“Bu tarixi hər kəs bilməlidir, xüsusilə gənclər bilməlidir, olduğu kimi bilməlidir. İndiki Ermənistan Respublikasının ərazisi qədim Azərbaycan torpağıdır. Bu, faktdır, tarixi faktdır. Heç uzağa getmək lazım deyil. XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir. Hər kəs görər ki, indiki Ermənistanın bütün ərazisindəki toponimlərin demək olar ki, mütləq əksəriyyəti Azərbaycan mənşəlidir”.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Hər hansı bir arealda toponimlər qatının formalaşması uzun sürən prosesdir. Yer-yurd adları əvvəlcə orada yaşayan xalqlar tərəfindən formalaşdırılır və tədricən öz təsdiqini tarixi ədəbiyyatda tapır. Müəyyən ərazidəki oykonimlər (yaşayış məntəqələri, şəhərlər, kəndlər, yaylaqlar, məhəllələr və s.), hidronimlər (çaylar, göllər, bulaqlar, şəlalələr və s.) və oronimlər (dağlar, dərələr, aşırımlar, düzənliklər və s.) həmin ərazidə yaşayan xalqların tarixi və etnoqrafiyası barədə tədqiqatçılara kifayət qədər məlumat verir. Toponimlər əsasən yerli əhalinin mənsub olduğu xalqın, tayfanın, ərazinin coğrafi mövqeyi, relyefi ilə, həmin ərazidə baş verən tarixi hadisələrlə səsləşir.
Cənubi Qafqazda qədim türklərə, oğuz və qıpçaq boylarına məxsus toponimlərin yaranmasından min illərlə zaman keçir. Azərbaycan, Gürcüstan və indiki Ermənistan ərazisində on minlərlə toponim məhz tarixin qədim qatlarında formalaşmışdır. Qədim türklər yaşadıqları ərazinin coğrafi relyefi, tarixi şəxsiyyətlərinin və tayfaların adları ilə adlandırılmışlar.
Bu fikirlər Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın AZƏRTAC-a təqdim etdiyi “Ermənistanın toponimik cinayətləri” sərlövhəli yazısında yer alıb. Yazını təqdim edirik.
Orta əsrlərdən etibarən xristian missionerləri kimi Cənubi Qafqaza gələn ermənilər, əvvəlcə saxta tarix kitabları yazıb özlərini bu regionun axtoxton sakinləri kimi qələmə versələr də, mövcud toponimlərin dəyişdirilməsinə nail ola bilməmişdilər. Saxta erməni tarix kitablarında ermənilərin uydurduqları toponimlər öz əksini tapsa da, reallıqda oğuz-qıpçaq və alban tayfalarına məxsus toponimlər gündəlik ünsiyyətdə işlədilirdi və bu gün də işlədilir.
1827-ci ildə İrəvan və Naxçıvan xanlıqlarının Rusiya tərəfindən işğalından sonra yaradılan yeni inzibati-ərazi vahidində yəni – “Erməni vilayəti”nin ərazisinə daxil edilən 1111 kənddən yalnız 62-də ermənilər yaşayırdı ki, onlardan da yalnız 14-nün adı erməni mənşəli idi.
1918-ci ildə tarixi Azərbaycan torpaqlarında ilk erməni dövləti – Ermənistan (Ararat) respublikası yarandıqdan dərhal sonra yerli azərbaycanlı əhaliyə qarşı soyqırımı və deportasiyalarla müşayiət olunan etnik təmizləmə siyasəti həyata keçirilib. Silah gücünə boşaldılmış azərbaycanlı yaşayış məntəqələrində Türkiyədən qaçıb gələn erməni qaçqınlarının məskunlaşdırılması ilə yanaşı, həmin yaşayış məntəqələrinin adlarının dəyişdirilməsinə start verilib.
Bir xalqın müəyyən ərazidə əsrlər, minilliklər boyu formalaşmış toponimlər sistemini kökündən dəyişdirmək həmin xalqın tarixi-coğrafi ərazidəki izlərinin silinməsinə xidmət edir. Xəritəçilik baxımından bu, asan məsələ olmasa da, Ermənistan respublikasında azərbaycanlılara məxsus toponimlərin dəyişdirilməsi rəsmi dövlət siyasətinin tərkib hissəsi olmuşdur.
Sovet hakimiyyətinin ilk illərində Ermənistanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi Xalq Komissarları Sovetinin nəzdindəki Torpaq Komitəsinə həvalə edilib. 1935-ci ildən etibarən azərbaycanlı yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi Ermənistan SSR Ali Sovet Rəyasət heyətinin qərarları ilə həyata keçirilib.
1935-ci ilədək Ermənistanda 200-ə yaxın yaşayış məntəqəsinin adları dəyişdirilib. Sovet hakimiyyəti dövründə Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanları əsasında 1935, 1938, 1939, 1940, 1946, 1947, 1948, 1949, 1950, 1957, 1962, 1968, 1969, 1977, 1978, 1980-ci illərdə addəyişmə əməliyyatları həyata keçirilib. 1988-ci ilin avqust ayınadək indiki Ermənistan ərazisində 521 türkmənşəli yaşayış məskənlərinin adları dəyişdirilib.
Sovet hakimiyyəti illərində Ermənistanda türkmənşəli toponimlərin dəyişdirilməsi prosesi ilə yanaşı, bir neçə kəndi bir təsərrüfatda birləşdirmək (təmərküzləşdirmək) yolu ilə azərbaycanlı kəndlərinin adları Ermənistanın yaşayış məntəqələrinin siyahısından silinib. Məsələn, Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 5 fevral 1978-ci il fərmanı ilə Aşağı Kilsə (Quqark), Ağtala (Kamo (Kəvər), Rəhimabad (Masis (Zəngibasar), Qamışlı (Vardenis (Basarkeçər) kəndlərinin adları məntəqələrinin siyahısından çıxarılıb.
Ümumiyyətlə, 1918-1987-ci illərdə indiki Ermənistan ərazisində 254 azərbaycanlı yaşayış məntəqəsi müxtəlif yollarla (əhalisi soyqırımına məruz qoyulmaqla, deportasiya edilməklə və s.) yaşayış məntəqələri siyahısından silinib. Bu kəndlərin böyük əksəriyyəti Ermənistanda azərbaycanlılara qarşı 1918-1920-ci illər soyqırımı və 1948-1953-cü illər deportasiyasından sonra xaraba qalıb.
Sovet hakimiyyəti illərində adları dəyişdirilən toponimlər barəsində Ermənistan SSR Ali Sovetinin qərarlarının bir nüsxəsi bir qayda olaraq SSRİ Ali Sovetinin Rəyasət Heyətinə, onun Katibliyinə və SSRİ Nazirlər Sovetinin nəzdindəki Dövlət Geodeziya və Kartoqrafiya Baş İdarəsinə göndərilirdi.
Azərbaycan türklərinin tarixi-etnik torpaqlarındakı izlərini silmək məqsədini güdən addəyişmə əməliyyatları əsasən aşağıdakı qaydada həyata keçirilib:
1. İlk növbədə türklərin soykökü, onun tarixi keçmişi ilə bağlı yaşayış məskənlərinin adlarının (etnonimlər) dəyişdirilməsinə xüsusi diqqət yetirilib. Məsələn, Qıpçaq – Hariç (Artik), Aşağı Türkmənli – Lusaqyuğ (Eçmiədzin (Vağarşabad), Qorçulu – Mrqaşad, Sərdarabad – Hoktember (Qurduqulu, Hoktemberyan), Bayandur – Vağadur (Gorus), Şirvancıq – Lernakert (Artik) və s.
2. Bir çox yaşayış məskənlərinin adları ermənicə hərfi tərcümə edilib. Məsələn, Armudlu – Tandzut (Qurduqulu, Hoktemberyan), Daşqala – Karaberd (Ağin, Ani), Darəkənd – Dzoraqyuğ (Quqark), Dərəçiçək – Tsaxkadzor (Axta, Hrazdan), Göl – Liçk (Aşağı Qaranlıq, Martuni), Güllübulaq – Vardaxpuyr (Qızılqoç, Qukasyan) və s.
3. Bəzi yaşayış məskənlərinin adları “beynəlmiləlçilik” pərdəsi altında dəyişdirilib. Məsələn, Qaraqışlaq – Dostluq (Zəngibasar, Masis), Sultanabad – Şurabad (Ağbaba, Amasiya), Cücəkənd – Qızılşəfəq (Voronsovka, Kalinino), Aşağı Necili – Sayat-Nova (Zəngibasar, Masis), Çanaxçı – Sovetakert (Vedi, Ararat) və s. Bu proses bəzi erməni yaşayış məskənlərinin adlarının müasirləşdirilməsi prosesi ilə yanaşı aparılıb.
4. Yaşayış məskənlərinin adlarının bir qismi isə cüzi dəyişiklə, ona oxşar, lakin ermənicələşdirilmiş adla əvəz edilib. Məsələn, Dərəbas – Darbas, Ərəfsə -Arevis (Qarakilsə, Sisian), Dəlilər – Dalar (Qəmərli, Artaşat), Ələyəz – Araqats (Talin (Talın), Gabud – Kapuyt (Paşalı, Əzizbəyov), Çırpılı – Crapi (Ağin, Ani) və s.
5. “Ermənistan SSR-in inzibati ərazi bölgüsü”nün qeyd etdiyimiz nəşrlərində adının önündə “Yuxarı”, “Aşağı”, “Böyük”, “Kiçik” sözləri gələn türkmənşəli yaşayış məntəqələrinin adlarında bu sözlər ermənicə – yəni müvafiq olaraq “Verin”, “Nerkin”, “Mets”, “Pokr” şəklində yazılması həmin adların erməni dilində olması görüntüsü yaratmağa xidmət edib. Bununla elə təəssürat yaratmağa çalışmışlar ki, guya dəyişdirilən adlar erməni mənşəlidir. Məsələn, Verin Zağalı – Axpradzor (Basarkeçər, Vardenis), Nerkin Zeyvə – Hartaşen (Eçmiədzin (Vağarşabad), Mets Kəpənəkçi – Musaelyan (Düzkənd, Axuryan), Pokr Şiştəpə – Pokr Sepasar (Qızılqoç, Qukasyan) və s. Biz isə oxuculara təqdim olunan mətnlərdə həmin adları ermənilərin təqdim etdikləri kimi deyil, əslində olduğu kimi vermişik. Yəni, Yuxarı Zağalı, Aşağı Zeyvə, Böyük Kəpənəkçi, Kiçik Şiştəpə və s.
Ümumiyyətlə, ermənilər azərbaycanlılara məxsusluğunu bildirən toponimlərdə hallanan “dağ” söz birləşməsini “sar”, təpə söz birləşməsini “blur”, göl söz birləşməsini “lic”, çay söz birləşməsini “get”, bulaq söz birləşməsini “ağbyur”, su söz birləşməsini “cur”, dərə söz birləşməsini “dzor”, daş söz birləşməsini “kar”, gül söz birləşməsini “vard” ifadəsi ilə əvəz etməklə, habelə, hərfi tərcümə yolu ilə toponimlərimizi erməniləşdiriblər.
1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR-dən deportasiyasından sonra 60-dan artıq yaşayış məntəqəsinin adları dəyişdirilib. Qarabağlar rayonu azərbaycanlıların deportasiyasından sonra 1951-ci il martın 19-da ləğv edilib və kəndlərin çoxu indiyədək xaraba qalıb. 1978-ci ildə 23 rayonda 60 türkmənşəli toponim dəyişdirilib.
1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətində baş qaldıran erməni separatizminin qarşısının vaxtında alımaması öncə Ermənistana yaşayan azərbaycanlıların tarixi-etnik torpaqlarından deportasiyası ilə nəticələndi. Məhz Moskvanın ermənilərə arxa durması nəticəsində 1988-1989-cu illərdə indiki Ermənistan ərazisində azərbaycanlıların yaşadıqları 170 təmiz və 94 qarışıq yaşayış məntəqələri boşaldıldı. Ermənistanın Meğri rayonunun Zəngilan rayonu ilə həmsərhəd bölgəsində qalmış sonuncu azərbaycanlı kəndi – hazırda “Nrnadzor” adlandırdıqları Nüvədi kəndi 1991-ci il avqustun 8-də boşaldıldı. Ümumiyyətlə, həyata keçirilən sonuncu etnik təmizləmə nəticəsində Ermənistanın 22 kənd, rayonundan və 6 şəhərindən təqribən 250 min azərbaycanlı tarixi-etnik torpaqlarından vəhşicəsinə qovuldular.
Ermənistan ərazisində azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasəti həyata keçirildikdən sonra Ermənistan Respublikası Ali Soveti Rəyasət Heyətinin 1991-ci il 9 aprel tarixli fərmanı ilə 90 yaşayış məntəqəsinin, 8 avqust 1991-ci il fərmanı ilə 16 yaşayış məntəqəsinin, Ermənistan parlamentinin 4 iyul 2006-cı il tarixli qərarı ilə isə 31 yaşayış məntəqəsinin adları dəyişdirilərək erməniləşdirildi.
Ermənistan Dövlət Kadastr Komitəsinin verdiyi məlumata görə, 2007-ci ildə yerdə qalan 21 yaşayış məntəqəsinin adlarının dəyişdirilməsi ilə addəyişmə əməliyyatı başa çatdırılıb.
Ümumiyyətlə, son dövrədək 704 türkmənşəli inzibati-ərazi vahidinin adları dəyişdirilib.
Ermənistan ərazisində hidronimlərin (çay, göl, şəlalə, bulaq və s.) və oronimlərin (dağ, təpə, dərə, aşırım, düzənlik və s.) adlarının dəyişdirilməsi prosesi də sovet hakimiyyəti illərində mütəmadi olaraq davam etdirilib. Göyçə gölünü “Sevan”, Zəngi çayını “Hrazdan”, Arpaçayı “Axuryan”, Ələyəz dağını “Araqats”, Ağbaba dağını “Qukasyan”, Dərəçiçək yaylağını “Saxkadzor” adlandırıblar.
Qərbi Azərbaycanda vaxtilə azərbaycanlıların yaşadıqları 499 kənd boşaldılıb və bu gün xaraba vəziyyətdədir. Azərbaycanlılara məxsus 704 toponim bu günədək erməniləşdirilib. Qərbi Azərbaycanda soydaşlarımızın vaxtilə yaşadıqları 734 kənddə indi ermənilər məskunlaşıb.
Prezident İlham Əliyev ötən il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında bir qrup ziyalı ilə keçirdiyi görüşdə bildirdi ki, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir. Dövlət başçısı indi əsas vəzifənin Qərbi Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasından ibarət olmalı olduğunu vurğuladı.
İkinci Qarabağ müharibəsində Ermənistan ordusu üzərində qazandığımız 44 günlük Zəfərdən sonra regionda yeni reallıq yaranıb. Hazırda Qərbi Azərbaycana Böyük Qayıdış Proqramı hazırlanır. Dövlətimizin başçısının dəfələrlə ifadə etdiyi kimi, gələcəkdə biz Qərbi Zəngəzura da, Göyçəyə də, İrəvana da qayıdacağıq. Həmin ərazilərdəki tarixi toponimlərimizi də bərpa edəcəyik.