İrəvanda və yeni yaradılan erməni dövlətinin digər ərazilərində qalan müsəlmanların sərbəst dini ibadət, mədəniyyət, siyasi və ana dilində təhsil almaq hüquqlarını təmin etməli idi; 4) Ermənilər Yelizavetpol quberniyasının bir hissəsinə, konkret olaraq Qarabağa olan ərazi iddialarından imtina etməli idilər. Bütün bu öhdəliklər tərəflər arasında imzalanan razılaşma, protokol və 4 iyun 1918-ci il tarixli Osmanlı-Ermənistan “Sülh və Dostluq” müqaviləsi və əlavə müqavilələrdə və Gümrü protokollarında təsbit edildi [10, f. 3-26; 20, v. 129-130; 16, v. 82-83; 15, v. 17, 20, 26, 30; 14, v. 2-6, 8-15; 2, v. 47; 25, s. 57]. Onu da qeyd edək ki, ermənilər məqsədlərinə nail olduqdan sonra bu öhdəliklərin heç birini yerinə yetirmədilər.
Gürcüstan və Azərbaycan tərəfi ilə də müzakirələri başa çatdıran Osmanlı heyəti 4 iyun 1918-ci il tarixində səhər tezdən Azərbaycan, Gürcüstan və Ermənistan təmsilçiləri ilə Batum müqavilələrini imzaladı. Osmanlı-Ermənistan müqaviləsi 1918- ci il iyunun 4-də imzalansa da, yuxarıda da qeyd etdiyimiz kimi, əsas türk-erməni müzakirələri mayın 30-da aparılmış və burada erməni dövlətinin yaradılması və onun əhatə edəcəyi ərazilər müəyyənləşmişdi. Batumdakı erməni nümayəndələri də bütün bu razılaşmalar haqqında mayın 30-da Tiflisə, Erməni Milli Şurasına məlumat verdilər. Bundan sonra, elə həmin gün, yəni 30 may 1918-ci il tarixində Erməni Milli Məclisi xüsusi bir bəyannamə ilə çıxış edərək, Ermənistanın müstəqilliyini elan etdi. Gürcüstan və Azərbaycan milli şuralarının elan etdiyi istiqlal bəyannamələrindən fərqli olaraq, dövlətin əsas fəaliyyət istiqamətləri ilə bağlı detallı müddəaların əks olunmadığı bu bəyannamədə deyilirdi: “Cənubi Qafqaz siyasi birliyinin dağılması və Gürcüstan ilə Azərbaycanın öz müstəqilliklərini elan etmələri ilə yaranan bu yeni siyasi vəziyyətdə Erməni Milli Məclisi, özünü erməni vilayətlərinin və ermənilərin ən böyük səlahiyyətli orqanı elan edir. Bəzi ciddi vəziyyətlər səbəbi ilə erməni milli hökumətinin yaradılması bir neçə günlüyə təxirə salınmışdır. Bu zaman ərzində Milli Məclis, hökumətin siyasi işlər və erməni vilayətlərinin idarə edilməsi ilə bağlı bütün səlahiyyətlərini öz üzərinə götürür” [24, s. 191].
Bu bəyannamə ilə Ermənistan müstəqil dövlət elan edildi. Lakin burada diqqəti cəlb edən əsas məqamlardan biri odur ki, bu zaman Batumda aparılan Osmanlı-erməni-Azərbaycan danışıqlarında erməni dövlətinin yaradılması və onun əhatə edəcəyi ərazilərlə bağlı yekun razılıq əldə edilsə də, bəyannamədə Erməni Milli Məclisi, özünü “erməni vilayətlərinin və ermənilərin” ən böyük səlahiyyətli orqanı elan edir, lakin konkret olaraq dövlətin əhatə etdiyi ərazilər və onun sərhədləri göstərilmirdi. Bu, Erməni Milli Məclisinin Batumda ermənilər üçün müəyyən edilən ərazilərlə kifayətlənmədiyini və növbəti mərhələdə erməni dövlətinin sərhədlərini genişləndirmək üçün mübarizəyə başlayacağını göstərirdi. Müstəqillik bəyannaməsi elan ediləndən dərhal sonra erməni milli hökumətinin yaradılmaması isə, koalision hökumətin təşkili həvalə olunan O.Kaçaznuninin Batumda olması ilə bağlı idi və bu məsələ onun qayıtmasından sonraya saxlanılmışdı. O.Kaçaznuni Batumdan qayıtdıqdan bir qədər sonra, 30 iyun 1918-ci il tarixində ilk koalision erməni hökumətini qurdu. Erməni hökuməti və Erməni Milli Məclisi 1918-ci il iyulun 17-də Tiflisi tərk etdi, çətin keçən iki günlük yolçuluqdan sonra iyulun 19-da İrəvana gəldi [24, s. 210].
Beləliklə, Xəlil bəyin rəhbərlik etdiyi Batum konfransındakı Osmanlı heyəti Azərbaycan torpaqları hesabına ermənilərin lehinə bir sıra ərazi güzəştlərinə gedərək, İrəvan şəhəri mərkəz olmaqla İrəvan, Eçmiədzin və Aleksandropol qəzalarının Osmanlı imperiyasına keçən əraziləri istisna olmaqla, yerdə qalan bölgələrindən və Yeni Bəyazid qəzasından (Basarkeçər istisna olmaqla) ibarət 9 min km2 -lik bir ərazidə Türkiyənin nəzarətində olacaq bir erməni dövlətinin qurulmasını təsdiqlədi və Türkiyə onu de-fakto tanıyan ilk dövlət oldu. Nə qədər təzadlı görünsə də, ermənilərə dövləti XIX əsrin əvvəllərindən başlayaraq onlardan Osmanlı imperiyasına qarşı bir alət kimi istifadə edən Rusiya, İngiltərə və Fransa kimi dövlətlər deyil, məhz əleyhinə mübarizə apardıqları Türkiyə yaratdı. Təsadüfi deyildi ki, Batum konfransındakı erməni nümayəndə heyətinin rəhbəri A.Xatisov Qafqazda erməni dövlətinin məhz Türkiyənin yardımı ilə yaradıldığını etiraf edərək qeyd edirdi ki, “Türkiyə, Ermənistanın dünyaya gəlməsində əbəlik (mamaçalıq – V.Q.) vəzifəsini ifa etdi”. Bununla da, Osmanlı hökuməti bir tərəfdən “erməni məsələsi” ilə bağlı beynəlxalq aləmdə ona qarşı olan “qınağ”ı aradan qaldırmış olur, digər tərəfdən də İngiltərə, Fransa və Rusiya kimi dövlətlərin Şərqi Anadoluda yaratmaq istədikləri erməni dövlətini Cənubi Qafqazda yaratmaqla problemi bir növ özündən uzaqlaşdırmış olurdu.
Ədəbiyyat:
- Azərbaycan Respublikası Dövlət Arxivi (ARDA), f. 970, siy. 1, iş 1.
- ARDA, f. 970, siy. 1, iş 4.
- ARDA, f. 970, siy. 1, iş 7.
- Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi (ARPİİSSA), f. 276, siy. 9, iş 1.
- Türkiye Cumhuriyeti Genelkurmay Askeri Tarih ve Stratejik Etüd Dairesi Başkanlığı Arşivi (ATASE), BDH, K. 2917, D. 493, F. 1-136, 1-137.
- ATASE, BDH, K. 2919, D. 499, F. 3-1.
- ATASE, BDH, K. 2919, D. 499, F. 3-2.
- ATASE, BDH, K. 2919, D. 499, F. 3-11.
- ATASE, BDH, K. 2919, D. 499, F. 3-21.
- ATASE, BDH, K. 2919, D. 499, F. 3-26:3-29.
- ATASE, BDH, K. 2919, D. 499, F. 3-31.
- ATASE, BDH, K. 2919, D. 499, F. 3-32.
- ATASE, BDH, K. 2930, D. 553, F. 4.
- Türkiye Cumhuriyeti Cumhurbaşkanlığı Devlet Arşivleri Başkanlığı (BOA), HR.HMŞ.İŞO, no. 124/19.
- BOA, HR.HMŞ.İŞO, no. 124/20.
- BOA, HR.SYS, no. 2371/6.
- BOA, HR.SYS, no. 2372/1.
- BOA, HR.SYS, no. 2372/3.
- BOA, HR.SYS, no. 2398/4.
- BOA, HR.SYS, no. 2398/5.
- BOA, HR.SYS, no. 2399/1.
- Ermeni Komitelerinin İhtilal Hareketleri ve Besledikleri Emeller. Hazırlayan: İsmet Parmaksızoğlu. Ankara: DSİ Basım ve Foto-Film İşletme Müdürlüğü, 1981.
- Menteşe H. Osmanlı Mebusan Meclisi Reisi Halil Menteşe’nin Anıları. Hazırlayan: İsmail Arar. İstanbul: Hürriyet Vakfı Yayınları, 1986.
- Hovannisian R.G. Armenia on the Road to İndependence 1918. Los Angeles: Berkeley, 1967.
- Авалов З. Независимость Грузии в международной политике 1918-1921 гг. Воспоминания. Очерки. Париж: 1924.
- Качазнуни Ов. Дашнакцутюун больше ничего делать! Баку: Элм, 1990.
- Сокращенный перевод с армянского языка монографии Джона Киракосяна “Младотурки перед судом истории”. Ереван: Издательство “Айастан”, 1986 г. – http://armenianhouse.org/kirakosyan/youngturks-ru/chapter07.html
Vasif Qafarov
AMEA-nın A.A.Bakıxanov adına Tarix
İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent
“ERMƏNİSTANIN İŞĞALÇI SİYASƏTİNİN İFŞASI (MƏQALƏLƏR TOPLUSU)”, BAKI – 2019, s.76-104