Cari ilin 10 noyabr tarixində Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış bəyanannamə tarixi, siyasi, hüquqi və mənəvi əhəmiyyət kəsb edir. Bu sənədin imzalanması ilə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üzrə hərbi əməliyyatların başa çatması bəyan edildi.
Bəyanannaməni imzalamaqla Ermənistan özünün uzun illər münaqişə tərəfi olmaması barədə iddialarının əksinə olaraq birmənalı şəkildə müharibə tərəfi olduğunu və qısa bir müddət ərzində Azərbaycan Ordusu tərəfindən darmadağın edilərək de-fakto kapitulyasiyanı qəbul edən məğlub tərəf olduğunu təsdiqləmiş oldu.
Azərbaycan Prezidenti və Ali Baş Komandan İlham Əliyev müharibənin qalibi, Ermənistanı kapitulyasiyaya məcbur edən tərəf kimi qeyd edilən bəyannaməni imzalamaqla ərazilərimizin Ermənistan işğalından azad edilməsini rəsmiləşdirmiş oldu.
BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri, ATƏT-in keçmiş Minsk Qrupunun həmsədr ölkələrindən biri və Ermənistanın təhlükəsizliyinin qarantı olan Rusiyanın Prezidenti Vladimir Putin bəyanannaməni imzalamaqla Azərbaycanın qələbəsini tanıdığını, Ermənistanın məğlubiyyətini və beynəlxalq hüquq normalarına görə Azərbaycanın bütün ərazilərindən pərakəndə halına düşmüş Ermənistan silahlı qüvvələrinin çıxarmalı olduğunu birmənalı şəkildə rəsmiləşdirdi.
Beləliklə, qeyd edilən bəyannamənin imzalaması ilə beynəlxalq səviyyədə Azərbaycanın qələbəsinə qarşı köklənmiş bəzi anti-Azərbaycan qüvvələrin ölkəmizə qarşı mümkün təxribatlarının qarşısı alındı, Azərbaycanın qələbəsi rəsmiləşdirildi. Bununla da, müharibənin hərbi fazasının başa çatdı və mübarizənin diplomatik və hüquqi müstəvidə davam etdirilməsi fazası başladı.
Əlbəttə, diplomatik və hüquqi müstəvidə mübarizə Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan xalqına və Azərbaycan dövlətinə vurulmuş maddi və mənəvi zərərin ödənilməsi xüsusi önəm kəsb edir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş Fizuli və Cəbrayıl rayonlarına 16 noyabrda tarixi səfərləri zamanı Ali Baş Komandan işğaldan azad edilmiş ərazilərdə yaşayış məntəqələrini darmadağın etmiş düşmənin bu anti-humanist əməllərinin cavabsız qalmayacağını və onun mütləq cavab verəcəyini bəyan etdi. Prezident bildirdi ki, onlar “beynəlxalq məhkəmələrdə cavab verəcəklər. Mən demişəm, bir daha demək istəyirəm ki, beynəlxalq qurumlar gələcək, ekspertlər gələcək, bütün ziyan hesablanacaq. Otuz il ərzində bizə vurulmuş ziyan hesablanacaq. Bu günlərdə Kəlbəcəri dağıdan, meşələri qıran, binaları, məktəbləri yandıran düşmən onun da cavabını verəcək. Onlar hesab edirdilər ki, bu dağıntılardan sonra Azərbaycan əhalisi heç vaxt buraya qayıtmayacaq. O məqsədlə buranı dağıdıblar. Amma səhv ediblər. Biz qayıtmışıq. Bax, durmuşuq burada, öz doğma torpağımızda, Cəbrayıl şəhərində. Bütün buraları bərpa edəcəyik”.
Qeyd etməliyəm ki, mən bir neçə il əvvəl Ermanistanın Azərbaycan qarşı silahlı təcavüzü ilə bağlı problemlərin araşdırılması ilə məşğul olmuşam. Bu araşdırmalarda işğal nəticəsində Ermənistanın Azərbaycana vurduğu birbaşa və bilvasitə maddi zərərin hesablanmasına həsr edilmişdi. Bu araşdırmalar Azərbaycanda, Rusiyada, ABŞ-da, Fransada və Ukraynada nəşr edilmiş “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” adlı kitabda (Həmmüəlliflər: Elxan Süleymanov və Vurğun Süleymanov) öz əksini tapmışdı.
Qeyd edilən əsərdə işğal altında qalmış rayonların icra hakimiyyətləri tərəfindən əldə edilmiş sənədlər əsasında göstərilmişdi ki, Ermənistanın silahlı təcavüzü və işğalı nəticəsində Azərbaycana külli miqdarda maddi zərər vurulmuşdur. Belə ki, işğal edilmiş Azərbaycan ərazilərində 900-dən artıq yaşayış məntəqəsi, ümumi sahəsi 9,1 mln kv.m olan 150 minə yaxın yaşayış evləri və mənzillər, 4366 sosial-mədəni təyinatlı obyekt, 7000 ictimai binalar, 2389 sənaye və kənd təsərrüfatı obyekti, 1025 məktəb, 855 uşaq bağçası, 4 sanatoriya-müalicə kompleksi, 798 səhiyyə müəssisəsi, 927 kitabxana, 1510 mədəniyyət müəssisəsi, 598 rabitə obyekti dağıdılaraq və digərləri məhv edilmişdir.
Kitabda vurğulanmışdı ki, işğal nəticəsində Azərbaycan xalqının milli mədəniyyət abidələri dağıdılmış və mədəni irsinə misli görünməmiş zərər vurmuşdur. Azərbaycanın işğal altında olan ərazilərində planlı şəkildə ətraf mühitə əvəzolunmaz ziyan vurulmuş, bir çox nadir bitki növləri tamamilə məhv edilmiş, əkin sahələri yararsız hala salınmış, təbii sərvətləri qeyri-qanuni istismar edilərək talan edilmişdir.
Kitabda müəyyən ilkin hesablamalar əsaslanaraq Ermənistanın işğalı nəticəsində Azərbaycana vurulmuş maddi zərərin həcminin 2011-ci ilin əvvəllərinə 431,536 milyard (dörd yüz otuz bir milyard beş yüz otuz altı milyon) ABŞ dollarından artıq təşkil etdiyi bildirilmişdi və işğal aradan qaldırılmayanadək vurulmuş zərərin həcminin ilbəil artacağı diqqətə çatdırılmışdı.
Əlbəttə, bizim araşdırmalarımız bu ciddi problemlə bağlı atılmış ilk addımlardan biri idi. Hazırda ərazilərimiz işğaldan azad edilib, mülki əhalinin daşınmaz əmlakına və təsərrüfatına sosial obyektlərə, dövlət obyektlərinə, təbii yerüstü və yüraltı sərvətlərə, tarixi-mədəni abidələrimizə, ətraf mühitə və bioloji rəngarəngliyə vurulmuş zərərlərin daha dəqiq və daha professional səviyyədə qiymətləndirilməsinə şərait yaradılmışdır. Azərbaycan Prezidenti, Ali Baş Komandan artıq vurulmuş zərərin hesablanması üçün İşçi Qrup formalaşdırıb və beynəlxalq məhkəmələrdə ölkəmizə vurulmuş zərərin ödənilməsinə nail olunmasında israrlı olduğunu bildirmişdir.
Yekun olaraq bildirmək istərdim ki, beynəlxalq hüquq normalarına və beynəlxalq silahlı münaqişələrin tənzimlənməsi praktikasına əsasən işğala son qoyulması özündə işğalçı dövlət tərəfindən işğala məruz qalmış dövlətə vurduğu zərərə müvafiq olaraq təzminatın ödəməsini də ehtiva edir. Odur ki, işğalçı dövlət olan Ermənistanın Azərbaycana vurduğu zərər müqabilində təzminat ödəməsi Azərbaycan ərazilərinin işğalına son qoyulmasının vacib aspeklərindən biridir. İnanıram ki, Azərbaycan hərbi müstəvidə olduğu kimi, diplomatik və beynəlxalq-hüquqi müstəvidə də ciddi uğurlar əldə edəcək.
Elxan Süleymanov,
AVCİYA prezidenti